Məhkəmə qərarları › İş №2-1(103)-619/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-619/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-619/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3871/2020 saylı qərarından cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3871/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli, 1550 nömrəli məlumat vərəqəsinə əsasən pensiyasının xx.xx.2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qalan pullarının hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli, 1550 nömrəli məlumat vərəqəsinə əsasən pensiyasının xx.xx.2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı ildən xx.xx.2009-cu ilə qədər Daxili İşlər Nazirliyinin ayrı-ayrı şöbələrində işləmişdir. 2009-cu ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Bundan sonra ona pensiya hesablanmışdır. Həmin vaxtdan ona 31 il 8 ay 23 gün pensiya hesablanaraq, onun işlədiyi dövr düzgün hesablanmamışdır. 2019-cu ilin dekabr ayının 24-dən Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin göndərmiş olduğu 32 il 1 ay 11 gün əmək stajı hesablanıb. Bununla da, onun 10 il 1 ay müddəti üçün pensiyası düzgün hesablanmayaraq 2009-cu ildən 2019-cu ilin dekabr ayına qədər verilməmişdir. 2019-cu ilin dekabr ayının 24-dən ona 3 il müddətinə 785.99 manat pul hesablayıblar. Qalan 7 il 1 ayı isə hesaba almamışlar. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçının ərizəsində iddia etdiyi, 2009-cu il tarixdən pensiya fərqinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. İddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə göndərilən "məlumat vərəqi”nə əsasən, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. İddiaçının iddia etdiyi 2009-cu il tarixdən təyinatı aparılması qanunvericiliyin tələblərinə zidd olduğundan, inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla 2017-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. Nümayəndə bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir”. Bu səbəbdən də inzibti orqan tərəfindən son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Qeyd: yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının ödənilməsi” ilə əlaqədardır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəmsəinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli məlumat vərəqəsinə əsasən cəmi 31 il 8 ay 9 gün xidmət illərinə görə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 09/2766 nömrəli, xx.xx.2009-cu il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixdən ömürlük pensiya təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən iddiaçı barəsində 32 il 1 ay 11 gün xidmət illərinə görə dəqiqləşdirilmiş məlumat vərəqəsi göndərilmiş, həmin məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli, 021866 nömrəli qərar qəbul edilərək, iddiaçıya ötən dövr üçün xx.xx.2017-xx.xx.2020-ci il tarixlərinə alınmamış pensiya məbləği ödənilmişdir İşdə olan iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********0 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx xxxxxx 2009-cu il tarixli, 1550 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada ona xx xxxxxx 2009-cu il tarixdə İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmin orqan tərəfindən təqdim olunmuş xx xxxxxx 2019-cu il tarixli, 1550 nömrəli yeni məlumat vərəqəsinə əsasən 32 il 1 ay 11 gün xidmət müddəti nəzərə alınmaqla əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqına” Azərbaycan Respublikası Qanununun 32.1- ci və 37.3-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin, həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiaysı üzrə keçmiş üç il müddət üçün hesablanmış 785.99 manat fərq məbləği cari aydan etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürüləcəkdir. Birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri saymışdır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən – “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyada) 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.1.11-ci maddəsinə əsasən bu Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əmək pensiyasına əlavə müəyyən edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. İddiaçının hərbi qulluqçu olduğu, onun hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası almaq hüququna 2017-ci il 1 iyul tarixdən əvvəl (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən ilk məlumat vərəqəsi xx xxxxxx 2009-cu il tarixdə göndərilmişdir) malik olduğu, lakin, onun xidmə illərinin sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən dəqiqləşdirilərək yenidən təminat xərcliyi barədə məlumatın 2019-cu ildə göndərilməsi mübahisəsizdir. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyasına, həmçinin həmin tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəsinə istinad edir. Həmin maddəyə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yarandığından cavabdehin istinad etdiyi müddəa iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Eləcə də, cavabdeh inzibati orqan 2020-ci ildə iddiaçıya dəqiqləşdirilmiş xidmət illərinə görə əmək pensiyası təyin edilməsi barədə inzibati akt qəbul edərək, həmin inzibati aktla iddiaçının hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası almaq hüququnu yenidən tanımış və təsdiq etmiş, lakin həmin pensiyanın ödənilməsini 3 illik müddətlə məhdudlaşdırmışdır. Mübahisə olunan da, iddiaçı tərəfindən qazanılmış, cavabdeh tərəfindən isə tanınmış və təsdiq edilmiş hüquq deyil, bu hüququn realizə olunması qaydasıdır. İddiaçı artıq bunadək qazanmış olduğu hüququn iddia olunan 2009-cu ildən tətbiqini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İddiaçının tələbi 2009-cu il tarixdən pensiya fərqinin hesablanaraq ödənilməsidir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə göndərilən "məlumat vərəqi”nə əsasən, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir və ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla 2017-ci il tarixdən ödənilməsi barədə qərar qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşdən görünür ki, inzibati orqan tərəfindən son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi 2009-cu il tarixdən təyinatı aparılması qanunvericiliyin tələblərinə ziddir və inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3871/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli, 1550 nömrəli məlumat vərəqəsinə əsasən pensiyasının xx.xx.2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar