Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-619/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2195/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hərbi xidmətdə olduğu 20 may 1985ci il tarixdən 20 iyun 1987-ci il tarixədək dövr daxil olmaqla əmək kitabçası üzrə 9 sentyabr 1987-ci il tarixdəndən başlayaraq, hal-hazıradək əmək fəliyyətini davam etdirir. Ərizəsi əsasında ona yaşa görə əmək pensiyası hüququnun yarandığı 5 fevral 2019-cu il tarixdən əmək pensiyası təyin olunmuşdur. Pensiyanın məbləği 198,94 manatdır. Bu məbləğin 51,18 manatı 1 yanvar 2006-cı il tarixədək olan 20 il 05 ay sığorta stajına görə yaranmış pensiya kapitalının məbləği, 147,76 manat isə 1 yanvar 2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğidir. İddiaçı hesab etmişdir ki, pensiya məbləği düzgün hesablanmamışdır. Çünki, 20 may 1985-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan 20 il 5 ay müddətində fərdi uçot aparılmamışdır. Bu onun təqsiri deyildir, mövcud qanunvericiliyin tələbidir. 20 il 5 ay fərdi uçotun aparılmadığı müddətdə 51,18 manat necə hesablanmışdır? Halbuki 20 il 5 ay ona tam şəkildə sığorta stajı kimi hesablanmalıdır. Digər tərəfdən, 1 yanvar 2006-cı il tarixdən, yəni pensiya qanunvercilikdə fərdi uçotun aparıldığı vaxtdan pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan məbləğdədir. Pensiya təyinatı zamanı fərdi hesabının yığım hissəsində toplanmış və ona məxsus olan müvafiq vəsaitin müxtəlif yollarla azaldılması nəticəsində pensiya məbləğinin az hesablanmasına yol verilmişdir. Halbuki, iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş və buna görə də güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmişdir. Hazırda faktiki olaraq 33 ildən artıq iş stajına malik olmaqla əmək fəaliyyətini davam etdirir. Pensiya təyinatı sahəsində qaydalar DSMF-nin rayon şöbələri tərəfindən pensiya təyinatında vətəndaşlara pensiya hesablanması zamanı qanunsuzluqlara yol verilməsinə şarait yaratmışdır. İddiaçı 1 yanvar 2006-cı il tarixdən başlayaraq fərdi hesabının sığorta hissəsində qeyd alnmış kifayət qədər pensiya kapitalının 147,76 manat müəyyənləşdirilməsini qanunsuz hesab etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, pensiya təyinatı zamanı 20 may 1985-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan müddətdə, yəni 20 il 5 ay ərzində fərdi uçot aparılmadığı halda 51,18 manatın hansı qaydada hesablanması, 1 yanvar 2006-cı il tarixdən 5 may 2019-cu il tarixədək olan dövrü əhatə edən müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət qədər olmasına baxmayaraq 147,76 manat məbləğində hesablanması hər iki halda düzgün olmadığından, pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciətə 5 aydan artıq vaxt keçməsinə baxmayaraq cavab verilməmişdir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 6-1-ci maddəsinə, İPM-in 2.2.3, 33.1-ci maddələrinə əsaslanaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və pensiya hesablanmasında yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda bildirilmişdir ki, İddiaçı hərbi xidmətdə olduğu 1985–1987-ci illər də daxil olmaqla əmək kitabçası üzrə 9 sentyabr 1987-ci ildən başlayaraq hal-hazıradək əmək fəalliyətini davam etdirdiyini bildirərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hüququnun yarandığı 5 fevral 2019-cu il tarixdən hal-hazıradək yaranmış fərqinin birdəfəlik ödənilməsini DSMF orqanından tələb etmişdir. DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən iddiaçının əmək pensiyası 1 iyul 2020-ci il tarixdən yenidən hesablanaraq 233,2 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və hal-hazırda da həmin məbləğ ödənilir. İddiaçının iddia ərizəsində guya onun 198,94 manat məbləğində əmək pensiyası alması yanlışdır. İddiaçının tələbi əsassız olduğundan, rədd edilməlidir. Belə ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 5 fevral 2019-cu il tarixdən təyin edilmişdir. 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərdən sonra «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ yarandığı 5 fevral 2019-cu il tarixdə ona pensiya təyin olunarkən həmin Qanunun 45-ci maddəsi artıq yuxarıda qeyd olunan redaksiyada qüvvədə idi və iddiaçının pensiyası da tamamilə qanunvericiliklə müəyyən edilən qaydaya uyğun hesablanmışdır. Belə ki, iddiaçı 5 fevral 1967-ci il tarixdə doğulduğundan, pensiya hüququ yarandığı tarixdə «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddə ilə müəyyən edilmiş pensiya yaşı 64 yaş təşkil etmişdir. Onun yaşı isə, həmin vaxtda 52 olmuşdur. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən (64 – 52 = 12 il; 12 il x 12 ay = 144. 144 + 144 (gözlənilən pensiya ödənişi müddəti ayları) = 288) iddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 il 5 ay sığorta stajına görə fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalı 144-ə deyil, 288-ə bölünmüş, buna görə də, onun pensiyasının məbləği 233,20 manat təşkil etmişdir. İddiaçı cavabdehə qarşı iddia qaldırarkən bu faktı nəzərə almamış, ona görə düşünmüşdür ki, ona münasibətdə pensiya hesablanmasında cavabdeh tərəfindən yanlışlığa yol verilmişdir. Əslində isə, iddiaçıya pensiya hesablanması zamanı hər hansı yanlışlığa yol verilməmiş, pensiya əmək qanunvericiliyə tam şəkildə uyğun hesablanmışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinə, Ali Məhkəmənin İnzibati Kolleqiyasının 8 oktyabr 2020-ci il tarixli «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/20 saylı qərarına əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2195/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası hüququnun yarandığı 5 fevral 2019-cu il tarixdən əmək pensiyası təyin olunmuş, pensiyanın məbləği isə 198,94 manat təşkil etmişdir. Bu məbləğin 51,18 manatı 1 yanvar 2006-cı il tarixədək olan 20 il 05 ay sığorta stajına görə yaranmış pensiya kapitalının məbləği, 147,76 manat isə 1 yanvar 2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğidir. Hesab edir ki, pensiya məbləği düzgün hesablanmamışdır. Çünki, 20 may 1985-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan 20 il 5 ay müddətində fərdi uçot aparılmamışdır. 20 il 5 ay fərdi uçotun aparılmadığı müddətdə 51,18 manat hesablanması mümkün deyildir. Halbuki 20 il 5 ay ona tam şəkildə sığorta stajı kimi hesablanmalıdır. 1 yanvar 2006-cı il tarixdən başlayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış kifayət qədər pensiya kapitalı olmasına baxmayaraq 147,76 manat hesablanması düzgün deyildir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya 5 fevral 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən onun 52 yaşı olmuşdur. Həmin tarixdə kişilər üçün “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsi üzrə əmək pensiyası hüququ verən yaş həddi 64 yaş olduğundan «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinə görə pensiya təyin olunarkən onun gözlənilən pensiya ödənişi müddəti «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən 144 ay + 144 ay (64 – 52 = 12 il) = 288 ay müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.2-ci bəndinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: sığorta hissəsindən, yığım hissəsindən. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarət olmuşdur. Birinci tələbə əsasən iddiaçıya 5 fevral 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən onun 52 yaşı olmuşdur. Həmin tarixdə kişilər üçün “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsi üzrə əmək pensiyası hüququ verən yaş həddi 64 yaş olduğundan «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinə görə müvafiq hesablama əsasında müəyyən edilən pensiya kapitalı üzrə əmək pensiyası məbləği təyin olunarkən gözlənilən pensiya ödənişi müddəti kimi 288 ay götürülməsi qanuna zidd sayıla bilməz. Həmçinin, iddiaçının “pensiya hesablanmasında yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbi birinci tələbdən birbaşa asılı olduğu üçün həmin tələb yəni, “əmək pensiyasının yenidən hesablanması” tələbi də əsassız olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2195/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-619/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-619/2022
14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver