Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-619/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “sərəncamın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1954/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehnə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2019-cu il tarixli 131 saylı sərəncamının ləğv edilməsinə dair” Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (32.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddiası üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra Bakı qarnizonu mənzil komissisyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (özüm də daxil olmaqla) mənzil ayrılmış və yuxarıda göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır. Odur ki, Bakı Şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, Sərəncamları ilə ünvan 1 ünvanda yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onların hər birinə ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişdir ki, həmin çıxarışlara əsasən onlara verilmiş mənzillər üzərində daimi istifadə hüquqları qeydə alınmışdır. O cümlədən, ona verilmiş xx.xx.2019-cu il tarixli, çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 nömrəli evin, sahəsi 121.8 kv.m olan 16 nömrəli mənzili üzərində onun daimi istifadə hüququ qeydə alınmışdır. Qeyd etmişdir ki, göstərilən binada onlara mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə biz həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzilləri əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, o, 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət olunaraq nazirliyin Mənzil İstismar İdarəsi ilə onun arasında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqavləsinə çevrilməsini və ya DƏDRX-ə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə o, həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra ona məlum olmuşdur ki, onlara mənzillərin verilməsi barədə Bakı şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli sərəncamı, cavbdehin, yəni Bakı Şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə heç bir səbəb və əsas olmadan ləğv edilmişdir (yəni cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix eibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir). Bakı şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli Sərəncamları ilə ləğv edilməsi tam qanunsuz və ədalətsizdir. Belə ki, həmin sərəncamların ləğv edilməsi üçün hər hansı bir əsas və səbəb olmamış, digər tərəfdən isə Bakı şəhər Cavabdeh Başçısı öz verdiyi sərəncamlarını özü ləğv etmək səlahiyyətində deyildir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1954/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkün sayılmışdır. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İşə baxmış birinci instansiya məhkəməsi (hakim) işi düzgün, obyektiv araşdırmayaraq, işdə olan materiallara (sənədlərə, yazışmalara və.s) düzgün hüquqi qiymət verməyərək eyni zamanda qanunun tətbiqində və təsvirində səhvə yol verərərk yuxarıda qeyd edilən ədalətsiz qərarı qəbul etmişdir., Belə ki, Cavabdeh Başçısının “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 131 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, ünvan 2 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılması, ünvan 3 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılması, Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 2 ünvanında gələcəkdə vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınması xahiş edilməsi qərara alınmışdır. Həmin sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə "Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu ıl tarixli, **********11 nömrəli məktubuna əsasən “ ünvan 4 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu ıl tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzılsız. kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 22 04 2019-cu il tarixli, 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan ünvan 5 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 04.2019-cu ıl tarixli, 161 saylı əmnrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-istismar sahəsinə təhvil verilmişdir. Nazirliyin Mənzil-İstismar İdarəsinin 21.04. 2019-cu ıl tarixli, 1786 saylı məktubuna əsasən İddiaçı ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi itə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına daimi istifadə hüququna əsasən qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi, ev 14, 16 saylı (ü/s 121.8 kv.m) mənzilə dair onun daimi istifadə hüququ qeydə alınmışdır. Mənzil Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinə məxsusdur. Qanuni əsaslarla iddiaçının daimi istifadəsinə verilmiş mənzilin Müdafiə Nazirliyinin Xüsusi təyinatlı Mənzil Fonduna qaytarılması məqsədi ilə barəsində olan əlverişli inzibati aktın ləğv edilməsi ilə bağlı başlanılan icraat, dinlənilmə hüququ təmin edilmədən, iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Faktiki olaraq cavabdeh digər səlahiyyətli orqanları tərəfindən verilmiş razılıq məktubları əsasında qəbul etdiyi inzibati aktı ilə iddiaçının daimi istifadəsinə verilmiş mənzilin sonradan, iddiaçının razılığı və məlumatı olmadan, xüsusi təyinatlı(xidməti) yaşayış sahələri siyahısına daxil edilməklə “İnzibati icraat haqqında” Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının daimi istifadəsinə verilmiş mənzil üzrə hüqquqları Daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır, yəni iddiaçının qanuni istifadəsində olan mənzilin hal-hazırkı statusu – dövlət mənzil fonduna aid olan yaşayış sahəsi. Belə olan halda mənzilin xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi iddiaçının əmlak hüquqlarına müdaxilə kimi qiymətləndirilir.Hesab edir ki, iddiaçı üçün əlverişli inzibati akt olan xx.xx.2019-cu il tarixli, 126 nömrəli sərəncamının ləğvi üçün yuxarıda göstərilmiş halların heç biri mövcud olmamışdır. Bundan başqa qeyd etməyi zəruri hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibatiakta etibar etmək, inzibati orqanın davranışını, qəbuletdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mükün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdeh Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 131 saylı sərəncamın ləğv edilməsinə dair” sonrakı xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamının ləğv edilməsini tələb etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda - maraqlı şəxsin etimad göstərdiyi inzibati akt, onu qəbul etmiş inzibati orqan tərəfindən öz təşəbbüsü ilə də ləğv oluna bilər. Konkret halda, işdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 16 saylı mübahisəli mənzil, əvvəllər xidməti mənzil olmaqla, xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərarı qəbul etmək səlahiyyəti balans saxlayıcısı olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus olduğu halda, belə qərar (xx.xx.2019-cu il tarixli, 131 saylı sərəncam) Cavabdeh tərəfindən qəbul edilmişdir. Belə olan halda, həmin mənzilin xidməti mənzillər siyahısından çıxarılması və iddiaçı ilə daimi icarə müqaviləsinin bağlanması barədə Cavabdeh Başçısının sözügedən xx.xx.2019-cu il tarixli sərəncamı qanunsuzdur. İş materiallarından da görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə 3055 nömrəli məktubu ilə Cavabdehnə müraciət olunaraq, Nazirliyin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli 3055 saylı məktubuna əsasən -- Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 18 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi; eyni zamanda, onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət ünvanlanması xahiş olunmuş və həmin müraciət nəzərə alınmaqla, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən inzibati icraatı təzələmiş və əvvəl qəbul etdiyi öz qanunsuz inzibati aktını ləğv etmişdir. Bakı şəhəri Cavabdeh Başçısının hazırkı mübahisələndirilən sərəncamı ilə iddiaçının etimad göstərdiyi başçının əvvəlki xx.xx.2019-cu il tarixli 131 nömrəli sərəncamı ləğv edilərkən “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində göstərilən hallar mövcudluğu müəyyən olunmur. Belə ki, Bakı Qarnizonu üzrə mənzil komissiyasının işə əlavə olunmuş xx.xx.2019cu il tarixli 18 nömrəli protokolundan aydın olur ki, həmin iclasda Mənzil Komissiyasının, Qarnizonun уaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) komissiyaya daxil olan sənədlər əsasında yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara ayrılması barədə məlumatı dinlənilmiş və yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılaraq, cədvəldə göstərilən qaydada yaşayış sahələri (mənzillər) verilməsi və həmin protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmışdır ki, həmin cədvəldə iddiaçının adı da var və 16-cı sırada qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçu kimi müvafiq mənzillə təmin edilmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli **********35 nömrəli məktubunda aşağıdakıları bildirmişdir. Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, 16 saylı mənzil Cavabdeh Başçısının 131 saylı xx.xx.2019-cu il tarixli sərəncamına, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə, 28 saylı xx.xx.2019-cu il tarixli forma-2 arayışına əsasən 16.11,2019cu il tarixdə İddiaçı adına daimi istifadə hüququna əsasən qeydiyyatdan keçmişdir. İddiaçı adına ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan Salyan rayonu, Aydıngün kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN- 063F saylı şəhadətnaməyə əsasən 0.18 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********92- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və halhazırda mülkiyyətindədir. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.1 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********09 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı 2019-cu ildə yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçu kimi mənzillə təmin olunsa da, həmin tarixə onun mülkiyyətində yaşayış sahəsi olmuşdur. Belə çıxır ki, iddiaçı səhv məlumat təqdim etməklə barəsində əlverişli inzibati akt qəbul edilməsinə nail olmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanması haqqında qərarından da görünür ki, mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması müəyyən edilmiş və bu fakt əsasında ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayətinin tərkib əlamətləri mövcud olduğundan Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı barəsində əlverişli inzibati akt, yəni, xx.xx.2019-cu il tarixli 131 saylı sərəncam qəbul olunarkən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar mövcud olduğu halda, həmin sərəncamla mübahisəli mənzilin kazarmanın məqsədli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına təmir edilərək xidməti yaşayış sahəsindən çıxarılmaqla ayrı-ayrı vətəndaşlara verilmiş, bununla da bununla da dövlət marağına ziyan vurulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinin qeyd olunan tələbindən də göründüyü kimi, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli da ləğv olunmalıdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, konkret halda, cavabdehin mübahisələndirilən xx.xx.2020-ci il tarixli 224 nömrəli (əlverişsiz inzibati akt) sərəncamı ilə əvvəlki xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi tamamilə qanuni və əsaslıdır. Qanuni və əsaslı sərəncam isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsinin mənasından da görünür ki, o halda, məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi işi obyektiv araşdırmadıdığını, işdə olan materiallara düzgün hüquqi qiymət vermədiyini, qanunun tətbiqində və təsvirində səhvə yol verərək, ədalətsiz qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1954/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1954/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-619/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-619/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver