Məhkəmə qərarları › İş №2-1(103)-619/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-619/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-619/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X9 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8975/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu və ailə üzvlərini mənzil növbəsinə götürmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı vətən müharibəsi iştirakçısıdır. Müharibədə aldığı qəlpə yarasına əsasən ona üçüncü qrup müharibə əlili statusu verilmişdir. İddiaçı ailəlidir, bir övladı var. Əlilliklə əlaqədar əmək qabiliyyətini itirdiyi üçün işləyə bilmir. Uzun müddətdir ki, Bakı şəhərində kirayədə yaşayır. Bir neçə ay bundan əvvəl qohumu iddiaçı və ailə üzvləri ona məxsus mənzilə qeydiyyata götürmüşdür. İddiaçı bundan sonra zəruri sənədləri toplayıb ev növbəsinə düşmək üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan özünün 5-10/2-Q-43- 068/20214 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçını mənzil növbəsinə almaqdan imtina etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək ailə tərkibi 3 nəfər olmaqla (özü, arvadı və oğlu) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması vəzifəsinin Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8975/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı (ailə tərkibi özü, arvadı və oğlu) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsinin mövqeyinə görə iş üzrə inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olması müəyyən olunmamışdır. Məhkəmənin bu mövqeyi ilə qəti şəkildə razılaşmırlar. Belə ki, iş üzrə cavabdeh tərəfindən aparılan icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə tamamilə müvafiq şəkildə həyata keçirilmişdir. İddiaçının müraciəti üzrə zəruri hesab ediləcək bütün hallar obyektiv şəkildə araşdırılmışdır. Beləliklə də, birinci instansiya məhkəməsinin qərarı əsassızdır, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 8975/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Çıxarışa əsasən İddiaçı üzvi (Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, anamnezində özünəqəsd cəhdləri və özünü kəsmələr diaqnozu ilə xx.xx.2023-cü il tarixdə üçüncü dərəcə əlillik təyin edilmişdir - Qaziləri, şəhid ailələri və X6 tərəfindən üzvlük barədə 232 nömrəli vəsiqə İddiaçı 08.0.2023-cü il tarixdə verilmişdir - İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədə ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu) yaşayış yeri üzrə İİİ qrup vətən müharibəsi əlili kimi Binəqədi rayonuna mənzil köçürməsi və mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağı barədə sərəncam verilməsini xahiş etmişdir. - AZ-İİ 409229 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən İddiaçı və X8 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada “Qəhrəmanova” soyadı verilmişdir. - **********097 nömrəli Ərizəyə əsasən X4 ailə tərkibi 3 nəfərlə (özü, həyat yoldaşı və 1 övladı) yaşayış yeri üzrə əri İddiaçı İİİ Qarabağ əlili kimi rayon İcra Hakimiyyətində mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağına müvafiq sərəncam verilməsini xahiş etmişdir. - **********070 nömrəli Ərizəyə əsasən İddiaçı ailə tərkibi 3 nəfərlə (özü, həyat yoldaşı və 1 övladı) yaşayış yeri üzrə İİİ Qarabağ əlili kimi rayon İcra Hakimiyyətində mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağına müvafiq sərəncam verilməsini xahiş etmişdir. - Azərbaycan Respblikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya qızına ünvanlanan məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir - Azərbaycan Respblikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən X2 ünvanlanan məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində X2 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. - Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaşlar İddiaçı, X2, X3 Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində onların adına torpaq sahəsi ayrılmamışdır - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan məktubda qeyd edilmişdir ki, Qəhrəmanova (Məmmədova) Süsən Namiq qızının adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan məktubda qeyd edilmişdir ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışa əsasən İddiaçı, X4 və X5 Bakı şəhəri, Binəqədi rayonu, Firavan küçəsi, ev 42, 42A, 44, 46, 48, 48A, 50, 52, mənzil 24 (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 2) ünvanında qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Firavan küçəsi, ev 42, 42A, 44, 46, 48, 48A, 50, 52, mənzil 24 (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 2) ünvanında yerləşən mənzil X1 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, qüvvədə olan Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinİn: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaları işin faktiki hallarına tətbiq edərək, hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi). Həmçinin yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.1-ci maddəsi) Beləliklə iddiaçının fərdi vəziyyəti nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün qanuni gözləntisinin mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın tətbiqi vətəndaş üçün əlverişsiz vəziyyətin yaranmasına səbəb olur və cavabdeh qurumun imtinası nəticəsində tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsəd arasındakı ağlabatan mütənasiblik pozulmuşdur. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8975/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8975/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar