Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-62/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X2 və üçüncü şəxs “X11 Limited” Əməliyat Şirkətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı (xx.xx.1948-ci ildə Salyan rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxslər–Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X11 Limited” Əməliyat Şirkəti) çıxarışın verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1508/2019 nömrəli, 16 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən, inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 06.03.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı şəhər ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.metr olan 80 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X17 İcraiyyə Komitəsinin 30.01.1988-ci il tarixli, 1/25 nömrəli qərarına əsasən və “Jilstroy” bağçılıq yoldaşlığının 12.04.1988-ci il tarixli, 01 saylı protokolu ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən və ümumi sahəsi 500 kv.metr olan 80 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı qeyd edir ki, 2000-ci ildə bağ sahəsində fərdi yaşayış evi inşa edilmişdir və bağ sahəsi dörd tərəfdən daşla hasarlanmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilmiş və X19 kitabında 02.09.2008-ci ildə 9795 nömrə ilə uçota alınmışdır. İddiaçı müvafiq qaydada sənədlərini toplayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.metr olan 80 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 07.01.2019cu il tarixdə cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş, cavabdeh inzibati orqanın 28.01.2019-cu il tarixli cavab məktubu ilə ona imtina edilmiş, əsas kimi DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında iddiaçının adının aşkar edilmədiyi, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün bağ sahəsinin faktiki vəziyyəti ilə uyğun gəlmədiyi göstərilmişdir. Cavabdeh 28.01.2019-cu il tarixli **********76 nömrəli məktubla iddia tələbinə yazılı etiraz etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1508/2019 nömrəli, 16 may 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş (Hakim X.İmanov), Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.metr olan 80 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh 05.08.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, aparılmış araşdırmalar nəticəsində bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü bağ sahəsinin faktiki vəziyyəti ilə uyğun gəlmir. Şikayətdə əlavə olaraq göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2267/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 04.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.03.2020-ci il tarixli, № 28639 ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. 30.09.2020-ci il tarixində üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən etiraz daxil olmuş, etirazda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.05.2019-cu il tarixli qərarının ləğv olunması və İddiaçı iddiasının rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 və əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri X22 oğlu, X5 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi “X11 Limited” Əməliyat Şirkətinin kontrakt sahəsi daxilində ARDNŞ-nin daimi istifadəsində olan torpaq sahələrinin planını və digər sənədlərin surətlərini təqdim edərək mübahisəli torpaq sahəsinin “X11 Limited” Əməliyat Şirkətinin kontrakt sahəsi daxilinə düşdüyü üçün qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs “X11 Limited” Əməliyat Şirkətinin nümayəndəsi cavabdehin apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlarla müəyyən edilir ki, “Jilstroy” Bağçılıq yoldaşlığının 05.05.2003-cü il tarixli, 01 saylı protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin 12.04.1988-ci il tarixli 1 saylı qərarı ilə Hövsan ərazisindəki 80 saylı, 500 kv.metr bağ torpaq sahəsi İddiaçı ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 080441 saylı, 02.09.2008-ci il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün təsdiq edilmiş surətindən aydın olur ki, həmin plan və ölçü Bakı şəhəri, Hövsan bağ massivi ünvanında yerləşən torpaq sahəsinə aid olmaqla Bakı şəhəri XDS İK-in 30.01.1988-ci il tarixli 1/25 saylı qərarı və “Jilstroy” bağçılıq yoldaşlığının 12.04.1988-ci il tarixli 01 saylı protokolu əsasında verilmişdir. Bağ torpaq sahəsi ölçüsü 500 kv.metr təşkil etməklə 80 saylı bağ sahəsinin tikintisi üçün ayrılmışdır. X19 kitabında 02.09.2008-ci il tarixdə 9795 nömrə ilə uçota alınmışdır. Bakı Baş Tikinti İdarəsi “BQSRKT” trestinin tərkibində yaranmış “Jilstroy” Bağçılıq yoldaşlığı üzvlərinin 01.12.2001-ci il tarixə olan siyahısının surətindən aydın olur ki, həmin siyahıda İddiaçı adı 79-cu sırada qeyd edilmişdir. DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş 11.07.2008-ci il tarixli torpaq sahəsinin planının surətindən aydın olur ki, BTİ və İB-nin kitabçası əsasında Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 500 kv.metr sahədən ibarət 80 saylı bağ sahəsinin istifadəçisi (icarədarı) İddiaçıdur. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin 30.01.1988-ci il tarixli, 1/25 nömrəli qərarının surətinə əsasən bağ sahələrinin 80 nəfər bağçılıq üzvünə ayrılması qeyd edilmişdir. İş materiallarında olan Bakı Baş Tikinti İdarəsi “BQSRKT” Trestinin tərkibində yaranmış “JİLSTROY” Bağçılıq-Yoldaşlığının üzvlərinin 01.12.2001-ci il tarixə olan siyahısında (sədr Ə.Şirəliyev tərəfindən imzalanmışdır) bağ sahələrinin 88 nəfər bağçılıq üzvünə ayrılması qeyd edilmişdir. İş materiallarında olan ƏN-İ seriyalı, 327036 nömrəli, 20.11.2012-ci il tarixli etibarnaməyə (Bakı şəhəri 35 saylı Dövlət notariat kontorunun dövlət notariusu Tağızadə B.Ə. tərəfindən təsdiq edilmişdir) əsasən İddiaçı tərəfindən 90 il müddətinə (20.11.2102-ci il tarixədək qüvvədədir) X1 bütün daşınar və daşınmaz əmlaklarının üzərində sərəncam vermək və s. səlahiyyətlər verilmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasları barədə X3 qeydiyyat ünvanı olan İsmayıllı rayonu, İvanovka kəndi ünvanına məhkəmə bildirişləri göndərilmiş, lakin onun tərəfindən hazırkı işlə bağlı hər hansı bir yazılı münasibət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi X8 ünvanlanmış 28.01.2019-cu il tarixli, **********76 nömrəli cavab məktubundan müəyyən olunur ki, DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bundan başqa elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü bağ sahəsinin faktiki vəziyyəti ilə uyğun gəlmir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan X10 tərəfindən Neft Şirkətinin prezidenti cənab R.Abdullayeva ünvanlanmış 19.02.2019-cu il tarixli ərizədə qeyd edilmişdir ki, onların yaşadıqları ərazi “Yilstroyan” bağçılıq sahəsidir. Onlar Bakı şəhər Reyestr idarəsinə yaşadıqları ünvana çıxarış almaq müraciət etmişlər. Onlara ərazilərinin Neft Şirkətinin balansında olduğu bildirilmişdir. İş materiallarında olan X11 Limited şirkəti tərəfindən SOCAR-ın Hüquq İdarəsinin rəisi cənab Eldar Orucova ünvanlanmış 01.03.2019-cu il tarixli, 0115 nömrəli məktuba (məktub filialın rəhbəri Asxat Muxametzyanov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, müraciətdə qeyd olunan torpaq sahələrinin Əməliyyat Şirkətinin Kontrakt sahəsi hüdudları daxilində olub-olmamasına aydınlıq gətirilməsi məqsədilə Əməliyyat Şirkətinin müvafiq şöbələrinin əməkdaşları ərizəçilərin iştirakı ilə qeyd edilən sahələrə baxış keçirmiş, ərazilərin koordinatları götürülmüş və markşeyder xidmətinə təqdim edilmişdir. Yuxarıda sözügedən torpaq sahələri barəsində aşağıdakılar müəyyən olunmuşdur: -36 nömrəli ev kimi qeyd olunan tikili 1826 nömrəli quyudan 760 metr məsafədə; -1a nömrəli ev kimi qeyd olunan tikili 1826 nömrəli quyudan 772 metr məsafədə; -64a nömrəli ev kimi qeyd olunan tikili 1826 nömrəli quyudan 570 metr məsafədə; -80 nömrəli ev kimi qeyd olunan tikili 1826 nömrəli quyudan 592 metr məsafədə; -80a nömrəli ev kimi qeyd olunan tikili 1826 nömrəli quyudan 573 metr məsafədə; -64ab2 nömrəli ev kimi qeyd olunan tikili 1826 nömrəli quyudan 550 metr məsafədə yerləşməklə, Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşir. İş materiallarında olan SOCAR-ın **********30490075X00121 nömrəli, 12.03.2019-cu il tarixli məktubuna (Hüquq İdarəsinin rəisi E.Orucov) əsasən qeyd edilmişdir ki, müraciətdə göstərilən torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sanəye təyinatlı torpaqların hüdudlarında yerləşdiyi bildirilir və bu torpaqlar yalnız təyinatı üzrə istifadə oluna bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhər İcra Hakmiyyətinin 12.04.1988-ci il tarixli 1 saylı qərarı ilə Bakı şəhəri, Hövsan ərazisindəki 80 saylı, 500 kv.metr bağ torpaq sahəsi İddiaçı ayrılmış və Bakı şəhəri XDS İK-in 30.01.1988-ci il tarixli 1/25 saylı qərarı və “Jilstroy” bağçılıq yoldaşlığının 12.04.1988-ci il tarixli 01 saylı protokolu əsasında həmin torpaq sahəsinə aid plan və ölçü sənədi verilmişdir. Bundan başqa iddiaçının adı “Jilstroy” Bağçılıq yoldaşlığının üzvlərinin 01.12.2001-ci il tarixə olan siyahısında qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7.-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq, verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı Bakı şəhəri XDS İK-in 30.01.1988-ci il tarixli, 1/25 saylı qərarı və “Jilstroy” bağçılıq yoldaşlığının 12.04.1988-ci il tarixli 01 saylı protokolundan çıxarışa əsaslanaraq, bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər, onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (65.7). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). İş materiallarından göründüyü kimi, “Jilstroy” bağçılıq yoldaşlığının 12.04.1988-ci il tarixli 01 saylı protokolundan çıxarışa əsasən iddiaçıya Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Jilstroy” bağçılıq yoldaşlığına ayrılmış torpaq sahələrindən 500 kv.metr torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin yerləşmə sxemi, plan-cizgisi və bu barədə hər hansı texniki sənəd təqdim edilməmişdir. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2267/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçının hazırda faktiki istifadəsində olan Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 500 kv.metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 02.09.2008-ci il tarixdə planı və ölçüsü verilmiş və iş materiallarının 11 və 12-ci vərəqlərinə əlavə edilmiş , X13 9795 nömrə ilə uçota alınmış torpaq sahəsi ilə üst-üstə düşürmü? 2. Əgər düşmürsə hansı ölçüdə torpaq sahəsi həmin koordinatlar üzrə sahədən kənarda yerləşir? 3. İddiaçının hazırda faktiki istifadəsində olan Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 500 kv.metr torpaq sahəsi, Bakı şəhər X14 İcraiyyə Komitəsinin 30.01.1988-ci il tarixli , 1/25 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin ayrıc aktının daxilindədirmi? 27.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.02.2020-ci il tarixli, **********96 №-li mütəxəssis rəyi məhkəməyə daxil olmuşdur. 04.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.03.2020-ci il tarixli, № 28639 ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyinə əsasən qərardadın birinci sualı üzrə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən iddiaçının istifadəsində olan bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir və faktiki 594,0 kv.m təşkil edir. Qeyd olunmuş kadastr planı ilə üst-üstə düşür, lakin perimetrik ölçü fərqi mövcuddur. Qərardadın ikinci sualı üzrə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, faktiki bağ sahəsinin 11,0 kv.m hissəsi digər fiziki şəxsin mülkiyyətində olan sahə ilə üstüstə düşür. Qərardadın üçüncü sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının istifadəsində olan bağ sahəsi “Jilstroy” bağçılıq yoldaşlığının ayrıc aktı daxilində yerləşir. (ekspert Teymur Məmmədov) Ekspert və mütəxəssis rəylərindən göründüyü kimi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən iddiaçının istifadəsində olan bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. İşin apellyasiya baxışı zamanı təqdim edilmiş “X11 Limited” Şirkətinin 07 oktyabr 2020-ci il tarixli, 0395 saylı məktubunda (Asxat Muxametzyanov tərəfindən imzalanmışdır) bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinin Əməliyyat Şirkətinin Kontrakt sahəsi hüdudları daxilində olub-olmamasına aydınlıq gətirilməsi məqsədi ilə Əməliyyat Şirkətinin müvafiq şöbələrinin əməkdaşları ərizəçinin iştirakını təmin etmək mümkün olmamış, sənədlərdə göstərilən koordinatlar əsasında baxış keçirmiş və markşeyder xidmətinə təqdim edilmişdir. Müəyyən olmuşdur ki, sözügedən 500 m2 torpaq sahəsi 1826 nömrəli quyudan 592 metr məsafədə yerləşməklə, Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsi hüdudları daxilində yerləşir. Göründüyü kimi qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin dəqiq siyahısı göstərilmişdir. Eyni zamanda iddiaçının iddia etdiyi ərazinin ARDNŞ-nin daimi istifadəsində olan torpaq sahələrinin hüdudları daxilinə düşməsi iş materialları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, mübahisəli ərazinin texniki göstəricilərini əks etdirən sənədlərin təqdim edilməməsi və ərazinin ARDNŞ-ə aid Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsi hüdudları daxilində yerləşməsi səbəbindən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alına bilməz. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almayaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1508/2019 nömrəli, 16 may 2019cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən və ümumi sahəsi 500 kv.metr olan 80 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. İş üzrə ekspertiza xərci olaraq 50 (əlli) manat İddiaçı tutularaq Keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: Adı – Dövlət xəzinədarlığı Agentliyi; Kodu: 210005; VÖEN **********; Müxbir hesab – AZ41NABZ********************; SFİFT BİK – CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN- **********; Hesab – AZ34OTRE******************** hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-62/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-62/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver