Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-62/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi icrası tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2020-ci il tarixli qərarından iddiaçılar və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, iddiçıların mülkiyyətlərində olan Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı 148.8 kvm qeyri-yaşayış sahəsi ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan iddiaçılar və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-734/2020 saylı iş üzrə 03.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və həmin qərardadda yalnışlığa yol verilmişdir. Məhkəmə kolllegiyasının 26.05.2021-ci il tarixli qərardadı ilə yalnışlıq düzəldilmişdir. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş 166,62 kvm sahənini qanunsuz olaraq dağıdılaraq məhv edilməsi nəticəsində iddiaçılara dəymiş maddi zərərə görə 2.842.800 manat məbləğində pul kompensasiyasının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, eləcə də vurulmuş mənəvi ziyanın əvəzi kimi 1.000.000 manat məbləğində pulun cavabdeh təşkilatdan alınaraq onlara ödənilməsi və cavabdeh təşkilatın vəzifəli şəxslərinin əməllərində cinatəy tərkibinin əlamətlərinin olduğuna görə onlar barəsində cinayət işinin başlanılması üçün prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.06.2019-cu il tarixli 2-1(81)-2549/2019 saylı qərardadı ilə Səbail rayon İcra Hakimiyyəti, 03.08.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı qeyri-yaşayış sahəsi onun mərhum həyat yoldaşı X4 xüsusi mülkiyyətində olmuşdur. Mülkiyyət hüququ dövlət tərəfindən tanınaraq 28.03.2002ci il tarixli, 000982 saylı Mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Sözügedən qeyri-yaşayış sahəsi faktiki olaraq 166,62 kv.m sahədən ibarət olmuşdur. Qeyri-yaşayış sahəsi Bakı şəhərinin ən əlverişli ərazisində “Qız Qalasının” yaxınlığında yerləşmişdir.2009-cu ilin noyabr ayından başlayaraq, bizə hər hansı bir məlumat vermədən, əvəzi ödənilmədən, Bakı şəhər İcra Hakimiyyətinin və Səbail rayon İcra Hakimiyyətinin rəhbərlik etdiyi briqada və ağır texnika tərəfindən bizə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı qeyri-yaşayış sahəsi də sökülərək məhv edilmişdir. Həmin vaxtdan etibarən dəfələrlə aidiyyatı qurumlara və vəzifəli şəxslərə, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər edərək, qanunsuz olaraq dağıdılaraq məhv edilmiş mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinə görə müvafiq kompensasiya ödənilməsi xahiş edilmişdir. Lakin hər dəfə onlara müxtəlif vədlər verilsə də, bu günədək onlara hər hansı bir məbləğdə kompensasiya ödənilməmişdir. Mülkiyyət hüquqlarına qanunsuz müdaxilə və hər hansı bir kompensasiyanın ödənilməməsi nəticəsində ərinin keçirdiyi əsəb və stres nəticəsində ərində onkoloji xəstəlik yaranmış və uzun sürən xəstəlikdən sonra əri X10 14 mart 2018-ci il tarixdə vəfat etmişdir. Ərinin mülkiyyətində olmuş sözügedən qeyri-yaşayış sahəsi onlara miras qalmışdır. Vərəsəlik şəhadətnamələri verilmişdir. X3 öz vərəsəlik payını ona bağışlamışdır. Hesab edir ki, mülkiyyətində olan əmlak qanunsuz olaraq dağıdılaraq, məhv edilməsi tamamilə qanunsuz olmaqla yanaşı bizim mülkiyyət hüquqlarımıza birbaşa qəsddir. Tərəflərindən 10 may 2019-cu il tarixli pretenziya ilə Bakı şəhəri İcra Hakimiyyətinin başçısına müraciət edilərək, mülkiyyətində olmuş 166,62 kv.m sahənin qanunsuz olaraq dağıdılaraq, məhv edilməsi nəticəsində onlara dəymiş maddi zərərə görə 2 842 800 manat məbləğində pul kompensasiyasının verilməsinin təmin edilməsi xahiş edilmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: İddiaçılar verdikləri apellyasiya şikayətini müdafiə edərək, izahatlarında göstərmişlər ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı qeyriyaşayış sahəsi İddiaçı2 mərhum əri X4 xüsusi mülkiyyətində olmuşdur. Ərinin sözügedən qeyri- yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınaraq, 28.03.2002ci il tarixli, 000982 saylı mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Sözügedən qeyri-yaşayış sahəsi faktiki olaraq 166,62 kv.m sahədən ibarət olmuşdur. Qeyri-yaşayış sahəsi Bakı şəhərinin ən əlverişli ərazisində “Qız Qalası”nın yaxınlığında yerləşmişdir. 2009-cu ilin noyabr ayından başlayaraq, hər hansı bir məlumat vermədən, əvəzi ödənilmədən, Bakı şəhər İcra Hakimiyyətinin və Səbail rayon İcra Hakimiyyətinin rəhbərlik etdiyi briqada və ağır texnika tərəfindən iddiaçılara məxsus yeganə qazanc yeri olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı qeyri-yaşayış sahəsi də sökülərək məhv edilmişdir. Həmin vaxtdan etibarən dəfələrlə aidiyyatı qurumlara və vəzifəli şəxslərə, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər edərək, qanunsuz olaraq dağıdılaraq məhv edilmiş iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə onlara müvafiq kompensasiya ödənilməsi xahiş edilmişdir. Lakin hər dəfə onlara müxtəlif vədlər verilsə də, bu günədək iddiaçılara hər hansı bir məbləğdə kompensasiya ödənilməmişdir. İddiaçıların mülkiyyət hüquqularına qanunsuz müdaxilə və hər hansı bir kompensasiyanın ödənilməməsi nəticəsində ərinin keçirdiyi əsəb və stress nəticəsində ərimdə onkoloji xəstəlik yaranmış və uzun sürən xəstəlikdən sonra əri X10 14 mart 2018-ci il tarixdə vəfat etmişdir. Ərinin mülkiyyətində olmuş sözügedən qeyri-yaşayış sahəsi iddiaçı və övladlarına miras qalmışdır. Qeyd etmişdir ki, ərindən miras qalmış sözügedən əmlakı - arvadı İddiaçı2, uşaqları - X12, İddiaçı1 və X6 qəbul etmişlər. Bu barədə müvafiq Notariat Kontoru tərəfindən onlara “Vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilmişdir. X3 öz vərəsəlik payını - İddiaçı2 bağışlamışdır. Həmçinin qızı - X6 azyaşlı olduğundan, hazırkı tələblə məhkəməyə İddiaçı2 və oğlu – İddiaçı1 müraciət etmişlər. İddaçılar hesab etmişlər ki, mülkiyyətilərində olan əmlakın qanunsuz olaraq dağıdılaraq, məhv edilməsi tamamilə qanunsuz olmaqla yanaşı onların mülkiyyət hüquqlarına birbaşa qəsddir. İddiaçılar 10 may 2019-cu il tarixli Pretenziya ilə Bakı şəhəri İcra Hakimiyyətinin başçısına müraciət edilərək, mülkiyyətilərində olmuş 166, 62 kv.m sahənin qanunsuz olaraq dağıdılaraq, məhv edilməsi nəticəsində onlara dəymiş maddi zərərə görə 2 842 800 (iki milyon səkkiz yüz qırx iki min səkkiz yüz) manat məbləğində pul kompensasiyasının 5 (beş) gün ərzində verilməsinin təmin edilməsi xahiş etmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlarını bildirilmişlər. Lakin müraciətə hər hansı bir cavab verilməmişdir. İddiaçılar apellyasiya şikayətinin təmin edilməsini, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının ilkin iclasında iştirak etmiş İddiaçı2 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, çıxışında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Maliyyə Nazirliyi verdiyi apellyasiya şikayətində bildirmişdir ki, belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmənin qərarından məlum olur ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 2002-ci il 28 mart tarixli 000982 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə ilə sözügedən qeyri yaşayış sahəsi X4 adına rəsmiləşmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 2018-ci il 08 martda tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş vərəsəlik şəhadətnamələri ilə sözügedən qeyri-yaşayış sahəsi üzrə X4 vərəsələri İddiaçı2 ¼, X9 ¼, İddiaçı1 ¼ və X2 ¼ hissədə paylar müəyyən edilmişdir. Buna baxmayaraq məhkəmə İddiaçı2 sözügedən qeyri-yaşayış sahəsi üzrə mülkiyyətçi kimi hesab olunub-olunmaması və eyni zamanda qeyri-yaşayış üzrə tam hissədə iddia qaldıra bilib bilməməsi məsələlərini araşdırmamışdır. Eyni zamanda məhkəmə tərəfindən sözügedən qeyri-yaşayış sahəsinin kim tərəfindən sökülməsi məsələsi də araşdırılmamışdır. Bundan başqa qərarda sözügedən daşınmaz əmlakla bağlı kompensasiya ödənilməsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması nəzərdə tutulmuşdur. Lakin, qərarda məhkəmənin hüquqi mövqeyinin nədən ibarət olduğu konkret göstərilməmişdir ki, bu da qərarın icrasında çətinlik yaradacaqdır. Göründüyü kimi məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, bəzi hallarda tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, həmçinin cavabdeh təşkilatın büdcədən maliyyələşdirilməsini nəzərə almamış və nəticədə maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla dövlət büdcəsinin ziddinə qərar qəbul etmişdir. Üçüncü şəxs apellyasiya şikayəsində birinci instansoya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barəd yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin Bakı şəhər İcra Hakimiyyəti, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilsələr də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin qismən təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət`1 Əmlakının Özəlləşdirilməsi Departamentinin 28.03.2002-ci il tarixli, 000982 №-li Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148,8 kv.m qeyri-yaşayış sahəsi X4 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 3 saylı Bakı ASAN xidmət tərəfindən verilmiş AZ-İ №933381 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 08.03.2018-ci il tarixdə qaraciyərin ikincili bədxassəli yenitörəməsindən vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 14.03.2018-ci il tarixdə 444 № ilə qeyd edilmişdir. İş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X10 28 dekabr 1997-ci il tarixdə X7 ilə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28.12.1997-ci il 2703 № ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra ərə Piriyev, arvada Piriyeva soyadı verilmişdir. İş materiallarında olan 27 saylı Notariat Kontorunun Xüsusi notariusu X11 tərəfindən verilən 2V-106, 2V-107, 2V-108, 2V-109 saylı , 29.06.2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148.8 kv.m qeyri-yaşayış sahəsinə X4 vərəsələri İddiaçı2 ¼ , X9 ¼, İddiaçı1 ¼, X2 ¼ hissədə payları müəyyən edilmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunazidd hərəkətlər nəticəsində iddiaçı əmlakından məhrum edilərək, onun konstitusion hüquqları pozulmuş və qanunda nəzərdə tutulmuş qaydada ona kompensasiya ödənilməmişdir və iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və X5 haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh, inzibati orqan olaraq iddiaçının ərizəsi əsasında inzibati icraata başlamalı və həmin icraatı «İnzibati icraat haqqında» Qanunun və Qaydaların müddəalarına uyğun olaraq aparmalı, bu zaman bütün sübutları araşdırmalı, iddiaçıların mənafeyini nəzərə almalı və icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməli, vətəndaşlar isə həmin qərardan narazı qaldıqları halda məhz həmin qərarı məhkəmədə mübahisələndirməlidilər. Hazırki mübahisədə məhkəmə inzibati orqanın səlahiyyətləri daxilində həll ediləsi məsələləri özü həll etməməli, inzibati orqan yuxarıda sadalanan qanun normalarında əks olunan bütün hərəkətləri etməli və bunun nəticəsinə uyğun olaraq iki qərardan birini qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Eyni zamanda, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsini əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Birinci instansiya məhkəməsi iddianın mənəvi ziyan tələbinə dair hissəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin iddia tələbinə dair hər-hansı bir mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıların mülkiyyətlərində olan Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı 148.8 kvm qeyri-yaşayış sahəsi ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması gəldiyi nəticə ilə razılaşmır. Belə ki, İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, məcburetmə haqqında iddia üzrə məhkəmə qərarının 2 növü fərqlənir: birinci halda məhkəmə inzibati orqanın üzərinə öhdəlik qoyur; ikinci halda məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci halda iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi inzibati orqanın diskresion səlahiyyətindən asılı olmur. Məhkəmə konkret işin faktiki hallarını araşdırmışdırsa, onda işin hüquqi hallarını qiymətləndirməkdə məhkəmə azaddır və inzibati orqanın üzərinə konkret inzibati aktı qəbul etmək öhdəliyini qoya bilər. İkinci hal diskresion səlahiyyətlərdən, yəni inzibati orqanın fəaliyyəti qanunla birmənalı və dəqiq müəyyən edilmədiyi və inzibati orqanın öz mülahizəsi əsasında hərəkət etmək imkanı verildiyi hallarda mövcud olur. ”İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Qeyd etmək lazımdır ki, diskresion səlahiyyətlərin mövcud olduğu zaman inzibati orqan yalnız qanunun tətbiqini həyata keçirmir. Diskresion olaraq inzibati orqan qanunla ona icazə verilmiş çərçivədə müəyyən hüquqi nəticələri seçmək imkanı verilir. Ona görə də, məhkəmə yalnız diskresion səhvin olub-olmamasını yoxlaya bilər. Bundan başqa, qeyd edilməlidir ki, ikinci halda məhkəmə prosesi çərçıvəsində işi davam etdirmək mümkün olmadıqda baş verə bilər. Bu zaman məhkəmə işin davam etdirilməsini inzibati orqana həvalə edə və hüquqi mövqeyinin nəzərə alınmasını inzibati orqanın üzərinə öhdəlik kimi qoya bilər. Belə olan halda məhkəmə işin mahiyyəti üzrə qərar qəbul etmir, inzibati orqanın üzərinə vəzifə qoyur ki, işin hallarını yenidən araşdırsın və məhkəmənin hüquqi mövqeyini nəzərə nəzərə almaqla, iş üzrə yenidən qərar qəbul etsin. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İPM-nin 73.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qanunla müəyyən edilmiş birbaşa vəzifəsi kimi iki şərti - qanuna zidd hərəkət və ya hərəkətsizliyi və maraqlı şəxsin hüquqlarının pozulmasını müəyyən etməlidir. Məhkəmə hər iki şərti əsaslıq şərtləri kimi öz təşəbbüsü ilə yoxlamalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqlarının pozulmasını müəyyən etmək üçün iddiaçının arzuladığı inzibati aktı qəbul etməyi inzibati orqandan tələb etmək hüququn mövcudluğunu araşdırmamışdır Apelyasiya instansiya məhkəməsi öz təşəbbüsü ilə həmin hüququn mövcudluğu onun inzibati orqana qarşı çıxış edən iddiaçının mövqeyini, yəni hüquqlarının pozulmasının iddia etməkdə düzgünlüyünü yoxlanılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir. Həmin sorğularda X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148,8 kv.m qeyri-yaşayış sahəsinin sökülməsinə dair müfafiq icra hakimiyyəti orqan tərəfindən hər hansı qərarın qəbul edilib-edilməməsi, həmçinin X4 qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi ilə bağlı müraciətin olub-olmaması barədə məlumatın göndərilməsi tələb olunmuşdur. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlandığı 28.07.2021ci il tarixli, 665 nömrəli məktubda sorğuda göstərilən qərar və məsələ ilə bağlı kompensasiyanın ödənilməsi ilə əlaqədar müraciətin rayon İcra Hakimiyyəti arxivində aşkarlanmaması barədə bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanlandığı 28.09.2021-ci il tarixli, 7- 3417/17 nömrəli məktubunda bildirilmişdir ki, oxşar işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin məhkəməyə daxil olan 08.06.2011-ci il tarixli, 07/29815 saylı qərarına əsasən keçirilmiş ekspertiza zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 95 və 97 saylı binalarda yerləşən qeyri-yaşayış sahəsinin 1 kvm-nin bazar qiyməti 2056 manat müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən və vətəndaş X8 məxsus olan qeyri-yaşayış sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işin davam etdirilməsinin inzibati orqana həvalə edilməsi və hüquqi mövqeyinin nəzərə alınmasını inzibati orqanın üzərinə öhdəliyinin qoyulması üçün əsas yoxdur və hazırki işin məhkəmə prosesi çərçivəsində davam etdirilməsi mümkündür. Beləliklə, işin araşdırılmış halları ilə Piriyev Müşfiq İdris oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148,8 kv.m qeyriyaşayış sahəsinin 2009-cu ildə söküldüyü və ona Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiyanın ödənilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı torpağın müəyyən hissəsinin alınması nəticəsində həmin torpaqdan köçürülən və ondan istifadə hüququnu itirən, əmlakından məhrum olan, alınmanın təsirinə məruz qalan şəxs kimi hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma dedikdə, dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2-ci maddəsinə əsasən torpaq dedikdə, mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər); 1.1.3-cü maddəsinə əsasən tikili dedikdə, torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər başa düşülür. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.3.1-ci maddəsinə əsasən bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Mülki Məcəllənin 247.1.1-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablanır. İşdə olan "xxxx" MMC-nin 30.04.2019-cu il tarixli hesabatına əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 97 ünvanında yerləşmiş 166.62 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 30.04.2009-cu il tarixinə ******* manat, 1 kvadrat metr üzrə bazar dəyəri 13000 manat təşkil etdiyi müəyyən edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.09.2020-ci il tarixli, 2- 1(103)- 734/2020 saylı qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. “X1 Company” MMC 18.06.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 97 ünvanında yerləşmiş 148,8 kv.m qeyriyaşayış sahədən ibarət olmuş qeyri-yaşayış sahəsinin mövcud bazar dəyəri ******* manat, 1 kvadrat metr üzrə bazar dəyəri 18000 manat, likvid dəyəri isə ******* milyon manat məbləğində müəyyən olunur. Məhkəmə kollegiyası qiymətləndirmə hesabatında və mütəxəssis rəyində qiymətlər həddindən artıq yüksək olduğundan mötəbər sübüt kimi qəbul etmir və hesab edir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Həmçinin, kompensasiya məbləği bina söküldüyü dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğdən yuxarı olmamalıdır. Məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyətinin 28.09.2021-ci il tarixli, 7- 3417/17 nömrəli məktubunda oxşar işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 95 və 97 saylı binalarda yerləşən qeyri-yaşayış sahəsinin 1 kvm-nin bazar qiyməti 2056 manat müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya maddi zərərin əvəzi olaraq 148.8 kv.metr əmlak üçün 305932,8 (2056 manat x 148,8 kvm) manat məbləğində kompensasiya ödənilməlidir. İnzibati Prosessual Məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən inzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarında iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsini təmin etməyərək haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində bunu qeyd etsə də, qərarın nəticəvi hissəsində öz əksini tapmamışdır. Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-ci il tarixli qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən 305932,80 (üç yüz beş min doqquz yüz otuz iki manat 80 qəpik) manat məbləğində kompensasiya tutularaq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2019-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən 305932,80 (üç yüz beş min doqquz yüz otuz iki manat 80 qəpik) manat məbləğində kompensasiya tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-62/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-62/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver