Məhkəmə qərarları › İş №2-1(103)-62/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-62/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-62/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 və 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X1” TASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2-1(81)-4805/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X1” TASC cavabdeh DSMF Bakı HŞİD-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı “X1” TASC-yə 01.10.2013-cü ilədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 Departamenti iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanır. Həmin Qanunun 18-ci maddəsinə müvafiq olaraq məcburi dövlət sığorta haqqını vaxtında ödəməyən və ya ödənilməsini gecikdirən sığortaedənə DSMF-nin yerli orqanları tərəfindən xəbərdarlıq edilir. Xəbərdarlıq müddətində bu hərəkətlər sığortaedən tərəfindən aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürülmə əməliyyatlarının aparılması qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırılır. Ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırılır. “X1” TASC-nin 01 oktyabr 2013-cü il tarixə hesablanmış 491364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 idarəsinin üzərinə qoyulması barədə iddiası əsassız və qanunsuzdur. Belə ki, “X1” TASCnin 01 oktyabr 2013-cü il tarixə 618.067,71 manat (əsas borc 491364,48 manat penya 126703,23 manat) məbləğində məcburi dövlət sosial sığorta haqqları üzrə Bakı şəhəri üzrə X6 İdarəsinə borcu yaranmışdır. İddiaçı DSMF-nin Bakı şəhəri üzrə X6 Departamentinin cavabdeh X1 TASC-nə qarşı 01 yanvar 2009-cu il tarixə yaranmış 266816,64 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 12 noyabr 2009-cü il tarixli 2-(82)-897/2009 saylı qətnaməsi, 01 yanvar 2009-cu il tarixdən 01 oktyabr 2009-cu il tarixədək yaranmış 40068,98 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 13 avqust 2010-cu il tarixli 2(82)-718/2010 saylı qətnaməsi, 01 oktyabr 2009-cu il tarixdən 01 aprel 2010-cu il tarixədək olan 63135,56 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli 2iq(82)-333/2012 saylı qətnaməsi, 01 aprel 2010-cu il tarixdən 01 yanvar 2012-ci il tarixə 108192,70 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2012-ci il tarixli 2iq(82)-1974/2012 saylı qətnaməsi, 01 yanvar 2012-ci il tarixdən 01 yanvar 2012-ci il tarixə 67799,0 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 iyul 2014-cü il tarixli 2(82)-1690/2014 saylı qətnaməsi, 01 yanvar 2013cü il tarixdən 01 iyul 2013-cü il tarixə 47653,44 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 dekabr 2014-cü il tarixli 2(82)-1308/14 saylı qətnaməsi və 01 iyul 2014-cü il tarixdən 01 yanvar 2017-ci il tarixə 13817,73 manat borc üzrə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2-1(82)-4559/2017 saylı qərarı ilə məcburi dövlət sosial sığorta haqları üzrə borcun əmlak hesabına tutulması qət edilmişdir. İddiaçı “X1” TASC-nin 01 oktyabr 2013-cü il tarixə hesablanmış 491364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri HŞİD-nin üzərinə qoyulması barədə iddia tələbi Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisad Məhkəməsində və Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və qətnamə (qərar) qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı “X1” TASC təkrar olaraq yenidən həmin dövrü məhkəmədə mübahisələndirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4805/2018 saylı, 10 dekabr 2018ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı “X1” TASC-yə 01.10.2013-cü ilədək hesablanmış cəmi 491.364,48 (dörd yüz doxsan bir min üç yüz altmış dörd manat, qırx səkkiz qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun “X1” TASC-nin şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh DSMF Bakı HŞİD-nə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qərarının ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 Departamenti, əsl cavabdeh olan Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-939/2019 saylı 11 iyul 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4805/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarı ləğv edilərək, iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2928/2019 saylı 23.10.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-939/2019 saylı 11 iyul 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-317/2020 saylı 03 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4805/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1753/2020 saylı 23.09.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-317/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli, 1360-VQD nömrəli Azərbaycan Respublikası Qanununa və “Həmin Qanunun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanına əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Beləliklə, qanunvericiliyə edilmiş dəyişikliklərdən göründüyü kimi, “X1” TASC-nin iddia tələbi üzrə cavabdeh qismində DSMF Bakı HŞİD yox, Vergilər Nazirliyi (və ya vergi ödəyicisinin uçotda olduğu müvafiq struktur vahidləri) olmalıdır. İddiaçı “X1” TASC-nin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində qeydiyyatda olduğunu nəzərə alaraq, hazırkı iş üzrə cavabdeh qismində Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti (bundan sonra “Departament”) tanınmalıdır. Departament aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.12.2018-ci il tarixli qərarı qanunsuz və əsassızdır. İlk növbədə məhkəmə hazırkı inzibati işə Mülki Məcəllənin maddələrini tətbiq etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərarını Mülki Məcəllənin 550, 527 1, 551.2.1, 552, 553.1.1 və 554.2-ci maddələrinə istinad etməklə əsaslandırmış, lakin hazırkı mübahisə predmetinin ümumi hüquq sahəsinə aid olmasını və ona mülki hüquq normalarının tətbiq edilməsinin mümkünlüyünü araşdırmamışdır. Mülki Məcəllənin 2.5-ci maddəsində birbaşa olaraq qeyd edilmişdir ki, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən edilmişdir. Həmin maddənin X hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. “Sosial sığorta haqqında” AR Qanununun 14-cü maddəsinə görə də məcburi dövlət sosial sığorta haqları sığortalanmaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir ki, bu da dövlət sosial sığorta münasibətlərinin və ondan irəli gələn ödənişlərin mülki münasibətdə olduğu kimi dispozitivliyə deyil, məcburiliyə, bir tərəfin digərinə təsir imkanına əsaslandığına dəlalət edir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, sosial sığorta sahəsində münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan, sığortaçı (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslər) ilə digər subyektlər - sığortaedənlər və sığortaolunanlar arasında yaranan münasibətlər inzibati hüquq xarakterlidir və həmin münasibətlərə mülki hüquq normalarının tətbiqi düzgün deyildir. Məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların mülki (müqavilə) hüquq münasibətlərinin nəticəsi və bu səbəbdən ödənilməyən sosial sığorta borclarının müqavilə üzrə yaranmış borc (mülki öhdəlik) kimi qiymətləndirilməsi hüququn ümumi və xüsusi hissələrə bölgüsünə ziddir. Bundan əlavə artıq yuxarıda qeyd edildiyi kimi, VM-ə edilmiş son dəyişikliklərə əsasən Vergi Məcəlləsinin dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunması nəzərdə tutulmuşdur (V.M.maddə 1.4). Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələri ilə vergi orqanı tərəfindən vergilərin, maliyyə sanksiyalarının və faizlərin hesablanmasının və büdcəyə ödənilməsinin təmin edilməsi müəyyən vaxtla məhdudlaşdırılmışdır. Lakin VM-in 85.5-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Beləliklə göründüyü kimi, nə əvvəlki qanunvericilikdə, nə də son dəyişikliklərlə məcburi dövlət sosial sığorta haqqının tutularaq dövlət büdcəsinə ödənilməsi üçün məhdudiyyətlər müəyyən edilməmiş həmçinin nə zamana görə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən DSMF-a, nə də hazırkı Qanunvericiliyin tələblərinə müvafiq olaraq vergi orqanlarına müəssisənin məcburi dövlət sosial sığorta haqlarının “vaxtın köçməsi səbəbi ilə silinməsi” səlahiyyəti və ya vəzifəsi verilməmişdir. Təbii ki, qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc məbləğinin tutularaq dövlət büdcəsinə ödənilməsi üçün vaxt məhdudiyyətinin müəyyən edilməməsi əsassız deyildir. Belə ki, “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən, sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır (Maddə 8.1). Sosial sığorta haqqının ödənilməsi müəssisənin yalnız dövlət qarşısında öhdəliyini əhatə etmir. Yuxarıda qeyd edilən maddələrin mahiyyətindən də göründüyü kimi, sosial sığorta ödənişi sosial sığortanın digər iştirakçısı olan sığortaolunanın itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiyasına yönəlmiş təminatdır və bu öhdəliyin icra edilməməsi sığortaolunanı gələcəkdə həmin təminatdan məhrum ola bilər. Belə ki, dövlət sosial sığorta haqlarının sığortaedən tərəfindən sığortaçıya ödənilməməsi, sığorta haqqını ödəyən işçilərin əmək pensiyası hüquqlarının birbaşa pozulması ilə nəticələnir. “Əmək pensiyaları haqqında” AR qanunun 1.0.1, 1.0.2 və 21.1-ci maddələrinin tələbləri baxımından işçinin mövcud iş stajı o halda onun sığorta stajı kimi qəbul edilir ki, sığortaçı tərəfindən məcburi dövlət sosial sığorta haqları sığortaçı təşkilata ödənilmiş olsun. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib və tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir. Ali Məhkəmənin 23 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi işə təkrar baxarkən kassasiya məhkəməsinin bu iş üzrə 23 oktyabr 2019-cu il tarixli qərarında əksini tapmış hüquqi mövqeləri nəzərə almamışdır. Belə ki, kassasiya instansiyasının həmin qərarında ifadə olunmuş mövqeyinə görə, “VM-in 85.5-1-ci maddəsi 2019-cu il 1 yanvar tarixdən qüvvəyə minmiş, iddiaçı isə hazırkı tələblə məhkəməyə 2018ci ilin noyabrında müraciət etmişdir. Kassasiya instansiyası məhkəməsi 23 oktyabr 2019cu il tarixli qərarında həm də göstərmişdir ki, iddiaçının əsas dəlillərindən biri, bundan əvvəl ondan məhkəmə qətnamələri ilə tutulmalı olan borc məbləğinin hazırda silinməsini tələb etdiyi məbləğə aid olmaması, yəni iddiada göstərilən borcun 2013-cü il 1 oktyabr tarixədək hesablanmış borcu əhatə etmədiyi və cavabdehin bu qətnamələrlə tutulan məbləğin məhz iddiaçının silinməsini tələb etdiyi borc olduğunu sübut edə bilmədiyi barədədir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır. İddiaçının silinməsini tələb etdiyi məbləğə məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcun olub-olmaması müəyən olunmalıdır. Çünki “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə qətnamələrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 01.01.2009-cu il tarixdən 01.10.2013-cü il tarixədək olan dövrlər ərzində yaranmış borcların tutulması ilə bağlı məhkəməyə müraciət olunmuş, məhkəmə qətnamələri qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş həmin məhkəmə qərarlarından görünür ki, “X1” X7 Cəmiyyətinin: - 01.01.2009-cu il tarixədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 144.342 manat 24 qəpik məbləğində borcunun - 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin 2(82)-897/2009 saylı, 12 noyabr 2009-cu il tarixli qətnaməsi ilə, - 01 yanvar 2009-cu il tarixdən 01 oktyabr 2009-cu il tarixədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 40.068 manat 98 qəpik məbləğində borcunun - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2010-cu il tarixli, 2(82)-718/2010 saylı qiyabi qətnaməsi ilə, - 01 oktyabr 2009-cu il tarixdən 01 aprel 2010-cu il tarixədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 63135,56 manat məbləğində borcunun - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli, 2(82)-333/2012 saylı qiyabi qətnaməsi ilə, - 01.04.2011-ci il tarixdən 01.01.2012-ci il tarixədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 108.192,70 manat məbləğində borcunun – 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 06 noyabr 2012-ci il tarixli, 2(82)-1974/2012 saylı qiyabi qətnaməsi ilə, - 01 yanvar 2012-ci il tarixdən 01 yanvar 2013-cü il tarixədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 67.799 manat məbləğində borcunun – 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 iyul 2014-cü tarixli, 2(82)-1690/2014 saylı qiyabi qətnaməsi ilə “X1” TASC-nin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri üzrə X6 Departamentinin xeyrinə tutulması qət edilmişdir. Sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatına görə “X1” TASCnə 2013-cü ilin 3-cü rübünün sonu üzrə 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə əsas borc hesablanmışdır. “X1” TASC 30.10.2018-ci il tarixli pretenziya məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 Departamentinə müraciət edərək, “X1” TASC-yə 2013-cü ilədək hesablanmış cəmisi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsini xahiş etmiş, əks təqdirdə eyni tələblə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, qeyd olunan məktub cavabdehə 01.11.2018-ci il tarixdə çatdırılsa da, iş materialları ilə məktuba cavab verilməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi “Sosial Sığorta haqqında” Qanunun 14-cü maddəsinə istinad etməklə hesab etmişdir ki, cavabdeh tərəfindən 01.01.2009-cu il tarixdən 01.10.2013-cü il tarixədək olan müəyyən dövrləri əhatə edən borcun tutulması ilə bağlı məhkəməyə müraciət olunaraq, bununla bağlı məhkəmə qətnamələri mövcud olsa da, lakin həmin borcların “X1” TASC-yə hesablanmış hazırkı iddia tələbinin predmeti olan 01.10.2013-cü ilədək hesablanmış borcu əhatə etməsi sübut edilmir və ona görə də məhkəmə işin qeyd olunan hallarına qiymət verərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550, 527.1, 551.2.1, 552, 553.1.1 və 554.2-ci maddələrinə istinadən belə nəticəyə gəlmişdir ki, “X1” TASC-nə 01.10.2013-cü il tarixədək hesablanmış 491364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borc tələbetmə müddəti keçdiyi üçün silinməlidir. Belə ki, cavabdeh ötən 5 il müddət ərzində 2013-cü ilədək hesablanmış borcu iddiaçıdan tələb etməmiş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş tələb etmə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair” 24 aprel 2019-cu il tarixli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qararında həmçinin qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcəllənin 85.4cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Ali Məhkəmə 23 sentyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia tələbinin həllinə iddia tələbində istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətləri ilə bağlı müddəalarının tətbiqinin mümkün olmadığı barədə apellyasiya instansiyasının mövqeyi düzgündür. Ali Məhkəmənin 23 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunanlarla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Sosial sığorta haqqında” Qanunun: 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin: 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş 28.10.2021-ci il tarixli **********06 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmə inzibati işə Mülki Məcəllənin maddələrini tətbiq etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərarını Mülki Məcəllənin 527.1, 550, 551.2.1, 552, 553.1.1 və 554.2-ci maddələrinə istinad etməklə əsaslandırmış, lakin hazırkı mübahisə predmetinin ümumi hüquq sahəsinə aid olmasını və mülki hüquq normalarının tətbiq edilməsinin mümkünlüyünü araşdırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 24.05.2019-cu il tarixli qərarında bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Mülki Məcəllənin 2.5-ci maddəsində əsasən, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Qeyd edilənlərə istinad edərək bildiririk ki, sosial sığorta sahəsində yaranmış münasibətlər inzibati hüquq sahəsinə aid olduğundan, sığortaçı, sığortaolunan və sığortaedən arasında yaranan münasibətlərə mülki hüquq normalarının tətbiq edilməsi qanunamüvafiq deyildir. Nəzərinizə çatdırırıq ki, Ali Məhkəmənin 23.09.2020-ci il tarixli 2-1(102)-1753/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının silinməsini tələb etdiyi əsas borcun məhkəmə qətnamələri ilə tutulmalı olan borca aid olub-olmaması, silinmənin tələb edildiyi məbləğə məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borcun olub-olmaması müəyyən olunmalıdır. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə əlaqədar bildiririk ki, iddiaçının silinməsini tələb etdiyi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borc məhkəmə aktları ilə iddiaçıdan əmlakı hesabına tutulub cavabdehin xeyrinə ödənilməsi qət edilmiş borc məbləğinə aiddir. Belə ki, 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin 12.11,2009-cu il tarixli 2-(82)-897/2009 nömrəli qətnaməsi ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 01.01.2009-cu il tarixinə yaranmış 266.816,64 manat borcu, 2 saylı Bakı Yerli iqtisadi Məhkəməsinin 13.08.2010-cu il tarixli 2-(82)- 694/2010 nömrəli qətnaməsi ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 01.01.2009-cu il tarixindən 01.10.2009-cu il tarixinə yaranmış 40.068,98 manat borcu, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 27.01.2012-ci il tarixli 2iq(82)-333/2012 nömrəli qətnaməsi ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 01.10.2009-cu il tarixindən 01.04.2010-cu il tarixinə yaranmış 63.135,56 manat borcu, 2 saylı Bakı inzibatiiqtisadi Məhkəməsinin 06.11.2012-ci il tarixli 2iq(82)-1974/2012 nömrəli qətnaməsi ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 01.04.2010-cu il tarixindən 01.01.2012-ci il tarixinə yaranmış 108.192,70 manat borcu, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 09.07.2014-cü il tarixli 2-(82)-1690/2014 nömrəli qətnaməsi ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 01.01,2012-ci il tarixindən 01.01.2013-ci il tarixinə yaranmış 67.799,70 manat borcu, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 15.12.2014-cü il tarixli 2-(82)-1308/2014 nömrəli qətnaməsi ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 01.01.2013-cü il tarixindən 01.07.2013-cü il tarixinə yaranmış 47.653,44 manat borcu və 2 saylı Bakı İnzibati- iqtisadi Məhkəməsinin 06.11.2017-ci il tarixli 2-1(82)-4559/2017 nömrəli qərarı ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 01.07.2014-cü il tarixindən 01.01.2017-ci il tarixinə yaranmış 13.817,73 manat borcunun iddiaçının əmlakı hesabına tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Məlumat üçün bildiririk ki, iddiaçının 2013-cü ilin 3-cü rübün sonuna təqdim etdiyi hesabata əsasən ümumilikdə 618,067,71 manat (əsas borc 491.364,48 manat, penya və maliyyə sanskiyası üzrə 126.703,23 manat) borcu olmuşdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları, sığortaedənlərin müvafiq icra hakimiyyət orqanının uçot sistemində mövcud olan 2015-ci il 01 yanvar tarixindədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borcları tam məbləğdə silinir. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015- ci ilin 1 yanvar tarixindən yaranmış və 2018ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın)10 faizi ödənildikdə-maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə- maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Yuxarıda qeyd olunanlara əsasən 01.01.2006-cı il tarixinə yaranmış və 01.04.2018ci il tarixinədək ödənilməmiş əsas borc üzrə 94.659,95 manat 28.07.2018-ci il tarixdə, 01.01.2015-ci il tarixindədək yaranmış və 01.04.2018-ci il tarixinədək ödənilməmiş penya və maliyyə sanskiyası üzrə 163.566,29 manat, həmçinin 01.04.2018-ci il tarixinə maliyyə sanksiyası üzrə qismən (90%) 51.439,95 manat borcu Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 05.06.2018-ci il tarixdə silinmişdir. Kassasiya instansiya məhkəməsinin digər mövqeyi ilə əlaqədar bildiririk ki, 01.01.2015-ci il tarixindədək yaranmış və 01.04.2018-ci il tarixinədək ödənilməmiş penya və maliyyə sanskiyası üzrə 163.566,29 manat məbləğində borc silinmiş və nəticədə 2013cü ilin 3-cü rübünün sonuna məcburi dövlət sosial sığorta haqqı üzrə 491.364,48 manat məbləğində əsas borc qalmışdır, yəni, iddiaçının silinməsini tələb etdiyi 491.364,48 manat məbləğ əsas borca aiddir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən vergilərin, maliyyə sanksiyalarının və faizlərin hesablanmasının və büdcəyə ödənilməsinin təmin edilməsi müəyyən vaxtla məhdudlaşdırılmışdır. Lakin 85.5-1 -ci maddəyə əsasən həmin məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Həmin Məcəllənin 93.1.3-cü maddəsində ümidsiz borcların silinməsi ilə bağlı qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə həmin borc ümidsiz borc kimi silinir. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqqının tutularaq ödənilməsi üçün məhdudiyyətlər müəyyən edilməmiş, vergi orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqqının silinməsi-qanunvericilklə nəzərdə tutulmamışdır. “Sosial sığorta haqqında” Qanunun 1 -ci maddəsinə əsasən sosial sığorta — qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta haqqının silinməsi sığortaolunanları gələcəkdə həmin təminatdan məhrum edəcək, işçilərin gələcəkdə əmək pensiyası hüququnun pozulmasına və nəticədə növbəti məhkəmə mübahisələrinə səbəb olacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, 3-cü şəxsin məktubundan da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borc məhkəmə aktları ilə iddiaçıdan əmlakı hesabına tutulub cavabdehin xeyirinə ödənilməsi qət edilmiş borc məbləğinə aiddir. Belə ki, 01.01.2006-cı il tarixinə yaranmış və 01.04.2018-ci il tarixinədək ödənilməmiş əsas borc üzrə 94.659,95 manat 28.07.2018-ci il tarixdə, 01.01.2015-ci il tarixindədək yaranmış və 01.04.2018-ci il tarixinədək ödənilməmiş penya və maliyyə sanskiyası üzrə 163.566,29 manat, həmçinin 01.04.2018-ci il tarixinə maliyyə sanksiyası üzrə qismən (90%) 51.439,95 manat borcu Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 05.06.2018-ci il tarixdə silinmişdir. 01.01.2015-ci il tarixinədək yaranmış və 01.04.2018-ci il tarixinədək ödənilməmiş penya və maliyyə sanskiyası üzrə 163.566,29 manat məbləğində borc silinmiş və nəticədə 2013-cü ilin 3-cü rübünün sonuna məcburi dövlət sosial sığorta haqqı üzrə 491.364,48 manat məbləğində əsas borc qalmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları, sığortaedənlərin müvafiq icra hakimiyyət orqanının uçot sistemində mövcud olan 2015-ci il 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borcları tam məbləğdə silinir. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə-maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir. 01.01.2006-cı il tarixinə yaranmış və 01.04.2018-ci il tarixinədək ödənilməmiş əsas borc üzrə 94.659,95 manat 28.07.2018-ci il tarixdə, 01.01.2015-ci il tarixindədək yaranmış və 01.04.2018-ci il tarixinədək ödənilməmiş penya və maliyyə sanksiyası üzrə 163.566,29 manat, həmçinin 01.04.2018-ci il tarixinə maliyyə sanksiyası üzrə qismən (90%) 51.439,95 manat borcu Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 05.06.2018-ci il tarixdə silinmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri birinci instansiyası məhkəməsi tərəfindən pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən məbləğin əsassız olaraq hesablanmasına dair sübut təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2- 1(81)-4805/2018 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2-1(81)- 4805/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar