Məhkəmə qərarları › İş №2-1(103)-620/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-620/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-620/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X8 və X2ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3681/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3681/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdehin xx.xx.2019-cu il tarixli, **********61 saylı imtina məktubunun qanunsuz sayılması, xxxxxxxxxxxxxxx” MMC ilə xx xxxxx 2006-cı il tarixli, 19/7 saylı müqaviləyə əsasən ünvan 1156 saylı ünvanda inşa edilmiş 4 saylı binanın, 22-ci mərtəbəsində, ümumi tikinti sahəsi 155.6 kv.m. olan, 3 otaqlı, 97 saylı mənzilinə dair mülkiyyət hüquqununun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzillə bağlı texniki pasportun tərtib edilməsi, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, **********61 saylı imtina məktubunun qanunsuz sayılması və “xxxxxxxxxxxxxxx” MMC ilə xx xxxxx 2006-cı il tarixli, 19/7 saylı müqaviləyə əsasən ünvan 1156 saylı ünvanda inşa edilmiş 4 saylı binanın, 22-ci mərtəbəsində, ümumi tikinti sahəsi 155.6 kv.m. olan, 3 otaqlı, 97 saylı mənzilinə dair mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzillə bağlı onun adına texniki pasportun tərtib edilməsi, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC ilə xx xxxxx 2006-cı il tarixli, 19/7 saylı müqavilə bağlayaraq “xxxxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 1156 saylı ünvanda inşa edilən, 4 saylı binanın, 22-ci mərtəbəsində, ümumi tikinti sahəsi 155,6 kv.m olan, 3 otaqlı, 97 saylı mənzili almışam. Mənzilin dəyərini tam ödəmiş, “xxxxxxxxxxxxxxx” MMC-yə heç bir borcum yoxdur. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 1 156 saylı ünvanda inşa edilən binalar, o cümlədən 4 saylı bina tam olaraq inşa edilmiş, yaşayış üçün yararlı vəziyyətə gətirilmiş, kommunikasiya xətləri çəkilmiş, işıq, təbii qaz, su, kanalizasiya sistemi ilə təchiz, edilmiş, bina istismara verilmiş, sakinlər mənzillərinə köçmüşlər, hazırda hər bir mənzil sahibi ailəsi ilə birgə öz mənzillərində yaşayır. O cümlədən iddiaçı da ona məxsus olan 97 saylı mənzildə ailəsiylə birgə yaşayır. Ona görə də cavabdeh təşkilata müraciət edərək “xxxxxxxxxxxxxxx” MMC ilə xx xxxxx 2006-cı il tarixli, 19/7 saylı müqaviləyə əsasən ünvan 1156 saylı ünvanda inşa edilmiş 4 saylı binanın, 22-ci mərtəbəsində, ümumi tikinti sahəsi 155,6 kv.m olan, 3 otaqlı, 97 saylı mənzilinə dair mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, mənzillə bağlı adıma texniki pasportun tərtib edilməsi, reyestrdən çıxarışın verilməsini xahiş etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən mənzil yerləşən yaşayış binasının istismara icazə sənədləri və mənzil tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarış təqdim edilməmişdir. Bundan başqa müvsafiq mənzilə dair təqdim edilmiş sənədlər mənzil tikinti kooperativi tərəfindən deyil, “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmişdir. “xxxxxxxxxxxxxxx” MMC-nin mənzil tikinti kooperativinə keçməsinə dair heç bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən də müvafiq qeyri-yaşayış sahəsi əvvəlcə “xxxxxxxxxxxxxxx” MMC-nin adına ilkin qeydiyyata alınmalı və yalnız bundan sonra “xxxxxxxxxxxxxxx” MMC ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydiyyata alınmalıdır. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3681/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********61 nömrəli imtina məktubuna əsasən sözügedən mənzil yerləşən yaayış binasının sitismarına icazə sənədlərinin və mənzil tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarışın 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmiş və ərizənin icrsı mümkün olmamışdır. İşdə olan xx.xx.2006-cı il tarixli, 19/7 saylı müqavilə ilə ünvan 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti shaəsi 155.6 kv.m.- dən ibarət olan 3 otaqlı 97 saylı mənzil alıcı İddiaçıa təhvil verilməsi qeyd olunmuşdur. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru tərəfindən imzalanmış malyiyə arayışına əsasən ünvan 1156 ünvanında yerləşən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 155.6 kv.m. olan mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənildiyi və onun xxxxxxxxxxxxxxx MMC-yə borcu olmadığı qeyd olunmuşdur. İşdən göründüyü kimi ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus mənzilin eskiz layihəsi tərtib edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır və həmin maddədə təqdim edilməli sənədlərin siyahısı göstərilmişdir. İşin faktiki hallarından məlum olur ki, ünvan 1156 saylı ünvanda inşa edilmiş 4 saylı binanın, 22-ci mərtəbəsində, ümumi tikinti sahəsi 155.6 kv.m. olan, 3 otaqlı, 97 saylı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənməklə əldə etmiş və həmin sahə üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri ərizəsinə əlavə etməklə cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu hər hansı səlahiyyətli orqan tərəfindən mübahisələndirilmədiyi halda, ona imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsindəhüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları təsbit olunmuşdur: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası biirinci instansiya məhkəməsinin gəldiiyi nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanu-nunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə ... Hazırki işdə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi mənzil çoxmənzilli binada, hündürlüyü 12 metrdən çox olan yaşayış evində yerləşdiyinə görə cavabdeh inzibati orqan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanu-nun 8.0.9.2-ci maddəsinə əsaslanaraq mənzilin yerləşdiyi yüksəkmərtəbəli yaşayış binasının istismarına icazə sənədlərinin və Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarışın tələb etməkdə haqlı olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanu-nun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3681/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3681/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar