Məhkəmə qərarları › İş №2-1(103)-620/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-620/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-620/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, İddiaçı (xx.xx.1991-ci il tarixdə Kürdəmir ray., Garis-Əyribənd kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Agentliyinə qarşı «diplomun tanınması, şəhadətnamənin verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020ci il tarixli, 2-1(112)-1258/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 12.04.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ukraynanın Sumı Milli Aqrar Universiteti tərəfindən İddiaçı 27 may 2017-ci il tarixində verilmiş B17 № 026283 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası vətəndaşıdır. O, 27 may 2017-ci il tarixində Sumı Milli Aqrar Universitetini “Menecment" hazırlıq istiqaməti üzrə bitirərək “Bakalavr" ali təhsil dərəcəsini almışdır. İş üzrə sənədlərə əlavə olunmuş Diplom Əlavəsindən də görünür ki, iddiaçı sözügedən diplomu əldə edə bilmək üçün proqramda göstərilən bütün tələbləri (ukrayn dilində verilmiş Dövlət İmtahanı daxil) qarşılamışdır. Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə diplomunun nostrifikasiya edilməsi tələbi ilə müraciət edən iddiaçıya 07 mart 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. Bu səbəblə, Ukraynanın Sumı Milli Aqrar Universiteti tərəfindən onun adına verilmiş B17 026283 nömrəli, 27.05.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İddiaçı hesab edir ki, AR Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tamamilə əsassız olaraq onun diplomunun tanınmasından imtina etmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 mart tarixli, 346 nömrəli Sərəncamının 1 -ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə ‘'Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları’' təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən ali təhsil sahəsində ixtisasların tanınması üçün ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması zəruridir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəyə, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyinə əsasən verilir. Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğuna əsasən verilir. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa), xarici ölkələrdə verilən təhsil istiqamətləri (ixtisasları) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə mənfi rəy verilə bilər. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. İddiaçı bildirir ki, «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirməkdə haqlı olmamışdır. Belə ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentlivinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları "nın 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Üstəlik, hər nə qədər cavabdehin imtina məktubunda Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın 3.1.2 maddəsinə istinad edilsə də, iddiaçı qeyd edir ki, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» sözügedən Konvensiyaya uyğun şəkildə hazırlandığından Qaydaların 1.6. maddəsində göstərilən müddəalar da Konvensiyaya uyğundur. Həqiqətən də, işin mahiyyətinə baxdıqda görürük ki, Dövlətlər istədiyi təqdirdə, hər hansı məsələ ilə bağlı dövlətdaxili qanunvericiliklə beynəlxalq Konvensiya ilə üzərlərinə götürdüklərindən məhdudlaşdırıcı şərtlər müəyyən edə bilərlər. Hazırkı iş üzrə də “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 1.6. maddəsində də bəzi hallarda ekspertizanın keçirilməsi istisna olunmuşdur. Bundan əlavə, Konvensiya ümumi prinsipləri ehtiva edən çoxtərəfli beynəlxalq müqavilə, Saziş isə xüsusi tənzimləmə predmetinə malik olan ikitərəfli beynəlxalq müqavilədir. Bu səbəbdən də Azərbaycan ilə Ukrayna arasında təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi məsələlərində Sazişin müddəaları tətbiq edilir. İddiaçı qeyd edir ki, cavabdeh onun dil səviyyəsinin yetərli olmadığını cavab məktubunda cəmi bir cümlə ilə ifadə etmişdir. Digər bir sözlə, tədris dilinin səviyyəsinin hansı meyarlarla yoxlanmasına, bu zaman müvafiq ixtisas üzrə mütəxəssislərin cəlb olunmasına, aparılmış sual- cavabların sənədləşdirilməsinə dair heç bir məlumat verməyən cavabdeh, iddiaçıya öz bazalarında belə bir sənədin olduğu, istədiyi təqdirdə tanış ola biləcəyi barədə də heçnə bildirməmişdir. Beləliklə, AR Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçının müraciətinə baxılması ilə əlaqədar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28. 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. İddiaçı ən sonda əlavə edir ki, o, təhsil aldığı dövr ərzində bütün lazımi imtahanlarını, kurs işlərini və s. verərək diplom almışdır. Bu diplomun tanınması onun üçün peşə fəaliyyəti və sonraki təhsil pillələrində ixtisasını artırmağı ilə əlaqədar olaraq olduqca əhəmiyyətlidir. Heç bir qanun-qayda pozuntusuna yol vermədiyi, tələblərə uyğun şəkildə oxuyub bitirdiyi təhsilin tanınmaması isə indiki halda onun fərd olaraq özünü gerçəkləşdirməsinə mane olur. Qeyd olunanlara əsasən iddiaçı Ukraynanın Sumı Milli Aqrar Universiteti tərəfindən İddiaçı 27.05.2017-ci il tarixində verilmiş B17 026283 nömrəli bakalavr diplomunun AR ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin AR Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1803/2019 saylı 05 avqust 2019-cu il tarixli Qərardadı ilə (hakim R.Kərimli) İddiaçı Ukrayna Respublikasının Sum Milli Aqrar Universiteti tərəfindən verilmiş 27 may 2017-ci il tarixli B 17 026283 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyində yaradılmış Ekspert Komissiyası tərəfindən 28 sentyabr 2019-cu il tarixə qədər ixtisası üzrə yenidən müsahibənin aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəyişmədən iddia ərizəsinə əlavə təqdim edərək Ukraynanın Sumı Milli Aqrar Universiteti tərəfindən İddiaçı 27.05.2017-ci il tarixində verilmiş B17 026283 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 01.09.2020-ci il tarixdə iddiaçıya hüquqi yardım barədə bildiriş ünvanlanaraq, mübahisə predmeti olan inzibati aktın məzmunundan nə vaxt məlumatlı olması barədə sübutun təqdim edilməsi təklif edilmiş ,həmçinin tərəfindən prosessual müddət ötürüldüyü təqdirdə, buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 05.10.2020-ci il tarixdə iddiaçı ərizə təqdim edərək, cavabdeh Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Eyni tarixdə iddiaçı müddətin bərpasına dair ərizə təqdim edərək, iddia ərizəsinin qanunvericilikdə nəzərdə tutulan qaydada və vaxtda verildiyini nəzərə alaraq, müddətin ötürülməsini üzrlü hesab edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1258/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X1rşı “diplomun tanınması, şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə “Ukraynanın Sum Milli Aqrar Universiteti tərəfindən İddiaçı 27.05.2017-ci il tarixində verilmiş B17 026283 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsi kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1258/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı 07.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1258/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Ukrayna Respublikasının Sumı Milli Aqrar Universiteti tərəfindən 27 may 2017-ci ildə verilmiş B17 026283 qeydiyyat nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Dövlət İmtahan Komissiyasının 27 may 2017-ci il tarixli qərarı ilə İddiaçı “Menecment” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. - İddiaçıya məxsus Ukrayna Respublikasının Sumı Milli Aqrar Universiteti tərəfindən 27 may 2017-ci il tarixdə verilmiş B17 026283 qeydiyyat nömrəli bakalavr diplomdan məlum olur ki, iddiaçı 2012-2017-ci illərdə 5 il müddətində (240.00 ECTS) qiyabi təhsil almışdır. - Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 11.01.2019-cu il tarixli elektron cavab məktubundan müəyyən olunur ki, iddiaçının ali təhsil haqqında sənədlərinin nostrifikasiya olunması ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş müraciətinə baxılmış, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsini (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37ci paraqraflarını rəhbər tutaraq Ukraynanın Sumı Milli Aqrar Universiteti tərəfindən iddiaçının adına verilmiş B17 026283 nömrəli, 27.05.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.4-cü bəndinə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. Həmin Qaydaların 3.6-cı maddəsinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materiallarından göründüyü kimi Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya AR Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş «Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr»in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Eyni zamanda Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsi yuxarıda istinad olunan “Qaydalar”ın və cavabdehin "Əsasnaməsi"nin tələblərinə əsasən cavabdeh inzibati orqanın diskresion səlahiyyətidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı qiyabi təhsil almış, iş materiallarında olan Qeydiyyat Vərəqəsinə əsasən iddiaçı İ il üzrə - 8 ay 9 gün; İİ il üzrə - 22 gün; İİİ il üzrə - 13 gün; İV il üzrə - 18 gün; V il üzrə - 1 ay müddətində təhsil aldığı ölkədə olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki işin apellyasiya icraatı zamanı məhkəmə iclasında məhkəmə tərkibi tərəfindən iddiaçının təkrar müsahibəsinin audiovideo diskinə baxış keçirilmişdir. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının giriş və əsaslandırıcı hissələrində “cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi”nin qeyd edilməsini texniki xəta kimi qəbul edir. Qeyd olunan maddələrin tələbləri belə nəticəyə gəlməyə əsas verir ki, qanunvericilikdə inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanı (diskresion səlahiyyətlər) verilmiş və bu səlahiyyətləri həyata keçirən zaman onların hədlərini, məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini və vətəndaşların hüquq və azadlıqlarına əsassız şəkildə müdaxilənin yolverilməzliyini nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunauyğun şəkildə həyata keçirilməməsi və bu zaman iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməsi ilə bağlı hər hansı halın mövcudluğu iş üzrə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1258/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1258/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar