Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-620/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Masallı rayonunun Mollaoba kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “iddiaçıya müstəsna olaraq elmi dərəcə verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9171/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 05.08.2021-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı «iddiaçıya müstəsna olaraq elmi dərəcə verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009cu il tarixli 156 nömrəli Fərmanını əsas götürərək Azərbaycan Respublikası Nazirlər Kabineti ölkədə doktoranturaların yaradılması və elmi dərəcələrin verilməsi qaydalarını müəyyən etmiş və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermişdir. Sonradan Azərbaycan Respublikası Prezidenti qeyd edilən Fərmanda dəyişiyliklər etmiş və Azərbaycan Respublikası Nazirlər Kabineti də bu sahədə müvafiq dəyişikliklər etməli olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarında qeyd olunur ki, (1.7) Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. Hansı səbəbdən burada yalnız “Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər» müddəası qəbul olunub məlum deyil. Həmin müddəa neqativ halların qarşısını almağa yönəlsə də, bu heç də o demək deyil ki, müstəsna olaraq qısa müddətdə elmi dərəcə almağa layiq olan insanlar öz hüquqlarından məhrum olmalıdırlar. O (iddiaçı), 30 ildən çox müddət Azərbaycanda yaşamamışdır. 2016-cı ilin oktyabr ayından vətənə qayıtmışdır. Hazırda o, elm sahəsində öz işini qurarkən müxtəlif manelərlə rastlaşır və bu zaman həlledici hal olaraq onun elmi dərəcəsinin olmaması əsas tutulur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona müstəsna olaraq dərhal riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9171/2021 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9171/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əsaslandırılmadığından işin apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçıya apellyasiya şikayətinin əsaslandırılma hissəsinin təqdim edilməsi təklif edilmişdir. 26.01.2022-ci il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayətinin əsaslandırılması məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndəsi X1 əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmişdir. Cavabdehlər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2003-cü il tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Həmin Əsasnamənin 2.0.1-ci bəndinə görə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının vəzifələrinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 1.1- ci bəndinə görə bu Əsasnamə «Elm haqqında» və «Təhsil haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi dərəcələr verilməsi qaydasını və şərtlərini müəyyən edir. Həmin Əsasnamənin 1.3-cü bəndinə görə fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə görə elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş «Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və «Təhsil haqqında» və «Elm haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq doktoranturaların yaradılmasına qoyulan tələbləri və doktoranturaya vahid qəbul qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil müəssisələrində – adyunktura) yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. Həmin Qaydaların 1.3-cü bəndinə görə doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Həmin Qaydaların 1.4-cü bəndinə görə doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Həmin Qaydaların 1.5-ci bəndinə görə doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar elmi kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Həmin Qaydaların 1.7-ci bəndinə görə fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı ona müstəsna olaraq dərhal riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Yuxarıda qanunvericilik normalarının məzmunundan görünür ki, yüksəkixtisaslı elmi və elmi pedaqoji kadrlara elmi dərəcə və elmi adların verilməsi səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına aid edilir və həmin elmi dərəcə və adların müvafiq vəsatətlər əsasında verilməsini nəzərdə tutur, eləcə də fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrin verilməsinin yalnız müvafiq proqramlar üzrə doktorantura yolu ilə həyata keçirilməsini müəyyən etmişdir. Həmin proqramlar üzrə doktorantura isə, təhsilalma formasından (əyani, qiyabi) asılı olaraq 4 – 5 il müddətdində həyata keçirilir və təhsilalma müddətinin müstəsna hallara uzadılması mümkündür. Göründüyü kimi iddiaçı ona “elmlər doktoru” elmi dərəcəsinin müstəsna hal kimi dərhal verilməsini tələb etsə də, bu hal da qanunvericiliklə müəyyən edilməmişdir. Belə olan halda qeyd edilən öhdəliyinin elmi dərəcələr və elmi adlar verilməsini həyata keçirən orqan kimi hazırkı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə qoyulması yolverilən deyil. İddia cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasın münasibətdə mümkünsüzdür. Digər tərəfdən iddiaçının tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı yönəlməmişdir. Belə ki, hazırkı işin haları İPM-in 30-cu maddəsinin tələbləri üzrə cavabdehlərə münasibətdə “prosessual həmiştirakçılıq”la uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ikinci cavabdeh kimi işdə iştirakı formal xarakter daşıyır və iddia cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə münasibətdə də mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9171/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-620/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-620/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver