Məhkəmə qərarları › İş №2-1(103)-621/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-621/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-621/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9163/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin 01 oktyabr və 04 oktyabr 2022ci il tarixli qərarları ləğv edilməklə X1 və X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 02 iyun və 06 iyun 2022-ci il tarixli qərarlarının qanuniliyinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Dövlət Miqrasiya Xidmətinin 01 oktyabr və 04 oktyabr 2022-ci il tarixli qərarları ləğv edilməklə X1 və X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 02 iyun və 06 iyun 2022-ci il tarixli qərarlarının qanuniliyinin tanınması” tələbinə dair 2-1(112)-9163/2023 saylı inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “01 oktyabr 2022-ci il tarixli qərar ləğv edilməklə övladı X5 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 02 iyun 2022-ci il tarixli qərarın qanuniliyinin tanınması” tələbi üzrə icraat ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-9163/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «Dövlət Miqrasiya Xidmətinin 04 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, övladı X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 06 iyun 2022-ci il tarixli qərarının qanuniliyinin tanınması» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 və X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən 02 iyun və 06 iyun 2022ci il tarixdə qərar verilməklə tanınmışdır. 01 oktyabr 2022-ci il tarixdə isə Dövlət Miqrasiya Xidməti tərəfindən yeni qərar verilməklə X1 və X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında 2015-ci il 18 mart tarixli qərarının 4.4-cü bəndi müəyyən edilmişdir. Həmin Qərarın 4.4-cü bəndinə əsasən: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Qeyd edilən Qanunun 18-ci maddəsinin qeyd edilən bəndləri deyir: “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı. Bu dəyişiklik 30 may 2014-cü il tarixli 973- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 18-ci maddə yeni redaksiyada verilmişdir. X1 2012-ci il və X10 2010-cu il təvəllüdlüdürlər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Halbuki “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Qanunun özündə bu müddəaların kimə şamil olmadığı birbaşa göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə istinadı tam əsassızdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Məhkəmə nəzərə almamışdır. Övladlarının vətəndaşlığının tanınmaması barədə Dövlət Miqrasiya Xidmətinin 01 oktyabr və 04 oktyabr 2022-ci il tarixli qərarları əsassız və qanunsuz olmaqla Azərbaycan Respublikasının Konstitusiyasının tələbinə ziddir. Belə ki, X8 və X7 Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 527-İQ saylı Qanunun 11 və 12-ci maddələrinin tələbinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı kimi rəsmi sənədlər verilmişdir. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulduqda Azərbaycan Respublikasının vətəndaşlığı əldə etmək üçün əsasdır. Lakin xx.xx.2014-cü il tarixli 973-İV QD saylı qanunla “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 11-ci və 12-ci maddələrində dəyişiklik edilmişdir. Qanuna edilmiş bu və digər dəyişikliklər heç bir halda şəxsin vəziyyətinin ağırlaşdırılmasma, hüquqlarının məhdudlaşdırılmasma səbəb ola bilməz. Uşaqları doğularkən qüvvədə olmuş qanunlara əsasən o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir. Qanunda edilən sonrakı dəyişikliklər uşağının vətəndaşlığının xitam olunmasına əsas ola bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi əsl iddiaçının tanınması məsələsində səhvə yol vermişdir. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı tələbi “cavabdehin 04 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, övladı X4 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 06 iyun 2022-ci il tarixli qərarının qanuniliyinin tanınması” barədə olduğundan və göründüyü kimi, hazırki işdə iddiaçı qismində X10 çıxış etməli olduğundan əsl iddiaçı da sonuncu olmalıdır. Buna görə də apellyasiya baxışı zamanı İddiaçı əsl iddiaçı olan övladı X10 ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarından görünür ki, 05 sentyabr 2010-cu il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 06 iyun 2022-ci il tarixli ******* №-li qərar verilmişdir. Mövcud sənədlərə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar araşdırma aparılmış və onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59cu və 68.1-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndini rəhbər tutaraq, 05 sentyabr 2010-cu il təvəllüdlü X10 barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli ******* №-li qərar ləğv olunmuş, 05 sentyabr 2010-cu il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İş materiallarında olan Rusiya Federasiyasının Murmansk şəhəri VVAQ şöbəsi tərəfindən xx.xx.2015-ci ildə verilmiş İ-DP seriyalı 651417 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməsinin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X6 xx.xx.2009-cu ildə nikaha daxil olmuşlar (nikahın bağlanması haqqında akt qeydi - xx.xx.2009-cu il, № 3003). İş materiallarında olan Rusiya Federasiyasının Murmansk şəhəri VVAQ şöbəsi tərəfindən xx.xx.2015-ci ildə verilmiş İ-DP seriyalı 771432 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2010-cu ildə Rusiya Federasiyasının Murmansk vilayətinin Murmansk şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r (doğum akt qeydi – xx.xx.2010-cu il, № 2699). İş materiallarında olan Rusiya Federasiyasının pasportunun (76 3627359) surətindən görünür ki, X10 xx.xx.2010-cu ildə Rusiya Federasiyasının Murmansk şəhərində doğulmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarına əsasən 05 sentyabr 2010-cu il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Lakin sonradan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarına əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar araşdırma aparılmış və onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmiş, yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59cu və 68.1-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndini rəhbər tutaraq, X10 barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli ******* №-li qərar ləğv olunmuş və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 06 iyun 2022-ci il tarixli qərarı qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edildiyinə görə qanunsuz əlverişli inzibati aktdır. Belə ki, həmin qərar qəbul edilərkən inzibati orqan tərəfindən işin bütün faktiki halları (o cümlədən iddiaçının Rusiya Federasiyasında doğulması və Rusiya Federasiyasının vətəndaşı olması) nəzərə alınmamışdır. Başqa sözlə, xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi üçün hüquqi əsas olmamış, qərar qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. Odur ki, qeyd olunan tələblərə əməl edilməməklə qəbul olunduğu üçün həmin xx.xx.2022-ci il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi anlamında qanunsuz inzibati akt sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh öz qanunsuz olan xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022-ci il tarixli qərarla ləğv etməkdə səlahiyyətli olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.5ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmədiyi təsbit edilmişdir. Hazırkı işdə qanunsuz əlverişli inzibati aktın ləğvini məhdudlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurumun xx.xx.2022-ci il tarixli qərarı iddiaçıya münasibətdə əlverişli inzibati akt olsa da, qanunsuz olduğundan və qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulmuş məhdudiyyətlər hazırkı işdə mövcud olmadığından, həmin qərarın ləğvi barədə cavabdeh qurumun digər - xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslıdır. İş materiallarından göründüyü kimi, iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Hazırki halda isə iddiaçı Rusiya Federasiyasının ərazisində doğulmuşdur və Rusiya Federasiyasının vətəndaşlığını əldə etmişdir. İddiaçı vətəndaşsızlıq halında olmamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın təmin edilməməsi” barədə qənaəti ilə razılaşsa da, hesab edir ki, məhkəmə iddiaçının əsl iddiaçı ilə əvəz olunma məsələsinə qiymət vermədiyi üçün bu hal prosessual pozuntu kimi qiymətləndirildiyindən apellyasiya qaydasında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaradır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9163/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar