Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-622/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı dövlət nümunəli diplomun verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2-1(112)-1346/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2-1(112)-1346/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı adına fəaliyyəti dayandırılmış (ləğv edilm iş) “Azərbaycan Beynəlxalq Universiteti”ni “Riyaziyyat və İnformatika” fakültəsi üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi öhdəliyinin cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. (hakim E.Əliyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakultəsinin əyani şöbəsini bitirməsini nəzərə alaraq iddiaçıya diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Rusiya Federasiyasının Dərbənd X2 və Hüquq Fakültəsinin menecment ixtisasına qəbul olmuşdur. 30 oktyabr 2007-ci ildə Azərbaycan Beynəlxalq Universtitenin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülmüşdür. Köçürülməsi haqqında Təhsil Naziriliyinin 06.08.2007-ci il tarixli 46-03-4368/17 saylı təlimat məktubu və 07.08.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq olunmuş Əsasnaməsi, dekanlığın təqdimatı, köçüı ülma haqqında komissiyanın protokolu olmuşdur. 2007-2010-cıı illərdə hər 3 kurs üzrə əyani formada təhsil haqqını ödəyərək tam kursu bilirərək diplom alması üçün qiymətlər kitabından çıxarış almışdır. Lakin Azərbaycan Beynəlxalq Universiteti 2010-ctı ildə bağlandığından bu günədək iddiaçı diplom ala bilməmişdir. Bu səbəbdən 24 dekabr 2018-ci il tarixdə rəsmi qaydada ərizə və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir ki, 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetini bitirdiyi üçün ona ixtisası üzrə diplom verilməsinə köməklik etsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi əsassız olaraq 11.02.2019-cu il tarixli U-163/31- 24 nömrəli məktubla bundan imtina etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-755/2019 saylı 15.05.2019-cu il tarixli qərardadı ilə hazırkı iş ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 29.09.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı adına fəaliyyəti dayandırılmış (ləğv edilmiş) “Azərbaycan Beynəlxalq Universiteti”ni “Riyaziyyat və İnformatika” fakültəsi üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması”na dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi R.Hüseynov apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə əsassız və qanunsuz olduğundan qərar ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı 2007-ci ildə Rusiya Federasiyasının Dərbənd Humanitar İnstitutundan Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Eyni zamanda, Təhsil Nazirinin 07.08.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığ ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağadır. Ona görə də, Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” 05.02.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin 28.01,2002-ci il tarixli 80 nömrəli əmri olmuşdur. Həmin əmrin lll-cü bəndinə görə, qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V-ci bəndinə görə, Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı 06.08.2007-ci il tarixli 46-03-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu halda, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələrə sırasına daxil olunması əmrləşdirilə bilərdi. Digər tərəfdən iddiaçının köçürülməsinə razılığın verilməsi barədə məhkəmənin istinad etdiyi Təhsil Nazirliyinin 06.08.2007-ci il tarixli 46-03-4368/17 nömrəli məktubunun hüquqi əsası yoxdur. Belə ki, iddiaçının köçürülməsi barədə ABU-nun əmrində həmin məktuba istinad edilməsi, onun köçürülməsinə nazirlik tərəfindən razılığın verilməsini təsdiq etmir. Belə ki, Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı 06.08.2007-ci il tarixli 46-03-4368/17 saylı məktubunda, köçürülmək istəyən tələbənin sənədlərinin (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyinə göndərilməsi və nazirlik tərəfindən araşdırılıb müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə icazə verilə bilərdi. Sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsinə TN-yi tərəfindən razılıq məktubu verilsəydi, onda köçürülmə barədə ABU-nun əmrində həmin məktubun tarixinə və nömrəsinə istinad edilərdi. Nümayənədə eyni zamanda bildirdi ki, ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının köçürülməsi barədə sənədlər saxtalaşdırılaraq rəsmiləşdirilmişdir. Odur ki, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında apellyasiya şikayətinin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, X6 xx.xx.1989-cu il tarixdə Şəki şəhərində doğulmuşdur. İş materiallarından görünür ki, AZ-İ seriyalı 672051 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X4 10.07.2011-ci il tarixdə nikah bağlandıqdan sonra Abdullayeva soyadı verilmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı X6 2006-cı ildə Rusiya Federasiyasının Dərbənd X2 və Hüquq Fakültəsinin menecment ixtisasına qəbul olunmuş, 30.10.2007-ci ildə Azərbaycan Beynəlxalq Universtitenin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülmüş, adıçəkilən ali təhsil müəssisəsi ilə iddiaçı arasında təhsil alma haqqında müqavilə bağlanılmış, adına qiymət kitabçası açılmış, iddiaçı tərəfindən universitetin hesabına təhsil haqqı tam ödənilmiş, heç bir akademik borcu olmamış və 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin tam kursunu bitirmiş, lakin bu barədə adına bakalavr diplomu verilməmişdir. İddiaçı müvafiq ərizə ilə Təhsil Nazirliyinə müraciət etmiş, lakin, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. İş materiallarında olan Təhsil Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən məktubunda göstərilmişdir ki, “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindəki məlumata əsasən X1 Qəbulu üzrə Dövlət Komissiyasının (hazırda DİM) əmri ilə hər-hansı ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmamışdır. Eyni zamanda bildiririk ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında və Təhsil Nazirliyinin razılığı ilə ABU-ya köçürülən şəxslərin siyahısında Nübar Uğurluyevanın adı yoxdur. Həmçinin, 29.09.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçının Rusiya Federasiyasının Dərbənd Humanitar İnstitutundan Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi ilə əlaqədar Təhsil Nazilriyinin razılığı alınmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 2007-ci ildə Rusiya Federasiyasının Dərbənd Humanitar İnstitutundan Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi ilə əlaqədar həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən yalnız köçürülmənin aparıldığı təhsil müəssisəsinin rektorunun razılığı kifayət edirdi. Təhsil Nazirliyinin 402 saylı 07.08.1996-cı il tarixli əmri ilə təsdiqedilmiş 06.08.1996cı il tarixli“Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”sinin 1.1.1-ci bəndinə əsasən respublika daxilində ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. Həmin Əsasnamənin 1.2.1-ci bəndinə əsasən tələbələrin xarici ölkələrdən Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. İş materiallarında olan 30.10.2007-ci il tarixli müqavilədən və 30.10.2007-ci il tarixli X9/535 nömrəli Əmrin surətindən görünür ki, X6 2007-ci ildə Azərbaycan Beynəlxalq Universtitenin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndinə görə, Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının Rusiya Federasiyasının Dərbənd X2 və Hüquq Fakültəsindən 30.10.2007-ci ildə Azərbaycan Beynəlxalq Universtitenin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülməsi həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun aparılması işin mübahisələndirilməyən halıdır və hesab etmişdir ki, iddiaçının Rusiya Federasiyasının Dərbənd X2 və Hüquq Fakültəsindən 30.10.2007-ci ildə Azərbaycan Beynəlxalq Universtitenin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülməsi həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun aparılması, həmçinin iddiaçının bakalavriat pilləsi üzrə ali təhsilini bitirməsi işin mübahisələndirilməyən halı olduğundan, hazırkı iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində aşağıdakı növ diplomlar müəyyənləşdirilir: - bakalavr diplomu (adi və fərqlənmə); - ali təhsil müəssisələrinin magistr diplomu (adi və fərqlənmə); - Azərbaycan Milli Elmlər Akademiyasının magistr diplomu (adi və fərqlənmə) (2.1-ci bənd). Bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir (2.2-ci bənd). Həmin Qaydaların 3.1-ci bəndinə əsasən ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. Həmin Qaydaların 4.4-1-ci bəndinə əsasən ali təhsil müəssisəsinin, AMEA-nın yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin, AMEA-nın hüquqi varisi olan ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Məhkəmə kollegiysı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, AR Təhsil Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq 22.06.2021-ci il tarixli, 18-18-49/12 saylı məktubu ilə AR Təhsil Nazirliyinin 05.02.2001-ci il tarixli, 96 saylı; 28.01.2002-ci il tarixli, 81 saylı əmrlərin; AR Təhsil Nazirliyinin ali və orta ixtisas təhsilli müəssisələrinin rəhbərlərinə ünvanlandığı 06.08.2008-ci il tarixli, 46-03-4368/17 saylı məktubun təsdiq edilmiş surətlərini məhkəməyə göndərmişdir. AR Təhsil Nazirliyinin 05.02.2001-ci il tarixli, 96 saylı “Ali təhsil müəssisələri tələbələrin köçürülmələinin dayandırılması barədə” əmrin birinci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaq bütün ali təhsil müəssisələrində tələbələrin bir ixtisasdan və ya tədris müəssisəsindən digərinə köçürülmələr müvəqqəti dayandırılmışdır. AR Təhsil Nazirliyinin 28.01.2002-ci il tarixli, 81 saylı “əmrdə qismən dəyişiklik haqqında” əmrin İ bəndinə əsasən AR Təhsil Nazirliyinin 05.02.2001-ci il tarixli, 96 saylı əmrin 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “1. Tələbələrin qeyri-dövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın.” Əmrin İİ bəndinə görə köçürülmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına,o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürülmələr bu təhsil müəssisələrin tabe olduqları nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilməsi; əmrin İİİ bəndinə əsasən qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələri Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması nəzərdə tutulmuşdur. Əmrin V bəndinə əsasən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinə əmri işdə rəhbər tutulması göstərilmişdir. AR Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsilli müəssisələrinin rəhbərlərinə ünvanlandığı 06.08.2008-ci il tarixli,46-03-4368/17 saylı məktubda bildirilmişdir ki, tələbələrin köçürülməsi prosesində şəffaflığı təmin etmək məqsədi ilə xarici ölkələrdə təhsil alan tələbələrin respublikanın alı məktəblərinə köçürülməsi və bərpası zamanı Nazirliyin 28.01.2002-ci il tarixli 80 №-li əmrinə, 21.01 2004-cü il tarixli 46-03-274.16 №-li və 09.01.2007-ci il tarixli 46-03-43 17 №-li təlimatı məktublarına və qüvvədə olan əsasnamənin tələblərinə ciddi əməl olunmalıdır. Eyni zamanda Nazirliyin 09.01.2007-ci il tarixli 46-03-43/17 №-li təlimat məktubuna uyğun olaraq köçürülmə və bərpa ilə bağlı rəhbərlik etdiyiniz ali məktəbə daxil olan ərizələrə qiymət kitabçasından çıxarışla yanaşı tələbənin xarici pasportunun surəti və təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd də əlavə olunmalıdır. Köçürülmə və bərpa məsələsinə yalnız göstərilən sənədlər təqdim olunduğu halda baxıla bilər. Göründüyü kimi, həmin məktubda köçürülmək istəyən tələbənin sənədlərinin (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyinə göndərilməsi və nazirlik tərəfindən araşdırılıb müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə icazə verilə bilərdi. İddiaçının köçürülməsinə razılığın verilməsi barədə iddiaçının istinad etdiyi Təhsil Nazirliyinin 06.08.2007-ci il tarixli 46-03-4368/17 nömrəli məktubunun hüquqi əsası yoxdur. Çünki iddiaçının köçürülməsi barədə ABU-nun əmrində həmin məktuba istinad edilməsi, onun köçürülməsinə nazirlik tərəfindən razılığın verilməsini təsdiq etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında iddiaçının köçürülməsi ilə əlaqədar həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən yalnız köçürülmənin aparıldığı təhsil müəssisəsinin rektorunun razılığı kifayət etməsi dəlili ilə razılaşmır və hesab edir ki, inzibati orqan iddiaçının adına bakalavr diplomu verilməsindən imtina edərək haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2-1(112)-1346/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı dövlət nümunəli diplomun verilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-622/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-622/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver