Məhkəmə qərarları › İş №2-1(103)-622/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-622/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-622/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1955-ci il tarixində Rusiya Federasiyasının Şim Osetiya şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Bakı şəhər Baş Səhiyyə İdarəsi) “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5202/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 29.03.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 1978-1980-ci illərdə əyani təhsil aldığı müddətin, 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olduğu və 1984-2006-cı illərdə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 16.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. 1974- 1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuş və ona NZ № ******* hərbi bilet verilmişdir. Həmçinin, 1978-1980-ci illərdə Rusiya Federasiyasının Sverdlov vilayətində tibb texnikumunda əyani təhsil almış və diş texniki ixtisası üzrə tam kursu bitirərək, buna dair FT 252075 nömrəli diplom verilmiş və 05 iyul 1980-ci il tarixdə 974 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Əmək fəaliyyətinə 01 noyabr 1973-cü il tarixdə başlamış və 1983-cü il tarixədək müxtəlif təşkilatlarda çalışdıqdan sonra 01.03.1984-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı X1 Poliknikada diş texniki vəzifəsinə təyin edilmiş və həmin tarixdən 07.01.2006-cı il tarixə kimi həmin vəzifədə çalışmışdır. Yəni, 01.03.1984-cü ildən 07.01.2006-cı il tarixdək fasiləsiz olaraq 22 il həmin yerdə işləmişdir. İddiaçı cavabdehə müraciət edərək, 01.11.1973-cü il tarixdən 01.01.2006-cı il tarixədək 24 il 8 ay 19 gün iş stajının və 1 il 10 ay 2 gün təhsil və 2 il 2 gün hərbi xidmət müddətinin, cəmi 28 il 8 ay 23 gün sosial sığorta stajının 16.04.2020-ci il tarixədək olduğunun nəzərə alınmaqla ona həmin tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı özünün 17.02.2021-ci il tarixli **********0 nömrəli cavab məktubunda müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı tərəfindən “İddiaçı 1984-2006-cı illərdə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 16.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5202/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı 1984-2006-cı illərdə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 16.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 01.03.1984-cü il tarixindən 07.01.2006-cı il tarixinədək 1 saylı X1 poliklinikada olan əmək fəaliyyəti dövrü müəssisənin arxiv və faktiki sənədləri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mühafizə olunmur. Bu səbəblə də iddiaçının həmin müəssisədə həqiqətən də işləyibişləməməsi faktını təsdiq edən hər hansı bir sübut əldə etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - notarial qaydada təsdiq edilmiş NZ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 04.11.1974-09.11.1976-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. - - notarial qaydada təsdiq edilmiş ГT 252075 nömrəli diploma əsasən 1978-1980ci illərdə Rusiya Federasiyasının Sverdlov vilayətində tibb texnikumunda əyani təhsil almış və diş texniki ixtisası üzrə tam kursu bitirmişdir. - notarial qaydada təsdiq və tərcümə edilmiş 05.06.1974-cü il tarixli Əmək kitabçasına əsasən İddiaçı 01 noyabr 1973-cü il tarixdə əmək fəaliyyətinə başlamış və 1983-cü il tarixədək müxtəlif təşkilatlarda çalışdıqdan sonra 01.03.1984-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı X1 Poliknikada diş texniki vəzifəsinə təyin edilmiş və 07.01.2006-cı il tarixə kimi həmin vəzifədə çalışmışdır. - iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlili kimi iddiaçının 01.03.1984-cü il tarixindən 07.01.2006-cı il tarixinədək 1 saylı X1 poliklinikada olan əmək fəaliyyəti dövrünün mübahisələndirilməsidir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının “İddiaçı 01.03.1984- 07.01.2006-cı il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Təsərrüfat hesablı Poliklinikada diş texniki vəzifəsində işlədiyini və əməkhaqqı aldığını iddia edir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə qeyd olunan dövrlərdə həmin müəssisənin fəaliyyət göstərməsi, habelə F.İddiaçı işə daxil olma, işdən azadedilmə əmrləri, əməkhaqqı cədvəlləri, məzuniyyətdə olduğu dövrlər barədə ətraflı məlumatların mümkün qədər qısa müddət ərzində təqdim edilməsi” məzmunlu sorğusuna cavab olaraq 21.05.2021-ci il tarixli 1249-01/8 nömrəli məktubla bildirmişdir: “Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan 1 nömrəli Stomatoloji Poliklinikası müstəqil balansa malik tibb müəssisəsi olub. Mühasibatlıq və kargüzarlıq sənədləri poliklinikada olduğundan və Səhiyyə Nazirliyinin 12.03.2008-ci il tarixli 33 nömrəli əmri ilə Nazirliyin tabeliyindən çıxarıldığından İddiaçı 01.03.1984-07.01.2006-cı illərə aid əmək haqqı barədə arayışı təqdim etmək mümkün deyil.” İş materiallarında olan Dövlət Vergi Xidmətinin 26.07.2021-ci il tarixli **********667300 nömrəli məktubundan görünür ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikanın (VÖEN **********) 23.10.1998-ci il tarixdə D-239 nömrə ilə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. İşin obyektiv həlli məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “iddiaçının 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixədək “1 saylı X1” poliklinikasında işləməsini təsdiq edən sənədlərin surətlərinin, ümumiyyətlə poliklinikanın fəaliyyəti ilə bağlı məlumatları, özəlləşdirilməsi və s. barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi” məzmununda sorğu ünvanlanmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********23 nömrəli, 17.02.2022-ci il tarixli cavab məktubuna əsasən qeyd edilmişdi ki, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin tabeliyində olmuş 1 saylı X1 poliklinikası “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2006-cı il tarixli, 1635 nömrəli Sərəncamı ilə özəlləşdirilməyə açıq elan olunmuş və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq 2008-ci ildə hərrac vasitəsilə özəlləşdirilmişdir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində İddiaçı həmin müəssisədə işləməsini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Müəssisə özəlləşdirilərək xüsusi mülkiyyətə verildiyindən hazırkı fəaliyyəti barədə Əmlak Məsələləri Dövlət Xidmətində məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikası 23.10.1998-ci il tarixdə qeydiyyatdan keçsə də, həmin Poliklinikanın 01.03.1984-cü ildən fəaliyyət göstərməsi Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən təkzib edilməmişdir. Göründüyü kimi, iddiaçının 01.03.1984-cü il tarixdən 07.01.2006-cı il tarixədək Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikasında işləməsi onun əmək kitabçasında öz əksini tapdığından, həmin dövr İddiaçı sığorta stajına daxil edilməlidir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasına əsasən iddiaçının Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikasında 01.03.1984-cü il tarixdən 07.01.2006-cı il tarixədək olan iş stajı, hərbi xidmət dövrü və təhsil dövrü də nəzərə alınmaqla 25 ildən artıq iş stajı mövcud olduğundan iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5202/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar