Məhkəmə qərarları › İş №2-1(103)-622/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-622/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-622/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2022 saylı 03 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X9 xx.xx.1956-cı il təvəllüdlüdür. NZ seriyalı ******* saylı hərbi biletdən görünür ki, Nemət Əhmədov xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. KB seriyalı 016203 saylı xx.xx.1983-cü il tarixli diplomdan görünür ki, Nemət Əhmədov 1978-ci ildə Azərbaycan Dövlət Mühəndis İnşaat İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin institututda ağac emalının texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasından görünür ki, X9 xx.xx.1974-cü ildən xx.xx.1974-ci il tarixədək A.Çaparidze adına 3 №-li Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsində sanitar vəzifəsində, xx.xx.1976-cı ildə yığımeksperimental sexə 1-ci dərəcəli dülgər, xx.xx.1977-ci ildə yumşaq mebel sexinə 1-ci dərəcəli dülgər keçirilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmiş, xx.xx.1977-ci il tarixdə Az.Mİİ 27a qrupunda hazırlıq bölməsinə qulluqçu qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə Azərbaycan Mühəndislik İnşaat İnstitutunun 0902 ixtisası üzrə inşaat-texnoloji fakültəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə institutu bitirmişdir, xx.xx.1988-ci ildə quraşdırma sexinə usta keçirilmiş, xx.xx.1988-ci ildə quraşdırma sexinin ustası işləmiş, xx.xx.1988-ci ildə 01 saylı xx.xx.1988-ci il tarixli qərara əsasən TPO üzrə “Azərbaycan Meşə Diyarı BPMO” adı “Qırmızı oktyabr” “Qırmızı oktyabr” Bakı Mebel Fabrikinə dəyişdirilmiş, xx.xx.1990-cı ildə yığma sexinin ustası işləmiş, xx.xx.1991-ci ildə əmək kollektivi şurasının, administrasiyasının və müəssisəsinin həmkarlar ittifaqının birgə iclasının qərarına əsasən “Qırmızı oktyabr” Bakı Mebel Fabrikinin adı "xxxx" konserv istehsalı və “Azərmebel tikinti” mebel işi barədə AXO satışı, xx.xx.1991-ci ildə MOM sexinə usta keçirilmiş, xx.xx.1991-ci ildə "xxxx" Kiçik Müəssisəsi adlandırılmış, xx.xx.2000-ci ildə işdən azad edilmiş, 18.12.200-ci ildə “X14” səhmdar cəmiyyəti Mebel istehsal korpusu üzrə işə mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********8 saylı 16 dekabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil aldığı və xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövrlər, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla onun sığorta stajı 21 il 2 ay təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək 19 il 6 ay sığorta stajına əsasən kapitalı 16130,50 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1983-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ATSC-dəki əmək fəaliyyəti dövrü araşdırılarkən məlum olmuşdur ki, xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Həmin imtina məktubundan narazı qalan iddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, onun 19 sentyabr 2021-ci il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20l7-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20l7-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.2009-cu il tarixədək müxtəlif təşkilatlarda, müxtəlif vəzifələrdə işləməklə, ümumilikdə 34 il 6 ay 13 gün əmək stajı olduğunu iddia edir. İddiaçı ona pensiya təyin olunması üçün ƏƏSMN tabeliyində DOST Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmiş, tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin olunmaqdan imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə münasibət bildirərək hesab edirlər ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilən imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan -pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, -pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur, iddiaçı qanunla müəyyən olunmuş pensiya yasına xx.xx.2021-ci il tarixdə çatmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş sənədlərin surətlərindən məlum olur ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət, xx.xx.1978-ci tarixdən xx.xx.1983-cü ilədək ali təhsil və əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla 21 il 2 ay sığorta stajına malikdir. İddiaçının xx.xx.2006-cı il tarixinədək 19 il 6 ay sığorta stajına əsasən 16130,50 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən(240 azn) az olmayan pensiya təminatına imkan vermir. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1983-cü il tarixindən 01,09.2009-cu il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək, "xxxx" ATSC-dəki əmək fəaliyyəti dövrü araşdırılarkən məlum olmuşdur ki, iddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğum hesab edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1 -ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışına görə əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qeyd edirlər ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 130 manat yaşa görə müavinət təyin edilmişdir. Ümumilikdə, yuxarıda qeyd edilən qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2022 saylı 03 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, X7 hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanuna zidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçı X5 Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümümi iş stajı 25 ildən az 21 ii 1 ay 23 gün təşkil edir. X4 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli ilkin qarşılıqlı yoxlama aktına əsasən, İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərdə "xxxx" ASC-də (əvvəlki adı “Qırmızı oktyabr” mebel fabriki) işləmişdir. xx.xx.2000-ci il tarixdə yenidən işə qəbul edilmiş, 01,09.2009-cu il tarixdə isə yenidən işdən azad edilmişdir. İşlədiyi illərdə İddiaçı xx.xx.1997-ci ilədək əmək haqqı ödənilmişdir. Həmin yoxlama aktına əsasən iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Akt müəssisənin mühasibi tərəfindən təqdim olunan sənədlərə əsasən aparılmışdır. İş üzrə Monitorinq və araşdırma şöbəsi xx.xx.2022-ci il tarixdə yenidən qarşılıqlı yoxlama keçirmişdir. Yenidən aparılan araşdırma nəticəsində müəssisənin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərə əsasən (əmrlə kitabı və əmək haqqı hesablanması cədvəlləri) müəyyən olundu ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək fasiləsiz olaraq əmək haqqı hesablanmışdır. İddiaçı xx.xx.2000ci il tarixdə "xxxx" ASC-yə işə qəbul olunmuş, xx.xx.2009-cu il işdən azad edilmişdir. Həmin illərdə İddiaçı öz hesabına ödənişsiz məzuniyyətdə olması faktı T-2 uçot vərəqəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyət işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən verilə bilər. Normanın tələbindən aydın olduğu üzrə, qanunvericilik işçilər üçün ödənişsiz məzuniyyət dövrünü, tərəflərin mülahizəsinə əsasən altı aydan artıq olmayan müddət həddində müəyyən edir. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, ödənişsiz məzuniyyətin xx.xx.2000-ci il tarixdən başlayan ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Göndəriş oluna 169-cu maddənin birinci bəndində qeyd olunur ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Mövcud vəziyyətə əsasən iddiaçıya xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixə qədər hər hansı bir ödəniş olmaması qarşılıqlı yoxlama aktı ilə təsdiqləndiyindən, deməli həmin dövr boşdayanma hesab edilə bilməz. “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsi məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlərdən bəhs edir və həmin maddəyə əsasən bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Apellyasiya şikayətinə dair yazılı etirazın və ona əlavənin dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz və ona əlavə iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən də cavabdeh olan inzibati orqanın nümayəndəliklərindən aktda qeyd edilənləri təsdiq edən subutların məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı bir sübutun təqdim edilməməsi də onu subut edirki, həmin aktda qeyd edilənlər əsassıdır. Qanunvericiliyin tələblərinə əsasən məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Onun tərəfindən belə ərizə verilməmiş, məhz elə bu səbəbdən həmin cavab məktubunda qeyd edilən məlumatların əsası olan müvafiq əmrlərin nömrələri və tarixləri barədə məlumat əks olunmamış və həmin əmrlər təqdim edilməmişdir. Halbuki işə qəbul edilməsi və işdən azad edilməsi barədə müvafiq əmrlərin nömrələri və tarixləri qeyd olunmuşdur. Belə qənaətə gəlmək olar ki, həmin əmrlər ümumiyyətlə mövcud deyildir. T-2 uçot vərəqəsi müəssisə tərəfindən birtərəfli qaydada tərtib edilən məlumat xarakterli bir sənəddir. Belə ki, həmin sənəddə ümumi məlumat, hərbi qeydiyyat haqqında məlumat, təyinatlar, yerdəyişmələr və məzuniyyətlər haqqında məlumat öz əksini tapır. Təyinatlar, yerdəyişmələr və məzuniyyətlər haqqında məlumat bölməsində isə müvafiq məlumat qeyd edilərkən əsas da qeyd edilir. Əsas isə müvafiq əmr barədə məlumatın qeyd edilməsidir. Yəni müvafiq əmr olmadığı təqdirdə həmin məlumat xarakterli bir sənədin hüquqi əhəmiyyəti yoxdur. Bu səbəbdən həmin sənədə əsaslanaraq onun öz hesabıma ödənişsiz məzuniyyətdə olmasını təsdiq etmək əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992- ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, həmin əsasnamədə iş stajını təsdiq edən əmək kitabçası olmadıqda hansı sənədlərin nəzərə alınması sadalanmışdır. Həmin sənədlərin sırasında T-2 uçot vərəqəsi öz əksini tapmamışdır. Bu isə, o deməkdir ki, həmin sənədin sübut kimi qəbul edilməsi mümkün deyil. Belə ki, orada öz əksini tapan məlumatlar məlumat xarakterlidir, hər bir məlumatın əsasını təşkil edən müvafiq əmr olmalıdır. Belə olan halda isə hesab edilir ki, cavabdeh tərəfindən T-2 uçot vərəqəsinə əsaslanan aktın və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş 26 yanvar 2023-cü il tarixli 35 nömrəli cavab məktubunun mötəbər sübut kimi qəbul edilməsi qanunsuzdur və əsassızdır. Qeyd olunanlar nəzərə alaraq, hesab edirəm ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qərarı isə əsaslı olmaqla qanunidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az, yəni 21 il 2 ay, xx.xx.2006-cı il tarixədək 19 il 6 ay sığorta stajına əsasən pensiya kapitalının tələb olunan 28800 manatdan az, yəni 16130.50 manat olması, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda hər hansı sənədə, əmrə istinad edilməmiş, həmçinin iş üzrə keçirilmiş məhkəmə iclasları zamanı cavabdeh inzibati orqanın nümayəndəsinə Aktda qeyd edilənləri təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi tələb edilsə də, cavabdeh tərəfindən hər hansı sübutun təqdim edilməməsinə, həmçinin cavabdeh tərəfindən iddiaçının əmək haqqı almadığına və dolayı ilə məcburi sığorta haqlarını ödənilmədiyinə dair heç bir sübutun məhkəməyə təqdim edilməməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçı Nemət Əhmədon xx.xx.1956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil haqda sənədi (diplomu), hərbi biletini və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən və diplomdan görünür ki, o, müvafiq olaraq xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək (1 il 11 ay 15 gün) hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilədək (4 il 9 ay 29 gün) təhsil almışdır. Həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin“ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Yuxarıda bəhs edilən qanunvericiliyin normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, o, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək 1 ay 4 gün, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək 11 ay 12 gün, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək 8 ay 23 gün, xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilədək 15 il 4 ay 20 gün, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək 1 il 10 ay 16 gün, xx.xx.2000-ci ildən xx.xx.2009-cu ilədək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmiş və onun təhsil aldığı dövr, hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çox təşkil edir. Hazırki iş üzrə cavabdeh inzibati orqan imtinasını iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olması ilə əsaslandırsa da, iddiaçının xx.xx.1999-cu il tarixdə vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar 2 aylıq müavinət verilməklə işdən azad olunmasını, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" KM-də çalışmasını, daha sonra isə xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" X15 Cəmiyyətində çalışmasını nəzərə almamışdır. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğulara cavab olaraq Bakı şəhər Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" ASC 13 iyun 1996-cı il tarixdən qeydiyyatdadır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində hüquqi ünvanı AZ1031, Bakı şəhəri, Nizami rayonu. Keşlə ŞTQ, 1-ci Önünə küçəsi, ev 19, rəhbəri X6 olan "xxxx" ASC-nin (VÖEN **********) xx.xx.1998-ci il tarixdə D-2417 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. xx.xx.2009-cu il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.9-cu bəndinə əsasən Cəmiyyət "xxxx" ASC-nin hüquqi varisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməəsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1997-ci il tarixli “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyində olmuş "xxxx" Bakı Mebel Fabrikasının bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçi dəyişmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən iddiaçı X5 xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi dövr üzrə "xxxx" ASC-də əmək funksiyasının nədən ibarət olması, ona fəaliyyətinə görə əmək haqqının ödənilib-ödənilməməsi, əmək haqlarının ödənilməsi və məzuniyyətə çıxması ilə bağlı illər üzrə verilmiş əmrlərin, əmr kitabından çıxarışın və şəxsi vərəqənin əsillərinin, eyni zamanda onların təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" ASC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Nemət Əhmədov 33 saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən Mebel istehsal sexinə Mexanik vəzifəsinə işə başlamış və 35A saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən işdən azad edilmişdir. İşlədiyi dövr üzrə heç bir əmək haqqı qeyd edilməmişdir. xx.xx.2001-ci il tarixdən 6 ay müddətində, xx.xx.2001-ci il tarixdən 6 ay müddətində, xx.xx.2002-ci il tarixdən 6 ay müddətində, xx.xx.2002-ci il tarixdən 6 ay müddətində, xx.xx.2003-cü il tarixdən 6 ay müddətində, xx.xx.2003-cü il tarixdən 6 ay müddətində öz hesabına məzuniyyətə çıxmışdır. "xxxx" ASC-nin 39 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Nemət Əhmədov 100P 279 saylı xx.xx.1983-cü il tarixli əmrlə Mom sexinə işə qəbul edilmiş, 35a saylı xx.xx.2009-cu il tarixli əmrlə işdən azad edilmişdir. 1998-ci ildə “Krasniy Oktyabr” mebel fabriki ləğv edilmiş, əvəzinə "xxxx" ASC yaradılmışdır. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının və sorğulara cavab məktublarının məzmunundan aydın olur ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi "xxxx" X15 Cəmiyyəti həmin dövrdə müəssisə kimi mövcud olmuş, adı çəkilən müəssisədə işləyərkən iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək öz hesabına məzuniyyətlərdə olmuşdur. Məhkəmə kollegiyası iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olması ehtimalını qəbul etdiyi halda belə qeyd edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olması onun təqsiri üzündən baş verməmişdir və həmin dövrdə qüvvədə olan qanunvericilik normaların əsasən qeyd edilən aylar iddiaçının arzusu ilə onun iş stajına daxil edilə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 149.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar... Qeyd edilən normaların məzmunundan da aydın olur ki, işçinin təqsiri olmadan ödənişsiz məzuniyyətə göndərilməsi boşdayanma hesab olunur və həmin vaxtlarda onun əmək haqqısı ödənilir. Əmək haqqı ödənildiyi halda müvafiq olaraq məcburi sosial sığorta ödəmələri də həyata keçirilir. Həmçinin işçinin pensiya məbləği hesablanarkən götürülən müvafiq dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu vaxt onun arzusu ilə həmin dövrlərdən çıxılması onu göstərir ki, həmin dövrlər sığorta stajına hesablanır. Yəni işçinin ödənişsiz məzuniyyətdə olduğu vaxt pensiya məbləği hesablanarkən onun öz arzusu ilə nəzərə alına bilər. Bundan əlavə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Yəni, iddiaçının xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək ödənişsiz məzuniyyətdə olması həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasını istisna edir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 7-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmçinin kollegiya qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cu maddəsinə əsasən, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Kollegiya qeyd edir ki, qeyd edilən maddə əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri deyil, məhz məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri nəzərdə tutduğundan işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün əmək stajına daxil edilməsini də istisna etmir. Digər tərəfdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Odur ki, məhkəmə işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün dövlət tərəfindən mütləq sosial sığorta edilməli olmayan qənaətinə gəlməsi üçün əsas görmür və hesab edir ki, həmin dövr (işçinin ödənişsiz məzuniyyətdə olduğu dövr) işçinin sığorta stajına daxil edilməlidir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək olan dövrü ödənişsiz məzuniyyətdə olması ilə bağlı onun ümumi iş stajına daxil edilməsə belə, iddiaçının həmin müəssisədə 2004 və 2005-ci illərdə (2 il) işlədiyi müddət də daxil edilməklə onun qanunla tələb olunan 25 il ümumi stajı tamamlanır. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü (1 il 11 ay 15 gün) və təhsil dövrü (4 il 9 ay 29 gün), həmçinin iddiaçının əmək kitabçasında göstərilən iş müddəti (xx.xx.2001xx.xx.2003-cü illər ödənişsiz məzuniyyətdə olduğu dövrlər çıxılmaqla) nəzərə alınmaqla onun ümumi stajı qanunla tələb olunan 25 ildən artıq olmaqla 27 il 10 ay təşkil edir ki, bu da ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması üçün yetərlidir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən artıq iş stajı olduğundan və bu hal ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəldiyi üçün, qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gələrək məhkəmə qərarının nəticəvi hissəsində iddiaçıya xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsini göstərsə də, iddiaçıya pensiyanın təyin olunduğu yaşı (65 yaşı) dəqiq olaraq göstərməmişdir. Lakin bu hal kobud pozuntu hesab olunmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğv olunması üçün də əsas yaratmır. Odur ki, məhkəmə qərarı iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunduğu tarix onun 65 yaşının tamam olduğu, yəni xx.xx.2021-ci il tarix göstərilməklə dəyişdirilmədən saxlanılmalı, bununla da cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5602/2022 saylı 03 avqust 2022-ci il tarixli qərarı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunduğu tarix onun 65 yaşının tamam olduğu, yəni xx.xx.2021-cı il tarix” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar