Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-622/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərar ləğv edilməklə, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X16 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X15 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərar ləğv edilməklə, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11255/2023 saylı 17 iyul 2023-cü il tarixli qərarından iddiaçının qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İ-DP seriyalı 651417 saylı xx.xx.2009-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X8 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar. İ-DP seriyalı 771433 saylı xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasının Murmansk şəhərində doğulmuş, atası – İddiaçı (Rusiyanın vətəndaşı), anası – X4r (Gürcüstan vətəndaşı). Eyni zamanda AA******* seriyalı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçının atası İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla xx.xx.1968-ci il tarixdə Gürcüstanda doğulmuşdur. Rusiya Federasiyasının verdiyi şəxsiyyət vəsiqəsinin sürətindən müəyyən olunur ki, iddiaçının anası X2 Federasiyasının vətəndaşı olmaqla, xx.xx.1979-cu il tarixdə Gürcüstan SSR-də anadan olmuşdur. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 02 iyun 2022-ci il tarixli ******* nömrəli qərarından görünür ki, Vətəndaşlıq məsələləri baş idarəsində 09 may 2012-ci il təvəllüdlü X7 01 iyun 2022-ci il tarixli 134355/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusuna baxılaraq 09 may 2012ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Sonradan “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi” barədə ******* nömrəli 01 oktyabr 2022-ci il tarixli qərarla 09 may 2012-ci il təvəllüdlü X18 barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 02 iyun 2022-ci il tarixli ******* №-li qərar ləğv olunmuş və 09 may 2012-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 01 və 04 oktyabr 2022-ci il tarixli qərarlarının ləğv edilməsi, övladları X18 və X6 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 02 və 06 iyun 2022-ci il tarixli qərarlarının qanuniliyinin tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, övladları X18 və X6 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən 02 iyun və 06 iyun 2022-ci il tarixdə qərar verilməklə tanınmışdır. 01 oktyabr 2022-ci il tarixdə isə Dövlət Miqrasiya Xidməti tərəfindən yeni qərar verilməklə övladları X18 və X6 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2015-ci il 18 mart tarixli qərarının 4.4-cü bəndi müəyyən edilmişdir. Həmin Qərarın 4.4-cü bəndinə əsasən: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Qeyd edilən Qanunun 18-ci maddəsinin qeyd edilən bəndləri deyir; “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı. Bu dəyişiklik 30 may 2014-cü il tarixli 973- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 01 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 18-ci maddə yeni redaksiyada verilmişdir. Övladları – X18 2012-ci il və X17 2010cu il təvəllüdlüdürlər. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərilmişdir ki, İddiaçı Xidmətə müraciət edərək övladları X7 və X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1.5-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamaları barədə qərar qəbul edilmişdir. Lakin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı inzibati orqanın öz təşəbbüsü ilə təkrar araşdırma aparılmış, onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmiş və Qaydaların 4.4-cü bəndi rəhbər tutularaq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş qərarlar ləğv olunmuş və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Xidmət sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsrin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir, o cümlədən valideynləri tərəfindən könüllü olaraq digər dövlətin vətəndaşlığına qəbul üçün müraciət olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9163/2023 saylı 16 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 01 və 04 oktyabr 2022-ci il tarixli qərarlarının ləğv edilməsi, övladları X18 və X6 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 02 və 06 iyun 2022-ci il tarixli qərarlarının qanuniliyinin tanınması” tələbinə dair 2-1(112)-9163/2023 saylı inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 01 oktyabr 2022ci il tarixli qərarının ləğv edilməsi, övladı X7 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 02 iyun 2022-ci il tarixli qərarının qanuniliyinin tanınması” tələbi üzrə icraatın ayrılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11255/2023 saylı 17 iyul 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 01 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, övladı X7 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 02 iyun 2022-ci il tarixli qərarının qanuniliyinin tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh inzibati orqanın qərarı əsassız və qanunsuz olmaqla Azərbaycan Respublikası Konstitusiyasına ziddir. Belə ki, X14 və X12 Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 527-İQ saylı Qanunun 11,12-ci maddələrinin tələbinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı kimi rəsmi sənədlər verilmişdir. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulduqda Azərbaycan Respublikasının vətəndaşlığı əldə etmək üçün əsasdır. Lakin xx.xx.2014-cü il tarixli 973-İV QD saylı qanunla “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 11-ci və 12-ci maddələrində dəyişiklik edilmişdir. Qanuna edilmiş bu və digər dəyişikliklər heç bir halda şəxsin vəziyyətinin ağırlaşdırılmasına, hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Hesab edir ki, uşaqları doğularkən qüvvədə olmuş qanunlara əsasən o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir. Qanunda edilən sonrakı dəyişikliklər uşağın vətəndaşlığının xitam olunmasına əsas ola bilməz. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı məlumatlandırılmasına baxmayaq iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçının iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X20 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, birinci instansiya məhkəməsi əsl iddiaçının tanınması məsələsində səhvə yol vermişdir. Belə ki, iş üzrə müəyyən olunmuşdu ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı tələbi “cavabdehin 01 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, övladı X7 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 02 iyun 2022-ci il tarixli qərarının qanuniliyinin tanınması” barədə olduğundan və göründüyü kimi, hazırki işdə iddiaçı qismində X18 çıxış etməli olduğundan əsl iddiaçı da sonuncu olmalıdır. Buna görə də apellyasiya baxışı zamanı İddiaçı əsl iddiaçı olan övladı X18 ilə əvəz olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın qərarının tarixi 01 oktyabr 2022-ci il tarixdir. İddiaçının həmin qərarı nə vaxt alması iş materialları ilə müəyyən olunmur. Cavabdeh orqan iddiaçı tərəfindən iddianın vaxtında verilmə məsələsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı tələbi “cavabdehin 01 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin 02 iyun 2022-ci il tarixli qərarının qanuniliyinin tanınması” barədədir. İşdən görünür ki, iddiaçıya münasibətdə əvvəlcə vətəndaşlıq mənsubiyyətinin tanınması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul olunsa da, sonradan həmin qərar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərək, X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bundan narazı qalan iddiaçının qanuni nümayəndəsi iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin olunmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli qərar ləğv edilərək 09 may 2012-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması” barədə ******* saylı xx.xx.2022-ci il tarixli qərarı qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın rədd edilməsi” barədə qənaəti ilə razılaşsa da, hesab edir ki, məhkəmə iddiaçının əsl iddiaçı ilə əvəz olunma məsələsinə qiymət vermədiyi üçün bu hal prosessual pozuntu kimi qiymətləndirildiyindən qərarın ləğv edilməsi üçün də əsas yaradır. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; .... 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün xx.xx.2012-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə 01 oktyabr 2022-ci il tarixli qərarın qəbul edilməsi üçün əsas olan sənədlərin (inzibati icraat materiallarının) təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məhkəmə sorğusu göndərilmişdir. Məhkəməyə təqdim olunmuş “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə” ******* nömrəli bildirişdən görünür ki, Şamilov Şamil xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (ASAN4) müraciət etmişdir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 02 iyun 2022-ci il tarixli ******* nömrəli qərarından görünür ki, Vətəndaşlıq məsələləri baş idarəsində 09 may 2012-ci il təvəllüdlü X7 01 iyun 2022-ci il tarixli 134355/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusuna baxılaraq 09 may 2012ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” qərarın ləğv edilməsi barədə ******* nömrəli 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, 09 may 2012-ci il təvəllüdlü X18 barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 02 iyun 2022-ci il tarixli ******* №-li qərar ləğv olunmuş və 09 may 2012-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X18 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasının Murmansk şəhərində doğulmuş və o, doğulduğu zaman atası – İddiaçı Rusiya Federasiyasının, anası – X1 Respublikasının vətəndaşı olmuşdur. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarınının tələblərini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş və Rusiya vətəndaşlığını könüllü əldə etmişdir. Həmçinin o, doğulan zaman onun valideynləri Rusiya Federasiyasının və Gürcüstan Respublikasının vətəndaşı olmuşlar. Belə olan halda, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 58.1-ci maddəsinə əsasən İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 -ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6.3-cü maddəsinə əsasən maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qeyd olunur ki, iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 02 iyun 2022-ci il tarixli ******* nömrəli qərar qəbul olunsa da, sonradan həmin qərar “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi barədə” ******* nömrəli 01 oktyabr 2022-ci il tarixli qərarla ləğv edilmiş və 09 may 2012-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin 02 iyun 2022-ci il tarixli ******* nömrəli qərarı qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edildiyinə görə qanunsuz əlverişli inzibati aktdır. Belə ki, həmin qərar qəbul edilərkən inzibati orqan tərəfindən işin bütün faktiki halları, o cümlədən iddiaçının xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasının Murmansk şəhərində doğulduğu zaman atası – İddiaçı Rusiya Federasiyasının, anası – X3 isə Gürcüstan Respublikasının vətəndaşı olduğu nəzərə alınmamışdır. Başqa sözlə, xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi üçün hüquqi əsas olmamış, qərar qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. Odur ki, qeyd olunan tələblərə əməl edilməməklə qəbul olunduğu üçün həmin xx.xx.2022-ci il tarixli qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi anlamında qanunsuz inzibati akt sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh öz qanunsuz olan xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022-ci il tarixli qərarla ləğv etməkdə səlahiyyətli olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmədiyi təsbit edilmişdir. Hazırkı işdə qanunsuz əlverişli inzibati aktın ləğvini məhdudlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurumun xx.xx.2022-ci il tarixli qərarı iddiaçıya münasibətdə əlverişli inzibati akt olsa da, qanunsuz olduğundan və qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulmuş məhdudiyyətlər hazırkı işdə mövcud olmadığından, həmin qərarın ləğvi barədə cavabdeh qurumun digər- xx.xx.2022ci il tarixli qərarı qanuni və əsaslıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır (2-1(102)-395/2024 saylı xx.xx.2024cü il tarixli və 2-1(102)-22/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlar). Yuxarıda qeyd olunduğu kimi, birinci instansiyası məhkəməsi iddiaçının əsl iddiaçı ilə əvəz olunma məsələsinə qiymət vermədiyindən və bu hal prosessual pozuntu kimi qiymətləndirildiyi üçün apellyasiya qaydasında birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas yaradır. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11255/2023 saylı 17 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11255/2023 saylı 17 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X22 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-622/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-622/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver