Məhkəmə qərarları › İş №2-1(103)-623/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-623/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-623/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinin Hüquqi təminat və təmsilçilik şöbəsinin məsləhətçi hüquqşünası) iştirakları ilə, İddiaçı (xx.xx.1974-cü ildə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatda olan) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3928/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı SHXÇDXnin İsmayıllı rayon şöbəsindən hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli, 36 saylı əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “siravi” hərbi rütbəsi verilmişdir. xx.xx.N2-ci il tarixdən xx.xx.N3cü il tarixədək döyüş bölgələrində ezamiyyətdə olmuşdur. Hərbi biletdə bu haqda qeydlər də var. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli əmrinə əsasən Silahlı Qüvvələrin sıralarından ehtiyata tərxis olunaraq N saylı hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, 189 saylı əmrində hərbi rütbəsi baş çavuş qeyd edilmişdir. xx.xx.N6-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Komissiya xx.xx.2019-cu il tarixli məktubu ilə ona imtina cavabı vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli, 216 saylı qərarına əsaslanaraq və Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx N8-ci il tarixli, 4 saylı əmri ilə qüvvəyə minmiş “«Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6-cı bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. xx.xx.2019-cu ildə cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz ünvanlanmış, qanuni və əsaslı qərar qəbul edilməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3928/2019 saylı qərarı ilə (hakim E.Məmmədov) iddia tələbinin təmin edilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı Yunus oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında 2-1(81)-3928/2019, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında isə 2-1(82)- 2733/2019 saylı inzibati iş olduğunu, odur ki, işin məhkəmə aidiyyəti məsələsinə baxılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3928/2019 saylı qərarının tam ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov yə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Arxiv məlumatından görünür ki, iddiaçı uzun müddət ezamiyyətlərdə olmamışdır. Onun hərbi biletində isə xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü ilədək yəni 1 il 28 gün Ağstafa rayonu Köhnə Qışlaqda hərbi əməliyyatlarda iştirak etməsi göstərilir. Həmin müddət ərzində iddiaçının digər yerlərdə ezamiyyətdə olması da göstərilən qeydə ziddiyyət təşkil edir. N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini, iddia tələbini qəbul etmədiyini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, N2-93-cü illərdə döyüş zonasında iştirak etdiyini, Füzulidə, Ağcabədidə, Hind Arxında, Beyləqanda, Ağstafada, Köhnə Tala kəndində, Kəlbəcərdə, Ağdamda döyüşdüyünü, cavabdehin imtinasında döyüş tapşırığının yerinə yetirilməməsi qeyd edildiyini, sədrlik edənin sualına cavab olaraq, əmrlərin surətlərini N №-li hərbi hissənin arxivindən aldığını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -iddiaçıya məxsus NZ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N6-cı il tarixədək N saylı hərbi hissədə xidmət keçmiş və xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək hərbi əməliyyatlar bölgəsində rabitənin yaradılmasında iştirak etmişdir (hərbi biletin 18-ci bəndinə edilmiş qeyddən görünür ki, iddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək hərbi əməliyyatlar bölgəsində rabitənin yaradılmasında iştirak etmişdir). -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 9/2-5408 saylı məktubdan görünür ki, İsmayıllı RHK-dan təcili həqiqi hərbi xidmətə çağırılmış, sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 36 saylı əmrilə (əsas: səh. 82 §1) xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1/Ə-7334 saylı məktubdan görünür ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. İddiaçının xidmət etdiyi hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Döyüş bölgəsində ezamiyyətlərdə olması barədə müvafiq sənədlər təqdim olunarsa komissiyanın iclasında yenidən baxılaraq müvafiq qərar verilə bilər. -Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin sıralarından ehtiyata tərxis olunmuş, TB-də manqa komandiri, baş çavuş İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 189 saylı əmrilə (əsas: səh. 27, §3, sıra-3, qeyd: əmrdə hərbi rütbə baş çavuş qeyd edilmişdir) xx.xx.N6-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün İsmayıllı RHK-na göndərilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Ə-4986 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1974-cü ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. - Elektron məhkəmə sistemindən çıxarışa əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbi üzrə 2-1(112)-1389/2020 saylı inzibati iş Bakı İnzibati Məhkəməsində hakim Pərviz Hüseynovun icraatındadır. Cavabdehin imtinasının əsası kimi iddiaçının xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi, onun döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sübutların olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, N saylı hərbi hissə komandirinin xx xxxx N2ci il tarixli, 36 saylı əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “siravi” hərbi rütbəsi verilmişdir. xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək döyüş bölgələrində ezamiyyətdə olsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışında iddiaçı İsmayıllı RHK-dan təcili həqiqi hərbi xidmətə çağırılmış, sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli, 36 saylı əmrilə xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus NZ seriyalı, ******* saylı (xx.xx.N2-ci il tarixdə İsmayıllı rayon Hərbi Komissarlığı tərəfindən verilmiş) hərbi biletdən görünür ki, iddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N6-cı il tarixədək N saylı hərbi hissədə xidmət keçmiş və xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək hərbi əməliyyatlar bölgəsində rabitənin yaradılmasında iştirak etmişdir. xx.xx.N2-ci il tarixdə N saylı hərbi hissədə hərbi and içmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3928/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokoluna (səh.63) əsasən, məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 verdiyi ifadəsində onun İddiaçı tanıdığı, onunla heç bir ədavətinin və düşmənçiliyinin olmadığı, iddiaçını N2-ci il tarixdən tanıdığı, onunla birlikdə N saylı hərbi hissədə xidmət etdiyi, onların Qubadlı, Füzuli, Laçın döyüşlərində iştirak etdiyini, həmçinin iddiaçı ilə Füzuli rayonunda gedən döyüşlərdə birlikdə iştirak etdiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.N7-ci il tarixli, 472 nömrəli arayışın surətinə əsasən (arayış N saylı hərbi hissənin komandiri mayor T.C.Dadaşov tərəfindən imzalanmışdır) qeyd edilmişdir ki, X6 xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək Qubadlıda, xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək Füzulidə, xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilədək Laçında hərbi əməliyyatlar zonasında rabitənin təmin edilməsində iştirak etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 11/N nömrəli N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış məktuba əsasən (məktub Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Emin Əzimzadə tərəfindən imzalanmışdır) bildirilir ki, məhkəmə qərarında göstərildiyi kimi iddiaçının NZ seriyalı, ******* saylı hərbi biletində onun xx.xx.N2-ci il tarixdən, xx.xx.N6-cı il tarixədək N saylı hərbi hissədə xidmət keçməsi, xx.xx.N2-ci il tarixdən, xx.xx.N3-cü il tarixədək Ağstafa rayonunun Köhnə Qışlaq kəndindəki hərbi əməliyyatlarda iştirak etməsi barədə məlumatlar vardır. Məhkəmə qərarından apellyasiya şikayətinin hazırlanması və Müdafiə Nazirliyinin qanuni maraqlarının müdafiə edilməsi üçün xx.xx.1974-cü ildə doğulmuş, N nömrəli hərbi hissədə xidmət keçmiş İddiaçı xidməti ilə əlaqədar məlumatların və onların əsasını təşkil edən sənədlərin təsdiq olunmuş surətinin qısa müddətdə Hüquq İdarəsinə göndərilməsinə dair sərəncam verilməsi xahiş edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2020-ci tarixli, 18/42 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, mərkəzi tabelikdə olmuş N nömrəli hərbi hissə Müdafiə nazirinin müvafiq əmrinə əsasən 2013-cü ildə ləğv edilmiş və N nömrəli hərbi hissədə xidməti fəaliyyətlə əlaqədar yaranmış bütün sənədlər İşlər İdarəsinin Mərkəzi Arxivinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 11/6382 nömrəli Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin rəisinə ünvanlanmış məktuba əsasən (məktub Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Emin Əzimzadə tərəfindən imzalanmışdır) bildirilir ki, məhkəmə qərarında göstərildiyi kimi iddiaçının NZ seriyalı, ******* saylı hərbi biletində onun xx.xx.N2-ci il tarixdən, xx.xx.N6-cı il tarixədək N saylı hərbi hissədə xidmət keçməsi, xx.xx.N2-ci il tarixdən, xx.xx.N3-cü il tarixədək Ağstafa rayonunun Köhnə Qışlaq kəndindəki hərbi əməliyyatlarda iştirak etməsi barədə məlumatlar vardır. Məhkəmə qərarından apellyasiya şikayətinin hazırlanması və Müdafiə Nazirliyinin qanuni maraqlarının müdafiə edilməsi üçün xx.xx.1974-cü ildə doğulmuş, N nömrəli hərbi hissədə xidmət keçmiş İddiaçı xidməti ilə əlaqədar məlumatların və onların əsasını təşkil edən sənədlərin təsdiq olunmuş surətinin qısa müddətdə Hüquq İdarəsinə göndəriməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-456 nömrəli məktubunda (məktub Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin rəisi polkovnik-leytenant Rəşad Qənbərov, ərizə və şikayətlər bölməsinin rəisi gizir Surxay Quliyev tərəfindən imzalanmışdır) bildirilir ki, İsmayıllı RHK-dan çağırılmış sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 36 nömrəli əmri ilə “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 71 nömrəli əmrində sıravi İddiaçı Yevlax rayonuna ezamiyyətə göndərildiyi üçün qazan təminatından çıxarılması barədə təminat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 73 nömrəli əmri ilə İddiaçı xx.xx.N3-cü il tarixdən “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 74 nömrəli əmri ilə sıravi İddiaçı ezamiyyətdən qayıtdığı üçün qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 131 nömrəli əmrində çavuş İddiaçı Pereküşkül qəsəbəsində yay düşərgəsinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 157 nömrəli əmrində çavuş İddiaçı Pereküşkül qəsəbəsindən qayıtdığı üçün qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 180 nömrəli əmrində çavuş İddiaçı Ağcabədi rayonuna, Gəncə şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır . N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 224 nömrəli əmrində kiçik çavuş İddiaçı ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 232 nömrəli əmrində çavuş İddiaçı Şəki, Ağdam rayonlarından ezamiyyətdən qayıtması barədə məlumat vardır (ezamiyyətə göndərildiyi yer göstərilməmişdir). N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 328 nömrəli əmrində İddiaçı Sabirabad, İsmayıllı rayonlarına ezamiyyətə göndərilməsi barədə məlumat vardır. Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyyata tərxis edildiyi üçün manqa komandiri baş çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, 189 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İsmayıllı RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi barədə əlavə məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx xxxxxxxx N3-cü il tarixli, 224 nömrəli əmrin sürətindən göründüyü kimi, iddiaçının xx.xx.N3-cü il tarixində hansı istiqamətdə ezamiyyətə göndərilməsi qeyd edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şahid X3 təqdim etdiyi xx.xx.N7-ci il tarixli, 472 nömrəli arayışın surətinə əsasən, onun xx.xx.N2-ci ildən xx.xx.N2ci ilədək Qubadlıda, xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək Füzulidə, xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilədək Laçında hərbi əməliyyatlar zonasında rabitənin təmin edilməsində iştirak etdiyi qeyd edilmişdir. Şahidin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyi ifadəsində onun iddiaçı ilə birlikdə Qubadlı, Füzuli, Laçın döyüşlərində iştirak etdiyi, həmçinin iddiaçı ilə Füzuli rayonunda gedən döyüşlərdə birlikdə iştirak etdiyi bildirilmişdir. Lakin iş materiallarında olan iddiaçının NZ seriyalı, ******* saylı hərbi biletinin 18-ci bəndinə edilmiş qeyddən görünür ki, iddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək hərbi əməliyyatlar bölgəsində rabitənin yaradılmasında iştirak etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi hərbi biletin 18-ci qrafasındakı qeyd şahid X3 hərbi əməliyyatlar zonasında rabitənin təmin edilməsində iştirak etdiyi dövrü ilə üstüstə düşmür. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarında qeyd etdiyi iddiaçının xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək Ağstafa rayonu Köhnə Qışlaqda hərbi əməliyyatlarda iştirak etməsi barədə istinadı yalnışdır. Çünki nə iddiaçının iddia ərizəsində, nə də hərbi biletin surətində, nə də ki, məhkəmə iclas protokollarında iddiaçının həqiqətən də sözü gedən dövrdə Ağstafa rayonu Köhnə Qışlaqda hərbi əməliyyatlarda iştirak etməsi qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi hərbi biletində olan qeydlə, həmçinin şahidlər tərəfindən verilmiş ifadələrlə təsdiq olunduğundan, iddia tələbi təmin edilməli və iddiaçıya «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi əsaslandırmasını əsassız hesab edərək, qeyd edir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. İddiaçının ancaq döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması işin ziddiyyətli məqamlarındandır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-5408 saylı məktubunda sonda göstərilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi barədə əlavə məlumat aşkar edilməmiş, iddiaçı, ümumiyyətlə Ağstafa rayonuna ezam olunmamış, onun digər yerlərə ezamiyyətə göndərilməsi döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notarius ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş (xx.xx.2019-cu il tarixdə Reyestrə 1S55261 № ilə qeyd edilmiş) iddiaçıya məxsus hərbi biletin 18-ci bəndinə edilmiş qeyddən görünür ki, iddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək hərbi əməliyyatlar bölgəsində rabitənin yaradılmasında iştirak etmişdir. Lakin, iş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notarius ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, (xx.xx.2019-cu il tarixdə Reyestrə 8i- 46601№ ilə qeyd edilmiş) X4 tərəfindən tərcümə edilmiş, iddiaçıya məxsus hərbi biletin tərcümə və təsdiq edilmiş surətində isə hərbi biletin 18-ci qrafası – Döyüşlərdə, hərbi yürüşlərdə , partizan dəstələrində və qırıcı batalyonlarında iştirak (harada iştirak edib, hansı vaxtda, hansı hissəni tərkibində və hansı vəzifədə): xx.xx.N2-ci ildən xx.xx.N3-cü ilədək Ağstafa rayonu Köhnə Qışlaqda hərbi əməliyyatlarda iştirak etdiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının hərbi biletinin təsdiq edilmiş surəti ilə onun rus dilindən azərbaycan dilinə tərcümə və təsdiq edilmiş surəti arasında fərqlilik mövcud olmuş, hərbi biletinin təsdiq edilmiş surətinin 18-ci qrafasında iddiaçının xx.xx.N2-ci ildən xx.xx.N3-cü il tarixə kimi Ağstafa rayonu Köhnə Qışlaqda hərbi əməliyyatlarda iştirak etdiyi göstərilməmişdir. Eyni zamanda İsmayıllı rayonu İmişli rayonu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, irəli sürülən faktlar iddiaçı tərəfindən sübut edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, ziddiyətli məqamları müəyyən etməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən yəni, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması sübut olunmadığından, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri və cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3928/2019 nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3928/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar