Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-623/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-5983/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum yoldaşı X6 ilə 22.07.1977-ci il tarixdə akt qeydləri kitabında № 457048 sayı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. 29.12.2019-cu il tarixdə X6 vəfat etmiş və buna dair 08.01.2020-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. ünvan 1 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı bina 27.05.1997-ci il tarixli texniki pasporta əsasən mərhum A.Nəsirovun adına qeydiyyatdan keçmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 22.07.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnaməsinə əsasən mərhum A.Nəsirovun qanun üzrə vərəsəsi olan iddiaçı (arvadı) miras əmlaklarına tam varislik almışdır. Hazırda miras əmlakı olan ünvan 1 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) əldə edilməsinə dair zərurət yarandığından iddiaçının nümayəndəsi və vəkili tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanına 26.01.2021-ci il tarixli 22/21 saylı ərizə ilə müraciət edilmiş və vərəsəlik hüquqlarını təsdiq edən sənədlər həmin ərizəyə əlavə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.03.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunanları əhatə edən arayış yazılı və ya elektron formada hüquq sahibinə (hüquq təsdiqedici sənəd), onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə verilir. Beləliklə, növbəti dəfə 01.04.2021-ci il tarixli təkrar ərizə ilə iddiaçının özü tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, mərhum X5 məxsus ünvan 1 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi xahiş edilmiş və zəruri sənədlər ərizənin qoşma hissəsinə əlavə olunmuşdur. Buna baxmayaraq, uzun müddət keçmiş və bügunədək qeyd edilən ərizələrə heç bir reaksiya verilməmiş və görülən tədbirlər barədə məlumat verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-5983/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Əhədova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi onun hüquqlarının pozulmasına səbəb olmuş, işin hallarına düzgün və obyektiv yanaşmamışdır. Belə ki, o, mərhum yoldaşı X6 ilə 22.07.1977-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. 29.12.2019-ci il tarixdə X6 vəfat etmiş və buna dair 08.01.2020-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. ünvan 2 ünvanında yerləşən 18 kv.m. sahədən ibarət təsərrüfat məqsədli yardımçı bina 27.05.1997-ci il tarixli texniki pasporta əsasən mərhum A.Nəsirovun adına qeydiyyatdan keçmişdir. Eyni zamanda sözügedən tarixdən etibarən həmin bina mərhum həyat yoldaşı tərəfindən istifadə olunmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən də qeyd olunduğu kimi X6 vəfat etdikdən sonra 3 saylı ASAN Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 22.07.2020-ci il qanun üzrə vərəsəlik hüququ Şəhadətnamələrə əsasən o, miras əmlaklarına tam irs almışdır. Göstərilən səbəblərdən, miras əmlakı olan ünvan 2 ünvanında yerləşən 18 kv.m. sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamələrin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (FORMA 1) əldə edilməsinə dair zərurət yarandığından tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanına 26.01.2021-ci il tarixli 22/21 saylı ərizə ilə müraciət edilmişdir. Lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan cavab məktubunda qeyd olunmuşdur ki, bildirişilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinə əsasən, yuxarıda qeyd olunanları əhatə edən arayış yazılı və ya elektron formada hüquq sahibinə (hüquq təsdiqedici sənəd), onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə verilir. Cavab olaraq bildirilir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı İnzibati Məhkəməsinə təqdim olunan sənədlərdən də görünür ki, o, sözügedən arayışı almağa tam hüququ olan şəxs olmağına baxmayaraq, arayışın təqdim olunmaması ilə hüquqları aşkar şəkildə məhdudlaşdırılmışdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi əmlakla bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. İş üzrə təqdim olunmuş sənədlərə əsasən iddia predmeti olan daşınmaz əmlak dövlət mülkiyyətində olan əmlak olmaqla iddiaçının mərhum ərinə yalnız istifadə üçün verildiyi müəyyən olunur. Belə olan halda cavabdeh orqanın iddiaçının həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı verməkdən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İ-ЖГ № 457048 nömrəli 22.07.1977-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı 22.07.1977-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan AZ İİ № 057940 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 29.12.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.01.2020-ci il tarixdə 40 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 22.07.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 29.12.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı İddiaçı miras əmlakdan tam irs almalıdır. İş materiallarında olan 27.05.1997-ci ildə tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən təsərrüfat məqsədli yardımçı binanın tikildiyi il 1953-cü il, tikini sahəsi 18,0 kv.m, əsas sahəsi 18,0 kv.m təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23.06.2021-ci il tarixli, BA-02838-2021 nömrəli məktubuna əlavə edilmiş Nərimanov rayon XDS İK-nin (indiki Nərimanov RİH) arxiv fondu üzrə 28.06.1991-ci il tarixli, 11/193 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, A.Neymətulla küçəsi 26-da yerləşən istifadəsiz qazpaylaşdırıcı məntəqəsinin sahəsi 18.0 kv.m olan binası təsərrüfat məqsədi ilə istifadə etmək üçün A.R.Nəsirova verilmişdir. Rayon mənzil təsərrüfatı idarəsinə A.R.Nəsirovun adına haqq-hesab vərəqinin açılması, 18 nömrəli MİS-ə binanın məqsədəuyğun istifadəsinə nəzarət tapşırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 15.07.2021-ci il tarixli, 3/254 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 18 kv.m yardımçı sahə ilə bağlı heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30.06.2021-ci il tarixli, **********26 nömrəli məktubunda bildirilmişdir ki, Nərimanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 28.06.1991ci il tarixli, 11 nömrəli qərarı həmin dövlət əmlakının vətəndaşın mülkiyyətinə deyil, onun istifadəsinə verilməsi ilə bağlıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 06 sentyabr tarixli 629 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, sözügedən dövlət əmlakının istifadəçisindən dövlət əmlakının sərəncamçısı - Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanılmasının tələb olunması zəruridir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsinə ünvanladığı 12.03.2021-ci il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, sizin ünvan 1 ünvanında yerləşən təsərrüfat məqsədli yardımçı binaya dair məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın alınması ilə bağlı ərizənizə baxılmışdır. Bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə (hüquqi təsdiqedici sənəd), onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 2.0.2-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq xidmətin fəaliyyət istiqamətlərinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci bəndinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın: -2.1-ci bəndinə əsasən arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni və şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. -4.1-ci bəndinə görə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda aşağıdakı məlumatlar göstərilir: 4.1.1. hüquq sahibinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı); 4.1.2. daşınmaz əmlak obyektinin növü, ünvanı (olduğu yer), hüququn qeydə alındığı reyestr kitabının və vərəqinin nömrəsi; 4.1.3. mülkiyyətçilər haqqında məlumat (hüquq sahibinin adı, payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi); 4.1.4. hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi); 4.1.5 daşınmaz əmlakın təsviri: 4.1.5.1. torpaq sahəsi haqqında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), kateqoriyası, məqsədli istifadəsi; 4.1.5.2. su obyekti həcmi, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.3. çoxmənzilli yaşayış binası haqqında binanın tikildiyi il, mərtəbəliliyi, mənzillərin sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, çoxmənzilli yaşayış binasının tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq, tikinti və şəhərsalma qanunvericiliyinin tələbləri nəzərə alınmaqla müəyyən edilən torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.4. qeyriyaşayış binasının binanın tikildiyi il, mərtəbəliliyi, ümumi sahəsi (kv.m), tərkibi (həyətyanı tikili və qurğular) haqqında məlumat (liter, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha)); 4.1.5.5. qurğunun, çoxillik əkmənin, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.6. qeyri-yaşayış sahəsinin binanın tikildiyi il, mərtəbəliliyi, qeyri-yaşayış sahəsinin mərtəbəsi (yerləşdiyi mərtəbə), ümumi sahəsi (kv.m); 4.1.5.7. mənzilin yerləşdiyi binanın tikildiyi il, mərtəbəliliyi, mənzilin mərtəbəsi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m); 4.1.5.8. fərdi yaşayış evi haqqında- liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter, mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.9. bağ evi və yaşayış evləri haqqında məlumat (liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter (sıra №-si), mərtəbəliliyi, təyinatı (adı), tikintialtı sahə (kv.m), cəmi), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.10. əmlak kompleksi kimi müəssisə haqqında liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.5.11. müəssisə filialının hüquqmüəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi), müəssisə filialının tərkibi haqqında məlumat (liter, binanın tikildiyi il, adı (təyinatı), mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha); 4.1.6. məhdudlaşdırılma (yüklülük) haqqında məlumat; - 8.2-ci bəndinə görə müraciət etmiş şəxsə arayışın və ya arayış verilməsindən imtina edilməsi üçün bu Təlimatın 8.3-cü bəndində nəzərdə tutulmuş imtina halları mövcud olduqda əsaslandırılmış imtina məktubunun yazılı və ya elektron formada verilməsi 1 (bir) iş günü müddətində təmin edilməlidir. -8.3-cü bəndinə əsasən arayışın verilməsindən aşağıdakı hallarda imtina edilə bilər: 8.3.1. arayışın alınması üçün ərizə bu Təlimatın 1.2-ci bəndində göstərilmiş şəxslər tərəfindən verilmədikdə; 8.3.2. məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 07 dekabr 2012-ci il tarixli 08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 3.2.1-ci yarımbəndinə əsasən daşınmaz əmlak üzərində hüquq sahibi olmayan, daşınmaz əmlak üzərində hüquq sahibi tərəfindən vəkil edilməmiş şəxs və hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olmayan şəxs tərəfindən sorğu verildikdə və məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatı ləğv edildikdə xidmətin göstərilməsindən imtina edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı Nərimanov rayon XDS İKnin (indiki Nərimanov RİH) 28.06.1991-ci il tarixli, 11/193 saylı qərarına əsaslanaraq mərhum X5 məxsus ünvan 1 ünvanında yerləşən 18 kv.m sahədən ibarət təsərrüfat məqsədli yardımçı binaya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün həmin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan müraciətin təminindən imtina etmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddia predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 26 yaşayış binasının həyətində yerləşən 18.0 kv.m-dən ibarət yardımçı bina vaxtilə qazpaylaşdırıcı məntəqə olmuş, daha sonra iddiaçının mərhum əri A.R.Nəsirovun müraciəti əsasında ona Nərimanov rayon X2 İcraiyyə Komitəsinin 28.06.1991-ci il tarixli qərarı ilə həmin binadan təsərrüfat məqsədi ilə istifadə etmək üçün verilmişdir. Qeyd edilən binaya dair 27.05.1997-ci il tarixdə tərtib edilmiş texniki pasportda texniki pasportun məhz “Qeyri-yaşayış fonduna daxil olan dövlət binaları və özəl obyektlərinin pasportu olduğu qeyd edilməklə, dolayısı ilə sözügedən obyekt dövlət binası olaraq təsərrüfat məqsədli yardımçı bina kimi təqdim edilmişdir. Həmçinin dövlət əmlakının idarə edilməsinə və sərəncam verilməsinə məsul olan dövlət orqanı Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 30.06.2021-ci il tarixli cavab məktubunda sözügedən yardımçı binanın dövlət əmlakı olduğu, onun vətəndaşın mülkiyyətinə deyil, istifadəsinə verildiyi və həmin əmlakdan istifadə edilməsi ilə bağlı Xidmətlə icarə müqaviləsinin bağlanılmasının zəruri olduğu bildirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın imtinası qanunun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-5983/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-623/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-623/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver