Məhkəmə qərarları › İş №2-1(103)-623/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-623/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-623/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “müşahidə kameralarının görüntülərinin alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9271/2023 nömrəli, 20 sentyabr 2023-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TŞ-2-081 nömrəli kamera, Sədərək dairəvi yolunda olan TŞ 11-045 nömrəli kamera, Bakı-Qazax yolunun 7-ci km-də sürəti müəyyən edən radar kamera və Bakı-Qazax yolunun 8-ci km-də CC 75 BNA müşahidə kamerasının 06 mart 2023-cü il saat 14:10-dan 14:40-a qədər olan görüntülərini almaq və araşdırmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 mart 2023-cü ildə saat 14:35-də Bakı Qazax yolunun 7 km-də onun idarə etdiyi “Mersedes” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən qarşısında hərəkət edən dövlət nömrə nişanını xatırlamadığı qara rəngli “Prado” avtomobilinin ehtiyat təkəri qoparaq onun avtomobilinin qabağına düşüb, avtomobilinin bamperini, sol qanadını, interkuller və radiatoru əzmişdir. Təkər onun avtomobilinin təkərinin altında qaldığından avtomobili durduğundan arxadan hərəkət edən digər avtomobil “Mersedes E” markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobil arxadan onun avtomobilini əzmişdir. Hadisə yerinə gələn Baş X4 İdarəsinin əməkdaşları tərəfindən “Mersedes E” markalı **-ND-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü barədə inzibati xəta haqqında protokol tərtib edilib. Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları ona bildirdilər ki, “Prado” avtomobilinin sürücüsünün əməlində də nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması ilə bağlı inzibati xətanın tərkibi var (İXM 342.2). Lakin bu günə kimi Baş X4 İdarəsinin araşdırma aparan əməkdaşları “Prado” avtomobilinin sürücüsünün şəxsiyyətini müəyyən edə bilmirlər. Ona həmin sürücünün axtarışa verildiyi bildirilmişdir. Baxmayaraq ki, o, vəsatət verərək Bakı-Qazax yolunun onun avtomobilinin və “Prado” markalı avtomobilin hərəkəti istiqamətində olan Təhlükəsiz şəhər kameralarının (TŞK) nömrələrini təqdim edib, həmin kameralardan avtomobilin müəyyən edilməsini xahiş etmişdir. Lakin Baş X4 İdarəsinin əməkdaşları həmin kameralarının görüntülərini təqdim etməkdən yayınırlar və hətta onun vəsatətinə cavab verməmişlər. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9271/2023 nömrəli, 20 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin əsassızlığını qərarında əsaslandıra bilməmişdir, iddianın istinad etdiyi hüquq pozulması prosesin gedişində aradan qaldırıldıqda, buna hüquqda iddia edən şəxsin qurban statusunun itirməsi deyilir. O zaman bu işdə onun tərəfimdən qurban statusunun itirilməsi iddia oluna bilərmi?! Ən azından, məhkəmə də iddianı rədd edərkən onun belə statusunun olmadığını, nə də belə statusunun olub, sonradan onun tərəfindən bu statutusun itirilməsini əsaslandırmayıb. Deməli belə çıxır ki, o, qurban statusunu hələ də saxlayır, amma iddiası rədd olunmuşdur. Əgər zamanın axması iddianın təmin edilməsini mümkünsüz edəcəkdisə, o zaman hakim necə 17 may 2023-cü ildə qəbul etdiyi qərardadda “təcili tənzimləmə zərurəti aradan qalxmışdır” kimi nəticəyə gəlmişdir? Bəs nə oldu? Axı təcili tənzimləmə zərurəti aradan qalxmışdı? Necə oldu ki, təcili tənzimləmə zərurəti aradan qalxdığı halda sonradan müəyyən edilir ki, hətta tənzimləmə üçün çox gec qalıb. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin mərkəzi informasiya sistemi haqqında” Əsasnamə: 1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin mərkəzi informasiya sisteminin (bundan sonra ─ Sistem) formalaşdırılmasının, aparılmasının, arxivləşdirilməsinin və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. Sistem yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotunu, sistemləşdirilməsini və saxlanılmasını, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinə aid zəruri informasiya ilə təminatını, avtomatlaşdırılmış sənədləşmə, sorğu və təhlil işlərinin həyata keçirilməsini, hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir. 6.1. Sistem vasitəsilə aşağıdakılar həyata keçirilir: 6.1.11. yol-nəqliyyat hadisələri, onların iştirakçısı olmuş nəqliyyat vasitələri, hadisə nəticəsində maddi zərər dəymiş nəqliyyat vasitələri (foto və video görüntüləri əlavə edilməklə) və xəsarət almış şəxslər barədə məlumatların Sistemə daxil edilməsi; 6.1.18. Sistem vasitəsilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin, elektron tərəzilərin və parkomatların göstəricilərinin ilkin mənbədən real vaxt rejimində əldə edilməsi, emalı, sənədləşdirilməsi və icraya yönəldilməsi; 7.5. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr, elektron tərəzilər və parkomatlar Sistemə inteqrasiya olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırki işdə iddiaçının tələbi yol nəqliyyat hadisəsi ilə bağlı yolda quraşdırılmış videonəzarət vasitələrindən görüntülərin cavabdeh Baş X4 İdarəsindən tələb edilməsi ilə bağlıdır. İnzibati işin hallarından görünür ki, iddiaçı 06 mart 2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar müşahidə kamerasının 06 mart 2023-cü il saat 14:10-dan 14:40-a qədər olan görüntülərin alınması və araşdırılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə TŞ 2-081 nömrəli kamerasının, Sədərək dairəvi yolunda olan TŞ 11-045 nömrəli kamerasının, Bakı-Qazax yolunun 7 kmdə radar sürəti müəyyən edən kamerasının və Bakı-Qazax yolunun 8-ci km.də CC-75- BNA müşahidə kamerasının xx.xx.2023-cü il tarixdə saat 14:10-dan 14:40-a qədər olan görüntülərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən, Bakı şəhər Baş Polis İdarəsindən və Bakı Nəqliyyat Agentliyindən təqdim edilməsi, təhlükəsiz şəhər kameralarında olan görüntülərin hansı normativ hüquqi akta (daxili təlimat, qayda, əsasnamə, qərar və s.) əsasən, hansı müddətə saxlanmalı olmasının müəyyən edilməsi barədə məhkəməyə məlumat verilməsi tələb edilmişdir. Azərbaycan Respublikasıının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli Q1-001-15 nömrəli qərarı ilə təsdiq olunmuş “Xidməti ərazilərdə videonəzarətin tətbiqi işinin təşkil edilməsinə dair Təlimat”ın tələblərinə əsasən, videonəzarət sistemlərinin sərbəst hərəkətdə qeydə alınan görüntülərinin arxiv bazasında saxlanılması və məhv edilməsi sistemin texniki imkanlarından asılı olaraq avtomatik rejimdə həyata keçirilir. Odur ki, sistem tərəfindən texniki göstəricilərə uyğun təyin edilmiş saxlanma müddətinin bitməsi səbəbindən tələb olunan görüntülərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarından görünür ki, iddia tələbində göstərilən ünvanda yerləşən kamera görüntüləri cavabdehdən, eyni zamanda Daxili İşlər Nazirliyinin digər qurumlarından tələb edilmiş, lakin məhkəməyə təqdim edilmiş məktublarda arxivlərin saxlanma müddətinin bitməsi əsas göstərilərək görüntülərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə olan halda saxlanma müddəti bitmiş və faktiki olaraq mövcud olmayan görüntülərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbin faktiki və hüquqi əsasının olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9271/2023 nömrəli, 20 sentyabr 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar