Məhkəmə qərarları › İş №2-1(103)-623/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-623/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-623/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5777/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Siyəzən şəhərində anadan olmuşdur. Qeydiyyatda olduğu evi sataraq Bakı şəhərinə köçməli olmuşdur. Hazırda ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Rəsmi qeydiyyatda olduğu ünvan isə ünvan 3dığı yer üzrə qeydiyyata düşmək üçün Binəqədi Rayon Polis İdarəsinə rəsmi müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun yaşadığı yer üzrə qeydiyyat alınmağının mümkün olmadığı bildirilmişdir. Cavabdeh orqanın bu yanaşması və qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda qeydiyyatsız yaşadığı ev faktiki olaraq onun istifadəsindədir. 80-ci illərdə tikilən ev özbaşına tikili olduğu üçün mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Lakin yaşadığı ev ünvan qeydiyyatına alınmışdır və konkret olaraq evin ünvanı mövcuddur. Bundan əlavə kommunal xidmətlər üzrə (işıq, qaz, su) abonent qeydiyyatına alınmış və fasiləsiz olaraq kommunal xidmətlərdən istifadə edir. Qeyd edilən ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət qurumları tərəfindən həmin daşınmaz əmlakın invertarizasiyası aparılmış, eyni zamanda ünvan verilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-5777/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Hazırda həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Siyəzən şəhərində anadan olmuşdur. Qeydiyyatda olduğu yaşayış evini sataraq Bakı şəhərinə köçməli olmuşdur. Hal-hazırda ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Hazırda Siyəzən rayonu, Gənclik qəsəbəsi, Hökmulla Talıbov küçəsi, bina 7, mənzil 6 ünvanında qeydiyyatdadır. Yaşadığı yer üzrə qeydiyyata düşmək üçün Binəqədi Rayon Polis İdarəsinə rəsmi müraciət etmişdir. Lakin Binəqədi Rayon Polis İdarəsi tərəfindən onun yaşadığı yer üzrə qeydiyyat alınmağının mümkün olmadığı bildirilmişdir. Bu qərardan sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iddia təmin edilməmişdir. Hazırda yaşadığı ərazi ünvanlaşdırılmışdır. Qonşularının hamısı yaşadığı yer üzrə qeydiyyata alınmışlar. Məhkəmə isə yaşadığı evə mülkiyyət hüququnun olmaması əsası ilə iddianı təmin etməmişdir. Mənzil mülkiyyətində olmasa da, hazırda həmin mənzildən maneəsiz istifadə hüququ iddiaçıdadır. Belə ki, mənzilin daimi istifadəçisidir, hətta məhkəməyə bununla əlaqədar X2 Ərazisi üzrə Nümayəndəliyi tərəfindən ona verilmiş arayış da təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən çıxarılmış qərar qanunsuzdur. Məhkəmə tərəfindən qəbul edilmiş qərarda tərəfindən təqdim edilən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Hazırda cavabdeh orqan onu olduğu yer üzrə qeydiyyata almır. Faktiki istifadəsində olan və yaşadığı mənzilə isə qeydiyyata düşə bilmir. Belə olan halda qeydiyyatsız yaşamaqla qanunvericiliyin tələbini pozmuş olur. Məhkəmə qərarında şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil anlayışına istinad etmişdir. Qərarda iddiaçının mülkiyyətçi, icarə və kirayə müqaviləsi üzrə yaşamadığı qeyd olunsa da qanunvericiliklə digər əsaslarla daimi yaşadığı anlayışına hüquqi qiymət verilməmişdir. Məhkəmədə hazırda yaşadığı evi 10 ildən çoxdur aldığını, daimi istifadə etdiyini və orada yaşadığını bildirsə də, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd edilən əmlak özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, məhkəməyə təqdim edilən sənədlərdən (işıq, qaz, su, nümayəndəliyin arayışı), həmçinin əmlakın olduğu ərazinin ünvanın mövcud olmasından aydın olur ki, dövlət qurumları tərəfindən həmin ərazidə mövcud olan daşınmaz əmlakların invertarizasiyası aparılmış, eyni zamanda ünvan verilmişdir. Məhkəmə araşdırmanı tam həyata keçirməmiş, nəticə etibarı ilə düzgün hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, məktubda qeyd edilir: ünvan 1 ünvanına qeydiyyata alınmağınızı xahiş etmisiniz. Yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətinizdə adları qeyd olunan vətəndaşların qeydiyyata alınması mümkün deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin faktiki hallarından görünür ki, iddiaçı faktiki olaraq ünvan 1 ünvanında yaşadığını əsas gətirərək faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmağı ilə bağlı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh yaşayış sahəsinə köçməyə əsas verən hüquqi sənəd olmadığını əsas gətirərək iddiaçıya imtina cavabı vermişdir. Hazırda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək məhkəmədə mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyata alınmasını xahiş etdiyi ev özbaşına tikilidir. İddiaçı həmin evə qeydiyyata alınma üçün əsas olan sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilmədi. İddiaçının həmin evə qeydiyyata alınması üçün hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, qanuna əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, iddiaçının isə belə sənədlərdən hər hansı biri olmadığından, onun göstərilən ünvana qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5777/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar