Məhkəmə qərarları › İş №2-1(103)-624/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-624/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-624/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı pensiyanın təmin edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4976/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4976/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4976/2020 saylı iş üzrə çıxarılmış xx xxxxxxxx 2020-ci il tarixli qərarında yol verilmiş yanlışlıq düzəldilərək, qərarda nəticə hissə “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinın cavabdehə həvalə edilməsi” kimi göstərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Ermənistan SSR Vardenis rayonunda doğulmuşdur. O, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə qədər X2 xalça toxuyan, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt şəhər Trikotaj Fabrikində toxucu, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər X11 Zavodunda tökmə sexində torpaq tökən, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər tökmə sexində kran maşinisti vəzifəsində işləmişdir. xx.xx.1995-ci ildən hazırki vaxta qədər isə Sumqayıt Etilen-Polietilen zavodunda texniki nəzarət şöbəsində kimyəvi analiz laborantı və nəzarətçi peşəsində işləyir. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən qadınlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdir. Bu əsasdan xx.xx.2017-ci il tarixə qədər 20 il ümumi və 10 il zərərl iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixə qədər 22 il 10 ay 25 gün ümumi iş stajı, 12 il 0 ay 25 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayış verilmişdir. xx.xx.2011-ci ildən xx.xx.2017-ci ilə qədər işlədiyi nəzarətçi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li, xx.xx.2007-ci il tarixli qərarının 8-ci bölməsinin 8.3.3-cü bəndinə aid olması müvafiq arayışda qeyd olunmuşdur. Eyni zamanda, xx.xx.11989-cu ildən xx.xx.1996-cı ilə qədər işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının Xİ Bölməsinin 1110400a-13790 və 1110100a-19252 şifrin aid olması barədə arayış verilmişdir. Nəhayət ona 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi xx.xx.2019-cu il tarixli, **********3 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, iddiaçının xx.xx.1989xx.xx.1993-cü illər ərzində “xxxx” ASC-də işlədiyi “torpaq tökən” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarda mövcud deyildir. “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 31 nömrəli arayışda Nazirlər Kabinetinin müvafiq qərarından əvvəl mövcud olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsiq edilməsi haqqında” xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarın 1 nömrəli Siyahısının 11-ci bölməsinin 1110100a-19252 koduna istinad edilmişdir. Həmin Qərarda isə peşənin adı tamamilə fərqlidir: 1 nömrəli siyahısının 11-ci bölməsinin 1110100a-19252 kodu bunkerlərdə (tunellərdə) işlənmiş torpağın və isti posanın təmizlənməsi ilə məşğul olan tökmə sexlərində yığıcılar. Həmçinin, iddiaçı xx.xx.1995-xx.xx.1995, xx.xx.1995-xx.xx.1996, xx.xx.1996-xx.xx.1996-cı il tarixlər ərzində ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin müddətlər qanunvericiliyin tələblərinə əsasən ümumi iş stajına daxildir, lakin güzəştli iş stajına daxil edilə bilməz. Bundan başqa, iddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək eyni vaxtda iki fərqli müəssisədə işləmişdir. “Azərkimya” İB “Etilen-polietilen” zavodu tərəfindən təqdim edilmiş 122 saylı xx.xx.2019-cu il tarixli arayışda iddiaçının işləmiş olduğu peşənin (istehsalat və X1 polietilen istehsalatı üzrə nəzarətçi) Nazirlər Kabinetinin müvafiq Qərarının 8-ci bölməsinin 8.3.3-cü bəndində əks olunduğu qeyd edilmişdir. lakin həmin bölməyə nəzər salınsa aydın olar ki, orada qeyd edilən peşələr ilə iddiaçının işləmiş olduğu peşələr üst-üstə düşmür. Belə olan halda iddiaçının qeyd edil\n peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Vəkil və nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən, xx.xx.1985-ci il tarixədək X2 xalça toxuyan, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt şəhər Trikotaj Fabrikində toxucu, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər “xxxxprokat” Zavodunda tökmə sexində torpaq tökən, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər tökmə sexində kran maşinisti vəzifəsində işləmişdir. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X4 xx.xx.1995-ci il tarixdə Sumqayıt “Etilen-Poli-etilen” Zavodunda texniki nəzarət şöbəsinə 4-cü dərəcəli kimyəvi analiz laborantı qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə keyfiyyətə nəzarət laborotoriyasına 2-ci dərəcəli kimyəvi təhlil laborantı keçirilmiş, xx.xx.2011-ci il tarixdə Mərkəzi laboratoriyaya 2-ci dərəcəli nəzarətçi (növbəli) (polmer 120 sahəsi) keçirilmiş, xx.xx.2012-ci il tarixdə İstehsalat və keyfiyyət nəzarət laboratoriyasına Polietlen İstehsalatı üzrə 2-ci dərəcəli nəzarətçi (növbəli) keçirilmiş, xx.xx.2013-cü il tarixdən həmi nlaboratoriyada 3-cü dərəcəli nəzarətçi keçirilmiş, xx.xx.2016- cı il tarixdən həmin laboratoriyanın 3-cü dərəcəli nəzarəçisi kimi 4-cü dərəcə verilmiş, xx.xx.2019-cu il tarixdən həmin laboratoriyada 3-cü dərəcəli nəzarətçi (növbəli) Polietilen istehsalatı üzrə keçirilmişdir. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş 31 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdən, xx.xx.1996-cı il tarixədək Tökmə sexində və Metal tökmə sexində torpaqla işləyən və şaxta sahəsində kran maşinisti peşəsində işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 sayıl qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının Xİ bölməsinin, 5a; 1a yarımbölməsinin 1110400a-13790; 1110100a-19252 şifr ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. xx.xx.1995-ci ildən xx.xx.1995-ci il tarixədək; xx.xx.1995-ci ildən xx.xx.1996-cı tarixədək; xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. İşdə olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X9 tərəfindən verilmiş 55 nömrəli, xx xxx 2020-ci il tarixli və 122 nömrəli xx.xx.2020-ci il tarixli arayışların surətindən görünür ki, İddiaçı xx xxxxxx 2011-ci ildən hal-hazıra kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun İstehsalat və X1 Polietilen İstehsalatı üzrə nəzarətçi peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarının 8-ci bölməsinin, 8.3.3cü bəndinə əsasən siyahıda sadalanan TNŞ-nin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********3 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü l tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş xx xxxxxx 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Boru Yayma Zavodu”nun Tökmə sexində və metal tökmə sexində işlədiyi torpaqla işləyən vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı (1) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Sadalanan xüsusatlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ona xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 52 yaşı tamam olduğu, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. O, hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən onun xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “X10 Zavodu”nun Tökmə sexində və metal tökmə sexində işlədiyi torpaqla işləyən vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı (11) bölməsində nəzərdə tutulmadığı əsas gətirilərək imtina edilmişdir. Bundan əlavə cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.1995- xx.xx.1995, xx.xx.1995-.xx.xx.1996, xx.xx.1996-xx.xx.1996-cı il tarixlər ərzində ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin müddətlər qanunvericiliyin tələblərinə əsasən ümumi iş stajına daxil edilir, lakin güzəştli iş stajına daxil edilə bilməz. Bundan başqa, iddiaçı xx.xx.1995-ci il tarixdən, xx.xx.1996-cı il tarixədək eyni vaxtda iki fərqli müəssisədə işləmişdir. Bu isə qanuna uyğun deyildir. Birinci instansiya məhkəməsi aşağıdakı əsaslara görə hesab etmişdir ki, cavabdehin imtinasında və etiraz ərizəsində göstərilənlər dəlillər əsassızdır. Belə ki, hazırki mübahisədə mübahisə predmetini iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının güzəştli iş stajının olmaması təşkil edir. Halbuki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası və güzəştli arayışlardan müəyyən edilir ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək “xxxx” ASC-də Tökmə sexində və Metal tökmə sexində torpaqla işləyən və şaxta sahəsində kran maşinisti peşəsində işləyib. Onun işlədiyi peşələr müəssisənin verdiyi arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının Xİ bölməsində, 110400a-13790 və 1110100a-19252 şifrlərinə uyğundur. “Etilen-Polietilen” Zavodunda isə xx.xx.2011-ci il tarixdən hal-hazıradək işlədiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 8-ci bölmənin 8.3.3-cü bəndində nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı işləmiş olduğu peşələr Azərbaycan Respublikaksı Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı”da və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndagöstərilən peşələrə daxil olduğundan və onun, 20 ildən çox ümumi və 10 ildən çox xüsusi iş stajına malik olması məhkəmə araşdırması zamanı təsdiq olunduğundan iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, cavabdeh öz etirazında iddiaçının xx.xx.1995-xx.xx.1995, xx.xx.1995-xx.xx.1996, 01,03,1996-xx.xx.1996-cı il tarixlər ərzində ödənişsiz məzuniyyətdə olması səbəbindən həmin müddətlərin qanunvericiliyin tələblərinə əsasən ümumi iş stajına daxil edilib, güzəştli iş stajına daxil edilməməsi ilə bağlı mövqeyinə münasibət bildirirək qeyd edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər güzəştli iş stajına daxil edilməsə belə, o, xx.xx.2017-ci il tarixədək 10 ildən çox xüsusi iş stajına malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində iddiaçının xx.xx.1989xx.xx.1993-cü illər ərzində “xxxx” ASC-də işlədiyi “torpaq tökən” peşəsinin yuxarıda adı çəkilən Siyahıda mövcud olmaması dəlilini qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının işlədiyi peşəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarın 1 nömrəli Siyahısının ********. Xİ. Metal emalı bölməsinin, 1.Tökmə istehsalatı yarımbölməsinin 1110100a-19252 (bunkerlərdə (tunellərdə) işlənmiş torpağın və isti posanın təmizlənməsi ilə məşğul olan tökmə sexlərində yığıcılar) koduna aid edərək haqlı olmamışdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən digər dəlili - “Azərkimya” İB “Etilen-polietilen” zavodu tərəfindən təqdim edilmiş 122 saylı xx.xx.2019-cu il tarixli arayışda iddiaçının işləmiş olduğu peşənin (istehsalat və X1 polietilen istehsalatı üzrə nəzarətçi) Nazirlər Kabinetinin müvafiq Qərarında qeyd edilən peşələr ilə iddiaçının işləmiş olduğu peşələrin üst-üstə düşmədiyi münasibədə qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1996-cı ildə Sumqayıt Etilen-Polietilen zavoduna texniki nəzarət şöbəsinin 4-cü dərəcəli kimyəvi analiz laborantı kimi işə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarın 1 nömrəli Siyahısının ********. Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00-17541. A. Tam iş günü aşagıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisəsələrinin və neft kimya sənayəsi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: 1080A010 (xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər) koduna aid edilməli və iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmalıdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində iddiaçının xx.xx.1995-xx.xx.1995, xx.xx.1995-xx.xx.1996, xx.xx.1996-xx.xx.1996-cı il tarixlər ərzində ödənişsiz məzuniyyətdə olduğu və həmin müddətlərin qanunvericiliyin tələblərinə əsasən ümumi iş stajına daxil edildiyini, lakin güzəştli iş stajına daxil edilməməsi dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşdə olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 31 saylı arayışda olan qeydlərdən görünür ki, iddiaçı xx.xx.1995-xx.xx.1995-ci ilədək (02 ay), xx.xx.1995-xx.xx.1996-cı ilədək (06 ay), xx.xx.1996-xx.xx.1996-cı ilədək (06 ay 01 gün), cəmi 01 il 02 ay 01 gün ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçının əmək kitabçasına əsasən iddiaçının xx.xx.1982-xx.xx.1985-ci ilə kimi 03 il 20 gün; xx.xx.1986-xx.xx.1989-cu ilə kimi 03 il 26 gün; xx.xx.1989-xx.xx.1993-cü ilə kimi 03 il 06 ay 27 gün; xx.xx.1993-xx.xx.1996-cı illə kimi 03 il 02 ay 01 gün; xx.xx.1996xx.xx.2006-cı ilə kimi 09 il 11 gün, cəmi 21 il 10 ay 05 gün ümumi stajı və bu stajın 12 il 02 ay 12 gün {xx.xx.1993-xx.xx.1996 ( 03 il 02 ay 1 gün);xx.xx.1996-xx.xx.2006 (09 il 11 gün)} güzəştli işlərdə çalışması müəyyən edilir və ödənişsiz məzuniyyətdə olması 01 il 02 ay 01 gün nəzərə alınsa, iddiaçının ümumi stajı 20 il 08 ay 04 gün (21 il 10 ay 05 gün – 01 il 02 ay 01 gün), güzəştli iş stajı 11 il 11 gün (12 il 02 ay 12 gün – 01 il 02 ay 01 gün) təşkil etdiyi müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4976/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar