Məhkəmə qərarları › İş №2-1(103)-625/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-625/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-625/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə əmək pensiyasının yenidən hesablanaraq fərqin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3737/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun hazırda aldığı “Əmək pensiyaları haqqında” AR Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin 80%-i ilə əvvəllər aldığı 55%-i arasındakı pensiya məbləğinin son 3 il üçün ödənilməmiş hissəsinin ödənilmə öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının hazırda aldığı “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlilliyə görə təminat xərcliyinin 80%-i ilə əvvəllər aldığı təminat xərcliyinin 55%-i arasındakı fərqin - pensiya məbləğinin ödənilməmiş hissəsinin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, əlilliyi təyin edən orqan AR ƏƏSMN ərazi üzrə Tibbi Sosial Ekspert Komissiyasıdır. Vətəndaşa əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyinin səbəbi “Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarış”ında qeyd edilir. İddiaçıya qanunamüvafıq olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı yenidən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edərək əlilliyin səbəbini dəyişdirmiş, “Əmək pensiyaları haqqında” Qanunun 36.1-ci maddəsinə və TSEK-in təyinat tarixinə əsasən müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiyası yenidən hesablanmış, ona “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən, xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara, müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiyası hesablanaraq, hüququ yarandığı gündən pensiya təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddəsi). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubunda göstərilmişdir: “Ərizənizə baxaraq bildiririk ki, sizə x xxxxxx 2016-cı il tarixində İdarə tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinin tələblərinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert və Reabilitasiya Xidməti tərəfindən sizə təkrar olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik xx xxx 2019-cu il tarixində təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən əlillik qrupu dəyişdikdə, əmək pensiyasının məbləği əlillik qrupunun dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. Qeyd olunanlara əsasən sizə x xxxx 2019-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (531,50 manat) 80 faizi - 425,20 manat məbləğində əmək pensiyası müəyyən edilməklə ödənilir. Eyni zamanda, İdarənin sizə keçmiş dövr üzrə ödənilməli olan hər hansı borc məbləği yoxdur.” xx.xx.2003-cü il tarixli M/V 067773 nömrəli vəsiqəyə görə, iddiaçı müharibə veteranıdır. xx.xx.2019-cu il tarixli 025715 nömrəli vəsiqəyə əsasən, iddiaçı həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlildir. İddiaçıya məxsus pensiya işinə görə, ona xx.xx.2016-cı il tarixli qərarla “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlilliyinə görə xx.xx.2016-cı il tarixdən təminat xərcliyinin 55% miqdarında pensiya təyin edilmiş, daha sonra xx.xx.2019-cu il tarixli qərarla əlilliyin səbəb əlaqəsinin dəyişməsi səbəbi ilə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası yenidən hesablanmışdır. Bununla da, işdən müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı il tarixli qərarla “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlilliyinə görə xx.xx.2016-cı il tarixdən təminat xərcliyinin 55% miqdarında pensiya təyin edilmişdir. AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1412 nömrəli qərarına əsasən iddiaçı barəsində “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” məzmunda qərar qəbul edilmiş və buna uyğun olaraq iddiaçıya xx.xx.2019-cu il tarixdə əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməklə müddətsiz ikinci qrup əlillik təyin edilmiş, bundan sonra, xx.xx.2019-cu il tarixli qərarla əlilliyin səbəb əlaqəsinin dəyişməsi ilə təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası yenidən hesablanmışdır. Lakin iddiaçıya keçmiş dövr üçün pensiya fərqi ödənilməmişdir. Hazırda iddiaçı sonuncu təyin edilmiş təminat xərcliyi ilə əvvəl aldığı təminat xərcliyi arasında yaranmış fərqin son 3 il üçün ödənilməmiş hissəsinin ödənilməsini tələb edir ki, bu da qanuni və əsaslı deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 12.2-ci maddəsinə əsasən, hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir; 20.1.12-ci maddəsinə görə, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.16-cı maddəsinə əsasən, bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə - 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə - 55 faizi; 20.16.2. İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin - 60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə - 55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə - 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər; 36.1-ci maddəsinə görə, əlillik qrupu dəyişdikdə, əmək pensiyasının məbləği əlillik qrupunun dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı işdə iddiaçının əlillik dərəcəsi dəyişməsə də, əlilliyin səbəbi dəyişmişdir və bu yeni səbəb iddiaçıya əvvəlki ilə müqayisədə daha geniş imkanlar təmin edir. Bu anlamda, cavabdehin “Əmək pensiyaları haqqında” 36.1-ci maddəsinə istinadı hərfi mənada düzgün olmasa da, nəticə olaraq doğru olmuşdur. Çünki, adıçəkilən normanın məqsədi budur ki, əlillik qrupunun dəyişməsi əmək pensiyasının məbləğində dəyişikliklər (azalma yaxud çoxalma) meydana gətirdiyi üçün, pensiyanın məbləği yenidən təyin edilməlidir. Başqa sözlə, bu normada güdülən əsas hədəf ondan ibarət olmuşdur ki, əgər əlilliklə əlaqədar əmək pensiyasının məbləğində hər hansı dəyişiklik baş verərsə, pensiya yeni məbləğə uyğun, lakin sonrakı ayın 1-dən yenidən təyin edilməlidir ki, hazırkı işdə də məhz belə olmuşdur və iddiaçı da əksini irəli sürmür. Digər tərəfdən, AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1412 nömrəli qərarı ilə yaranmış yeni hüquqi situasiya iddiaçının lehinə olsa da, onun hazırkı pensiya məbləğinin əvvəlki illərə görə də tələb etməsi qanuni və faktiki əsaslara söykənmir. Belə ki, iddiaçının əlilliyinin səbəbinin qeyd olunan tarixdən əvvəlki dövrlərdə də “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olması barədə işdə hər hansı sübut mövcud deyil, iddiaçı da onda belə sübutun olduğunu bildirmir, bu hal Məhkəməyə də məlum deyil. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyin səbəbi dəyişdiyi üçün əmək pensiyasının əvvəlki müddət üçün yenidən hesablanaraq ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalı, şikayət təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3737/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı pensiya fərqinin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar