Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-625/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “05.02.2021-ci il tarixdən 3-cü qrup əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 7592/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı ona təyin olunmuş 257 (iki yüz əlli yeddi) manat məbləğində təqaüdü və bədbəxt hadisə nəticəsində təyin edilmiş 731 (yeddi yüz otuz bir) manat məbləğindən müavinətin bərpası vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü ildə anadan olub. 08.10.2012-ci ildən o, Akkord STİK ASC-də maşinist vəzifəsində çalışıb. 01.04.2015-ci il tarixində işlədiyi Akkord STİK ASC-də bədbəxt hadisə baş vermişdir. Həmin tarixdə səhər saat 8:00 radələrində cəmiyyətin Zığ-Aeroport yolunun 11-ci km-də yerləşən qaraja işə çıxıb. O qarajdan kran təsərrüfatına zəng edərək boruları yükləmək üçün 60 tonluq kran xahiş edib. Kran təsərrüfatından 60 tonluq kranların başqa obyektlərdə işlədiklərini bildiriblər. Həmçinin bildiriblər ki, 60 tonluq kran günün ikinci yarısında yekunlaşdıran kimi göndəriləcək. Əvəzinə 16 tonluq kran göndəriblər. O krana işarə verərək mühafizə borularının yaxınlığına sürdürdü və həmin yerdə kranı quraşdırıb bölmə rəisi Bedrettin Yıldım tərəfindən sifariş verilmiş yük maşın gəlmədiyi üçün anbara nəzarət edən Habil Mehrəliyevi köməyə çağırıb. Onunla göndəriləcək 6 ədəd mühafizə borusunu seçərək kranla kənara qoyublar. Sahədə quraşdırılmış 16 tonluq kran term borularını götürmək üçün qaldırıcı qolunun uzunluğu kifayət qədər olmadığından, müəssisənin ərazisində işləyən avtoyükləyicinin sürücüsü Xəyal Abbasovdan boruları avtoyükləyicinin çalovu ilə kranın götürə biləcəyi yerə qoymasında ona kömək etməyi xahiş etmişdi. Xəyal Abbasov avtoyükləyicinin çalovu ilə term borularının götürülməsinə mane olan qazma burğusunu götürüb kənara qoymaq istəmişdir. O, qazma borusunu avtoyükləyicinin çalovu ilə qaldıraraq geriyə doğru hərəkət edən zaman qazma borusu çalovdan yerə düşmüş və yerdə olan term borusunun uc hissəsinə dəymişdir. Qazma borusunun ağırlığının təsirindən term borusunun digər tərəfi qalxmış və fırlanaraq yaxınlığında dayandığımdan mənim, yəni, İddiaçı sol baldır nahiyəsinə dəyərək xəsarət almağıma səbəb olmuşdur. Bədbəxt hadisənin səbəbi yükləmə-boşaltma və yüklərin daşınması işlərində təhlükəsizlik texnikası üzrə tələblərə əməl edilməməsi olmuşdur. 02.02.2016-cı il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert komissiyası tərəfindən ilkin müayinədən keçirilərək əmək qabiliyyətinin 50 faiz itirilməsi diaqnozu qoyulmuş və üçüncü dərəcəli əlillik statusu verilmişdir. Bununla əlaqədar olaraq o 257 (iki yüz əlli yeddi) manat təqaüd və işlədiyi Akkord STİK ASC-dən 731 (yeddi yüz otuz bir) manat məbləğində müavinət alırdı. Lakin 02.06.2021-ci il tarixindən etibarən 257 (iki yüz əlli yec di) manat məbləğində təqaüdü və işlədiyi Akkord STİK ASC-dən aldığı 731 (yeddi yüz otuz bir) manat məbləğində müavinəti dayandırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, məhkəmənin 10.09.2021-ci il tarixli qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə İddiaçı 5 fevral 2021-ci il tarixdən İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilmiş, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin cavabdeh kimi prosessual iştirakına xitam verilmişdir Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Bakı 7 nömrəli Şəhər Poliklinikasının 28.09.2015-ci il tarixli 0170003AABYE saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olmaqla => S82.7 - Baldırın çoxsaylı sınıqları; Diaqnozun mətni: Baldır sümüklərinin, aşıqbaldır oynağı da daxil olmaqla sınığı, Sol baldırın hər iki topuğunun yerdəyişmiş sınığından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının 25.11.2015-ci il tarixli 0170003AAB58 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olmaqla => S82.9 - Baldırın dəqiqləşdirilməmiş hissəsinin sınığı; Diaqnozun mətni: Sol baldırın hər iki topuğunun yerdəyişmiş sınığından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının 29.01.2016-cı il tarixli 0170003AACCP saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80- S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olmaqla => S82.9 - Baldırın dəqiqləşdirilməmiş hissəsinin sınığı; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının 03.02.2021-ci il tarixli 0170003AADZ5 saylı göndərişi əsasında baxılmış və “Səbəbi : İstehsalat zədəsi; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olmaqla => S82.8 - Baldırın digər şöbələrinin sınığı; Diaqnozun mətni: Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sol qamış sümüyünün iç topuğun ikili oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyridüzgün bitişmiş sınığı, pəncənin yarımçıxığından sonrakı vəziyyət. Sol aşıq baldır oynağının travmadan sonrakı artrozu. Sol aşıq baldır oynağının açıcı-bükücü kəskin kontrakturası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Odur ki, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməli olduğu bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7592/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı qiymətləndirildiyi 05 fevral 2021-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" ASC tərəfindən təsdiq edilmiş istehsalatda bədbəxt hadisə haqqında İZ formalı akta əsasən, (24.11.2015-ci il tarixli təhqiqat aktı) yükləmə-boşalma və yüklərin daşınması işlərində təhlükəsizlik texnikası üzrə tələblərə əməl edilməməsi nəticəsində bədbəxt hadisə baş vermiş və İddiaçı sol baldır nahiyəsindən xəsarət almışdır. 02.02.2016-cı il tarixdə İddiaçı müayinəsinin nəticəsi olaraq əmək qabiliyyətinin itirilmə faizi 50% olmaqla dirsək oynağının funksional pozulması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması; Askilozu və ya kontrakturası; Hərəkət həcminin müəyyən dərəcədə pozulması (M21.2, M24.5-M24.6, M67.1, M99.0) diaqnozu ilə üçüncü dərəcə əlillik (dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiyası və pronasiyas halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5-M24.6, M25.6, M67.1, M99.0) təyin edilmişdir və növbəti müayinə tarixi 02.02.2021-ci il müəyyən edilmişdir (ilkin əlillik). Növbəti müayinə tarixi 02.02.2021-ci il müəyyən edilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş 10.03.2021ci il tarixli arayışa əsasən, İddiaçı sol qamış sümüyünün içəri topuğunun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, pəncənin yarımçıxığı, sol aşıq-baldır oynağının degenerativ kistoz komponentli artrozu, açıcı-bükücü kəskin kontrakturası diaqnozu qoyulmuşdur (S82.5, S82.3, M84.0, S93.0, M19.1, M24.5, M62.5, R52.2, R26.8). Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, İddiaçı Forma 88№0170003AADZ5 üzrə 05.02.2021-ci il tarixdə baldır sümüklərinin, aşıqbaldır oynağı da daxil olmaqla sınığı, sol qamış sümüyünün iç topuğunun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyridüzgün bitişmiş sınığı, pəncənin yarımçıxığından sonrakı vəziyyət. Sol aşıq baldır oynağının travmadan sonrakı artrozu. Sol aşıq baldır oynağının açıcı-bükücü kəskin kontrakturası diaqnozu ilə qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticəsində diaqnozun əlillik əlaməti müəyyən edilməməsi əsası ilə imtina verilmişdir Tibbi-Sosial Ekspert Komissiyasında Forma 88№0170003AADZ5 üzrə sonuncu müayinəyə dair məlumata əsasən, Forma 88№0170003AADZ5 yanlış və ya natamam doldurulması - dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur; Həkimin rəyi: xəstənin müalicə müddəti yetərli deyil əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. TSEK-ə göndərişə əsas verən Bakı 7 nömrəli Şəhər poliklinikasının 21.01.2021-ci il tarixli müayinə vərəqəsinə əsasən (göndərişin tarixi 03.02.2021) (Forma 88№ 0170003AADZ5), İddiaçı barəsində müayinəyə əsas verən diaqnoz - baldır sümüklərinin, aşıq-baldır oynağı daxil olmaqla sınığı (S82); ağırlaşması - oynaqların kontrakturası (M24.5); əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi (M62.5); digər daimi ağrı (R52.2); hərəkətin və ya yerişin digər və dəqiqləşdirilmiş pozulmaları (R26.8); Digər oynaqların posttravmatik artrozu (M19.1); yanakı xəstəliklər – İ11.0 [Durğunluq] ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, Arterial hipertenziya” İİ mərhələ; H52.4 Presbiopiya, OUpresbiopiya; E11 İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip2; F48.0 Nevrasteniya hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3-cü bəndinə əsasən, üçüncü dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5- M24.6, M25.6, M67.1, M99.0); TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində (Forma 88№ 0170003AADZ5) həmin Əsasnamənin 2.3.2-ci bəndinə əsasən, əlillik əlaməti təyin edən diaqnoz göstərilməsinə baxmayaraq (bax 18-ci və 21-ci bənd), cavabdeh tərəfindən 05.02.2021- ci il tarixdə aparılan qiymətləndirmədə diaqnozun əlillik əlaməti təyin etmədiyi göstərilmişdir. Həmin diaqnoz üzrə iddiaçı 02.02.2016-cı il tarixdə müaynə olunaraq 5 (beş) il müddətinə İİİ dərəcə əlillik təyin edilmişdir. Digər tərəfdən altsistemdə Forma 88№ 0170003AADZ5 üzrə axtarış zamanı statusu “yanlış və ya natamam doldurulmuşdur” göstərilməklə xəstənin müalicə müddətinin yetərli olmadığı göstərilir (bax 16-cı bənd). Halbuki göndərişin natamam və ya yanlış doldurulması imtina üçün deyil, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişin altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərilməsi üçün əsasdır (bax: 20-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 05.02.2021-ci il tarixdə qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən cavabdehin iddiaya yazılı etirazında “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5.1-ci bəndinə istinadı əsassızdır. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra həmin halların davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7592/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-625/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-625/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver