Məhkəmə qərarları › İş №2-1(103)-626/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-626/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-626/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına və həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «pensiyanın dayandırılmasının qanunsuz hesab edilərək bərpa olunması və «artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə qərarın ləğv edilməsi tələbinə dair”, eyni zamanda, iddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pulun tutulması tələbinə dair” iddiasına dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan isə iddia dəqiqləşdirərək ona yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının ödənilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi və pensiya ödənişinin dayandırıldığı 01 mart 2021-ci il tarixindən bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (1-ci cavabdeh) həvalə edilməsi, eyni zamanda, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (2-ci cavabdeh) “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli 21620916 263 nömrəli qərarının ləğv edilməsi və ödənilən pensiyadan tutulmanın aparılmasının həmin Filiala qadağan edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehlər tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi 01 mart 2021-ci il tarixindən əsassız olaraq dayandırılaraq, “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 5 may 2021 -ci il tarixli qərar əsasında ona ödənilən pensiyanın məbləğindən ayda 20% olmaqla, tutulur. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən pensiya ödənişin dayandırılması və ödənilən pensiya məbləğlərinin ondan tutulması qanunsuz və əsassızdır. Eyni zamanda, DSMF PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da məhkəmədə iddiaçı qismində cavabdeh İddiaçı qarşı iddia qaldıraraq artıq ödənilmiş 20.530,40 manat pensiya məbləğinin tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı tərəfindən cavabdeh İddiaçı pensiya işinə aid sənədlərə baxılarkən məlum olmuşdur ki, xx.xx.1977-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində “Vostokneft” Birliyində quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1981-10.11 1983-cü il və xx.xx.1997-01,06.2000-ci il tarixləri arasındakı dövr ərzində N.Nərimanov adına NQÇİ-də neft və qaz çıxarma üzrə operator və usta vəzifəsində işlədiyi dövrlər Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahısı üzrə müəyyən edilmiş peşə və vəzifələrə aiddir ki, bu da cəmi 5 il 8 ay 5 gün təşkil etməklə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmağı üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajından azdır. X4 rayon şöbəsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq ona 03 yanvar 2012-ci il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Bu səbəbdən də iddiaçıya xx.xx.2012-xx.xx.2021 dövrü üzrə ümumilikdə 20534,44 manat artıq pul vəsaiti ödənilmişdir.Bununla əlaqədar olaraq ona artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmiş və əks halda, ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında’ Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hər iki iddia üzrə işlər bir icraatda birləşdirilmişdir. Bir icraatda birləşdirilmiş həmin işə mahiyyəti üzrə baxılaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə aşağıdakı kimi qərar qəbul edilmişdir: “ Birinci tələb üzrə: İddiaçı iddiası təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz hesab edilsin və pensiyanın ödənilməsinin dayandırıldığı 01 mart 2021-ci il tarixindən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilsin və İddiaçı ödənilən pensiyadan tutulmanın aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin. İkinci tələb üzrə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş 20534,4 manat pensiya məbləğinin İddiaçı tutularaq ödənilməsi tələbi təmin edilməsin.” İddiaçı ƏƏSMN tabeliyində DSMF PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (birinci iddia üzrə 1-ci cavabdeh) birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın pensiyanın ödənilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi və ödənilməsinin dayandırıldığı 01 mart 2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin Filiala həvalə edilməsi hissəsində rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmış, eyni zamanda, aşağıdakılar qeyd edilmişdir: “...Məhkəmə işi mahiyyəti üzrə araşdırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəmə “etimadın qorunması” prinsipinə əsaslanmaqla qərar qəbul edilmişdir. Bununla bağlı bildiririlir k ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinin müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Sözügedən maddənin məzmununun təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, aşağıda göstərilən iki halda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilər: 1) həmin inzibati akt başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurduqda; 2)Həmin inzibati akt dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduqda. Göründüyü kimi, iddiaçıya dövlət büdcəsi hesabına artıq ödənilmiş pensiya məbləğinin olması dövlət maraqlarına ziyan vurur. Eyni zamanda onunla eyni kateqoriyadan olan lakin pensiya məbləği düzgün hesablanmış şəxslərə münasibətdə sözügedən artıq ödəmənin olması başqa şəxlsərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurulması kimi qiymətləndirilməlidir. Odur ki, ilkin birinci iş üzrə iddianın təmin edilməsi barədə qərarın maddi hüquq normalarının pozulması hesab edilməlidir. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə aşağıdakı hallarda da maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Nəzərə alınmalıdır ki, əmək pensiyasının qanunauyğun təyin edilməsi və hesablanması pensiya sisteminin əsas təməl prinsipləridir. Məhkəmənin pensiyanı bərpa etməsi qeyd olunan pensiya sisteminin təməl prinsiplərinə ziddir və “qanunçuluq” prinsipinə uyğun olmamışdır. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun.” Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyatorun nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş birinci iddia üzrə İddiaçı və həmin iddia üzrə digər 2-ci cavabdeh ƏƏSMN DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 82-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayətinin dəlilləri həddində baxılmalıdır. Belə ki, ikinci cavabdeh DSMF-nin Sosial Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməmiş, əksinə, məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı tərəfindən icra edildiyini bildirmişdir. İşə apellyasiya qaydasında mahiyyəti üzrə baxan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə birinci İddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia tələbinin təmin olunmasını, sonuncunun isə İddiaçı qarşı artıq ödənilmiş pensiya məbləğinin tutulması tələbinə dair iddisının rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materiallarına araşdırıldıqda müəyyən olunur ki, DSMF-nin Qaradağ rayon şöbəsinin 23 iyun 2017-ci il tarixli qərarına əsasən birinci İddiaçı, 3 yanvar 2012-ci il tarixindən hesablanmaqla, yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir, həmin qərar ləğv olunmamış və hal-hazıradək qüvvədədir. Digər tərəfdən, iş materiallarına əsasən müəyyən olunur ki, birinci iddia üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (hazırkı apellyator) tərəfindən İddiaçı pensiya işi üzrə araşdırma aparılarkən və ona xx.xx.2012-xx.xx.2021 dövrü üzrə, ümumilikdə, 20534,44 manat artıq pensiya vəsaitinin ödənildiyi müəyyən edilərək pensiya ödənişi dayandırılması zamanı pensiyaçı İddiaçı özü inzibati icraata cəlb olunmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İş materiallarına əsasən pensiya təyin edicisinin hüquqi varisi hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən isə inzibati qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunduğu müəyyən olunmur. Ən başlıcası isə, pensiyaçı İddiaçı etimad etdiyi pensiya təyinatı barədə 23 iyun 2017-ci il tarixli qərar qüvvədə olduğu halda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 01 mart 2021-ci il tarixindən pensiya ödənişini dayandırması və ona ödənilmiş pensiya vəsaitinin tələb olunması inzibati icraat haqqında hüquq normalarına tamamilə zidd və qanunsuzdur. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən isə iddia ərizəsində cavabdehin Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Ümumiyyətlə, apellyatorun apellyasiya şikayətində və məhkəməyə təqdim etdiyi digər sənədlərə əsasən pensiyaçı İddiaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verildiyi müəyyən olunmur, bununla bağlı heç bir mötəbər dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir… İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiyaçı İddiaçı qarşı 2012 - 2021-ci illər ərzində ödənilmiş 20534,4 manat pensiya məbləğinin geri qaytarılmasının tələb olunması inzibati icraat haqqında hüquq normalarına və Avropa Məhkəməsinin presedent qərarları baxımından əsassızdır. Odur ki, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına münasibətdə iddianın rədd olunmasını və ona münasibətdə A.Hüsyenlinin iddia tələbinin təmin edilməsini işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası onun apellyasiya şikayətinin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (mübahisələndirilən hissədə) dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar