Məhkəmə qərarları › İş №2-1(103)-626/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-626/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-626/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı "85500 manat əldən çıxmış fayda qismində vəsaitin və 80000 manat dəyərində obyektin dəyərinin, cəmi 165600 manat vəsaitin tutulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1899/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş “ƏMX Qaya” İKF 6 saylı ticarət obyektinin 2001-ci il tarixindən kirayəyə verildiyi nəzərə alınaraq 85500 manat əldən çıxmış faydanın, 80000 manat dəyərində ticarət obyektinin real bazar qiymətlərinə uyğun dəyərinin, ümumilikdə 165500 manat dəyərində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərinin Xətai rayonunun ərazisində yerləşən “ƏMX Qaya” İKF-nin 6 saylı emalatxanasının sahibi olmuşdur.Həmin obyekt cavabdeh tərəfindən 2001-ci ildə sökülmüşdür.İddiaçı dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh obyektin bərpa edilməsi barədə tədbir görməmişdir.Həmin obyektin söküldüyü 2001-ci ildən bu günə qədər iddiaçının təqribi qazancı 85500 manat təşkil edəcəkdi. Lakin iddiaçı həmin qazancdan məhrum olmuşdur.Həmçinin sözügedən ticarət obyektinin bu günə bazar qiyməti 80000 manat təşkil edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1899/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı sökülmüş ƏXM ”Qaya “İKF-nin 6 saylı ticarət obyektinin dəyəri 30000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində sözügedən qeyri-yaşayış sahəsinin 2001-ci ildə söküldüyünü göstərmişdir, lakin iddiaçı 2022-ci il tarixdə məhkəməyə müraciət edərək hüququnun pozulduğunu bildirmişdir.Məlumat üçün bildiririk ki,qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı iddia hüququnun əmələ gəldiyi gündən başlanır və iddiaçı tərəfindən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Eyni zamanda Xətai rayonu, Q.Yəhya küçəsi,28 ünvanında yerləşən “ƏMX Qaya” İKF 6 saylı emalatxanaya dair rayon İcra Hakimiyyətində heç bir məlumat aşkarlanmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1899/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.1997-ci il tarixli notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən X1 Əmlak Komitəsinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1996-cı il tarixli şəhadətnaməsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Q.Yəhya küçəsi, 28, 6 ”a” №li emalatxananı (sahəsi 12 kv metr) iddiaçıya satmışdır; -"xxxx" Qiymətləndirmə və Konsaltinq Şirkətinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert rəyinə əsasən İddiaçı sahiblik hüququ olan Xətai rayonu, İnqilab İsmayılov (keçmiş Qulam Yəhya) küçəsi, 28- də sökülənə qədər yerləşmiş Xətai rayon ƏMX “Qaya” İKF-nin 6a saylı emalatxanasının və qeyri-yaşayış sahəsinin vahid əmlak olaraq xx.xx.2022-ci il tarixinə mövcud olduğu halda bazar dəyəri 78000 manat təşkil edir; - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, qeyd olunan ünvanda ona məxsus ticarət xidməti obyektinin olması və ya həmin obyektin sökülməsi barədə rayon icra hakimiyyətində hər hansı məlumat qeydə alınmamışdır; -xx.xx.2000-ci il tarixli iddiaçı ilə Xətai rayon MKTB arasında bağlanmış “Qeyriyaşayış sahələri üzrə istismar xərclərinin yığım haqqı üçün birtipli müqavilə”yə əsasən iddiaçı Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən obyektə görə illik ümumi istismar yığımı haqqı olan 31500 manat məbləğini sonuncuya ödəməyi öhdəsinə götürmüşdür; - Bakı şəhəri 12 saylı Dövlət Notariat Ofisinin 3M-6-1073 nömrəli notariat işində olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməsinə və 1187 №li, xx.xx.1996-cı il tarixli alqısatqı müqaviləsinə əsasən əsasən Bakı şəhəri, Q.Yəhya küçəsi, 28-də yerləşən 6a №li emalatxana və 12 kv metr qeyri-yaşayış sahəsini X2 Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən satın almış, alınmış əmlakın tərkibinə Xətai rayon ƏMX “Qaya” İKF-nın 6/a saylı emalatxanası və 12 kv metr qeyriyaşayış sahəsi daxil olmudur, X2 12 kv metr qeyri-yaşayış sahəsini iddiaçıya xx.xx.1997-ci ildə alqı-satqı müqaviləsi əsasında satmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər;1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər;.. 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəzdir; Həmin Qanunun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonunun ərazisində daşınmaz əmlakın mülkiyyətçisi olmuşdur və həmin əmlak cavabdeh tərəfindən Bakı şəhərinin Xətai rayonunun ərazisinin abaşdlaşdırılması işlərinin həyata keçirilməsi zamanı sökülmüşdür, bu zaman iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçının mülkiyyətində olmuş əmlakın- qeyri-yaşayış sahəsinin ölçüsü 12 kv metr olmuşdur, qeyd edilən hal Bakı şəhəri, 12 saylı Dövlət Notariat Ofisinin 3M-6-1073 nömrəli işində olan xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsi ilə təsdiqlənir, belə ki, məhz həmin müqavilə əsasında iddiaçı Bakı şəhəri Xətai rayonu ərazisində qeyri-yaşayış sahəsini əldə etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 1695 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən həmin rayon ərazisində köçürülmə ilə əlaqədar qeyri-yaşayış sahələrinin hər bir kv metr sahəsinə görə 2500 manat məbləği ödənilmişdir, belə olan halda 12 kv metr qeyri-yaşayış sahəsinin sökülməsinə görə cavabdeh tərəfindən iddiaçıya 30000 manat kompensasiya ödənilməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı ticarət obyektinin 2001-ci ildən kirayə veriləcəyi təqdirdə 85500 manat gəlir əldə edəcəyini göstərərək 85500 manat əldən çıxmış faydanın da cavabdehdən tutulmasını tələb edir. Lakin iddiaçı tərəfindən ticarət obyektinin 2001-ci ildən kirayə verəcəyi təqdirdə 85500 manat məbləğində gəlir əldə edəcəyinə dair sübutları – həmin ərazidə eyni sahəyə malik qeyriyaşayış sahəsinin ayda 300-350 manat kirayəyə verilməsinə dair kirayə (icarə) müqavilələrini və s. məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının iddiasını 85500 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1899/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1899/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar