Məhkəmə qərarları › İş №2-1(103)-626/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-626/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-626/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “əlilliyin dayandığı tarixdən təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7947/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyin dayandığı tarixdən ödənişlərin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 25 noyabr 2011-ci il tarixdən 28 fevral 2021-ci il tarixə kimi əlillik pensiyası almışdır. Həmin dövrdən cəzaçəkmə müəssisəsidə stasionar qaydada müalicədə olmuş, həqiqətən əlil olması öz təsdiqini tapmış, lakin cavabdeh onun əlilliyini 29 sentyabr 2023-cü il tarixdən növbəti dəfə vermiş, 01 mart 2021- ci il tarixdən 29 sentyabr 2023cü il tariədək əlilliyə görə əmək pensiyası ödənilməmişdir. Daha sonra iddiaçının dəqiqləşməsinə uyğun olaraq məhkəmə qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, iddia tələbi əlilliyin təyinat tarixinin 02 fevral 2021-ci il tarix kimi dəyişdirilməsi formasında icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçıya 02 fevral 2016-cı il tarixdən 5 il müddətinə əlillik təyinatı aparılmış, 29 sentyabr 2023-cü il tarixli göndərişin natamam doldurulması səbəbindən imtina verilmiş, sonradan 2 il müddətinə həmin tarixdən əlillik təyinatı aparılmışdır. Müddət başa çatdqıdan sonra təyin edilmiş əlilllik qüvvədən düşdüyündən qüvvədən düşmüş hesab edilir. İddiaçının əlillik müddəti bitdikdən sonra təkrar müraciəti 2 il sonra olmuşdur. İddiaçı bununla əlaqədar ilk növbədə müraciət etməli, əlillik səviyyəsində olma faktı tanınmalı, əliliyin verilməsindən imtina edilməli idi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7947/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyin təyinat tarixinin 29 sentyabr 2023-cü il tarixdən 02 fevral 2021-ci il tarixə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7947/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 21 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, əlillik müddəti bitdiyi üçün ona ödəniş 28 fevral 2021-ci il tarixdən dayandırılmışdır. İddiaçınn əlillik müddəti 02 fevral 2021-ci il tarixdə bitmişdir. Sonradan əlillik bərpa edildiyi üçün 29 mart 2023-cü il tarixdən ödəniş də bərpa edilmişdir. Əlillik müddətinin bitdiyi vaxtdan 6 aydan çox müddət keçdikdən sonra bərpa edildiyindən 01 mart 2021-ci il tarixdən 29 mart 2023-cü il tarixədək ödənişin aparılması mümkün olmamışdır. - Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 1175/21 saylı xəstəlikdən çıxarışından görünür ki, iddiaçı 04 may 2021-ci il tarixdən 10 saylı Cəzaçəkmə müəssisəsindən əlillik dərəcəsinn təyini məqsədi ilə Müalicə müəssisəsinə köçürülmüş, topanmış materiallar TSERAS alt sistemində daxil edilmək istənilsə də, müəssisənin proqram təminatında yaranmış nasazlıqla əlaqədar bu mümkün olmamışdır. - Əlillik altsismindən çıxarışdan görünür ki, iddiaçıya sonuncu dəfə 30 yanvar 2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə 02 fevral 2021-ci tarixinə kimi əlillik təyinatı aparılmışdır. - 11 oktyabr 2023-cü il tarixi əyani müayinə aktından görünür ki, iddiaçı əyani müayinədə olmuş və ona 2 il müddətinə göndəriş əsasında əlillik təyinatı aparılmışdır. - Tibbi-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, 29 sentyabr 2023-cü il tarixli qərarla iddiaçı barəsində 2 il müddətinə əlillik təyinatı aparılmışdır. - Cavabdehin 17 may 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ona 29 sentyabr 2023-cü il tarixində ümumi xəstəlik səbəbindən iki il müddətinə əlilliyin təyin edilməsinə dair qərar qəbul edilmişdir. 6 aylıq müddət məhdudiyyəti səbəbindən, əlilliyin bitmə tarixi 02 fevral 2021-ci il tarixə təsaduf etdiyindən, əvvəlki dövr üzrə ödənişin aparılması mümkün olmamışdır. -Penitensiar Xidmətin Müalicə Müəssissəsinin 14 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, proqram təminatında yaranmış nasazlıqla bağlı məlumatların sistemdə yerləşdirilməsi mümkün olmamış, sonradan yeni elektron imza ilə təminat aparlmışdır. -27 may 2021-ci il tarixli Raportdan görünür ki, Tibb Baş İdarəsinə məktubla mürciət edilərək göndərişlərin mərkəzləşdirilmiş reyestrə daxil edilməsinin təmini üçün komissiyanın tərkibində olan şəxslərin adına olan elektron imza müddətinin bitdiyi üçün kartın yenilənməsi və yeni üzvlər üçün elektron imzanın verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra- Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.7. Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Hazırkı işin hallarından görünür ki, iddiaçının tələbi onun əlillik müddəti üzrə təyinatının aparılmadığı, yəni 02 fevral 2021-ci il tarixə kimi qüvvədə olmuş, daha sonra qüvvədən düşmüş, sonradan isə 29 sentyabr 2023-cü il tarixdə əlillik təyinatının aparıldığı dövr arasında, yəni 02 fevral 2021-ci il tarixdən 29 sentyabr 2023-cü il tarixə kimi əlillik təyinatının olmaması və bu səbəbdən də əlilliyi olan şəxs kimi pensiya məbləğinin ödənilməməsinin qanunsuz hesab edilməsi və həmin ödənişləri alması ilə əlaqədardır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyinatı həyata keçirən orqan tərəfindən həmin ödənişlərin edilməməsini onunla əsaslandırılır ki, əlillik müddətinin bitdiyi tarix ilə növbəti təyinat tarixi arasında 6 aydan artıq müddət ötürülmüşdür. Cavabdeh isə əlillik təyinatının 02 fevral 2021-ci il tarixdən təyin edilməsini o səbəbdən həyata keçirmir ki, əlilliyin təyinatı 29 sentyabr 2023-cü il tarixdən göndəriş əsasında aparılmışdır. Daha doğrusu göndəriş əsasında ilkin olaraq aparılmamış, natamam doldurulmaya istinad edilmiş, daha sonra əyani müayinə nəticəsində göndərişdə olan xəstəliklər əsasında əlillik təyinatı aparılmışdır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı 02 fevral 2021-ci il tarixdə əlillik müddəti bitdikdən sonra 6 aylıq müddəti ötürmədən əlilliyin təyinatı üçün əsas olan xəstəliklər barədə barədə məlumatların cavabdehə göndərilməsi üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə müraciət etmiş, lakin, təqdim edilən sənədlərdən də göründüyü kimi, elektron sistemdə nasazlıqla bağlı həmin məlumatlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda mövcud olan xəstəliklərə baxmayaraq iddiaçıya vaxtında əlilliyin təyin edilməməsi, onun yox, göndərişin doldurulmasını həyata keçirən aidiyyəti inzibati orqanın əməkdaşlarının səlahiyyətlərinin icrası ilə bağlı olmuşdur ki, məhkəmə hesab edir ki, inzibati orqanın əməkdaşlarının səhvinə münasibətdə iddiaçı hər hansı öhdəlik daşımadığından onun hazırkı iddiası təmin edilməlidir. Göründüyü kimi, məlumatların daxil edilməməsində iddiaçının hər hansı təqsiri olmamış, iddiaçı həmin vaxtda cəzaçəkmə müəssisəsində olmuşdur. Cavabdeh isə, hazırkı halda iddiaçının cəzaçəkmə müəssisəsində olmasını, əlillik təyinatına əsas olması sonradan təsdiq edilən xəstəliyini, hər hansı təqsirli halını, eləcə də məlumatların daxil edilməsində özü kimi inzibati orqan statusunda olan və ya inzibati orqanın nəzarətində olan müəssisənin təqsirini nəzərə almamış, formal qiymətləndirmə aparmaqla əlillik təyinatını aparmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin sübut edilməsi öhdəliyi cavabdehin üzərinə düşsə də, həmin hallar sübut edilməmiş, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7947/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7947/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar