Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-627/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X3” MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “iddiaçıdan gömrük ödənişləri üzrə artıq məbləğin alınmasının qanunsuz sayılması və vurulmuş zərərin əvəzi kimi həmin məbləğin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-5528/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı “X3” MMC cavabdeh AR Dövlət Gömrük Komitəsinə qarşı «iddiaçıdan gömrük ödənişləri üzrə artıq məbləğin alınmasının qanunsuz sayılması və vurulmuş zərərin əvəzi kimi həmin məbləğin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının gömrük ödənişləri üzrə artıq 507.445,05 manat məbləğin alınmasının qanunsuz sayılması və iddiaçıya vurulmuş zərərin əvəzi kimi həmin məbləğin qaytarılması öhdəliyinin cavabdeh AR Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh AR Dövlət Gömrük Komitəsi məhkəməyə yazılı münasibətini təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunanları AR Dövlət Gömrük Komitəsi əsassız hesab edir. İddiaçının tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır. Bakı Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı onunla Türkiyə Respublikasının hüquqi şəxsi arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli müqavilə əsasında Azərbaycan Respublikasına qara metaldan konstruksiyalar və onların ləvazimatlarını idxal etmişdir. İddiaçı həmin malların gömrük rəsmiləşdirilməsi zamanı 2020-ci ilin fevral və mart ayları ərzində gömrük orqanına 43 ədəd gömrük bəyannaməsindəki məlumatların düzgünlüyünü, xüsusilə bəyannamələrin “Malların təsviri” barədə 31-ci qrafasında “eyniləşdirmə vasitələri və nömrələr, konteynerlərin nömrəsi, malların miqdarı və növü”, 33-cü qrafasında “Malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu”, 42-ci qrafasında “invoys dəyəri”, 43-cü qrafasında “gömrük dəyərinin müəyyən edilməsinin üsulu”, 45-ci qrafasında “Gömrük dəyəri”, 46-cı qrafasında statistik dəyəri və 50-ci “Vəkalət verən” qrafasında bəyannamədə göstərilən məlumatları təsdiqləməklə təqdim etmiş, gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Malların gömrük rəsmiləşdirilməsi zamanı həmin bəyannamələrlə bağlı iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə olmamışdır. Bunu iddiaçının həmin vaxt ərzində gömrük orqanına və ya məhkəməyə bu məsələ ilə bağlı hər hansı bir müraciətinin olmaması sübut edir. Buna rəğmən iddiaçı öz iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi, gömrük ödənişlərini ödəyərək gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannamələri mallar sərbəst dövriyyəyə buraxıldıqdan sonra şübhə altına almış, 22 aprel 2020-ci il, 07 may 2020-ci il və 21 may 2020-ci il tarixli məktublarla Bakı Baş Gömrük İdarəsinə və Dövlət Gömrük Komitəsinə müraciət edərək gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmiş və həmin pulun geri qaytarılmasını tələb etmişdir. Ərizələr gömrük orqanı tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir. Müvafiq prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanları malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Lakin iddiaçı bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. Qurum vaxtında həmin hüququndan da istifadə etməmiş, təqdim etdiyi gömrük bəyannamələri ilə idxal etdiyi malların gömrük rəsmiləşdirilməsini başa çatdırmış və mallar onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş malların gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. İddiaçı ilə gömrük orqanı əsasında gömrük dəyəri ilə bağlı mübahisə mövcud olmadığı üçün iddiaçı gömrük rəsmiləşdirilməsi aparılan zaman yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət etməmişdir. İddiaçı idxal edilmiş malların gömrük dəyərlərini bəyannamələrdə göstərmiş, gömrük orqanı da həmin bəyannamələrdə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmişdir. İddiaçı bəyannaməçi kimi təqdim etdiyi gömrük bəyannamələrinin 50-ci qrafalarında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş, 54-cü qrafasında isə bəyannaməçinin, təmsilçinin imzası, adı, möhürü və tarix ilə təsdiqlənmiş və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Dövlət Gömrük Komitəsi hesab edir ki, iddiaçının təqdim etdiyi gömfük bəyannamələrinin gömrük rəsmiləşdirilməsi AR gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Əlavə olaraq bir daha bildirilir ki, qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi bəyannamələri və onlafa əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının təsdiqlədiyi bəyannamələrdə göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Göstərilənlərə və AR Gömrük Məcəlləsinin 1.0.12, 40, 50, 102, 104, 121, 123, 146, 148, 149, 151 – 153, 157, 160, 162, 164, 218 – 220, 224, 225, 242, 266, 267, 269, 270, 322, 333-cü maddələrinə, «Gömrük tarifi haqqında» AR Qanununun 1, 3, 4, 7, 8, 10, 11, 12, 18-ci maddələrinə, «Dövlət rüsumu haqqında» AR Qanununun, AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları», «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları», «Gömrük ödənişlərinin qaytarılması Qaydaları», «Gömrük ekspertizasının aparılması Qaydaları», «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nın müddəalarına əsaslanaraq, iddia təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-5528/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərardadını qəbul edərkən, aşağıdakı maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, nəticədə İddiaçının hüquqları kobud şəkildə pozulmuşdur: İlk əvvəl, iddiaçı 22 aprel 2020-ci il tarixdə, 88-A/NWC saylı məktubla (ərizə ilə) Bakı Baş Gömrük İdarəsinə müraciət etmişdir. Bakı Baş Gömrük İdarəsi 1400-012/004-24/003601 saylı, 15.05.2020-ci il tarixli məktubla iddiaçının ərizəsinə rədd cavabı vermişdir. Bundan sonra, iddiaçı, öz hüquqlarının pozuntusunun aradan qaldırılması məqsədilə 123/NWC saylı, 21 may 2020-ci il tarixli məktubla cavabdehə, yəni yuxarı inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh 1000-120/002-24/011176 saylı, 22.06.2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətini (kompensasiya ödənilməsi ilə bağlı) təmin etməkdən imtina etmişdir. Göründüyü kimi, son olaraq, iddiaçının hüqularını məhz cavabdeh (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) pozmuşdur. Bu baxımdan iddiaçı hazırki iddia tələbini də cavabdehə yönəltmişdir. Lakin, nədənsə, məhkəmə tərəfindən bu hallar nəzərə alınmamışdır. İkincisi, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.16-cı maddəsinə görə, gömrük orqanı - gömrük xidmətinin gömrük rəsmiləsdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsidir. Başqa sözlə, bu inzibati bölmə (Bakı Baş Gömrük İdarəsi) yalnız və sadəcə gömrük rəsmiləşdirməsi və gömrük nəzarətini həyata keçirən texniki bir funksiyadır. Ayrıca, həmin gömrük orqanının artıq tutulmuş gömrük ödənişlərinin qaytarılması ilə əlaqədar hər hansı sərəncamverici səlahiyyətləri yoxdur. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”-nın 6.9 və 6.10-cu maddələrində və həmin maddələrdə istinad edilən Gömrük Məcəlləsinin 334-cü maddəsində yalnız və sadəcə gömrük yığımları və haqqlarından (gömrük rüsumları və vergilər deyil) və onlar üzərində sərəncam verilməsindən bəhs edilir. İddiaçının isə tələb etdiyi kompensasiyanın mühüm hissəsi artıq tutulmuş gömrük rüsumlarından və əlavə dəyər vergisindən ibarətdir (gömrük yığımlarından yox). Bu mənada həmin pul vəsaitinin taleyinin necə həll olunduğu Gömrük Məcəlləsinin 333-cü maddəsində açıqlanır. Gömrük Məcəlləsinin “Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, dövlət rüsumunun, əlavə dəyər vergisinin, yol vergisinin və aksizlərin dövlət büdcəsinə köçürülməsi” başlığı altında olan 333-cü maddəsində deyilir: “Gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinə köçürülür.” Digər sözlərlə, Dövlət Gömrük Komitəsinin hesabına köçürüldükdən sonra büdcəyə yönəlir. Bu mənada İddiaçının kompensasiya tələbinin ümumilikdə, gömrük xidməti əvəzinə, sadəcə onun ayrıca inzibati qurumuna yönəldilməsi yetərsiz və mahiyyət etibarı ilə təminatverici olmazdı. İddianın kökündə iddiaçı tərəfindən idxal olunmuş malların gömrük dəyərinin gömrük xidmətinin məsul şəxsləri tərəfindən düzgün müəyyənləşdirilməməsi və nəticə olaraq dəfələrlə artıq gömrük dəyərinin təyin edilməsidir ki, bu da öz növbəsində əhəmiyyətli dərəcədə artıq gömrük rüsumlarının, vergilərin və yığımların tutulmasına gətirib çıxartmışdır. Dövlət Gömrük Komitəsinin Əsasnaməsinin 3.1.9.-cu maddəsinə müvafiq olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük dəyərinin düzgün müəyyən olunmasına nəzarət sisteminin təşkil edilməsi birbaşa Komitənin vəzifəsidir. Eyni zamanda, Gömrük Məcəlləsinin 267 və 269-cu maddələrinə dar tövsif verməklə onların yalnız “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”, “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” və “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” çərçivəsində tətbiqini məhdudlaşdırmaq qanunsuzdur. Beləliklə, məhz cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənilməli olması qanunvericiliklə tam təsdiqini tapır ki, məhkəmə, nədənsə, bu halları araşdırmaq əvəzinə, iddianı mümkün saymamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. AR Nazirlər Kabinetinnin 18 fevral 2013-cü il tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»na əsasən: - (6.1-ci bənd) Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir; - (6.7-ci bənd) Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; - (6.8-ci bənd) Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; - (6.9-cu bənd) Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin iş günü müddətində AR Dövlət Gömrük Komitəsinə göndərilməsini təmin edir; - (6.10-cu bənd) Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 iş günü müddətində maliyyə orqanına müraciət edir; - (7.2-ci bənd) Gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir AR Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar Vergi Məcəlləsinin 87.4-cü maddəsinə, «Sosial sığorta haqqında» AR Qanununun 9-1.2-ci maddəsinə və «İşsizlikdən sığorta haqqında» AR Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanlarıdır. Həmin Qaydaların 3.1-ci bəndlərinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edirlər. Həmin Qaydaların 4.10-cu bəndinə görə vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, mövcud qanunvericilik malların idxalı zamanı gömrük rəsmiləşdirilməsi üzrə artıq ödənilmiş gömrük ödənişlərinin (gömrük rüsumu, əlavə dəyər vergisi və s.) qaytarılması müvafiq qaydalarla tənzimlənir. Həmin qaydalarda ödəyicinin artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı müraciətlərinə ödənişləri tətbiq etmiş, yəni almış gömrük orqanı tərəfindən onun müraciəti üzrə ödənişlərin qaytarılması barədə qərar qəbul olunması, rəy tərtib edilməsi və onların maliyyə orqanına (AR Maliyyə Nazirliyinə) göndərilməsi və bundan sonra müvafiq ödənişlərin sonuncu tərəfindən qaytarılması nəzərdə tutulur. Hazırkı işin hallarından da görünür ki, iddiaçı “X3” MMC cavabdeh AR Dövlət Gömrük Komitəsinin gömrük rəsmiləşdirilməsi zamanı gömrük ödənişlərinin düzgün hesablanmaması ilə müşayiət olunan hərəkətlərinin qanunsuz sayılmasını və bunun nəticəsində həmin artıq ödəniş həcmində dəymiş ziyanı tələb etsə də, iddia mahiyyətcə onun idxal əməliyyatları üzrə gömrük rəmiləşdirilməsi zamanı gömrük ödənişlərinin səhv hesablanması və artıq ödənilmiş məbləğlərin qaytarılmasını ehtiva edir. İddia ərizəsində də AR Gömrük Məcəlləsinin gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması təsbit olunmuş 267.1.2-ci və 269-cu maddələrinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “X3” MMCnin inzibati icraat üzrə müraciəti ünvanlanmış inzibati orqan və icraatın nəticəsi üzrə imtina və ya hərıkətsizliyin mübahisələndirildiyi halda inzibati məhkəmə icraatı qaydasında ona qarşı tələb irəli sürülən cavabdeh qismində Azərbaycan Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi hazırkı cavabdeh AR Dövlət Gömrük Komitəsi deyil, iddiaçının idxal etdiyi mallara münasibətdə gömrük ödənişlərini tətbiq etmiş (almış) gömrük orqanı kimi Bakı Baş gömrük İdarəsi çıxış edə bilər. Birinci instansiya məhkməsi, həmçinin bildirmişdir ki, iddiaçı “X3” MMC-nin iddianın və cavabdehin dəyişdirilməməsində israrlı olduğunu bildirdiyindən, İPM-in 13 və 54.1-ci maddələri baxımından bununla bağlı iddiaçıya müvafiq yazılı tövsiyə ünvanlanması zərurəti yaranmamışdır. Cavabdeh AR Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçı “X3” MMC-nin hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(112)-5528/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-627/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-627/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver