Məhkəmə qərarları › İş №2-1(103)-627/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-627/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-627/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5803/2021 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Biləsuvar rayon Məşğulluq Mərkəzinə qarşı 190 manat birfədəlik ikiaylıq müavinətin ödənilməsi barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1147/2020 saylı, 14.09.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 03.12.2020-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tanınmasını, tələbi kimi isə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1147/2020 saylı, 03.12.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Məşğulluq İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Məşğulluq İdarəsi cavabdeh sırasından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs sırasından çıxarılmış, iddia tələbi “koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-83/2021-ci il saylı, 04.03.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5803/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbinin dəqiqləşdirilməsi qəbul edilmiş, iddia tələbi “koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin aprel və may ayları üçün aylıq 190 manat olmaqla, cəmi 380 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar evdən çıxmamaq haqqında çağırış olduğundan və ölkə hüdudlarını tərk etmək mümkün olmadığı üçün, o, yeganə pul qazanmaq imkanından məhrum olmuşdur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yeganə qazancdan məhrum olan şəxslərə birdəfəlik iki aylıq 190 manat pul verilməlidir. Həmin pulun ödənilməsi ilə bağlı telefon vasitəsi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh idarədən imtina cavabı gəlmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, MAS-dan əldə edilmiş məlumata əsasən, iddiaçı 23.04.2020-ci il tarixdə qeyd edilən sistemdə “işaxtaran” (işi və qazancı olan şəxs) kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat birdəfəlik ödəmə işsiz kimi qeydiyyatda olan və ya 27.04.2020-ci il tarixədək MAS-da qeydiyyatdan keçərək işsiz statusu təsdiqlənən şəxslərə şamil edilir. Beləliklə, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslər kateqoriyasına aid olmaması səbəbindən həmin Qaydaya uyğun birdəfəlik ödəməni almaq hüququ yaranmamış və ona birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə inteqrasiya olunmuş elektron informasiya qaynaqlarından əldə edilmiş məlumatlara əsasən, İddiaçı istifadəsində və ya mülkiyyətində 2 (iki) və daha çox nəqliyyat vasitəsinin olduğu da aşkarlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5803/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin may ayı üçün 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərarda qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və vəsait həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Nəzərə alınmalıdır ki, barəsində birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Qeyd edilməlidir ki, mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Bundan başqa, “Mediasiya haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qismən-iddianın təmin edilməyən hissəsində, cavabdehin isə apellyasiya şikayəti həmin qərarın iddianın təmin edilən hissəsinin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası mübahisələndirilən qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-5803/2021 saylı qərarı qismən-iddianın təmin edilən - İddiaçı koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin may ayı üçün 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbi rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. İşə baxan məhkəmə iddianı qismən təmin edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 23.04.2020-ci il tarixdə işaxtaran kimi qeydiyyatdan keçdiyindən həmin tarixdən 5 iş günü sonra, 01.05.2020-ci il tarixdə artıq onun barəsində işsiz kimi qeydiyyata alınma haqqında qərar qəbul edilməli və iddiaçı həmin tarixdən işsiz statusuna malik olmalı idi. Bu isə onun həmin ay üçün birdəfəlik ödəmə almaq hüququnun mövcud olduğunu göstərir. Lakin işdən görünür ki, cavabdeh bununla bağlı hərəkətsizlik göstərmişdir, iddiaçının tələbi ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən 2020-ci ilin may ayı üçün 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. 2020-ci ilin aprel ayına gəldikdə məhkəmə qeyd edir ki, həmin tarixdə iddiaçının statusu işaxtaran olduğundan və statusunun dəyişdirilməsi üçün qanunla nəzərdə tutulmş müddət keçmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı həmin aya münasibətdə tətbiq oluna və iddia tələbi həmin ay üçün birdəfəlik ödəmənin verilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 7 aprel tarixli 127 nömrəli Qərara istinad edərək ona 2020-ci ilin aprel və may ayları üçün 190 manat birdəfəlik ödəmənin verilməsini xahiş etmiş, cavabdeh onun bu tələbinə qarşı iki əsas dəlilə istinad etməklə etiraz etmişdir: 1. İddiaçı işsiz kimi deyil, işaxtaran kimi qeydiyyata alınmışdır; 2. İddiaçının istifadəsində 2 və daha çox nəqliyyat vasitəsi olmuşdur. Birinci dəlilə münasibətdə birinci instansiya məhkəməsı qeyd etmişdir ki, iddiaçı 23.04.2020-ci il tarixdə e-sosial onlayn müraciət əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınmışdır. Agentlik tərəfindən işaxtaran şəxslərlə bağlı müvafiq araşdırma aparıldıqdan sonra şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edildiyi göstərilsə də, iddiaçı ilə bağlı bu araşdırmanın aparılıb-aparılmaması, Qanunun 5.5-ci maddəsinin hansı əsasla iddiaçıya tətbiq edilməməsi barədə heç bir məlumat verilməmiş, Qanunun 5.13-cü maddəsinə əsasən işsiz kimi qeydiyyata alınmayan şəxsin özünün müraciət etməli olduğu bildirilmişdir, hansı ki, həmin maddəyə əsasən işsiz kimi qeydiyyata alınmayan və ya bu Qanunun 5.11.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir. Qanuna əsasən təkrar müraciət etmək şəxsin hüququ olduğu halda, Qanunun 5.5-ci maddəsində göstərilən qərarın qəbulu müvafiq orqanın vəzifəsidir. Həmin norma işsiz kimi qeydiyyata alınmayan və ya qeydiyyatı ləğv olunan şəxsin həmin qərarı aldıqdan sonra yenidən müraciət hüququnu nəzərdə tutur. Üçüncüsü, işdən aydın olur ki, cavabdeh qurum iddiaçının statusunu işaxtaran deyil, işsiz kimi qəbul etmişdir və ona Qaydanın - 3.4-cü bəndinə əsasən həmin Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması ilə bağlı imtina barədə SMS göndərmişdir (bu zaman onun işaxtaran kimi qeydiyyata alınmasına istinad edilməmiş, sadəcə istifadəsində 2 (iki) və daha artıq nəqliyyat vasitəsi olması səbəbindən imtina verilmişdir). Belə ki, Qaydanın yuxarıda da istinad olunan 3.4-cü bəndinə əsasən MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli, 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11- 2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8, 2.3.11, 2.3.12 və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Baş Dövlət Yol Polis İdarəsinin 08.01.2021-ci il tarixli, 016-1961-1221 saylı məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə hazırda İddiaçı adında və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. X1 məxsus “HONDA CRV” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında 24.08.2019-cu il tarixdən 24.08.2020-ci il tarixədək İddiaçı istifadəsində olması barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. İş materiallarından görünür ki, iddiaçıya verilmiş imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası»nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. İddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı tələbindən cavabdeh inzibati orqan imtina edərkən onun istifadəsində avtomobil olduğuna əsaslanmışdır ki, həmin əsas qaydaların 2.3.12-ci bəndində öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə iddiaçının istifadəsində avtomobil olduğundan cavadehin birdəfəlik ödəmənin verilməsindən imtinası əsaslı olmuşdur. İddiaçıya imtinanın verilməsinə əsas olmuş məlumatlar real vaxt rejimində «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası»nın 3.8-ci bəndinə müvafiq olaraq dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Qeyd olunan səbəblərdən iddiaçının birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən mübahisənin mediasiya vasitəsilə həllinin təklif olunmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmənin tərəflərə mübahisənin mediasiya vasitəsilə həllini təklif etməməsi tərəflərin hər hansı birinin təşəbbüsü və ya təklifi ilə mübahisənin öz aralarında mediasiya vasitəsilə həlli imkanını istisna etmir və mübahisə edən tərəfləri bu hüquqdan məhrum etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5803/2021 saylı qərarı qismən-iddianın təmin edilən - İddiaçı koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin may ayı üçün 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbi rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5803/2021 saylı qərarı qismən-iddianın təmin edilən - İddiaçı koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin may ayı üçün 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması hissəsində ləğv edilsin, bu hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dayişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar