Məhkəmə qərarları › İş №2-1(103)-627/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-627/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-627/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: mənzil növbəsinə götürülməsi və mənzil verilənədək kirayə pulunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X4 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülməsi və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiyası ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3931/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı, X2, X7, X8, X5 Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, onların mənzil növbəsinə götürülməsi və mənzil verilənədək kirayə pulunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Daha sonra iddiaçıların nümayəndəsi-vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023cü il tarixli, 123 nömrəli sərəncamına düzəliş edilərək, İddiaçı ailə üzvləri - X3, X7, X8, X5 ilə birlikdə olmaqla, mənzil növbəsinə götürülməsi və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci ildən xx.xx.2021ci ilə kimi hərbi qulluqçu olmuş, hərbi xidmət dövründə ona kiçik gizir, gizir, baş gizir hərbi rütbəsi verilmişdir. 157 nömrəli Hərbi Hissə Komandirinin 236 nömrəli İ əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddətləri başa çatdıqda) Azərbaycan Respublikası Müdafiə nazirinin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 26 iyul 2021-ci il tarixli 05gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır, 18 avqust 2021- ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Eyni zamanda bildirir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibəsində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşdə iştirak etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021- ci il tarixli. Arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən müharibə veteranlarına müəyyən edilmiş 80 manat məbləğində təqaüd alır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021- ci il tarixli arayışından görünür ki, Respublika üzrə onun adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında mənzil və fərdi yaşayış evi haqqında məlumat yoxdur. Arayışdan da görünür ki, onun adına hər hansı daşınmaz əmlak yoxdur və iddia ərizəsinə əlavə etdiyi kirayə müqaviləsinin surətindən görünür ki, o Bakı şəhəri, Səbail rayonu, Xanlar qəsəbəsi, 2-ci məktəb dön ev 15-də kirayədə yaşayır. SX ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, o, 15 təqvim ilindən çox (23 il 4 ay 13 gün) xidmət etmişdir. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq və lazım olan bütün sənədləri toplayaraq “ehtiyatda olan hərbçi kimi mənzil növbəsinə götürülməsi və kirayə pulunun alınmasında köməklik göstərilməsi” barədə Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etsə də, cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1069/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuş və məhkəmə qərarı Nəsimi RİHB-nın xx.xx.2023-cü il tarixli 123 №-li sərəncamı ilə icra edilmişdir. İddiaçı mənzil növbəsinə götürüldüyü üçün, ailə üzvlərinin də nəzərə alınmasını istəyir ki, hazırda cavabdeh orqan bundan imtana etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

5. Cavabdeh yazılı etirazını onunla əsaslandrmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 31 nömrəli evin 18 nömrəli mənzilində qeydiyyatda olan İddiaçı Cavabdehnə Ə-8-068 saylı, 07.01,22-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi və ona mənzil verilənədək mənzil kirayəsi xərclərinin ödənilməsi barədə müvafiq sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh Ə-8-068, xx.xx.2022-ci il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında“Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata buraxıldığına görə sözügedən qanunun ona şamil olunmadığı bildirilmişdir. Cavabdehin imtinası qanunsuz hesab edərək iddiaçı xx.xx.2022ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil növbəsinə qeydiyyata alınması və kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmısini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1 (112) - 1069/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh Başçısı tərəfindən verilmiş 123 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən həmin məhkəmə qərarının icrası təmin olunmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaşlar X3, X7, X8, X5 Bakı şəhəri Cavabdehnə 5-15/1-Ə-145-068/2023 saylı, xx.xx.2023-cü il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, İddiaçı ailə üzvü kimi mənzil növbəsinə götürülməsini xahiş etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, ərizəçilər ünvan 1 ünvanında qeydiyyatdadırlar, yəni Nəsimi rayonda qeydiyyatları yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Ərizəçilər adlarında daşınmaz əmlak və ya torpaq sahəsi olub-olmaması barədə arayış təqdim etməmişlər. Bakı şəhəri Cavabdeh 5-15/1-Ə-145-068/2023 saylı, 20.09.23-cü il il tarixli məktubu ilə ərizəçilərə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1 (112)- 1069/2023 nömrəli qərarı ilə İddiaçı yalnız özünün ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi pulunun verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuş və məhkəmə qərarı Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 123 nömrəli sərəncamı ilə icra edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3931/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 123 nömrəli sərəncamına düzəliş edilərək, İddiaçı, ailə üzvləri - X3, X7, X8, X5 ilə birlikdə olmaqla mənzil növbəsinə götürülməsi və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.

7. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. İddiaçı tərəfindən nikah haqqında şəhadətnamənin surəti, ailə üzvərinin - X3 (arvadı), X7 (oğlu), X8 (oğlu), X5 (qızı) doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surətləri məhkəməyə təqdim edilmişdir.

13. 157 nömrəli Hərbi Hissə Komandirinin 18 avqust 2021-ci il tarixli 236 nömrəli Əmrindən çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin-Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 26 iyul 2021-ci il tarixli 05gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 18 avqust 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlarından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Ağdam rayon şöbəsinə göndərilmişdir.

14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən müharibə veteranlarına (Vətən müharibəsi iştirakçılarına) 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır.

15. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli, 6935 nömrəli Travma haqqında arayışında bildirilmişdir ki, Baş gizir İddiaçı xx.xx.2015-ci il tarixdə deməsinə görə saat 08:20 radələrində düşmən tərəfindən atılan minamyot mərmisinin partlaması nəticəsində xəsarət alıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N nömrəli arayışında göstərilmişdir ki, Baş gizir İddiaçı hərbi xidmət keçdiyi dövrdə xx.xx.2015-ci il tarixdə xəsarət almış və bununla əlaqədar N nömrəli hərbi hissələrdə ambulator müalicədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq Yüngül xəsarətdir.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 28 iyul 2022-ci il tarixli məktubunda görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına Ağdam rayonu, Çəmənli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır.

17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ünvan 3 ünvanında, xx.xx.2021-ci il tarixdən hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1069/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur.

19. Bakı şəhəri Cavabdeh başçısının 123 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə ehtiyyatda olan hərbi qulluqçu kimi İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) mənzil növbəsinə götürülməsi və kirayə pulunun ödənilməsi qərara alınmışdır.

20. İddiaçının müraciətinə əsasən Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 5-15/2- 6-Ə-145-068/2023 №-li, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, onun hazırki tələbinin təmin edilməsi mümkün deyildir.

21. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 mart 2025-ci il tarixli, 3-21-3-02/2- 3098/2025 saylı məktubunda bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X1 və digərlərinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, - 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. 10. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:

3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

27. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar.

28. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə Ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.

29. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.

30. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 48.1. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 48.2. qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1. aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir.

52. yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1. yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə;

31. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

32. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı 2.3. həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

33. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”si 3.9.6. yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. 4.6.9. əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. 6.8. yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli qərarı

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

35. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir:

36. Hazırki iş üzrə iddia tələbi “Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 123 nömrəli sərəncamına düzəliş edilərək, İddiaçı, ailə üzvləri - X3, X7, X8, X5 ilə birlikdə olmaqla mənzil növbəsinə götürülməsi və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir.

37. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1069/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuş, Bakı şəhəri Cavabdeh məhkəmə qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 123 nömrəli sərəncamı ilə İddiaçı 1 nəfər ailə üzvü ilə (özü) ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. Lakin cavabdeh mənzil qanunvericiliyinin yuxarıda qeyd edilmiş qanunvericiliyin normalarına zidd olaraq iddiaçının onunla birlikdə yaşayan ailə üzvlərini nəzərə almamış, yaşayış sahəsinə ehtiyaçları olan şəxslər kimi mənzil uçotuna alınmamışlar.

38. İddiaçı Bakı şəhəri Cavabdeh başçısının sərəncamında onun ailə üzvlərinin (arvadı və övladları) də yaşayış sahəsinə ehtiyacları olan şəxslər kimi mənzil növbəsində nəzərə alınmasını xahiş etsə də, cavabdeh orqan formal əsaslarla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, Qanunvericiliyin tələblərinə görə ehtiyyata buraxılmış yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməli, mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə kompensasiya ödənilməlidir: Bakı şəhərində – hərbi qulluqçu üçün 150 manat, hərbi qulluqçu ilə birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən kompensasiya məbləğinin 50 faizi miqdarında.

40. Beləliklə, məhkəmə kollegiyası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

43. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

44. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(112)-3931/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Pərviz Hüseynov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar