Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-628/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X2 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4771/2024 saylı 03 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və "Bahar” bağçılıq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokoluna əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2005-ci il tarixli 01-31/391 və Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2005-ci il tarixli 7-3041/17 saylı razılıq məktubuna əsasən Əzizbəyov rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun cənub hissəsində H.Z.Tağıyev adına NQÇİ-nin işçilərinə Bakı Şəhər X.D.S İcraiyyə komitəsinin xx.xx.1989-ci il tarixli 6/255№-li qərarı ilə kollektiv bağçılıq yoldaşlığına ayrılmış massivə əlavə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 72 bağ sahəsinə bölünərək sahənin sxemi tərtib edilmişdir. Həmin əlavə torpaq sahəsindən, yəni 72 bağ sahəsindən biri olan 292 No-li bağ sahəsi İddiaçı verilmişdir. 811 nömrəli Bağçılıq kitabçasından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyinin üzvüdür. İş yerinin Azərbaycan Dövlət Neft Şirkəti olduğu qeyd edilmişdir. İddiaçı məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, o, Azərbaycan Dövlət Neft Şirkətinin işçisi olmuşdur. İddiaçı ona yuxarıda qeyd olunan sənədlərlə verilmiş bağ sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə bir neçə dəfə müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır. Belə ki, cavabdehin sonuncu xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısinda adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməsi və onun mülkiyyətində olan Xəzər rayonu Buzovna bağ massivi ünvanında yerləşən 1/292 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Buzovna qəsəbəsi 1 saylı bağ təsərrüfatının 292 №li bağ sahəsi iddiaçıya verilib və adına mövcud qaydada üzvlük kitabçası açılıb. H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və "Bahar” bağçılıq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokoluna əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2005-ci il tarixli 01-31/391 və Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2005-ci il tarixli 7-3041/17 saylı razılıq məktubuna əsasən Əzizbəyov rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun cənub hissəsində H.Z.Tağıyev adına NQÇİ-nin işçilərinə Bakı Şəhər X.D.S İcraiyyə komitəsinin xx.xx.1989-ci il tarixli 6/255№-li qərarı ilə kollektiv bağçılıq yoldaşlığına ayrılmış massivə əlavə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 72 bağ sahəsinə bölünərək sahənin sxemi tərtib edilmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin işçisi İddiaçı ərizə ilə müraciət edərək ona da həmin sahədən bağ sahəsinin ayrılmasını xahiş edib. Bağlar Təsərrüfatı İdarəsindən verilən arayışa görə onun adına bağ sahəsi yoxdur. Təklif var ki, 1/292 №-li bağ sahəsi İddiaçı adına sənədləşdirilsin. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi №1686 xx.xx.2020-ci il tarixli arayışına əsasən: verilir İddiaçı ona görə ki, o, həqiqətən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi, Sahə evdə qeydiyyatsız yaşayır. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 1/192 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində yerləşən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alması üçün daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət elmişdir. Cavabdeh hüquqların qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin təqdim edilən sənədlərdə bağ nömrəsi 1/292 və iddiaçının ata adı “Baxış” qeyd edilib. Təqdim edilən üzvlük kitabçasında protokoldan çıxarışa istinad edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. İdarənin arxiv əsaslarına əsasən qeyd edilən 1/192 nömrəli bağa digər şəxsin (X3) müraciəti olmuşdur. İdarənin mütəxəssisləri xx.xx.2023-cü il tarixdə göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 0.1188 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Üçüncü şəxsin etirazları: Üçüncü şəxsin iddia ərizəsinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddia olunan torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları və 1149 nömrəli ləğv olunmuş neft quyusunun 20 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən, torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci bəndinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərinin yerləşdirilməsinə icazə verilir. Həmin Məcəllənin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən, sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi, sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2022- ci il tarixli 259 nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə ləğv olunmuş quyular arasındakı məsafə minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4771/2024 saylı 03 sentyabr 2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, protokolda 1 saylı bağ təsərrüfatının 292 saylı bağ sahəsi qeyd olunub. Üzvülük kitabçasında 1/292 qeyd olunub. Həmçinin şəxsiyyətində Bağış yazılsa da Çıxarışda və üzvülük kitabçasında Baxış yazılmışdır, lakin bu səhv onun günahından olmamışdır. Həmçinin göstərilmişdir ki, Elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Bildirir ki, bu sənədləri o itirib tapmamış və özü möhür hazırlayıb bu sənədlərə vurmamışdır. Hakim işi hərtərəfli araşdırmamış ədalətsiz qərar qəbul etmişdir. Belə ki, o həmin torpaq sahəsini özbaşına zəbt etməmiş və orada özbaşına ev tikməmişdir. Ona görə ki, neft ərazisi olsaydı və onun əlində sənəd olmasaydı o, nə torpaqdan istifadə edə bilərdi nə də ev tikə bilərdi. Həmçinin onun ətrafında ev tikib yaşayan qonşular evlərinə necə çıxarış ala bilirlər ki, ora neftin ərazisinə düşür. Belə çıxır ki, onlar ala bilər, o yox. Burda artıq onun konstitutsion hüquqları pozulur. Hakim isə bunları araşdırmadan əleyhinə qərar çıxarmışdır. Əgər ona verilən torpaq sahəsi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşirdisə niyə ona bu torpaq sahəsi ayrılırdı və buna dövlət orqanı tərəfindən razılıq verilirdi? Burdan da görünür ki, iddiaçının burda heç bir günahı yoxdur. Onun adına sənədlər dövlət orqanı tərəfindən verilmişdir. Həmin sənəddə hər hansı səhvliyə görə vətəndaş günahkar sayıla bilməz.Ona görə ki, ona verilən “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən bağçılıq sənədi və protokoldan çıxarış hal-hazırda qüvvədədir və hər hansı orqan tərəfindən ləğv olunmamışdır. Hesab edirik ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bildirir ki, ondan başqa 71 nəfərə də “Bahar" bağçılıqyoldaşlıq təsərrüfatından bağ sahəsi ayrılmışdır və onlardan çoxu artıq çıxarış almışdırlar. Həmçinin onun bağının ətrafında yerləşən bağ sahələrinə də çıxarış verilmişdir. Hakim bununla bağlı sorğular verib bunu aydınlaşdıra bilərdi. Lakin bu hissələrə hakim diqqət etmədən, aydınlaşdırmadan onun ziyanına qərar vermişdir. Bu isə onun konstitutsion hüquqlarının pozulması deməkdir. Burdan da görünür ki, ona yaxın digər bağlara çıxarışın verilməsi arasında dövlət orqanının ayrı-seçkilik qoymasını göstərir və bununla da bərabərlik hüququ pozulmuş olur. Bununla bağlı daşınmaz əmlaka sorğu verilməli idi. Həmçinin o ərazidə yerləşən torpaqlara “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən digər şəxslərə torpaq sahəsinin verilməsi ilə bağlı araşdırma aparmadan qərar qəbul etmişdir. Ona görə ki, protokola əsasən 72 bağ sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Bu da 72 nəfərin sənədinin olması deməkdir. Ona görə də hesab edir ki, qərar əssasızdır və ləğv olunmalıdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və 3-cü şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaq iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştiraçısı hazırki işə iddiaçının və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi 1/292 li bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə olmuşdur. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etsə də, iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;..... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Buzovna qəsəbəsi ünvanında yerləşən 1/292 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İş üzrə müəyyən olunur ki, iddiaçı Dövlət Neft Şirkətinin işçisi olmuş, “Bahar” bağçılıq birliyinin üzvlüyünə qəbul edilmiş və ona üzvlük kitabçası verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubları əsasında NQÇİ-nin işçilərinə əvvəllər ayrılmış bağçılıq massivinə əlaə olaraq bağçılıq məqsədləri üçün yenidən torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi 72 bağ sahəsinə bölünərək müvafiq şəxslərə verilmiş və müvafiq sxem tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş müvafiq protokoldan çıxarışa əsasən iddiaçıya ayrılan bağ sahəsi də həmin əlavə torpaq sahəsindən, yəni 72 bağ sahəsindən biridir. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsi ünvanında yerləşən 1/292 nömrəli sözügedən bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının tələbinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının adı üzvlərin siyahısında yoxdur, göstərilən torpaq sahəsi bağçılığın ayrıc aktından kənar olmaqla, Dövlət Neft Şirkətinin ərazisində yerləşir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Faktiki sahəsi 0.1188 ha təşkil edir. Torpaq sahəsinin nömrəsi bağçılıq yoldaşlığın bölgü sxemində aşkar olunmamışdır. Həmçinin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. İdarənin arxivində bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İşin apellyasiya baxışı zamanı məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh orqan 13 mart 2025 -ci il tarixli 3-21-3-30/2-10621/2025 nömrəli məktubu ilə bildirmişdir ki, İddiaçı “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatından ayrılan Buzovna qəsəbəsi, 1/292 saylı bağ sahəsinə bitişik, yanında və ya qonşuluğunda qeydiyyata alınmış bağ sahələri ilə bağlı çıxarışların və çıxarışların verilməsinə əsas olan sənədlərin (arxiv qovluğunun) məhkəməyə təqdim edilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi ayrıc aktından kənarda yerləşir. Bu səbəbdən həmin sahənin yaxın qonşuluğunda qeydiyyata alınmış bağ sahəsi aşkar edilməmişdir. Göstərilən sahədən təqribən 75m məsafədə Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bahar” b/y-nın 1/231 saylı **********56 reyestr nömrəli bağ sahəsi qeydiyyata alınmışdır. Bağçılıq yoldaşlığının bölgüsünə əsasən 292 saylı bağın qonşuluğunda 291 və 293 saylı bağ sahələri yerləşməlidir. Xəzər rayonu, Buzovna qəsəbəsi “Bahar” b/y-nın 1/231 saylı **********56 reyestr nömrəli bağ sahəsinə dair arxiv qovluğu və həmin bağ sahəsinin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri baxış keçirilməsi üçün nümayəndə tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh qurumun məhkəmə sorğusuna əsasən təqdim etdiyi sənədlərdən və aparılan məhkəmə araşdırmalarından cavabdehin istinad etdiyi üzvlərin siyahısının, ayrıc aktının və digər aidiyyəti sənədlərin 1988-ci il tarixli olduğu görünür. Kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin iclas protokolundan müvafiq çıxarışa əsasən isə, iddiaçıya bağ sahəsi həmin dövrdə deyil, sonradan, yəni 2005-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubları əsasında H.Z.Tağıyev adına NQÇİ-nin işçilərinə bağçılıq məqsədilə əlavə ayrılmış torpaq sahəsindən və həmin əlavə ayrılmış sahədə yerləşən 72 bağ sahəsindən verilmişdir. Belə olan halda, iddiaçının adı üzvlərin 1988-ci il tarixli siyahısında və ona verilmiş bağ sahəsi həmin tarixli ayrıc aktında ola bilməzdi. Qeyd edilən 72 bağ sahəsindən ibarət əlavə torpaq sahəsi ayrıldıqdan sonra, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısının və ayrıc aktının təzələnməməsi iddiaçının ziyanına şərh edilə, onun hazırkı iddiasının təmin olunmasını istisna edən hal qismində qiymətləndirilə bilməz. İş üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti əlavə bağ sahəsinin ayrılmasını təkzib etmir. Bununla belə, cavabdeh də daxil olmaqla adıçəkilən qurumlarda həmin bağçılığa aid sənədlər arxivdə aşkar olunmamışdır. Arxivdə aşkar olunan sənədlər isə natamamdır. Halbuki, sözügedən bağ sahələri məhz Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsindən onun tabeliyində olan müəssisənin işçilərinə bağçılıq məqsədilə əlavə olaraq ayrılmışdır. İddiaçı da Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisənin işçisi olmuşdur və bağ sahəsi də məhz ona verilmişdir. Qeyd olunan hüquqi mövqe kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə uyğundur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1416/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)- 2034/2022 nömrəli qərarları). Həmçinin apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı ilə eyni faktiki və hüquqi vəziyyətdə olan digər iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” ilə bağlı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1607/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında da hüquqi mövqe yuxarıdakı kimi sərgilənmişdir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunduğu üçün qərar ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməli, bununla da iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4771/2024 saylı 03 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu Buzovna bağ massivi ünvanında yerləşən 1/292 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-628/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-628/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver