Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-629/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçıların qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçılar X3 (14.10.2003-cü il tarixdə Cəbrayıl rayonu, Çərəkən kəndində anadan olmuş, Cəbrayıl rayonunda qeydiyyatdadır) və X7 (09.08.2005-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Cəbrayıl rayonunda qeydiyyatdadır) qanuni nümayəndəsi İddiaçı (xx.xx.1983-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Cəbrayıl rayonunda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-7279/2021 nömrəli qərarından iddiaçıların qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 08.06.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları 14.10.2003-cü il təvəllüdlü X6 və 09.08.2005-ci il təvəllüdlü X9 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün statusuna malikdir. Məcburi köçkün düşdükdən sonra ailə həyatı qurmuş, 2 övladı dünyaya gəlmişdir. Lakin nikah pozulmuş, övladları məhkəmə qətnaməsi əsasında onun himayəsinə verilmişdir. Özü məcburi köçkün statusuna malik olsa da, övladları bu statusa malik deyil. Halbuki, hər iki övladı da Cəbrayıl rayonu İsaqlı kəndində qeydiyyatdadır. Hesab edir ki, övladlarına məcburi köçkün statusunun verilməsindən imtina qanunsuz və əsassızdır. İmtinaya əsasən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Qaydalarda “atası” dedikdə ailə başçısını nəzərdə tutur ki, nikahı pozulmuş, övladları himayəsinə verilmiş qadın kimi o, ailə başçısıdır. İddiaçı hesab edir ki, ailə başçısı kimi yalnız atanın məcburi köçkün statusuna malik olduqda uşaqlara məcburi köçkün statusu verilə bilməsi imtiyazı Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərə tutulmuş kişi və qadının eyni hüquq və azadlıqlara malik olması ilə bağlı prinsipin pozuntusudur. Burada kolliziya yaranmışdır ki, bu zaman konstitusion normalar imperativ qəbul edilməlidir. Sonradan iddiaçı dəqiqləşmə verərək İddiaçı əsl iddiaçılar övladları 14.10.2003-cü il təvəllüdlü X10 və 09.08.2005-ci il təvəllüdlü X12 ilə əvəz edilməsi, övladlarının qanuni nümayəndəsi qismində məhkəmə icraatında tanınmağı barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2- 1(112)-7279/2021 nömrəli qərardadı ilə əsl olmayan İddiaçı əsl iddiaçı X10 və X12 ilə əvəz edilmiş, İddiaçı X3 və X7 qanuni nümayəndəsi qismində tanınmışdır. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-7279/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. İddiaçılar qərardan apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçıların nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,onun təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs X13 məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZ-İ № 371081 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 14.10.2003-cü il tarixdə Cəbrayıl rayonu, Çərəkən kəndində doğulmuşdur. X2, anası (Vəliyeva) X11. - AZ-İ № 652183 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 09.08.2005-ci il tarixdə İmişli rayonunda doğulmuşdur. X2, anası (Vəliyeva) X11. - AZ İ № 245786 seriya və nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X13 və X4 nikahı ləğv edilmiş, bu barədə 14.03.2014-cü il tarixdə 12 № ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar: Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: - Konstitusiya; - referendumla qəbul edilmiş aktlar; - qanunlar; fərmanlar; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; - mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydalarının: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: - 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; Məhkəmə kollegiyası hazırkı iş üzrə cavabdehin imtinasını əsassız hesab edərək bildirir ki, iddiaçılara məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 4.1.6-ci bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlarla məhdudlaşdırılmışdır. Başqa sözlə, ataları məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilik müxtəlif cinslərlə bağlı fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır. Belə olan halda isə, məhkəmə tərkibi hesab edir ki, belə fərqli yanaşmalar nəticəsində iddiaçıların Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Beləliklə, iddiaçıların anası İddiaçı məcburi köçkün olduğundan, 14.10.2003-cü il tarixdə X10, 09.08.2005-ci il tarixdə X12 doğulduğundan, İddiaçı malik olduğu “məcburi köçkün” statusunun onun uşaqlarına da şamil olunmaması iddiaçıların konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da iddiaçıların məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar X3 və X7 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-7279/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən 14.10.2003-cü il təvəllüdlü iddiaçı X6 və 09.08.2005-ci il təvəllüdlü iddiaçı X9 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-629/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-629/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver