Məhkəmə qərarları › İş №2-1(103)-63/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-63/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-63/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, X4 və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin təkrar verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1676/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” vəsiqəsinin təkrar verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Daxili İşlər Nazirliyi tərəfindən 01 mart 1998-ci il tarixdə “Müharibə veteranı” adı verilmişdir. Bu adın təsdiqi üçün həmin təşkilat tərəfindən ona 016559 nömrəli “Müharibə veteranı” vəsiqəsi təqdim edilmişdir. Həmin vaxtdan vəsiqəni sənədlərinin arasında səliqə ilə saxlamışdır. Lakin bir neçə ay bundan əvvəl vəsiqənin iç tərəfinin şəkil olan hissəsi yararsız hala düşmüşdür. Buna baxmayaraq, vəsiqədən həmin vəsiqənin hansı təşkilat tərəfindən verildiyi, kimə verildiyi, vəsiqənin nömrəsi aydın oxunur, vəsiqədə səlahiyyətli şəxsin imza və möhürü vardır. Vəsiqənin iç üzünün bir hissəsi yararsız hala düşdüyü üçün vəsiqəni vermiş Daxili İşlər Nazirliyinə müraciət edərək vəsiqənin (müharibə veteranı adının deyil) ona təkrar verilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan 22.07.2019-cu il tarixli cavabı ilə bundan imtina etmişdir. İmtina arxiv sənədlərində onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatın aşkar edilməməsi ilə əsaslandırılmışdır. O, həmin imtinanı qanunsuz hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 18.1-ci və 18.2-ci maddələrinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. Həmin Qanunun 19.1-ci maddəsinə uyğun olaraq inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, qanunun mənasına görə əvvəllər təqdim edilmiş sənədlərin bir daha təqdim edilməsinə ehtiyac yoxdur. Bundan başqa vətəndaşın təqdim etdiyi sənədlərin mötəbər olduğunu sübut etmək kimi vəzifəsi yoxdur və bunun üçün ondan əlavə sənədlər tələb oluna bilməz. Ona “Müharibə veteranı” adı 1998-ci ildə verilmişdir. X7 Nazirliyinin verdiyi vəsiqə təsdiq edir. Vəsiqənin nömrəsi və digər rekvizitləri yerindədir. Döyüş əməliyyatlarında iştirakla bağlı əvvəllər məlumat və sənədlər Nazirliyə təqdim olunduğundan və bunun nəticəsində ona veteran adı və vəsiqəsi verildiyindən döyüş əməliyyatlarında iştirakla bağlı sənədlər ondan təkrar tələb oluna bilməz. Həmin sənədlərin təqdim olunduğunu vəsiqə təsdiq edir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı Əlavə - “Müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı vəsiqələrinin təsviri nümunəvi və eskizi”-nin 6-cı bəndinin mənasına uyğun olaraq vəsiqənin itirilməsi, xarab olması, yanması və sair hallarda, ancaq bu faktı təsdiq edən sənədlər olduqda, vəsiqə təkrar verilir. Bu bənddən göründüyü kimi, vəsiqənin yararsız hala düşdüyü halda yararsız hala düşmə faktını təsdiq edən sənəd olduqda vəsiqə təkrar verilməlidir. Onun yararsız hala düşmüş vəsiqəsi özü özlüyündə onun yararsız hala düşdüyünü təsdiq edir. Belə olduğu təqdirdə cavabdeh orqan ona imtina etməkdə haqlı olmamışdır. Həmçinin arxivdə ona aid sənədlərin olmadığı onun təqsiri ucbatından deyil. Belə ki, onun Daxili İşlər Nazirliyində yerləşən arxiv sənədlərini qorumaq kimi vəzifəsi yoxdur. Bu vəzifə də cavabdeh inzibati orqana aiddir. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1676/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət etmişdir. Ona “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Hazırda iddiaçı ona verilmiş “Müharibə veteranı” vəsiqəsi yarasız hala düşdüyünə görə, ona “Müharibə veteranı” vəsiqəsinin təkrar verilməsini xahiş edir. Lakin iddiaçının arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakı faktını təsdiq edən məlumat aşkar edilmədiyindən cavabdeh tərəfindən ona təkrar müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı 16.07.1980-ci ildən 14.03.2009-cu ilədək daxili işlər orqanlarında xidmət etmiş, lakin arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın 03.02.1998-ci il tarixli, 15 nömrəli protokolunda iddiaçının adı qeyd olunsa da, həmin protokola əlavə olunmuş materallarda ona “Müharibə verteranı” adı və vəsiqəsi verilməsinə əsas olan sənədlər aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.07.2019-cu il tarixli, 024-35177M-3219 saylı məktubdan görünür ki, DİN-də fəaliyyət göstərən müvafiq komissiya iddiaçının yararsız hala düşmüş vəsiqənizin yenisi ilə əvəzlənməsini arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilmədiyindən mümkün hesab etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09.09.2019-cu il tarixli, 024-3418-1219 saylı məktubdan görünür ki, iddiaçının arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakı faktını təsdiq edən məlumat aşkar edilmədiyindən təkrar «müharibə veteranı» vəsiqəsi ilə təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən Vəkil ünvanlanmış 26.10.2019-cu il tarixli, ***-*******9 saylı məktubdan görünür ki, sabiq polis əməkdaşı İddiaçı Seyfulla oğluna 03 fevral 1998-ci il tarixli, 15 nömrəli protokola əsasən «Müharibə veteranı» adı və vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 21.11.2019cu il tarixli, 024-4887-1219 saylı məktubda qeyd edilir ki, İddiaçı verilmiş «Müharibə veteranı» vəsiqəsinin əsaslılığını müəyyən etmək məqsədilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu verilmiş, həmin Baş İdarədən daxil olmuş 15.06.2019-cu il tarixli, 012-16753-1219 nömrəli cavab məktubunda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aşkar olunmadığı göstərilmişdir. Bu səbəbdən də Daxili İşlər Nazirliyi tərəfindən sabiq polis əməkdaşı İddiaçı yararsız vəziyyətə düşmüş «Müharibə veteranı» vəsiqəsinin yenisi ilə əvəzlənməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İmformasiya İdarəsinin 15.06.2019-cu il tarixli 012-16753-1219 saylı məktubundan görünür ki, İddiaçı 16.07.1980-ci ildən 14.03.2009-cu ilədək daxili işlər orqanlarında xidmət etmiş, lakin arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmamışdır. Bununla əlaqədar DİN-in arxivində saxlanan Ağsu rayon polis şöbəsinin 1993-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış və onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilmədiyi qeyd olunmuşdur (Əsas: arxiv şəxsi işin № Siyahı-51, Arx.233). «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarına 2 saylı “Müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı vəsiqələrinin təsviri nümunəvi və eskizi” ilə bağlı Əlavədə qeyd olunmuşdur ki, vəsiqənin itirilməsi, xarab olması, yanması və sair hallarda, ancaq bu faktı təsdiq edən sənədlər olduqda, vəsiqə təkrar verilir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən ünvanlanmış 10 iyun 2020-ci il tarixli, 024-2780-1220 saylı məktubda Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın 03.02.1998-ci il tarixli, 15 nömrəli protokolunda İddiaçı adı qeyd olunduğu bildirildiyindən 03.02.1998-ci il tarixli, 15 nömrəli protokolun təsdiq olunmuş surətinin təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu ünvanlanmış, inzibati orqan tərəfindən sorğuya cavab olaraq 16.06.2021-ci il tarixli məktubla müvafiq olaraq 03.02.1998-ci il tarixli, 15 nömrəli protokol və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞ-nin əməkdaşlarının adları qeyd olunmuş siyahı təqdim olunmuşdur. Həmin Siyahıda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞ-nin əməkdaşlarının sırasında polis kapitanı X1 da adı qeyd olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞ-nin əməkdaşlarının” siyahısında 8-ci sırada polis kapitanı X1 qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikası Ağsu RPŞ-də işləyən və Qarabağ müharibəsində iştirak etmiş “Məhmirzəyev” və “Məhmərzayev” soyadlı şəxslərin olubolmaması barədə məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu göndərilmiş, sorğuya 02.10.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sabiq polis əməkdaşı İddiaçı 23.04.1993-cü il tarixdən 14.03.2009-cu il tarixədək Ağsu Rayon Polis Şöbəsində xidmət etmişdir. Vət. İddiaçı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində və Ağsu Rayon Polis Şöbəsində hər hansı bir əmr və rəsmi sənəd müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmadığından iddiaçının təkrar vəsiqənin verilməsi barədə müraciətini təmin etməkdən imtinası qanunsuz olmuşdur. Belə ki, işdən göründüyü kimi, iddiaçı 16.07.1980-ci ildən 14.03.2009-cu ilədək daxili işlər orqanlarında xidmət etmiş, ona 03 fevral 1998-ci il tarixli, 15 nömrəli protokola əsasən «Müharibə veteranı» adı və vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın 03.02.1998-ci il tarixli, 15 nömrəli protokoluna əlavə olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞnin əməkdaşlarının” Siyahısı ilə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunur. Eyni zamanda, bununla əlaqədar qeyd olunmalıdır ki, adıçəkilən siyahıda X2 qeyd olunsa da, cavabdeh inzibati orqan məhkəmə sorğusuna 02.10.2021-ci il tarixli cavab məktubunda məhz İddiaçı daxili işlər orqanında işlədiyini qeyd etmiş, “Məhmirzəyev” soyadlı şəxsin mövcudluğu barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası həmin Siyahıda iddiaçının soyadının texniki səhv nəticəsində “Məhmərzayev” əvəzinə “Məhmirzəyev” kimi qeyd olunması qənaətinə gəlir. Kollegiya qeyd edir ki, iddiaçıya 03 fevral 1998-ci il tarixli, 15 nömrəli protokola əsasən «Müharibə veteranı» adı və vəsiqəsi verildiyi halda, iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aşkar olunmaması əsası ilə iddiaçının təkrar vəsiqənin verilməsi barədə müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Belə ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın 03.02.1998ci il tarixli, 15 nömrəli protokoluna əlavə olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Ağsu RPŞ-nin əməkdaşlarının” Siyahısı ilə müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1676/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı “Müharibə veteranı” vəsiqəsinin təkrar verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1676/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” vəsiqəsinin təkrar verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Səadət Bektaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar