Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-63/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2921/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m hesab edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bu səbəbdən, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək qeyd olunan mənzilin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Onun müraciətindən sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində Daimi fəaliyyət göstərən X3 məsələyə baxmış və müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 18 saylı mənzilinin çıxarışa əsasən ümumi sahəsi 52.1 kv.m göstərilsə də, komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsinin 79.6 kv.m-dən ibarət olması aşkar edilmişdir. Ümumi sahədəki fərq, mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Bundan sonra Komissiyanın 52 saylı, xx.xx.2019-cu il tarixli Qəbul aktına əsasən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Daha sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 150 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmiş və bununla bağlı ona müvafiq bildiriş verilmişdir. Bundan sonra o, qəbul aktı və sərəncam əsasında daşınmaz əmlakın yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçməklə dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi ilə əlaqədar cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2019-cu il tarixli, **********95 saylı və xx.xx.2020-ci il tarixli, **********88 saylı məktubları ilə ona cavab vermiş və məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qeyd olunan əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2921/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim: A.Abdullayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmış ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzil çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı mövcuddur. Həmçinin imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsas mövcud deyildir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi) və texniki rəy ərizəyə əlavə edilməmişdir. Bundan əlavə, texniki pasportda göstərilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1031/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2921/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərarını onunla əsaslandırmışdır ki, RX ******* nömrəli çıxarışda əks olunan 52,1 kv.m. ilə hazırda qeydiyyatı tələb olunan 79,6 kv.m-in fərqi, yəni 27,5 kv.m. sahənin əvvəlcə kimə, hansı hüquqi əsaslarla məxsus olması və kimdən, hansı qaydada, hansı əsasla əldə olunmasını təsdiq edən hüquqi sənəd təqdim olunmamışdır. Həmçinin, həmin sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2225/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1031/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq məhkəmə tərkibinin sualına cavab olaraq bildirdi ki, faktiki olaraq 79.6 kv.m ölçülər daxilində olan sahə iddiaçının sahibliyindədir, həmin sahədən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə edir, digər mülkiyyətçilərin hüquqlarını pozmur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində Daimi fəaliyyət göstərən X1 52 saylı, xx.xx.2019-cu il tarixli Qəbul aktında da qeyd edilən sahədəki fərqin mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yarandığı qeyd edilmişdir. Lakin qeyd edilən artıq 27.5 kv.m sahəyə dair başqa heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Bundan başqa mənzildə aparılmış rekonstruksiya işləri ilə bağlı da hər hansı bir sənəd təqdim edə bilmirlər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - 27,5 kv.m sahənin əvvəllər dövlətə, yaxud hər hansı digər şəxslərə məxsus olmasının, həmin sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olmasının yoxlanılması, bununla bağlı cavabdehdən və Nəsimi rayon İcra Hakimiyyətindən sorğu edib sənədlərin tələb edilməsi, həmçinin iddia tələbinin məhz mütləq qaydada 79,6 kv.m sahəyə, yoxsa daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən 52,1 kv.m sahəyə münasibətdə təmin edilib-edilməməsi ilə bağlı iddiaçının mövqeyinin öyrənilməsi. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq araşdırma apararaq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10.1. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. - 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. - 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. - 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. - 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. - 21.9-cu maddəsinə əsasən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. - 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. Apellyasiya şikayətini dəlillərinə münasibət: Kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlərə uyğun istiqamətdə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kassasiya instansiya məhkəməsinin göstərişinə müvafiq olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən 27,5 kv.m sahənin əvvəllər dövlətə, yaxud hər hansı digər şəxslərə məxsus olmasının, həmin sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olmasının yoxlanılması məqsədilə cavabdehdən və Nəsimi rayon İcra Hakimiyyətindən sorğu edib sənədlər tələb edilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən təqdim olunmuş 6/167 nömrəli xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 150 nömrəli, xx.xx.2019-cu il tarixli “İddiaçı mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamının surətindən görünür ki, İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, 28 may küçəsi, 11 saylı, ev 18 saylı mənzili DƏDRX-nin Seriya RX № ******* saylı, xx.xx.2017-ci il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ ilə vətəndaş İddiaçı məxsusdur və mənzilin faktiki ümumi sahəsi 79.6 kv.m-dir. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Vətəndaşın müraciəti, təqdim edilmiş sənədlər nəzərə alınaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsasən vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, 28 May küçəsi, 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79.6 kv.. hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən, mənzilə baxış zamanı müəyyən edildi ki, mənzil 3 mərtəbəli evin birinci mərtəbəsində yerləşir. DƏDRXnin xx.xx.2017-cı il tarixli Çıxarışına əsasən mənzilin sahəsi 52,1 kv.m, xx.xx.2017-ci il tarixli DƏDRX-nin texniki pasportuna əsasən mənzilin yaşayış sahəsi 47,3 kv.m, ümumi sahəsi 71,7 kv. m olmuşdur. Mənzilin yenidən ölçülməsi nəticəsində faktiki ümumi sahəsi 79,6 kv.m-dir. Mənzilin ümumı sahəsində yaranmış fərq mənzildə aparılmış əsaslı təmir işləri nəticəsində yaranmışdır. Mənzildən uzun müddətdir qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşulara maneəçiliyi yoxdur. Mənzilin küçəyə və həyətə çıxışı var. İş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 11, 18 saylı ümumi sahəsi 52.1 kv.m olan mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan mənzilin mülkiyyətçisinin faktiki istifadəsində olan artıq 27.5 kv.m sahənin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən təqdim olunmuş cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********34 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X4 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52.1 kv.m olan mənzili İddiaçı satmışdır. Məhkəmə sorğularına cavablardan aydın göründüyü kimi mübahisəli 27,5 kv.m sahənin əvvəllər dövlətə, yaxud hər hansı digər şəxslərə məxsus olması, həmin sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olması müəyyən edilməsə də, bu o demək deyildir ki, iddiaçı heç bir hüquqmüəyyənedici sənəd olmadan həmin sahəni öz mülkiyyətində olan sahəyə qataraq faktiki sahiblik etməlidir. Belə ki, əgər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 150 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamında qeyd edildiyi kimi iddiaçının 52.1 kvm-lik mənzili təmir-bərpa və rekonstruksiya işləri səbəbindən 79,6 kvm olmuşdursa, bu zaman iddiaçı buna dair də sənədlər təqdim etməli idi. Bununla bağlı Məhkəmə kollegiyası mövcud qanunvericilik normalarını diqqətə çatdırır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.17-ci maddəsinə əsasən tikinti-quraşdırma işləri – tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpası; 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndiskommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılışsazlama işlərinin yerinə yetirilməsi və 3.0.21-ci maddəsinə əsasən tikinti obyektinin bərpası – istismara yararsız vəziyyətə düşmüş obyektin müvafiq layihə əsasında tikintiquraşdırma işləri yerinə yetirilməklə ilkin vəziyyətə qaytarılması deməkdir. Göründüyü kimi, həm mənzilin təmir-bərpası zamanı, həm də rekonstruksiyası müvafiq layihə əsasında olmalı idi ki, iddiaçı buna dair də heç bir razılaşdırılmış layihə təqdim edə bilməmiş, həmçinin məhkəmə iclasında nümayəndəsi də belə bir sənədlərinin olmadığını bildirmişdir. Bununla yanaşı, iddiaçının sahibliyində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin müəyyən edilməsi, iddiaçının mülkiyyətində olan mənzillə sərəncamda qeyd edilən sahə arasındakı fərqin nə ilə bağlı olduğu, iddiaçının faktiki istifadəsində olan artıq 27,5 kv.m sahəsinin əvvəllər kimə/kimlərə məxsus olmasının müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1200/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3983 nömrəli Ekspert rəyində göstərilmişdir: -İddiaçı sahibliyində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 71,7 kv.metr olduğu müəyyən edilmişdir. - İş materiallarında İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 11 saylı evin ümumi sahəsi 52,1 kv.metr olan 18 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30-05101-093038 reyestr nömrəli Çıxarış verilmiş, lakin ümumi sahəsi 52,1 kv.metr olan 18 saylı mənzilin tikililərinin yerləşməsinə dair Texniki Pasport verilmədiyindən hazırda qeydiyyatı tələb olunan 79,6 kv.m-in fərqi, yəni 27,5 kv.m. sahənin dövlətə yaxud başqa şəxslərə məxsus olub- olmamasını, binada birdən artıq sahəyə xidmət edən sahə olub-olmamasını, həmin 27,5 kv.m sahənin çıxarışda qeyd olunan 52,1 kv.m sahədən ayrı və ya ona bitişik olub-olmamasını, 79,6 kv.m-lik qeyri-yaşayış sahəsinin tərkibindən 27,5 kv.m sahənin ayrıla bilən olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin rəyin Tədqiqat prosessinin təsviri hissəsindən görünür ki, qeyri-yaşayış sahəsi faktiki olaraq 5 tikilidən ibarətdir.1 saylı tikilinin sahəsi 6,2 kvm, 2 saylı tikilinin sahəsi 3,4 kvm, 3 saylı tikilinin sahəsi 14,8 kvm, 4 saylı tikilinin sahəsi 25,9 kvm, 5 saylı tikilinin sahəsi 21,4 kvm-dir. Göründüyü kimi, iddia tələbinin məhz mütləq qaydada 79,6 kv.m sahəyə, yoxsa daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən 52,1 kv.m sahəyə münasibətdə təmin edilib-edilməməsi ilə bağlı iddiaçının mövqeyinin öyrənilməsi ilə bağlı kassasiya instansiya məhkəməsinin göstərişlərinin araşdırılması istiqamətində də müvafiq prosessual hərəkətlər edilmişdir. Lakin ekspert rəyindən də aydın göründüyü kimi iddiaçının faktiki sahibliyində olan qeyri-yaşayış sahəsinin ölçüsü 71,7 kvm olmaqla 5 tikilidən ibarətdir, hər tikilinin ölçüləri müxtəlifdir və iddiaçının mülkiyyətində olan 52,1 kvm sahədən artıq olan sahənin ayrı və ya ona bitişik olub-olmaması, həmin sahənin ayrıla bilən olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda Məhkəmə kollegiyası iddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilən 52,1 kv.m sahəyə münasibətdə də təmin edilməsinin mümkün olmaması nəticəsinə gəlir. Beləliklə, Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, RX ******* nömrəli çıxarışda əks olunan 52,1 kv.m. ilə hazırda qeydiyyatı tələb olunan 79,6 kv.m-in fərqi, yəni 27,5 kv.m. sahənin əvvəlcə kimə, hansı hüquqi əsaslarla məxsus olması və kimdən, hansı qaydada, hansı əsasla əldə olunmasını təsdiq edən hüquqi sənəd təqdim olunmalıdır ki, bu sənədlər də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçı belə bir sənəd kimi Nəsimi RİH başçısının xx.xx.2019-cu il tarixli 150 nömrəli sərəncamına istinad etsə də, işin araşdırılmış hallarından sərəncamda 27,5 kv.m. sahə fərqinin hüquqi əsasları göstərilməmişdir. Belə ki, Nəsimi RİH başçısının xx.xx.2019-cu il tarixli 150 nömrəli sərəncamının verilməsinə əsas olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X2 X7 aktınında qeyd edilmişdir ki, Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edildi ki, mənzilin faktiki ümumi sahəsi 79,6 kvm təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranmışdılır. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyetsr haqqında” Qanunun 8.0.1-ci maddəsinin məzmununu diqqətə çatdıraraq qeyd edir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi çıxış edir. İstinad olunan Nəsimi RİH başçısının xx.xx.2019-cu il tarixli 150 nömrəli sərəncamı isə qeyd edilən hüquqların əmələ gəlməsinə əsas ola bilməz. Belə ki, sözügedən sərəncamın məzmunu məhz yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı olub, iddiaçıya məhz istifadəsində olan sahənin təyinatına uyğun deyil qeyri-yaşayış sahəsi kimi istifadə etməsinə razılıq verilməsi ilə bağlıdır.Yəni ki, həmin sərəncam mövcud sahənin məhz qeyri-yaşayış kimi istifadəsinə hüquq verir. Lakin bu heç bir hüquqmüəyyənedici sənədə malik olmayan sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas verə biməz. Belə ki, şəxsin hər hansı əmlak hüququnu əldə etməsi yaxud bu hüquqa malik olmasından bəhs etmək üçün bu hüquq ilk növbədə qanunun müəyyən etdiyi hallarda və qaydada əldə olunmalıdır. Bu anlamda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət təmin edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2921/2020 nömrəli 01 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m. hesab edilərək, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-63/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-63/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver