Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-63/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçınun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1681/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahəsi 1200 kv.m. olan 649 nömrəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən, sahəsi 1200 kv.m. olan, 649 saylı torpaq sahəsi iddiaçıya Əzizbəyov (indiki Xəzər) rayon XDS İK nın 14 may 1991-ci il tarixli 08 nömrəli qərarı ilə verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün iddiaçı cavabdehə ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsinə dair cizgi sənəd toplusuna əlavə edilmədiyindən ərizənizin icrasından imtina edilmişdir. Torpaq sahəsi ayrılan vaxtda iddiaçıya ancaq sərəncam təqdim edilmiş və torpaq sahəsinin yeri göstərilmişdir. İddiaçı sənədlərin arxiv nüsxəsinin alınması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir, müraciətimə əsasən ancaq iddiaçıya torpağa dair sərəncamın arxiv nüsxəsi verilmişdir. Qeyd edilənlərə görə hesab edir ki, cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında onun bağ sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Torpaq sahəsinin dörd tərəfdən daş hasar çəkdirmişdir və torpaq sahəsinin ölçüləri İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən ölçülərək ona verilmiş həddədir və bu vaxta kimi torpaq sahəsində hər hansı bir dəyişiklik olmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-1681/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahəsi 1200 kv.m. olan, 649 nömrəli torpaq sahəsi üzərində iddiaçı, İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazir yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahəsi 1200 kv.m. olan 649 nömrəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydi/yatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavadehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahəsi 1200 kv.m. olan, 649 nömrəli torpaq sahəsi üzərində iddiaçı, İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ləğv olunmalıdır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 649 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrirdə qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi təqdim edilməmişdir. Həmçinin, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən torpaq ümumi hasar daxilində yerləşdiyindən təqdim edilən sənədlərin qeyd edilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2147/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(112)-1681/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2497/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(103)- 2147/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 hektar olan torpaq sahəsində 649 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinizə baxılmışdır. Sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 08 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Buzovna qəsəbəsi, A.Neymətulla küçəsi, 40 anömrəli evdə yaşayan, heç bir yerdə işləməyən, mənzil növbəsində olmayan, amma ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan, ailə tərkibi 6 (altı) nəfərdən ibarət İddiaçı Buzovna qəsəbəsində 649 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9888 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı fərdi ev tikmək üçün ayrılmış Buzovna qəsəbəsi 649 nömrəli sahədə 1200 kv.metr torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X-423128.4348, 423135.4119, 423077.8823, 423070.8726; Y-4485418.0104, 4485399.2668, 4485382.2274, 4485401.0575. Təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı fərdi ev tikmək üçün Buzovna qəsəbəsi, 649 nömrəli sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin faktiki koordinatları, ərazinin yerləşmə vəziyyəti müqayisə edilərkən, həmin torpaq sahəsinin cizgiyə uyğun olaraq 1200 kv.metr torpaq sahəsi olduğu müəyyən edilmişdir. Mərkəzə təqdim edilmiş elektron baza məlumatlarına (kadastrportali.az) əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 649 nömrəli sahədə yerləşən 1200 kv.metr torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşmür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İşin faktiki hallarından görünür ki, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 08 nömrəli qərarına əsasən ailə tərkibi 6 nəfərdən ibarət İddiaçı Buzovna qəsəbəsində 649 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırda qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Eyni zamanda qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar qanunvereiciliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qərar və onunla əlaqədar olan sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. O da qeyd olunmalıdır ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmışdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də digər inzibati orqanların davranışını müəyyən edir. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə 2-1(102)-2497/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq müvafiq sorğular verilmiş və məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin İddiaçı Buzovna qəsəbəsində 649 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılması haqqında xx.xx.1991-ci il tarixli 08 nömrəli qərarının arxivdə saxlanılan nüsxəsi məhkəməyə təqdim edilmişdir. Həmçinin Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya təqdim edilmiş sxemdən görünür ki, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin İddiaçı Buzovna qəsəbəsində 649 nömrəli sahədə ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarış hazırlanaraq təsdiq edilmişdir. Eyni zamanda hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir və ekspert rəyi ilə Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1200 kv.metr torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmçinin həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı fərdi ev tikmək üçün Buzovna qəsəbəsi, 649 nömrəli sahədə yerləşən 1200 kv.metr torpaq sahəsi cizgiyə uyğun olaraq 1200 kv.metr torpaq sahəsidir və qeyd olunan torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1681/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-63/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-63/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver