Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-630/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Oruczadə Aytən Pənah qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan-ünvan 2ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8590/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 15.07.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 02.05.2020-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, o, 1998-ci il tarixdən etibarən "xxxx" QSC-də işləyir ki, onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələrin güzəştli olmasını təsdiq edən arayışda mövcuddur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun işlədiyi vəzifənin Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun olmadığı bildirilərək, müraciətin təmin olunmasından imtina olunmuşdur. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan, yəni 02.05.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 02.05.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8590/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş,İddiaçı 60 yaşdan, yəni 02.05.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 02.05.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8590/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi elektrik montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər (21.5) bəndində nəzərdə tutulmamışdır. Bundan başqa həmin arayışda 04.04.2006-cı il tarixdən bugünədək adıçəkilən müəssisənin Elektrik işiqlandırma distansiyasında elektrik mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-8590/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin 23.01.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d)Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -18.11.1977-ci il tarixdən 18.02.1978-ci il tarixədək Azərbaycan Dəmir Yolları Bakı Sərnişin elektrik montyoru vəzifəsində; (03 ay 01 gün) -18.02.1981-ci il tarixdə 2 saylı Trestin PMK-20 2-ci dərəcəli elektrik montyoru qəbul olunmuş,24.01.1983-cü il tarixdə elektrik montyoruna 3-cü (üçüncü) dərəcə verilmiş, 20.08.1984-cü il tarixdə 4-cü (dördüncü) dərəcə verilmiş və 17.12.1986-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (05 il 09 ay 28 gün) -24.12.1986-cı il tarixdə Azərbaycan Dəmir Yolları Bakı-Sərnişin stansiyasına elektrik montyoruna 4-cü(dördüncü) dərəcə verilmiş, 25.05.1989-cu il tarixdə elektrik montyoruna 5-ci dərəcə verilmiş və 24.10.1990-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (03 il 10 ay 02 gün) -01.11.1990-cı il tarixdən 23.11.1991-ci il tarixədək Bakı Metropolitenin Hərəkəti Xidmətinə müqavilə üzrə oyun avtomatları üzrə texnik; (01 il 23 gün) -16.12.1991-cı il tarixdən 15.10.1993-cü il tarixədək zərərli iş şəraitində stansiya üzrə növbətçi vəzifəsində; (01 il 10 ay 01 gün) -25.10.1993-cü il tarixdən 09.12.1993-cü il tarixədək Azərbaycan Dəmir Yolları Bakı Elektrik Təchizat Distansiyasında Bakı rayon elektrik təchizatına 5-ci dərəcəli elektrik montyoru vəzifəsində; (01 ay 16 gün) - 13.12.1993-cü il tarixdən 01.03.1994-cü il tarixədək Azərbaycan Respublikası Ticarət Nazirliyinin Mərkəzi Univermağının AXO-a 5-ci dərəcəli elektrik montyoru vəzifəsində; (02 ay 20 gün) -14.04.1997-ci il tarixdən 01.10.1997-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin XU yanında ASRSU-ya 5-ci (beşinci) dərəcəli elektrik montyoru vəzifəsində; (05 ay 18 gün) -10.03.1998-ci il tarixdə Bakı Metropoliteni Elektik Təchizat Xidməti DEKO 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə qəbul olunmuş , 01.04.2006-cı il tarixdə 1-ci sahəyə 8 dərəcəli elektrik mexanik vəzifəsinə keçirilmiş, 20.12.2011-ci il tarixdə 9-cu dərəcəli elektrik mexanik vəzifəsinə keçirilmiş, 18.07.2014-cü il tarixdə EGX sahəyə 9-cu dərəcəli elektrik mexanik vəzifəsinə keçirilmiş və hal-hazıradək işləyir. (16.02.2021) (22 il 11 ay 18 gün). Göründüyü kimi iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni 02.05.2020-ci il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə kollegiyası cavabdehin imtinasının əsası olan onun işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulmaması ilə bağlı qeyd edir ki, iddiaçının işlədiyi vəzifənin Siyahıda nəzərdə tutulmuş vəzifəyə uyğunluğu "xxxx" QSC tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş son güzəştli arayışda qeyd olunmuşdur ki, İddiaçı 10.03.1998-ci il tarixdən "xxxx" QSC-nin Elektrik təchizatı xidmətində elektrik montyoru (12% zərərli əmək şəraiti), 04.04.2006-cı il tarixdən tuneldə 16 % xüsusi zərərli çoxnövbəli əmək şəraitində elektrik mexaniki vəzifəsində işləyir, bununla da İddiaçı iş növbəsinin 50%-dən çox hissəsini gecə növbəsi təşkil edir. Arayışda həmçinin qeyd olunmuşdur ki, İddiaçı tuneldə kabel işlərinin aparılması zamanı ölçmə işləri ilə məşğul olur, onun işlədiyi elektrik mexanik vəzifəsi üzrə iş şəraiti “qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər”in iş şəraiti ilə eynilik təşkil edir. (Qabarit-tunel, tədqiqat-tuneldə aparılan ölçmə işləri). İddiaçı Ağamusa oğlunun 23.09.2021-ci il tarixə güzəştli iş stajı 15 il 05 ay 21 gün təşkil etdiyi də göstərilmişdir. Göründüyü kimi, "xxxx" QSC iddiaçının güzəştli iş stajının 23.09.2021-ci il tarixə 15 il 05 ay 21 gün təşkil etdiyini bildirərkən, İddiaçı "xxxx" QSCdə işlədiyi dövrün yalnız 04.04.2006-23.09.2021 (15 il 05 ay 21 gün) əhatə etdiyini qəbul etmiş, 10.03.1998- 04.04.2006-cı il tarixədək elektrik montyoru kimi işlədiyi vəzifəsinin isə 12% zərərli əmək şəraiti təşkil etdiyini göstərmişdir. Məhkəmə kollegiyası iddiaçının 10.03.1998-04.04.2006-cı il tarixədək elektrik montyoru kimi işlədiyi vəzifənin güzəştli pensiya hüququ verən vəzifəyə aid etməsə də, 04.04.2006-02.05.2020 (60 yaşı tamam olduğu vaxt) dövrünün güzəştli iş stajı kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21 Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində güzəştli pensiya hüququ verən vəzifələr aşağıdakılardır: Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: -metropoliten müəssisələrinin briqadirləri -drezinaların sürücüləri -Drenajçılar -hidroqaldırıcıların maşinistləri -zumif aqreqatlarının maşinistləri -daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri -geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər -dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər) -bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri) -qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri. Göründüyü kimi, metropoliten sahəsində yalnız gecə növbəsində işləyən və Siyahıda nəzərdə tutulmuş vəzifəni icra edən əməkdaşların güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranır. Nəzərə alınmalıdır ki, iddiaçının iş növbəsinin 50%-dan çox hissəsinin gecə növbəsi olması təkzib olunmazdır. Baxmayaraq ki, iddiaçının əmək kitabçasında 04.04.2006-cı il tarixdən işlədiyi elektrik mexaniki vəzifəsi ayrıca Siyahıda göstərilməsə də, həmin Siyahıda nəzərdə tutulmuş “qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri” vəzifəsinin iş şəraiti ilə eynilik təşkil edir. Bu hal onun əmək fəaliyyətini icra etdiyi müəssisə tərəfindən qəbul olunmuş və hər iki funksional vəzifənin (işin) eyniliyi müvafiq güzəştli arayışda əks olunmuşdur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Yuxarıda da göstərildiyi kimi, oxşar mübahisələr ilə bağlı Ali Məhkəmənin bir çox qərarlarında “Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər” ifadələri göstərilmişdir. Bunun əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki,“Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası”nda “elektrik mexaniki” vəzifəsinin funksional vəzifələri göstərilsə də, “qabarittədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri”n vəzifələri göstərilməmişdir. Bu səbəbdən Məhkəmə hər iki vəzifənin eyni funksional xarakter daşıdığı qənaətinə gələndə iş yerindən əldə olunmuş məlumatı (arxiv arayışı 23.09.2021) əsas götürmüşdür. Belə olduğu halda məhkəmə kollegiyası mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının 02.05.2020-ci il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyini müəyyən edir. (04.04.2006-02.05.2020=14 il 29 gün) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 24.08.2020-ci il tarixdə (imtina məktubunda göstərilən ilkin tarix) cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni 02.05.2020-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu 02.05.2020ci il tarixədək 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştlu sığorta stajı olduğundan və onun iş stajı əmək kitabçası və arayışlar ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8590/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8590/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-630/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-630/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver