Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-630/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müvafiq əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4372/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyin Tibbi- Sosial Ekspertiza Komissiyası tərəfindən onun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə təqdim edilmiş M00135062EDM №-li göndərişə xx.xx.2023cü il tarixdə verilmiş imtina qərarının əsassız hesab edilərək ləğv edilməsi və ona əlilliyin müvafiq dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Tibbi müayinələrin nəticələrinə əsasən ona “onurğanın anadangəlmə deformasiyaları, boyun fəqərələrinin çoxsaylı anomaliyaları. Boyun fəqərələrinin C2-C5-C6 sinostozu (blok vertebra). Klippel Feyl sindromu. Anadangəlmə sağ tərəfli əyriboyunluq. Dorsalgiya. Onurğanın boyun nahiyyəsində hərəkətin və funksiyanın kəskin pozulması” diaqnozu qoyulmuşdur. Həmin xəstəliklərdən uzun muddətdir əziyyət çəkir. Bununla bağlı müxtəlif tibb müəssisələrində ambulator və stasionar müalicələr almış, lakin aparılan ambulator və ya stasionar müalicələr nəticəsində orqanizmin pozulmuş funksiyaları bərpa olunmamış, onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntu olduğu kimi qalmışdır. Səhhətində olan həmin xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın aşağıdakı bəndlərinə uyğun gəlir: 11.4.2-ci bənd - onurğanın və döş qəfəsi sümüklərinin anadangəlmə inkişaf qüsurları (Q76); 13.1.3.3-cü bəndi - onurğanın funksiyasının ağır pozuntuları, gəzmək və oturmaq qabiliyyətinin əhəmiyyətli dərəcədə pozulması ilə, 13.5.1-ci bənd - onurğanın anadangəlmə deformasiyaları (Q67.5), 13.1.2.2-ci bənd yuxarı ətrafın birtərəfli tam olmaması. Faktiki olaraq əziyyət çəkdiyi xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın tələbinə görə ona əlillik dərəcəsini verməyə imkan verir. Bu baxımdan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən ona əlillik dərəcəsinin verilməsindən imtina edilməsi tamamilə əsassız olmaqla formal xarakter daşıyır. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilən məlumatlar heç bir tibbi yoxlama və ya araşdırma aparılmadan keçirilmiş və iddiaçıya əlilliyin təyin edilməsindən səthi olaraq imtina edilmişdir…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Onurğanın anadangəlmə deformasiyaları, Boyun fəqərələrinin çoxsaylı anomaliyaları. Onurğanın anadangəlmə deformasiyası.Boyun fəqərələrinin C2-C3 və C4- C5-C6 sinostozu (blok vertebra).Klippel Feyl sindromu Anadangəlmə sağ tərəfli əyriboyunluq. Dorsalgiya. Onurğanın boyun nahiyyəsində hərəkətin və funksiyanın kəskin pozulması. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir." səbəbi ilə imtina verilmişdir...” İmtina əsaslıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4372/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “...Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TibbiSosial Ekspert Komissiyasının) İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş M00135062EDM №-li göndərişə xx.xx.2023-cü il tarixdə verilmiş imtina qərarı ləğv edilsin. İddiaçı əlilliyin müvafiq dərəcəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun...” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurqulamısdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir... Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçı isə onunla razılaşmamış, iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının işə əlavə olunmuş xx.xx.2023cü il tarixli mübahisələndrilən qərarından görünür ki, iddiaçının M00135062EDM №-li göndəriş əsasında müəyyyən olunan “ Onurğanın anadangəlmə deformasiyaları, Boyun fəqərələrinin çoxsaylı anmaliyaları. Onurğanın anadangəlmə deformasiyası. Boyun fəqərələrinin C2-C3 və C4-C5-C6 sinostozu (blokvertebra) Ktipp Feyi sindromu Anadangəlmə sağ tərəfli əyriboyunluq. Dorsalgiya. Onurğanın boyun nahiyyəsində hərəkətin və funksiyanın kəskin pozulması.” - diaqnozu üzrə xəstəliyi - “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə ona əlillik dərəcəsi verilməsindən imtina olunmuş, həmin imtinadən narazı qalan iddiaçı həmin imtinanı xx.xx.2023-cü il tarixdə məcburetmə haqqında iddia vasitsilə məhkəmədə mübahisələndirmişdir (İnzibati icraat haqqından Qanunun 73.2-ci, İPM-in 38.2-ci və 35-ci maddələri baxımından iddia müddəti ötürülməmiş iddia mümkün iddiadır). Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə Tibbi-Sosial Ekspert Komissiyasının işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı əlillik təyin olunmasından imtina olunması əsassızdır.Belə ki, iş materialları üzrə aşağıdakı sənədlərə araşdırıldıqda iddiaçının iddia tələbində müəyyən olunur ki, iddiaçı tələbində haqlıdır. O cümlədən: - iddiaçının hərbi biletinin (xx.xx.2010.No1196777) surətinin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2016-cı ildə hərbi həkim komissiyası tərəfindən dinc dövrdə xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir(i.v.71). -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X5 verdiyi ********** nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, iddiaçının tibb müəyinəsi zamanı ona “Onurğanın anadangəlmə İİ (ikinci) dərəcəli skoliozu.Boyun fəqərələrinin çoxsaylı anomaliyaları.Onurğanın anadan gəlmə deformasiyası.Boyun fəqərələrinin sinostozu. Dorzalgiya. Onurğanın hərəkət məhdudiyyəti. Klippel-feyl sindromu.Daimi ağrı sindromu.Dayaq-hərəkət funksiyasının pozulması” diaqnozu qoyulmuşdiur. -X3 xx.xx.2023-cü il hesabt tarixli MRT müayinə sənədindən görünür ki, ddiaçının müayinəsinin nəticələri aşağıdakılardan ibarət olmuşdur:“C3-4 diskdə anterior subarxnoid sahəni sıxan arxa osteofitlərin bərabərlik göstərdiyi 2 mm ölçüdə geniş əsaslı arxa protruziya; C6-7 diskdə anterior subaraxnoid sahəni sıxan arxa diffuz qabarma (Bulging) ; C2-C3 və C4-C5-C6 block vertebra” -088 formalı (№M00135062EDM) göndərişdən görünür ki, iddiaçının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdərdə rentgenoqrafiya-anatomik müayinəsi, eyni zamanda, xx.xx.2023-cü il tarixdə onun laborator müayinələri keçirilmiş və son nəticədə onda müəyyən olunan Əsas diaqnoz - Q67.5 Onurğanın anadangəlmə deformasiyaları, Boyun fəqərələrinin çoxsaylı anomaliyaları. Onurğanın anadangəlmə deformasiyası. Boyun fəqərələrinin C2-C3 və C4-C5-C6 sinostozu (blok vertebra) Klppel Feyl sindromu. Anadangəlmə sağ tərəfi ayrıboyunluq dorsalgiya. Onurğanın boyun nahiyyəsində hərəkətin və funksiyasının kəskin pozulması”; Ağırlaşmalar - M24.5 “Oynaqların kontakturası, Onurğanın boyun nahiyyəsində hərəkətin məhdudluğu, funksiyanın kəskin pozulması; M50 “Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi.Boyun şöbəsinin fəqərə disklərinin zədələnməsi. Anadangəlmə sağ tərəfli ayrıboyunluq.Uzun assimetriyası. Tez-tez kəskinləşən ağrı sindromu. Müəyyən olunmuşdur. İddiaçıda aşkar olunan həmin xəstəliklərə münasibətdə 2022-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş, “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci 187 nömrəli Qərarına Əlavəsinin 13.5.1-ci bəndindən isə görünür ki, “Q67.5 - Onurğanın anadangəlmə deformasiyaları”; “M54- Dorsalgiya”, “M50-boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi” - əlillik təyin olunmasına əsas verən meyarlardır. İşdən həmçinin görünür ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nə məhkəmə tibbi ekspertizası təyin olunmuş və həmin Birliyin ekspertləri tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının müayinəsi aparılaraq T322/2024 nömrəli ekspert rəyi tərtib olunmuşdur. Həmin rəydə də qeyd olunur ki, iddiaçı ibbi müayinəsindən keçərkən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2024-cü ildə həkim komissiyasının müayinəsindən sonra onda “Klippel Fiel” sindromu, onurğanın ikinci dərəcəli torakal “C-vari” skolioz deformasiya, beşinci döş fəqərənin “hemi vertebrası”, onurğanın boyun şöbəsinin hərəkət məhdudluğu (önə və yana fleksiya (bükmə) 15 dərəcə, ağrı sindromu ilə XBT:Q74; M41; Q76.4; M24.5; R52.2” diaqnozu qoyulmuşdir, boyun,döş fəqərələri səviyyəsində onurğanın AP və lateral proyeksiyasında R-qrammasında Servikal hiperlordoz, Th1-Th7 fəqərələr səviyyəsində açıqlığı sağa baxan Cobb bucağı 24 dərəcə olan İİ dərəcə “C-vari” skolioz qeyd edilir, Torokal Kifoz təbii fizioloji vəziyyətdədir, C2-C3 və C4, C5, C6, Th4, Th5 fəqərələr səviyyəsində “blok vertebra” və Th5 fəqərənin sol tərəfli “Hemi vertebra” anomaliyası aşkar edilir,Tip 2 Klippel-Feil sindromu xəstəlikləri müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”nın sözügedən Əlavəsinin 13.5.1-ci bəndindən aydın olur ki, “M 41 –Skolioz” əlillik meyarı hesab edilir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya əlilik təyinatı aparılması üçün qanunvericiliklə müəyyən olunan meyarlarla ehtiva olunan xəstəliklər mövcud olduğu halda, cavabdeh mübahisələndirilən qərarı ilə ona 088 forma göndərişdə (№M00135062EDM) təsbit olunan diaqnozun - “əlillik əlaməti təyin etmir” əsası ilə ona əlillik təyin olunmasından imtina olunması tamamilə əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4372/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4372/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-630/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-630/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver