Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-631/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4238/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4238/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi olan 586 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarıın ləğv edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı müvafiq bağ sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsi ilə bağlı xx.xx.2013-cü il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq bağ sahəsinə dair çıxarış verilməsi ilə bağlı iddiaçı tərəfindən İdarəyə rəsmi müraciət daxil olmamış və hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. Bundan əlavə, müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2019-c tarixdə aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq bağ sahəsi ölçüsü sənəd üzrə 1200 kv.m olduğu halda, faktiki olaraq 1185,0 kv.m.-dir. Bundan başqa müvafiq bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunzluq var. Belə ki, iddiaçının göstərdiyi bağ sahəsi sxematik xəritəyə əsasən 586 saylı bağ sahəsinin deyil, bölgü-sxeminə əsasən 5927 saylı bağın yerinə uyğun gəlir və göstərilən ərazinin 586 saylı bağ sahəsinə hər hansı aidiyyəti yoxdur. Göründüyü kimi, müvafiq bağ sahəsinə keçməsinə dair İddiaçı tərəfindən İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, həmçinin bununla bağlı inzibati orqanın hər hansı hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Lakin qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamış, iddiaçının İdarəyə müraciəti ilə iddia tələbi arasında fərqin olması məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamış, iş ətraflı və düzgün araşdırılmamış və nəticədə iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı qanunsuz qərar qəbul edilmişdir. Bu səbəbdən də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4238/2019 nömrəli qərarı ləğv olunmalı və İddiaçı iddia tələbi qeyrimümkün hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəf məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək qərarın ləğv edilməsi iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 İnkişafı və X5 bağlar sahəsindəki 245 saylı kooperativin 02 saylı orderinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx xxxx 1993-cü il tarixli 531 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 245 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 586 saylı bağ X4 istifadəsinə verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi olan 586 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər cavabdeh orqana təqdim edildiyi və bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi ücün yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aid olduğu halda, cavabdeh əsassız olaraq qeyd olunanları nəzərə almamış, iddiaçının ərizəsinin təmin etməmişdir. Kollegiya aşağıdakılara əsasən məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq iddia tələbinin mümkünlüyünə münasibətdə aşağıdakıları qeyd edir. “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. AR İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Qanunun tələbindən göründüyü kimi, maraqlı şəxs arzuladığı inzibati aktın qəbul olunması üçün məhkəməyə müraciət etməzdən öncə müvafiq inzibati orqana müraciət etməlidir. Yəni, inzibati orqan maraqlı şəxsin arzuladığı müvafiq inzibati aktı qəbul etməkdən rəsmi şəkildə imtina etdiyi və ya inzibati aktın qəbul edilməsi ilə bağlı hərəkətsizlik göstərdiyi hallarda iddiaçının inzibati orqanın imtina barədə qərarından və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək hüququ yaranır. İş materiallarında iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi ilə bağlı inzibati orqana müraciət etməsi və ona verilmiş müvafiq cavab məktubu müəyyən olunmamışdır. Apelyasiya şikayətində cavabdeh orqan bildirmişdir ki, hazırki iddiaçı müvafiq bağ sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsi ilə bağlı müraciət etmişdir. Beləliklə, iddiaçı hazırki iş üzrə mübahisələndirdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsini cavabdehə həvalə edilməsini xahiş etsə də, həmin tələblə bağlı inzibati orqana-hazırki cavabdehə ərizə ilə müraciət etməmişdir. Başqa sözlə, inzibati orqan müvafiq torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi ilə əlaqədar müvafiq inzibati icraat aparmamış, bununla bağlı hər hansı qərarı olmamış, hərəkət və ya hərəkətsizlik nümayiş etdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4238/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi olan 586 saylı bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-631/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-631/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver