Məhkəmə qərarları › İş №2-1(103)-631/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-631/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-631/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “avtomobilin texniki pasportunda dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “avtomobilin texniki pasportunda dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4725/2022 saylı 21 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AE seriyalı 095140 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “JEEP WRANGLER minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil: Tip Universal, Buraxılış ili 2012, Mühərrik CL225577, Ban 1C4HJWCG7CL225577, Şassi B/Z, rəngi qara qeyd olunmuşdur. “JEEP WRANGLER” markalı minik avtomobilini alan zaman onda professional, orijinal qaydada, rəsmi zavod istehsalı olan “lebyotka”, alnında ağ işıq və 305/70/R16 ölçülü avtoşinlər olduğunu iddia edən iddiaçı avtomobilin texniki pasportunda bu barədə hər hansı qeydin aparılmadığına istinad edərək həmin qeydlərin aparılması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 016-75789K-4221 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı “Əlavə” ilə müəyyən olunmuş tələblərə cavab verməli, eləcə də nəqliyyat vasitələrinin normativ texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi təhlükəsizlik baxımından istehsalçı zavod tərəfindən aparılmaqla beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “”JEEP WRANGLER” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan qanuni quraşdırılmış zavod istehsalı “lebyotka” (özü-özünü dartan), altında ağ işıq və 305/70/R16 ölçülü avtoşinlərin texniki pasportda yazılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun şəxsi əmlakı olan “JEEP WRANGLER” markalı minik avtomobilini xx.xx.2021-ci il tarixdə adına sənədləşdirərək **- SF-*** nömrəli dövlət qeydiyyat nişanı almışdır. Sənədləşmə cavabeh tərəfindən rəsmiləşdirilmiş, avtomobilə texniki baxış keçirilmiş və bu il də yenidən texniki baxışdan keçirilmiş, heç bir irad olmamışdır. Məlum olduğu kimi, sənədləşmə zamanı avtomobillər cavabehin videokameralarla təchiz olunan xüsusi keçidinə daxil olur və müvafiq baxış keçirildikdən sonra rəsmiləşdirilir. Avtomobili alan zaman onda professional, orijinal qaydada, rəsmi zavod istehsalı olan “lebyotka”, alnında ağ işıq və 305/70/R16 ölçülü avtoşinlər olmuşdur. Rəsmiləşdirmədən sonra da onun tərəfindən avtomobildə heç bir dəyişiklik edilməmişdir. Məlumdur ki, “lebyotka” və 305/70/R16 ölçülü avtoşinlər əlavə avadanlıq hesab edilə bilməz. Eyni zamanda əgər onlar yaşayış məntəqələrində yanılı vəziyyətdə olmursa, ağ və ya sarı rəngli əlavə faraların olması hər hansı inzibati xəta tərkibi və ya digər qayda pozuntusu yaratmır. Onun avtomobilində hər hansı qadağan olunmuş əlavə avadanlıqların olmamasına, qayda pozmamasına baxmayaraq, şəhərdə tez-tez X5 əməkdaşları əsassız olaraq onun avtomobilini saxlayırlar. Polis əməkdaşları ona avtomobilində “lebyotka”, alnında ağ işıq və 305/70/R16 ölçülü avtoşinlərin olmasının texniki pasporta qeyd edilməli olduğu barədə irad bildirirlər. Bu da əlavə vaxt itkisinə və əsəb gərginliyinə səbəb olur. xx.xx.2021-ci il tarixdə avtomobili rəsmiləşdirdiyi andakı videogörüntülərə, avtomobilin hazırkı heç bir dəyişiklik olunmamış vəziyyətinə mütəxəssislərin və onun iştirakı ilə baxış keçirilməsi mütləq olduğundan o, cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla müraciətin mahiyyətindən kənara çıxaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4725/2022 saylı 21 iyun 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun maddələrini qərarda sadalamaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1999-cu il 14 iyun tarixli, 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimatın bəndlərinə istinad edilmişdir. Tərəflərin izahatları: xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada məlumatlandırılmalarına baxmayaq nümayəndəsinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı tələbi, “”JEEP WRANGLER” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan qanuni quraşdırılmış zavod istehsalı “lebyotka” (özü-özünü dartan), altında ağ işıq və 305/70/R16 ölçülü avtoşinlərin texniki pasportda yazılması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən avtomobilinə quraşdırılmış və həmin model avtomobilin zavod istehsalçısı tərəfindən nəzərdə tutulmamış əlavə avadanlıqların dövlət standartlarına uyğun olub-olmaması ilə bağlı məhkəməyə və cavabdeh orqana hər hansı sübutun təqdim edilməməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 18ci bəndinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək yol hərəkəti sahəsində dövlətin vəzifələrinə daxildir. Həmin Qanunun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin Qanunun 30-cu maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanunun 30-cu maddəsinin V hissəsinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısının 3-cü bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda; faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda; xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda; işıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə; sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda; geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Həmin Siyahının 5-ci bəndinə əsasən minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm-dən, yük avtomobillərində — 1 mm-dən, avtobuslarda — 2 mm-dən, motosiklet və mopedlərdə — 0,8 mm-dən az olduqda; şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rejiminin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda; bərkitmə boltu olmadıqda və ya təkərlərin diskində və çənbərlərində çatlar olduqda; şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə; avtobusun, minik avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə; yük daşıyan avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə nasazlıq aradan qaldırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə nəqliyyat vasitələri avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə təkrar qeydiyyata alınır. Həmin Əsasnamənin 4.5-ci bəndinə əsasən avadanlıqla təchiz edilmiş və yenidən yığılmış, yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır: avadanlıqla təchiz edilməsi və yenidən yığılması haqqında nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq orqanın verdiyi icazə; avtotəmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş banın, şassinin, mühərrikin nömrələri göstərilir); nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim aktı; avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi; həmçinin 2.8. bəndində göstərilmiş digər müvafiq sənədlər. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən nəqliyyat vasitəsi avadanlıqla təchiz edilib yenidən yığıldıqda yeni model, şassi, çərçivə, ban və mühərrikin nömrəsi göstərilməklə onun mülkiyyətçisinə yeni qeydiyyat şəhadətnaməsi verilir. “Qeydiyyat üçün əsas” bölməsində əvvəlki modeldən (köhnənin adı yazılır) avadanlıqla təchiz edilib yenidən yığılması, həmçinin əvvəlki qeydiyyat sənədinin nömrəsi və seriyası göstərilir. Qeydiyyat şəhadətnaməsinin “Buraxılış ili” bölməsində nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması ili yazılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1999-cu il 14 iyun tarixli, 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimat”ın 2.15-ci bəndinə əsasən xarici ölkələrdən Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri gömrük nəzarətində olduqda, nəqliyyat vasitəsi sosial-təminat orqanları vasitəsilə alındıqda, dövlət standartlarına müvafiq olaraq xüsusi işıq və səs siqnalları quraşdırılmış və ya xüsusi rəng qrafikasına malik olan, yaxud reklam şəraitini məhdudlaşdıran şərtlər olduqda və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında və nəqliyyat vasitəsinin uçot kartoçkasında müvafiq yazılar aparılır. Həmin Təlimatın 3.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin rekvizitləri çap üsulu ilə, yaxud xüsusi mürəkkəblə, aydın oxunan şəkildə çap hərfləri ilə doldurulur. Blankın rekvizitlərində yazı üçün ayrılmış yer azlıq etdikdə, ümumqəbul olunmuş ixtisarlardan istifadə edilə bilər. Hər hansı bir rekvizit barədə məlumat olmadıqda, müvafiq qrafada “yoxdur” yazısı qeyd olunur. Həmin Təlimatın 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin mətni aydın və dürüst yazılmalıdır. Hüquqi şəxslərin adı ünvanları göstərilməklə ixtisar edilmədən yazılmalı, fiziki şəxslərin isə adı, soyadı və atasının adı, yaşayış yeri və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi göstərilməklə yazılmalıdır. Sözlərin və rəqəmlərin üstündən xətt çəkilərək pozulması, silinməsi və əlavə yazılar aparılması yolverilməzdir. Həmin Təlimatın 3.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin “A”, “D” və “S” rekvizitləri baş hərflərlə, qalan rekvizitlər isə kiçik hərflərlə doldurulur. hərflərin şriftlərin sıxlaşdırılmasına yol verilməməlidir. “Qeydiyyat üçün əsas” qrafasında şəhadətnamənin verilməsi üçün əsas olan sənəd (əvvəlki qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi, onu vermiş qeydiyyat məntəqəsinin adı, gönə dövlət qeydiyyat nişanları, ticarət təşkilatının arayış-hesabı, gömrük sənədləri, bağışlama müqaviləsi, məhkəmənin qərarı və nəqliyyat vasitəsinə sahibliyi təsdiq edən digər sənədlər, onların seriyası, nömrəsi, verilmə tarixi və verən orqanın adı) göstərilir. “Xüsusi qeydlər” qrafasında nəqliyyat vasitəsi haqqında bəzi məlumatlar, onun müvəqqəti uçota alınması, həmçinin “Əsasnamə” ilə tutulmuş digər müvafiq qeydiyyatı aparan şəxsin vəzifəsi, soyadı, aparılma tarixi göstərilir. Aparılmış qeydiyyat vəzifəli şəxsin imzası və möhürlə təsdiqlənir. Həmin Təlimatın 3.4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində onu verən qeydiyyat məntəqəsinin tam adı və sənədin verilmə tarixi göstərilir. Şəhadətnamə, onun verilməsi haqqında qərar qəbul etmiş vəzifəli şəxs tərəfindən imzalanır və qeydiyyat məntəqəsinin möhürü ilə təsdiq olunur. Həmin Təlimatın 4.1-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyat göstəriciləri dəyişdirildikdə “Əsasnamə”nin tələblərinə müvafiq olan və bu Təlimatın 2.1-2.10, 2.13 və 2.18-ci bəndlərində göstərilən hərəkətlər həyata keçirilir. “Əsasnamə”nin 4.5-ci bəndində nəzərdə tutulmuş halda, nəqliyyat vasitələrinin avadanlıqla təchiz edilməsinə və yenidən yığışmasına müvafiq icazə Azərbaycan Respublikası DİN DŞ İdarəsi tərəfindən verilir. Fiziki şəxslərə məxsus olan yüngül minik avtomobillərinin eyni marka daxilində yenidən yığılmasına müvafiq icazə, onların uçotda olduqları qeydiyyat məntəqələrində bu Təlimata 9 nömrəli əlavədə göstərilən formada verilə bilər. Həmin Təlimatın 4.2-ci bəninə əsasən qeydiyyat göstəricilərinin dəyişdirilməsi rəsmiləşdirildikdən sonra bu Təlimatın 3-cü bəndində göstərilən qaydada nəqliyyat vasitəsinə yeni qeydiyyat şəhadətnaməsi verilir. Həmin Təlimatın 4.4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin xüsusi işıq və səs quraşdırılması və digər hallarla bağlı olaraq qeydiyyat göstəriciləri dəyişdikdə, bu Təlimatın 2.15-ci bəndində nəzərdə tutulmuş analoji hərəkətlər həyata keçirilir. Nəqliyyat vasitəsinə xüsusi işıq və səs siqnalları və digər avadanlığın quraşdırılmasına, onun xüsusi rəng qrafikasına malik olmasına xitam verilməsi ilə əlaqədar olaraq qeydiyyat göstəricilərinin dəyişdirilməsi, göstərilən avadanlıqlar söküldükdən və xüsusi rəng qrafikası silindikdən sonra həyata keçirilir. Həmin Təlimatın 4.5-ci bəndinə əsasən qeydiyyat göstəricilirinin dəyişdirilməsi ilə əlaqədar olaraq bütün hallarda nəqliyyat vasitəsinin uçot kartoçkasında və kompüter bazasında müvafiq dəyişikliklər aparılır. Beləliklə, aparılmış araşdırmalardan müəyyən olunur ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Lakin iddiaçı tərəfindən avtomobilinə quraşdırılmış və həmin model avtomobilin zavod istehsalçısı tərəfindən nəzərdə tutulmamış əlavə avadanlıqların dövlət standartlarına uyğun olub-olmaması ilə bağlı məhkəməyə və cavabdeh orqana hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq qeydiyyat göstəriciləri dəyişdirilməsinə dair avtomobilin qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında müvafiq yazıların aparılması ilə bağlı hər hansı qeydiyyat hərəkətlərinin həyata keçirilməsinin tələb edilməsini əsassız saymışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya qaydasında işə baxılarkən iddiaçı tərəfindən iddia etdiyi hissələrin əvvəlcədən avtomobilində quraşdırılmış olması sübuta yetirilmədiyi üçün həmin hissələrin zavod istehsalı kimi quraşdırılması ilə bağlı avtomobilin texniki pasportunda müvafiq qeydlərin aparılmasından cavabdehin imtina etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh orqan inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətin edilməsindən (avtomobilin texniki pasportunda müvafiq qeydlərin aparılmasından) imtina edərkən bu müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4725/2022 saylı 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4725/2022 saylı 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar