Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-632/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8312/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi 3215 məhəllə, ev 8 (Yeni qaydalarla: AZ1114, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 100.2 kv.m olan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəminin ölçüsü (26,4 kv.m) çıxılmaqla yerdə qalan 40 kv.m nəzərə alınmaqla ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-8312/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəmi sahə (layihədə 26,4 kv.m göstərilən) çıxılmaqla yerdə qalan 40 kv.m sahə əlavə kimi nəzərə alınmaqla ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı 26 may 2023-cü il tarixdə dəqiqləşmə vermişdir. Məhkəmənin hüquqi yardımla bağlı təklifinə əsasən iddiaçı tələbini yenidən dəqiqləşdirərək məhkəmədən 05 iyun 2023cü il tarixli ərizə ilə əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəminin ölçüsü (26,4 kv.m) çıxılmaqla yerdə qalan 40 kv.m nəzərə alınmaqla ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəmi sahə (layihədə 26,4 kv.m göstərilən) çıxılmaqla yerdə qalan 40 kv.m sahə əlavə kimi nəzərə alınmaqla ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ləğv olunmalıdır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə əlavə 62,2 kv.m sahə inşa olunmuş və həmin sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. Bu səbəbdən də həmin məhkəmə tərəfindən qəbul olunmuş 09 iyun 2023cü il tarixli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaş İddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 264 nömrəli Sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı mülkiyyətində olan Binəqədi rayonu, M.Kazımovski küçəsi, məhəllə 3215, ev 8 ünvanında yerləşən 2 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, məhəllə 3215, ev 8 (yeni qaydalarla: AZ 1114, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (sahəsi 70.09 kv.m) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İşin faktiki hallarından görünür ki, ünvan 6 ünvanında yerləşən sahəsi 64.92 kv.m olan 2 saylı mənzilə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022ci il tarixli 264 nömrəli Sərəncamına əsasən iddiaçının mülkiyyətində olan həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli texniki rəyi və qəbul komissiyasının aktına əsasən həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün hesab edilmişdir (ümumi sahəsi 142.80 kv.m, əlavə tikili 66.40 kv.m). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, məhəllə 3215, ev 8 (yeni qaydalarla: AZ 1114, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (sahəsi 70.09 kv.m) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəminin ölçüsü (26,4 kv.m) çıxılmaqla yerdə qalan 40 kv.m nəzərə alınmaqla həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsini xahiş edir. Cavabdeh inzibati orqan qeyri-yaşayış sahəsinə əlavə inşa olunmuş sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşdiyindən müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əlavə sahəyə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 264 nömrəli Sərəncamına istinad etsə də, həmin sərəncamda əlavə sahə fərqinin hüquqi əsasları göstərilməmişdir. İddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi əlavə sahə qeydiyyatdan keçmiş qeyriyaşayış sahəsinə və binaya bitişik əlavə sahədir. Həmin əlavə sahəyə aid hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri iddiaçı tərəfindən həm inzibati orqana, həm də məhkəməyə təqdim edilməmişdir. Belə ki, qeyd olunan əlavə tikili ilə əlaqədar sənədlər, o cümlədən əlavə sahənin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Bundan başqa, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi əlavə sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşir. Həmin sahə yaşayış binasının sakinlərinin ümumi paylı mülkiyyətindədir. Həmin sahənin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması digər sakinlərin hüquqlarının pozulmasına səbəb olar. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8312/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-632/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-632/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver