Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-633/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi, filialın departament müdiri X5 iştirakı ilə, İddiaçı (xx.xx.1956-cı il tarixində Ermənistan Respublikasının Vardenis rayonunun B.Məzrə kəndində anadan olmuşdur) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə 27 oktyabr 2020-ci il tarixli, 2-1(82)-3293/2017 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 29.06.2017-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 15.11.2002-ci ildən 02.09.2004-cü ilədək “X13 İnk” şirkətində, 02.09.2004-cü ildən 01.05.2006-cı ilədək “X1 Company S.A.L.” şirkətində işlədiyi dövrün iş stajının sosial sığorta stajına daxil edilməklə 02.01.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3293/2017 saylı, 17 iyul 2017-ci il tarixli qərarına (hakim Z.Tağıyev) əsasən iddia təmin edilərək, İddiaçı 15.11.2002-ci ildən 02.09.2004-cü ilədək “X13 İnk” şirkətində 02.09.2004-cü ildən 01.05.2006-cı ilədək “X1 Company S.A.L.” şirkətində işlədiyi dövrün iş stajının sosial sığorta stajına daxil edilməklə 02.01.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 17.08.2017-ci il tarixdə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 30/2018 saylı iş üzrə 30 yanvar 2018-ci il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2324/2017 saylı, 10 oktyabr 2017-ci il tarixli qərardadı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(001)-3734/17 saylı, 23 may 2017-ci il tarixli qətnaməsindən DSMF Xətai RŞ tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı iş üzrə yekun məhkəmı aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8921/2017 saylı, 18 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3734/17 saylı, 24 may 2017-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8921/2017 saylı, 18 yanvar 2018-ci il tarixli arayşına əsasən (hakim İ.Şirinov) ərizəçi İddiaçı (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli qətnaməsi 19 dekabr 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2509/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərardadına əsasən (hakimlər K.Bədəlov, İ.Dadaşov, S.Hüseynova) Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-30/2018 saylı iş üzrə 30 yanvar 2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmayaraq, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Qərar 12 mart 2018-ci il tarixdə qanunu qüvvəsini almış, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3293/2017 saylı, 17 iyul 2017-ci il tarixli qərarı 10 aprel 2018-ci il tarixdə 2-1(82)-3293/2017 saylı məktubla icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə göndərilmişdir. 27.01.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin və 13.02.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizələri məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2-1(82)-3293/2017 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 2-1(103)-30/2018 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Şöbəyə daxil olan məhkəmə qərarı əsasında pensiya təyinatının aparılmamasına baxmayaraq, vətəndaşın əmək pensiyasının məbləği 2007-ci il 1 yanvar tarixdən hesablanmış, həmin tarixdən hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun faizlər tətbiq edilməklə 2019-cu il 1 yanvar tarixdən pensiyanın aylıq məbləği 1374,07 manata çatdırılmaqla (ötən dövrlər üzrə hesablanmış 143.283,47 manat məbləğ aylara bölünərək alınmış 1374,07 manat məbləğin pensiyanın aylıq məbləğinin üzərinə gəlməklə) 2019-cu il 25 yanvar tarixindən pensiyanın ödənişinə başlanılmışdır. Ümumilikdə vətəndaşın hesabına köçürülmüş və nağdlaşdırılmış əsassız pensiya məbləği 159.732,53 manat təşkil etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İş üzrə icraatın təzələnməsi üçün əsaslar təqdim olunur. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, rəsmi məlumatlara əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 01.08.2006-cı il tarixdən 30.09.2017-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 21, 10 ünvanında, 30.09.2017-ci il tarixdən 09.12.2018-ci il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X17 ünvanında pasport qeydiyyatında olduğu halda Bakı şəhəri Nizami rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci bəndinin tələblərinə zidd olaraq üzərində imza və tarix qeyd olunmayan ərizə 28.11.2018-ci il tarixdə Fondun Bakı şəhər Nizami rayon şöbəsində qeydiyyatdan keçirilmişdir. Həmin şöbənin pensiya üzrə komissiyasının tarix qeyd olunmayan 1026 nömrəli qərarına əsasən vətəndaşa 01.01.2007-ci il tarixdən 51 yaşının tamam olduğu gündən qeyd olunan Qanunun 9.8-ci maddəsinin şərtlərinə, o cümlədən 1 №-li Siyahıya istinad etməklə və 2006-cı ilədək hesablanmış 31 il 3 ay əmək stajına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2007-ci il tarixdən 615,33 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun faizlər tətbiq edilməklə 01.01.2019-cu il tarixdən 1374,09 manat müəyyən edilmiş, 01.01.2019cu il tarixdən ödənişinə başlanılmış, ötən dövrlər üzrə hesablanmış 143.283,47 manat məbləğ 12 ay ərzində plastik kart hesabına köçürülmüşdür. Pensiya işinə əlavə olunmuş məhkəmə qərarlarına əsasən İddiaçı 01.07.1976-01.12.1988-ci illərdə “Ermənistan SSR X22” (keçmiş Armzoloto) yeraltı dağ-mədən fəhləsi, 01.02.1989- 09.09.1994-cü illərdə Xanlar Avtonəqliyyat ATSC-də sürücü, 15.09.1994-30.12.1997-ci illərdə İstehsal Komplektləşdirmə İdarəsində yükləyici, 19.01.1998-10.12.1999-cu illərdə X18 Zavodunda sürücü, 20.12.1999-15.11.2002-ci illərdə Bakı Dövlət Cıdır Meydanında sürücü, 15.11.2002-02.09.2004-cü illərdə X13 İnk şirkətində operator və 02.09.2004- 01.05.2006-cı illərdə X1 Company S.A.L şirkətində sürücü vəzifəsində işləmişdir. Pensiya işinə əlavə olunmuş hərbi biletin surətinə əsasən İddiaçı 13 may 1974-cü il tarixdən 1 iyun 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Qeyd edildiyi kimi İddiaçı iş stajlarının, o cümlədən bilavasitə aylıq pensiya məbləğinin hesablanması üçün nəzərə alınan 15.11.2002-02.09.2004-cü illərdə X13 İnk şirkətində operator vəzifəsində işləməsinə dair sözügedən şirkətin adından verilmiş arayışa vurulmuş möhürün həqiqiliyi şübhə yaratdığından və 02.09.2004-01.05.2006-cı illərdə X1 Company S.A.L şirkətində sürücü işləməsinə dair pensiya işinə tikilmiş arayışa vurulmuş dairəvi möhürün həqiqiliyinə əsaslı şübhə yarandığından vətəndaşa təyin olunmuş və ödənilmiş pensiya qanunsuz hesab edilməlidir. Əlavə olaraq İddiaçı Nazirliyə verdiyi izahatında qeyd etmişdir ki, o, 2000-2004-cü illər ərzində Bakı Dövlət Cıdır Meydanında sürücü işləmiş, 2004-cü ildən isə 2 ilə yaxın müddətdə Bakı Ceyhan Boru kəmərində sürücü vəzifəsində işləmişdir. Araşdırma məqsədilə Nazirliyin yerli qurumu tərəfindən vətəndaşın hal-hazırda işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinə sorğu verilmişdir. Sorğuya cavab olaraq təqdim olunmuş 10 sentyabr 1976-cı il tarixdə açılmış əmək kitabçasının təsdiq olunmuş surətindən məlum olmuşdur ki, vətəndaş X22 işləməmiş, 1976-1988-ci illər ərzində Vardenis rayonunda yerləşən X3 sürücü, 1989-1994-cü illər ərzində X6 Birliyində sürücü, 1994-1998-ci illər ərzində “Göyçə-89” İstehsalat Kommersiya şirkətində sürücü, 1998-1999-cu illər ərzində “Azərneftyağ” İstehsalat Birliyində sürücü, 1999-2002-ci illər ərzində Bakı Dövlət Cıdır Meydanında sürücü, 2003-2004-cü illər ərzində “Bayıl Limanlı” X19 idarəsində sürücü 2004-cü il tarixdən halhazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” X4 Departamentində sürücü vəzifəsində işləmişdir. Beləliklə əmək kitabçasında qeyd olunanlardan məlum olur ki, vətəndaşa güzəştli şərtlərlə pensiya hüququ verən X22 fəhlə işləməsi faktı, həmçinin aylıq pensiya məbləğinin hesablanması üçün bilavasitə nəzərə alınan 15.11.2002-02.09.2004-cü illərdə X13 İnk şirkətində operator və 02.09.2004- 01.05.2006-cı illərdə X1 Company S.A.L şirkətində sürücü vəzifələrində işləməsi faktı öz təsdiqini tapmamışdır. İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması barədə əldə edilmiş materiallara hüquqi qiymətin verilməsi məqsədilə Nazirlik tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunmuş və idarə rəisinin müavini H.Məmmədovun qərarı ilə, 02/2- 76C-20 saylı material üzrə fakta görə, Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1, 320.1 və 320.2-ci maddələri ilə 15.05.2020-ci il tarixində cinayət işi başlanılmışdır. Həmçinin hazırkı iş üzrə ərizəçi olan Fondun Nizami rayon şöbəsinin əsl ərizəçi ilə əvəz edilməsi zərurəti yaranmışdır. Belə ki, Dövlət Sosial Müdafiə X23 X14 23.07.2020 tarixli, **********1 №li qərarı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə X9 təsdiq edilmiş və həmin Əsasnamənin 1.1-ci maddəsinə əsasən Filial “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumdur. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 29.05.2020-ci il tarixli, ********* saylı məktubuna (məktub İstintaq İdarəsinin rəisi baş ədliyyə müşaviri Nemət Əvəzov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə istintaqın hərtərəfli, tam və obyektiv aparılmasını təmin etmək məqsədi ilə 02.01.1976-cı ildə (mətnə əsasən) Ermənistan, Vardenis rayonu Böyük Məzrə kəndində doğulmuş İddiaçı Bəhmən oğlunun iddia ərizəsi əsasında hakim X12 tərəfindən baxılmış 2-1(82)-3293/2017 №-li işə Baş idarənin mühüm işlər üzrə böyük müstəntiqi X15 tərəfindən baxış keçirilməsinə şərait yaradılmasına göstəriş verilməsi xahiş olunmuşdur. 28.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(82)-3293/2017 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 şəxsinin Xətai rayon şöbəsinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3293/2017 saylı, 17 iyul 2017-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən üçüncü şəxs qismində cəlb edilmə haqqında ərizə rədd edilmişdir. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(82)-3293/2017 nömrəli qərardadı ilə (hakim F.Mədətli) ərizə təmin edilmiş, İddiaçı 15.11.2002-ci ildən 02.09.2004-cü ilədək “X13 İnk” şirkətində, 02.09.2004-cü ildən 01.05.2006-cı ilədək “X1 Company S.A.L.” şirkətində işlədiyi dövrün iş stajının sosial sığorta stajına daxil edilməklə 02.01.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3293/2017 saylı, 17 iyul 2017-ci il tarixli qərarı ləğv edilmiş, məhkəmə qərarının icrası dayandırılmış, hazırkı işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Qərardaddan narazı qalan iddiaçı 11.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(82)-3293/2017 nömrəli qərardadının ləğv edilməsini və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yeni açılmış hallara dair ərizəçi tərəfindən məhkəməyə verilmiş ərizədə göstərilən hallar iş üzrə yeni açılmış hallar kimi qiymətləndirilə bilməz. Yəni ərizəçinin göstərdiyi hallar məhkəmə araşdırmaları zamanı inzibati orqan tərəfindən etirazlarının əsası kimi qeyd edilmişdir. Buna da məhkəmələr tərəfindən qiymət verilmişdir. Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(011)-3734/2017 saylı qətnaməsi ilə onun 1976-cı ildən 1988-ci ilədək Ermənistan Respublikası X22 yeraltı dağ-mədən fəhləsi işləməyinə dair hüquqi fakt müəyyən edilmişdir. Həmin qətnaməni heç kim mübahisələndirməmişdir. Digər tərəfdən ərizəçi əsassız olaraq onun “X13 İnk” şirkətində və “X1 Company S.A.L.” şirkətində işləməyini də şübhə altına almışdır. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ona heç bir aidiyyəti yoxdur. İşə baxan məhkəmə tərəfindən həmin hökmün sübut kimi qiymətləndirilməsi tamamilə əsassızdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-ə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər (100). Yeni açılmış hallar üzrə icraatın başlanması ancaq o zaman mümkün ola bilər ki, inzibati mübahisə üzrə icraat tam şəkildə başa çatmış olsun. Yəni məhkəmə mübahisə barəsində yekun qərar qəbul etmiş olsun və həmin qərara qarşı heç bir hüquqi vasitədən istifadə edilməsin. İcraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün, təzələnməyə yeni sübutlar və ya halların olduğunu əsaslandırılmalıdır. Beləliklə yeni sübutlar və hallar dedikdə başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Belə ki, sübut və hallar mütləq mübahisənin mövcud olduğu dövrdə mövcüd olmalı və ancaq obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yeni hal kimi göstərilmiş olan sübutlara məhkəmə proseslərində baxılmamış və həmin sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı zamanı iddiaçı tərəfindən ona məxsus əmək kitabçası təqdim edilməmiş, buna görə də məhkəmə tərəfindən əmək kitabçasına istinad olunmadan təqdim edilmiş arayışlar və məhkəmə qətnaməsi əsasında onun sosial sığorta stajı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(011)-3734/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı 1976-cı ildən 1988-ci ilədək Ermənistan Respublikası X22 (keçmiş “Armzoloto”) yeraltı dağ-mədən fəhləsi işləməsi faktı müəyyən olunmuşdur. Lakin iddiaçının məhkəmə icraatı zamanı təqdim etmədiyi əmək kitabçasına əsasən onun 01.09.1976-cı il tarixdən 14.02.1977-ci il tarixədək, 14.03.1977-ci il tarixdən 16.08.1983-cü il tarixədək Vardenis rayonunda yerləşən X2 sürücü, 03.02.1983-cü il tarixdən 01.12.1988-ci il tarixədək sovxozda sürücü vəzifəsində işlədiyi müəyyən edilir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı zamanı iş materiallarında olan arayışlar əsasında iddiaçının 15.11.2002-ci ildən 02.09.2004-cü ilədək “X13 İnk” şirkətində, 02.09.2004-cü ildən 01.05.2006-cı ilədək “X1 Company S.A.L.” şirkətində işlədiyi göstərilsə də, lakin iddiaçıya məxsus əmək kitabçası əsasında müəyyən edildi ki, o, 20.12.1999-cu il tarixdən 15.11.2002-ci il tarixədək Bakı Dövlət Cıdır Meydanında sürücü, 25.08.2003-cü il tarixdən X10 sürücü, 01.04.2004-cü il tarixdən 01.12.2004-cü il tarixədək çilingər vəzifəsində işləmiş, 03.05.2006-cı il tarixdə sürücü işinə keçirilmişdir və hal-hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azneft X4 Departamentində sürücü işləyir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı zamanı iş materiallarında olan və məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut qismində qiymətləndirilmiş hüquqi faktın müəyyən edilməsinə dair məhkəmə qətnaməsi və arayışlar arasında ziddiyyətlər mövcuddur. İddiaçının apellyasiya şikayətinin dəlili olan ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ona heç bir aidiyyətinin olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hökm iddiaçının pensiya işi ilə əlaqəlidir. Belə ki, X7 Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-149/2020 saylı, 21 yanvar 2020-ci il tarixli hökmünün surəti məhkəməyə təqdim edilmişdir. Həmin hökm üzrə X8 elan olunmuş ittihamın əsaslarından görünür ki, təqsirləndirilən şəxs 05.01.2000-ci il tarixdən 30.04.2004-cü il tarixədək Panama Respublikasının “X11 İnk” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində guya servis meneceri vəzifəsində işləməsi barədə əlyazma qeydlər aparmış, həmin şirkətin əmək haqqı məbləğinin aylar üzrə hesablanması barədə həmin nümayəndəlik tərəfindən verilməsi görüntüsünü yaradan tarixi olmayan saxta arayışları istintaqla müəyyən edilməyən tarixdə və şəraitdə qabaqcadan əlbir olan şəxslərlə birlikdə hazırlayaraq saxtalaşdırıb, bilə-bilə hüquq verən həmin saxta sənədlərdən istifadə etməkə DSMF-nun rayon şöbəsinə təqdim etmiş, saxta sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə nail olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hallar hazırkı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsas qismində çıxış edir. Azərbaycan Respublikası İPM-nin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(82)-3293/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına ( AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-633/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-633/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver