Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-633/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2-1(112)-6241/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25-28 yanvar 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2012-ci ildən bu günədək hər ay artıq ödədiyi məbləğin qanuna uyğun olaraq özünə qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17.01.2012-ci ildən adına açılan VÖEN: ********** saylı hesaba uyğun olaraq həmin tarixdən 10.10.2019-cu il tarixinədək Dövlət Vergi Xidmətinə vergilər ödəmişdir. Ödənilmiş vergilər haqqında məlumat cədvəlini təqdim etməklə ümumilikdə dövlətə 5660.2 (beş min altı yüz altmış manat iki qəpik) AZN ödədiyi məlum olur. (Ödənilmiş vergilər haqqında məlumat əlavə olunur). 23.09.2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdarəsinə ərizə ilə müraciət edərək, bildirmişdir ki, o, 11.02.2016-cı il tarixdən fəaliyyətini 5 (beş) il müddətinə dayandırmışdır. Fəaliyyətinin bərpa olunma tarixi 11.02.2021-ci il olmasına baxmayaraq, növbəti beş ildə fəaliyyətə başlamaq niyyətinin olmadığını göstərmişdir. Fəaliyyət göstərdiyi dövrdə hesabatlarını vaxtlı-vaxtında təqdim etməklə vergi ödənişlərini artıqlaması ilə ödəmişdir. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması qaydaları”na 1 nömrəli əlavəyə uyğun olaraq 14 noyabr 2019-cu il tarixində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə yazdığı ərizədə qeyd etmişdir ki, hal-hazırda onun vergi üzrə şəxsi hesab vərəqəsində artıq ödəmə hesabına 4082.10 AZN vəsaiti vardır. Bu barədə Dövlət Vergi İdarəsinin rəhbərliyindən xahiş etmişdir ki, həmin vaxt işsiz olduğuna və səhhəti ilə bağlı müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq həmin vəsaitin özünə qaytarılmasına göstəriş verilsin. Həmin ərizəni qəbul edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən ona göstəriş verildi ki, “Kapital Bank”la Xüsusi Şərtlər Hesaba Dair müqavilə bağlasın. O da 03.12.2019-cu il tarixində “Kapital Bank”ın Xətai filialı ilə müqavilə bağlayaraq vergilər idarəsinə ödədiyi artıq ödəmə pulunun onun hesabına köçürülməsi üçün hesab açdırmışdır (“Kapital Bankla bağlanmış 03.12.2019-cu il tarixli müqavilənin surəti əlavə edilir). Lakin bu günədək onun hesabına bir qəpik də olsun pul köçürülməmişdir. 03.12.2019-cu il, 25.09.2020-ci il, 15.12.2020-ci il, 28.12.2020-ci il, 10.02.2021-ci il, 08.04.2021-ci il tarixli məktublarla (məktubların surətləri əlavə edilir). Dövlət Vergi Xidməti onun müraciətlərinə məktublara baxılması haqqında müddətləri pozmaqla başdansovdu cavablar vermiş və bununla da qanunla müəyyən edilən hüquqları pozulmuşdur Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti”nin əsl cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.06.2021-ci il tarixli 2-1(112)-6241/2021 saylı qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” əsl cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” əsl cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 Baş İdarəsi” ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, şəxsi hesab vərəqəsində yaranmış 5660,20 manat artıq ödənilmiş məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6241/2021 saylı 21.09.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2-1(112)-6241/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 172.09 (bir yüz yetmiş iki manat doqquz qəpik) manat artıq ödənilmiş məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. (hakim: A.Oruczadə) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, 2012-ci ildən 10 oktyabr 2019-cu il tarixədək vergi ödəyicisi olaraq 5660,2 manat artıq ödəmə etmişdir. Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri Zaur İmranovun 30.03.2021-ci il tarixli məktubuna əlavə edilən ödənilmiş vergilərə dair cədvəllə də 5660,2 manat artıq ödəmə təsdiq edilir. Məhkəmə qərar qəbul edərkən X3 üzrə Baş İdarənin rəis müavini Zaur İmranovun artıq ödənilmiş vergi məbləği barədə 31 mart 2021-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktubda iddia olunan bütün müddət nəzərə alınmamışdır. 2019-cu ildə məhz Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən ona bildirilmişdir ki, artıq ödənilmiş vergi məbləği 4082,19 manat təşkil edir və həmin pulu geri qaytara bilərlər. O, həmin pulun qaytarılması üçün müvafiq ərizə ilə vergi qurumuna müraciət etmiş və bunun üçün Kapital Bank ASC-nin Xətai filialında adına hesab açdırmış, lakin pulu geri ödənilməmişdir. Məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış və qanunun tələblərinə zidd əsassız qərar qəbul edilmişdir. Həmin qərar ləğv edilməli və qanunun tələbinə cavab verən, iddianın tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı şəxsi hesab vərəqəsində yaranmış 5660,20 manat artıq ödənilmiş məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və müəyyən etmişdir ki, iddiaçının 2012-2019-cu il tarixləri arasındakı dövr üzrə 4082,19 manat dövlət büdcəsinə artıq ödənişi olmuşdur. Bu hal təqdim olunmuş şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Lakin nəzərə alınmalıdır ki, həmin məbləğlər ümumilikdə 2012-2019-cu illər üzrə dövrləri əhatə edir ki, bu zaman həmin vəsaitin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi aydınlaşdırılmalıdır. Bu araşdırmanın aparılması yönündə məhkəmə Vergi Məcəlləsinin müddəalarına istinad edir. Belə ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi, vergi qanunvericiliyi vergi orqanı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququnu müəyyən müddətə məhdudlaşdırılmış və tələb etmə müddətini 5 il müəyyən etmişdir. Yuxarıda göstərilənləri işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi 01.01.2012-14.11.2019-cu il dövrü üzrə 4082,19 manat pul vəsaiti göstərilsə də, iddiaçı həmin artıq ödəmənin qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada 25.09.2020-ci il tarixdə müraciət etdiyindən, ona həmin vəsait üzrə 5 illik müddəti ötməmiş ödənişlər geri qaytarılmalıdır. Artıq ödəmə kimi hesablanmış məbləğin 5 illik müddəti ötmüş 3910.10 manat vaxtı ötmüş artıq ödəmə kimi silinmişdir. Belə olan halda iddiaçının hal-hazırda olan şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsi 172.09 manat müəyyən edilir (4082,19 -3910,10) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı (VÖEN **********)2012-ci ildən hər ay 14 noyabr 2019-cu il tarixinə 4082 manat 19 qəpik yaranmış artıq ödəmənin qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan fərdi sahibkar İddiaçı (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdarəsinə ünvanlanmış 23.09.2020-ci il tarixli ərizəsinin təsdiq olunmuş surətində qeyd edilmişdir ki, o, 11.02.2016cı il tarixdən fəaliyyətini 5 il müddətinə dayandırmışdır. Fəaliyyətinin bərpa olunma tarixi 11.02.2021-ci il olmasına baxmayaraq növbəti beş ildə fəaliyyətə başlamaq niyyəti yoxdur. Fəaliyyət göstərdiyi dövrdə hesabatlarını təqdim etmiş və vergi ödənişlərini artıqlaması ilə ödəmişdir. Hal-hazırda onun vergi üzrə şəxsi hesab vərəqəsində 4082.12 manat artıq ödəmə hesabına vəsaiti vardır. Ona görə də hal-hazırda işsiz olduğunu və səhhəti ilə bağlı müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq həmin vəsaitin ona qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15.12.2020-ci tarixli **********618500 nömrəli məktubda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 1 nömrəli əlavəsinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergi orqanına təqdim etdyi ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN-ni), bank rekvizitlərini, artıq ödəmənin adını, təsnifat kodunu, ödənilmə tarixini, yaranma səbəbini, və məbləğini göstərməlidir. Lakin iddiaçı tərəfindən sonuncu dəfə 23.09.2020-ci il tarixdə təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə formasında artıq ödəmələrin adı, təsnifat kodları, ödənilmə tarixləri, onların yaranma səbəbləri düzgün qeyd olunmamışdır. Eyni zamanda ərizədə qeyd olunan artıq ödəmə məbləğinin bir hissəsinin ödəniş tarixindən 5 (beş) il keçdiyi müəyyən edilmişdir.Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bununla əlaqədar olaraq qeydiyyatda olduğunu vergi orqanı tərəfindən 3910,1 manat məbləğində tələbetmə müddəti bitmiş artıq ödəmə şəxsi hesab vərəqəsindən silinmişdir. Yuxarıda göstərilənlər nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulmuş qaydada tələbetmə müddəti bitməmiş artıq ödənilmiş vəsaitin qaytarılmasına dair yeni ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, onun 11.10.2019cu il tarixədək 4082,19 manat artıq ödəməsi olmuş, 10.02.2021-ci il tarixdə VM-nin 85.5-ci maddəsinə əsasən 3910,10 manat vaxtı keçmiş artıq ödəmə silinmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə görə vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Qanununvericiliyin göstərilən müddəalarına əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, iddiaçının 01.01.2012-14.11.2019-cu il tarixləri arasındakı dövr üzrə 4082,19 manat dövlət büdcəsinə artıq ödənişi olmuşdur. İddiaçı isə həmin artıq ödəmənin qaytarılması ilə bağlı vergi orqanına müraciəti 25.09.2020-ci il tarixdə olmuşdur. Həmçinin müəyyən ollunur ki, vergi orqanı tərəfindən qanunvericiliyin tələbi baxımından artıq ödəmə kimi hesablanmış məbləğin 5 illik müddəti ötmüş 3910.10 manat vaxtı ötmüş artıq ödəmə kimi silinmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının hal-hazırda olan şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsini 172.09 manat (4082,19 - 3910,10=172.09) müəyyən etmişdir. Məhkəmə kolegiyası iddiaçının “Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri Zaur İmranovun 30.03.2021-ci il tarixli məktubuna əlavə edilən ödənilmiş vergilərə dair cədvəllə də 5660,2 manat artıq ödəmə təsdiq edilir. Məhkəmə qərar qəbul edərkən X3 üzrə Baş İdarənin rəis müavini Zaur İmranovun artıq ödənilmiş vergi məbləği barədə 31.03.2021-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktubda iddia olunan bütün müddət nəzərə alınmamışdır” barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının istinad etdiyi 30.03.2021 və 31.03.2021-ci il tarixli məktublar iş materiallarında aşkar edilməmiş və birinci instansiya məhkəməsinin qərarənda qeyd olunan hallara istinadı edilməsi müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2-1(112)-6241/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-633/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-633/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver