Məhkəmə qərarları › İş №2-1(103)-633/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-633/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-633/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X5) “mənzil növbəsinə götürülməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8990/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının şəhid ailəsi kimi mənzil növbəsinə götürülməyi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ailə tərkibi özü, oğlu və gəlini olmaqla yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şəhid X8 ilə 1988-ci il tarixdə nikah bağlamışdır, birgə nikahdan üç uşaqları doğulmuşdur. İddiaçının əri X8 xx.xx.1994-cü il tarixdə ermənilərə qarşı döyüşlərdə həlak olmuşdur. X8 Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona şəhid statusu verilmişdir. İddiaçının şəhid ailəsi kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. X6 şəhid statusu verilsə də, iddiaçı onun həyat yoldaşı kimi həmin statusdan istifadə edə bilmir. İddiaçı şəhid ailəsi kimi ev növbəsinə dayanmaq üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin icra hakimiyyəti iddiaçını növbəyə götürməkdən imtina etmiş, əsas olaraq iddiaçının xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonunda qeydiyyata düşməyini qeyd etmişdi. İddiaçı qeyd olunan ünvanda 15 ilə yaxın müddətdir ki, övladları ilə birlikdə yaşayır. İddiaçının X1 2011-ci ildən Bakı şəhərində yerləşən "xxxx" MMC-də işləyir. Bu onu göstərir ki, onlar uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar və müəyyən səbəblər üzündən də qeydiyyata düşə bilməmişlər. Cavabdeh orqan imtinada iddiaçının Kürdəmir rayonu Topal Həsənli kəndində xx.xx.2024-cü il tarixli şəhadətnaməyə əsasən ümumibirgə mülkiyyət hüququna dair 0,13 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasını qeyd etmişdir. Həmin torpaq sahəsi iddiaçının həyat yoldaşının atasından miras qalmışdır və hazırda iddiaçının ailəsinin istifadəsində deyildir. İddiaçının ailəsi iddiaçı və üç övladdan ibarətdir. X1 üçüncü qrup əlildir və ailəlidir. İddiaçıya məxsus ev olmadığından uzun illər ünvan 2 ünvanında yerləşən qohuma məxsus evdə yaşayırlar. İddiaçı və ailəsi hal-hazırda da həmin mənzildə yaşayır və mənzil şəraitləri çox ağır vəziyyətdədir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-8990/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi öhdəliyinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8990/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Hesab edir ki, həmin qərar əsassız olmaqla ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İşin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında heç bir əlaqə yoxdur. Belə ki, məhkəmə inzibati orqan tərəfindən yol verilmiş aşkar qanunsuzluqların aradan qaldırılmasını təmin etmək əvəzinə, iddiaçının hüquqlarını pozmuş və əsassız olaraq onun iddia tələbi təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, onun və ailə üzvülərinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Eyni zamanda, qonşular X15, X20, X17 və X25 tərəfindən tərtib olunmuş Aktda da qeyd edilmişdir ki, iddiaçı və ailə üzvü kimi oğlunun ailəsi, X5 və X7 xx.xx.2024cü il tarixdən Aydınbəyov küçəsi, ev 136, mənzil 6 ünvanına qeydiyyata düşmələrinə baxmayaraq, may 2017-ci il tarixdən adı çəkilən ünvanda yaşayırlar. Göründüyü kimi, Binbəqədi rayon İcra Hakimiyyətinin imtinası tamamilə əsassızdır və onların Bakı şəhərində yaşamaları artıq uzun müddətdir. Məhkəmə qərar qəbul edərkən Bakı şəhər X10 xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları»nı əsas götürmüş və Mənzil Məcəlləsinin müvafiq maddələrinə istinad etmişdir. Halbuki onlar xüsusi kateqoriyalı şəxslər qrupuna aiddir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq o, mənzil növbəsinə götürülməli idi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının adına daşınmaz əmlakın olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş 3-21-3-30/2-B0105-8/2024 **********80 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən Kürdəmir rayonu, Topal Həsənli kəndində xx.xx.2001-ci il tarixli JN-122F saylı şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququna dair 0,13 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Eyni zamanda bildirilir ki, qüvvədə olan Bakı Şəhər X10 xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin müvafıq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Belə ki, Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Təqdim edilən sənədlərdən Bakı şəhəri, Binəqədi rayonunda xx.xx.2024-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilmişdir. İddiaçının adına mülkiyyət hüququ əsasında həyətyanı torpaq sahəsi olduğundan və eyni zamanda Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı 7 (yeddi) il olmadığından müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müracəti əsasında məsələyə yenidən baxılacaqdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. İş materiallarında olan sənədlər və işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən qərarda ətraflı qeyd edilmişdir. Bu səbəbdən həmin halların təkrar sadalanmasına zərurət qalmır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müvafiq sənədlər təqdim edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Kürdəmir rayonu, Topal Həsənli kəndində xx.xx.2001-ci il tarixli, JN-122F saylı şəhadətnaməyə əsasən ümumibirgə mülkiyyət hüququna dair 0.13 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin həmin fərdi yaşayış evi Kürdəmir regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-328 saylı bağışlanma müqaviləsinə əsaəsn X4 bağışlanılmışdır. Həmin sənədlər qeyd olunan məktubla məhkəməyə təqdim edilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Kürdəmir rayonu, Topal Həsənli kəndində yerləşən 108.8 kv.m fərdi yaşayış evi (ümumi birgə mülkiyyət) və 0.13 kv.m torpaq sahəsi İddiaçı adına xx.xx.2024-cü il tarixdən qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən İddiaçı, X5, X9, X16 birgə mülkiyyət üzrə onlara məxsus olan Kürdəmir rayonu, Topal Həsənli kəndində yerləşən ümumi sahəsi 108.8 kv.m olan fərdi yaşayış evini və 0.13 kv.m torpaq sahəsini hədiyyə alan X3 mülkiyyətinə vermişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Kürdəmir rayonu, Topal Həsənli kəndində yerləşən 108.8 kv.m fərdi yaşayış evi (ümumi birgə mülkiyyət) və 0.13 kv.m torpaq sahəsi X3 adına xx.xx.2024-cü il tarixdən qeydiyyat alınmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1.3-cü maddəsinin tələblərinə əsasən isə bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edilir. Göründüyü kimi, hazırki tələblə cavabdeh inzibati orqana müraciət etdikdən (xx.xx.2024-cü il), cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edildikdən (xx.xx.2024-cü il) və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdən (xx.xx.2024-cü il) sonra iddiaçı mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsini xx.xx.2024-cü il tarixdə başqa şəxsə bağışlamışdır. Bu isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmə ilə nəticələnə biləcək hərəkət hesab edilir və həmin hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8990/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar