Məhkəmə qərarları › İş №2-1(103)-634/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-634/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-634/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1155/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs “xxxx” MTK) məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixli 182 nömrəli sərəncamının ləğv edilməsini хаhiş еtmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixli 182 nömrəli sərəncam iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə, yəni 168 kv.m. hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərar qəbul edərkən daha əvvəl Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31515 saylı ekspert rəyinə istinad etmişdir ki, həmin ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan 0,3377 ha torpaq sahəsinin 168 kv.m. sahəsi cavabdeh tərəfindən “xxxx” MTK-ya ayrıc aktı ilə verilmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqları yalnız bu hissədə pozulur. Lakin, illərlə onun mülkiyyətindən normal istifadəyə imkan verməyən Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, daha sonra onlara dəstək verən Bakı ŞİH faktiki olaraq onun mülkiyyətində olan torpaq sahəsini əhatəyə alaraq “xxxx” MTK-ya ayrıc aktı vermiş, nəticədə mülkiyyət hüquqları tamam pozulmuşdur. Belə ki, daha əvvəl onunla MTK arasında olan və iddianın təmin olunması ilə nəticələnən məhkəmə çəkişməsində MTK-nın ümumiyyətlə iddiaçının yolunu kəsməsi sübuta yetmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qərarın qismən ləğv edilərək, iddianın qalan hissədə də təmin olunması xahiş edildiyi və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyi (qərar onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qərarının əsaslılığı yalnız onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) yoxlanılmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı iddia təmin olunan hissədə yoxlanılmır. Bu baxımdan, işdə olan, xx.xx.2012-ci il tarixli RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsi 11“Z” ünvanda 0,3377 ha ölçüdə xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 42,6 kv.m. qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bakı ŞİH başçısının xx.xx.2016-cı il tarixli 182 nömrəli “xxxx” MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən, “xxxx” MTK-nın xx.xx.2016-cı il tarixli 03 saylı müraciətini nəzərə alaraq, Suraxanı rayonu Yeni Günəşli “V” yaşayış sahəsində 12 saylı yaşayış binasının şərq hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MTK-ya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən verilmiş 2016-cı il 16/58 nömrəli ayrıc aktına görə, Bakı ŞİH başçısının xx.xx.2016-cı il tarixli 182 nömrəli sərəncamı ilə Suraxanı rayonu Yeni Günəşli “V” yaşayış sahəsində 12 saylı yaşayış binasının cizgidə göstərilən sərhədlər daxilində 0.8000 ha yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “xxxx” MTK-ya ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9991/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 31515 nömrəli ekspert rəyinə əsasən, reyestr nömrəsi **********63-06301 olan çıxarışla iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsəsi “V” yaşayış sahəsi 11“Z” ünvanda yerləşən 0.3377 ha torpaq sahəsinin 65 kv.m. hissəsinin “xxxx” MTK tərəfindən dəmir lövhələrlə hasarlanaraq tutulduğu müəyyən olunmuş, iddiaçınln reyestr nömrəsi **********63-06301 olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsəsi “V” yaşayış sahəsi 11“Z” ünvanda yerləşən 0.3377 ha torpaq sahəsinin 233 kv.m-i “xxxx” MTK-ya ayrıc aktına əsasən ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür ki, bundan 65 kv.m. hissəsi ayrıc aktından kənara çıxmaqla, cavabdeh “xxxx” MTK tərəfindən dəmir lövhələrlə hasarlanması, 168 kv.m-i isə ayrıc aktının koordinatları ilə üst-üstə düşməsi nəticəsində əmələ gəldiyi müəyyən olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-350/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi 11“Z” ünvanda yerləşən 0.3377 ha torpaq sahəsinin cavabdeh “xxxx” MTK tərəfindən zəbt edilmiş 65 kv.m. hissəsinin iddiaçıya məxsus RX seriyalı ******* saylı çıxarışın koordinatları yerə köçürülməklə boşaldılıb ididaçıya təhvil verilməsi, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi 11“Z” ünvanda yerləşən 0.3377 ha torpaq sahəsinin cavabdeh “xxxx” MTK tərəfindən torpaq sahəsinin cavabdeh “xxxx” MTK tərəfidnən torpaq sahəsi (65 kv.m) zəbt edilməklə bağlanmış yolun açılması və həmin yolun gələcəkdə bağlanmasının cavabdeh “xxxx” MTK-ya qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkməsi Mülki Kollegiyasının 2(103)-1348/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkməsinin xx.xx.2018ci il tarixli qətnaməsi cavabdeh “xxxx” MTK-nın apelyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)-6476/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə “xxxx” MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” AR Qanununun: 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4); 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun qəbulundan əsas məqsəd inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların qəbul etdiyi qərarların qanuniliyini məhkəmə qaydasında yoxlamaq hüququna daha etibarlı təminat verilməsindən ibarətdir. Bu Qanun hüquq və maraqlarına toxunulan vətəndaşı inzibati orqana münasibətdə xüsusi hüquqlarla təchiz edir, dövlətin hakimiyyət inhisarına malik olması səbəbindən demokratik hüquqi dövlətdə şəxsi və dövlət maraqlarının bir-birini ədalətli şəkildə kompensasiyasını təmin etmək üçün dövlət orqanları və vətəndaşlar arasında bərqərar olmalı tarazlığı bərpa edir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edən İPM-in “Sübut etmə vəzifəsi” adlı 14-cü maddəsi də bu tarazlığın prosessual-hüquqi təminat imkanlarından biridir. Məhz sözügedən tarazlığın qorunması tələbi fərdin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə bərabər hüquqlarının ədalətli təmininə nail olunmasına imkan yaradır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsaslarına müvafiq qaydada hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur və məhz bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mötəbər ekspert rəyi ilə təsdiq olunmuşdur ki, cavabdehin mübahisəli sərəncamına əsasən verilmiş ayrıc aktında göstərilən torpaq sahəsinin yalnız 168 kv.m-i iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür, qalan 65 kv.m. isə ayrıc aktından kənarda qalır. Apellyasiya şikayətinin “xxxx” MTK-nın iddiaçının yolunu kəsməsinin məhkəmə qərarı ilə sübuta yetməsi barədə dəlili də, hazırkı mübahisənin predmetinə daxil olmadığı üçün, əsaslı deyil. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli sərəncamı ləğv olunan hissədə qanunazidd və bu səbəbdən iddiaçının mülkiyyət hüquqlarını pozsa da (İPM-in 70.1-ci maddəsi), iddia rədd olunan hissədə cavabdehin müdaxiləsinin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın mübahisələndirilən hissədə ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1155/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı yoxlanılan hissədə İddiaçı münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar