Məhkəmə qərarları › İş №2-1(103)-634/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-634/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-634/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “yaşayış sahəsinin düzgün ölçülməsi və qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4607/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdehnə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvandakı yaşayış sahəsinin faktiki düzgün ölçülməsi və qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi vəsifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 6 nəfər ailə tərkibi ilə ünvan 1 ünvanda qeydiyyata alınmaqla yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu reyestrdən çıxarışa əsasən ünvan 1 ünvandakı yaşayış sahəsi onun mülkiyyətindədir. ünvan 1 ünvandakı yaşayış sahəsi və qonşuluqdakı bütün mənzillər qəzalı hesab edilərək məcburi qaydada sökülmək ərəfəsindədir. Söküntü zamanı hər kəsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri ölçülərək əvəzinə pulla ifadə olunan kompensasiya verilir və ya yaşayış sahəsi ilə təmin olunma nəzərdə tutulur. Onun mülkiyyətində olan ünvan 1 ünvandakı yaşayış sahəsinin texniki pasportda bir ölçüsü, faktiki olaraq digər ölçüsü olduğundan sahəni ölçənlər tərəfindən faktiki ölçünün müəyyən edilməsi həyata keçirilmədiyinə görə sosial ədalətsizlik hökm sürür. Hazırda ölçü aparılan zaman bütövlükdə bu evdə yaşayan sakinlərin bir qisminə özlərinin inşa etdikləri kommunal xidmət üçün nəzərdə tutulmuş əlavə tikililər ölçülüb əvəzi ödənilir. O da Sabunçu RİH-ə ərizə ilə müraciət edərək onun mülkiyyətində və faktiki istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçülüb əvəzinin ödənilməsi barədə müraciət etdikdə Sabunçu RİH onun bu xahişinə rədd cavabı vermişdir. Onun mənzilinin ölçüsünün üstündə yerləşən eyni layihəyə və ölçüyə malik olan yaşayış sahəsinin ölçüsündən fərqli göstərilməsi ümumi ölçmələrin obyektiv aparılmamasını göstərir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2020 saylı, 11.02.2020-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2020 saylı, 08.06.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 2 ünvandakı yaşayış sahəsinin faktiki düzgün ölçülməsi və qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı 27.07.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2020 saylı, 08.06.2020-ci il tarixli qərarının ləğv olunmasını və iddia tələbini təmin edən yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1549/2020 saylı, 06.10.2020-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(112)-1945/2020 nömrəli qərarnın ləğv edilməsi, İddiaçı Bakı şəhəri Cavabdehnə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ ünvan 2 ünvandakı yaşayış sahəsinin faktiki düzgün ölçülməsi və qeyri-yaşayış sahələrinin əvəzinin ödənilməsi vəsifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4607/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4607/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı evin 17 nömrəli mənzilinin mülkiyyətçisidir, həmin mənzilin yerləşdiyi bina 2015-ci ildə səlahiyyətli dövlət orqanları tərəfindən qəzalı hesab edilmişdir, odur ki, binada yaşayan sakinlərə hüquq müəyyənedici sənədlər əsasında ümumi sahəsi 30 kv metrə qədər olan mənzillərin sahiblərinə 30000 manat, ümumi sahəsi 30 kv metrdən yuxarı isə hər 1 kv metr üçün 1000 manat pul (kompensasiya) verilməsi müəyyən edilmişdir, verilməsi nəzərdə tutulmuş pul vəsaitini (kompensasiyanı) almaqdan imtina etdiyi halda iddiaçıya söküləcək evin yerində inşa olunacaq yeni müasir tipli binadan əvvəlki mənzilinin ümumi sahəsinə 25 faiz əlavə hesablanmaqla yeni tam təmirli mənzil verilməsi də təklif olunmuşdur. İddiaçı qeyd olunan təkliflə razılaşaraq pul kompensasiyasından imtina etmiş və iddiaçı ilə cavabdeh arasında 26.11.2019-cu ildə bağlanmış “Çoxmənzilli yaşayış binasında mənzil sahəsinin verilməsi barədə” müqavilə imzalanmışdır, həmin müqaviləyə əsasən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində yerləşən 27 saylı çoxmənzilli yaşayış binasının sökülməsi ilə bağlı binanın sakini Şahbazova Mətanət Tofiq qızına məxsus ümumi sahəsi 37,40 kv metr olan 17 saylı mənzilin əvəzinə ona Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində yeni inşa ediləcək çoxmənzilli yaşayış binasından qeyd edilən mənzilin ümumi sahəsindən 25%-dən az olmamaq şərtilə tam təmirli mənzilin verilməsi, Şahbazova Mətanət Tofiq qızının mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ona məxsus 17 saylı mənzili üçün ayrılmış vəsaitin xərclənməsinə razılıq verilməsişərtləri razılaşdırılmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsi 27-də yerləşən ona məxsus olan 17 nömrəli mənzilin yaşayış sahəsinin düzgün ölçülməməsini göstərərək həmin yaşayış sahəsinin faktiki düzgün ölçülməsini və mənzildə yerləşən yaşayış sahəsinə aid olmayan köməkçi sahələrin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 oktyabr 2015-ci il tarixli 322 saylı qərarından müəyyən olunur ki, həmin sərəncamla qərara alınmışdır ki,1. Bakı şəhəri Cavabdeh “Pilot layihə” formatında 5 il müddətinə aşağıdakıları həyata keçirsin: 1.1. mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. İddiaçının mənzilinin yerləşdiyi bina qəzalı hesab edilməklə “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 oktyabr 2015-ci il tarixli 322 saylı qərarının təsiri altına düşmüş, bu səbəbdən də iddiaçı ilə cavabdeh arasında iddiaçının iradə ifadəsinin əks olunduğu müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir, həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda tərəflər arasında bağlanmış, iddiaçıya məxsus mənzilinin sahəsinin 37,40 kv metr olmasının əks olunduğu müqavilə qüvvədədir və həmin müqavilədə iddiaçının mənzilinin sahəsi bir neçə bənddə 37,40 kv metr göstərilmişdir. İddiaçı qeyd edilən müqaviləni imza etməklə mənzilin ölçüsünün həqiqətən də 37,4 kv metr olmasını təsdiq etmişdir. Bundan başqa iddiaçının mülkiyyətində olmuş mənzilə dair tərtib edilmiş texniki pasportda da iddiaçının mənzilinin sahəsi 37,2 kv metr (37,4 kv metrdən çox olmayaraq) göstərilmişdir. Eyni zamanda, iddiaçı və onun ailə üzvləri özləri də notariat qaydasında təsdiqlənmiş 08.11.2019-cu il tarixli ərizələrində yaşadıqları mənzilin sahəsinin 37,4 kv metr olmasını göstərmişlər. Mübahisəli evə İddiaçı ilə cavabdeh Bakı şəhər Cavabdeh arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsi bağlanmış və evin dəyəri tələb-təklif əsasında formalaşmışdır, hazırda bu alqı-satqı müqaviləsi ləğv edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlakın satılması ilə bağlı təklif edilən məbləği qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. Belə olan halda sözügedən daşınmaz əmlak üçün təkrarən əlavə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin sözügedən əmlakların alınması barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı onun tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4607/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar