Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-634/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5901/2024 saylı 13 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Binəqədi Rayon Məhkəməsinin 2-3222/2002 №-li xx.xx.2002-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “Binəqədineft” NQÇİ-yə qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 2 saylı mənzilinə yaşayış hüquqları tanınaraq onun həmin ünvana qeydiyyata alınması Binəqədi RPİ-yə tapşırılmışdır. Qətnamə xx.xx.2002-ci il tarixdə qüvvəsini almışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2003-cü il tarixli, İƏ287-H nömrəli Sərəncamından görünür ki, İdarə tərəfindən İddiaçı ərizəsi, həmçinin Binəqədi Rayon Məhkəməsinin 2- 3222/2002 nömrəli, xx.xx.2002-ci il tarixli qətnaməsi ilə onun həmin mənzilə yaşayış hüququnun tanınması nəzərə alınmaqla, Binəqədi qəsəbəsi, İ mədən, kor. 28, mənzil 2-də bir otaqlı 17 kv.m yaşayış sahəsi olmaqla, İddiaçı adına şəxsi hesab açılması və iddiaçı ilə icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-5462/15 nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən özbaşına tikilidən İddiaçı və ailə üzvlərinin çıxarılması, ərazinin boşaldılması, tikilinin cavabdehin hesabına sökülməsi və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2667/2015 saylı 17 mart 2015-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələbi təmin edilərək, ünvan 4 ünvanında yerləşən özbaşına tikilidən İddiaçı çıxarılması və tikilinin cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4424/2015 saylı 15 iyul 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov-sədrlik edən, C.Səfiyeva və V.Həsənov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2667/2015 saylı 17 mart 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 15 iyul 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Elektron məhkəmə informasiya sisteminin şəxsiyyəti vəsiqəsi bölməsindən əldə edilmiş məlumatlara əsasən ASAN 1 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 145 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 49 №-li arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır və yaşayır. İddiaçı qeyd olunan sənədlərə əsasən yuxarıda adı çəkilən mənzilə dair mülkiyyət hüququnun reyestrdə qeydə alınaraq ona müvafiq çıxarışın verilməsi tələbi ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 7-də yerləşən 2 saylı mənzil üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hal-hazırda qeydiyyatda olduğu və yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən, 28-ci korpus, ev 2 ünvanında yerləşən, yaşayış sahəsi 17 kv.m olan mənzil üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə tələbin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən ünvan 7 ünvanda 2 saylı bir otaqlı mənzildə fasiləsiz və etirazsız yaşayır. Həmin mənzil ona “Binəqədineft” Neft-Qaz Çıxarma İdarəsi tərəfindən həmin ildə verilmişdir. Qeyd edilən mənzil sahəsinə iddiaçının yaşayış hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-3222/2002 saylı, 09 dekabr 2002-ci il tarixli qətnaməsi ilə tanınmışdır. İddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin ona verilmiş 10 yanvar 2024-cü il tarixdə aldığı cavabda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərərək bildiririk ki, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafıq qaydada baxılacaqdır”. Verilən cavabı qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi”. İddiaçı qeyd etmişdir ki, göründüyü kimi qanunun tələbinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri də mənzil kirayəsi müqaviləsidir. Yaşadığı mənzil Bakı Şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Depertamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin balansındadır və həmin təşkilatın verdiyi arayışa əsasən o, hazırda da həmin mənzildə yaşayır. Həmçinin Bakı Şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Depertamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 145 saylı MənzilKommunal İstismarı Sahəsinin verdiyi arayışa əsasən ötən müddət ərzində iddiaçının mənzili ilə bir evdə (Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən küçəsi, ev 28 nəzərdə tutulur) olan 12 mənzildən 6-sı sakinlərin xüsusi mülkiyyətinə verilmişdir. Həmin arayışa görə də, iddiaçı qeydiyyata alınmaqla həmin mənzildə müqavilə əsasında yaşaması təsbit edilmişdir. Həmçinin “Azneft” İstehsalat Birliyinin “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin rəisi İ.İ.Əliyev tərəfindən verilmiş 04 dekabr 2003-cü il tarixli, İƏ287-H nömrəli Sərəncam ilə qərara alınmışdır ki, həmin evə dair İddiaçı adına şəxsi hesab açılsın, İddiaçı ilə icarə müqaviləsi bağlansın və sərəncamdan irəli gələn vəzifələr MKT-nin rəisi tərəfindən yerinə yetirilsin. Mübahisənin bu halı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2015-ci il tarixli, 2( 102)-5462/15 nömrəli qərarında da öz əksini tapmışdır. Qərarın 3-cü vərəqinin 5-ci abzasında qeyd edilmişdir ki, “Beləliklə evlə bağlı yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərlə müəyyən edilir ki, ev Bakı ŞİH-nin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla dövlət mənzil fonduna aiddir, cavabdeh İddiaçı evdən istifadə hüququna malikdir, onunla Departamentin arasında icarə münasibətləri mövcuddur”. İddiaçı hesab edir ki, cavabdeh təşkilat mübahisənin bu mühüm halına hüquqi qiymət vermədən xahişini qanunsuz və əsassız olaraq rədd etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı ünvan 7, 2 saylı mənzilə xüsusi mülkiyyət hüququnun qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 7, 2 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********93, xx.xx.2024cü il tarixli, **********47 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim edilən Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-3222/2022 nömrəli qətnaməsinə əsasən İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən mənzilin yerləşdiyi sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OYL) istifadəsinə verilmiş ərazidə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin həyət tipli olduğu, faktiki olaraq mənzilin 2 (iki) otaqlı olduğu müəyyən edilmişdir. Mənzilin faktiki ümumi sahəsi 43.6 kv.m, faktiki yaşayış sahəsi 34.9 kv.m-dir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5901/2024 saylı 13 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 8 ünvanında yerləşən, bir otaqlı, 17 kv.m sahəsi olan mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddianın təmin olunmaması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq bildirilmişdir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim edilən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-3222/2022 nömrəli qətanməsinə əsasən İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən mənzilin yerləşdiyi sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OYL) istifadəsinə verilmiş ərazidə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin həyət tipli olduğu, faktiki olaraq mənzilin 2 (iki) otaqlı olduğu müəyyən edilmişdir. Mənzilin faktiki ümumi sahəsi 43.6 kv.m, faktiki yaşayış sahəsi 34.9 kv.m-dir. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “ünvan 7-də yerləşən 2 saylı mənzil üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədədir. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi” əsası ilə tələbin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .....8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsinin təqdim edilməməsi” ilə bağlı olmuşdur. İddiaya dair yazılı etirazında və apellyasiya şikayətində cavabdeh inzibati orqan imtinanın dəlili kimi əlavə olaraq təqdim edilən Binəqədi Rayon Məhkəməsinin 2- 3222/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İdarənin üzərinə hər hansı öhdəliyin qoyulmamasına, həmçinin elektron kadastr məlumatlarına əsasən mənzilin yerləşdiyi sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OYL) istifadəsinə verilmiş ərazidə yerləşməsinə, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin həyət tipli olduğunun müəyyən edilməsinə istinad etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2-3222/2002 №-li xx.xx.2002-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 2 saylı mənzilinə yaşayış hüquqları tanınaraq onun həmin ünvana qeydiyyata alınması Binəqədi RPİ-yə tapşırılmışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdu ki, iddiaçı adı çəkilən mənzildə 1998-ci ildən yaşayır və evə dair bütün kommunal xərcləri ödəyir, buna görə də onun həmin evə yaşayış hüququ tanınmışdır. Qətnamə xx.xx.2002-ci il tarixdə qüvvəsini almışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2003-cü il tarixli, İƏ287-H nömrəli Sərəncamı ilə İdarə tərəfindən İddiaçı ərizəsi, həmçinin Binəqədi Rayon Məhkəməsinin 2- 3222/2002 nömrəli, xx.xx.2002-ci il tarixli qətnaməsi ilə onun həmin mənzilə yaşayış hüququnun tanınması nəzərə alınmaqla, Binəqədi qəsəbəsi, İ mədən, kor. 28, mənzil 2-də bir otaqlı 17 kv.m yaşayış sahəsi olmaqla, İddiaçı adına şəxsi hesab açılması və iddiaçı ilə icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Sonradan iddiaçı qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh İddiaçı qarşı məhkəməyə iddia verərək, ünvan 4 ünvanında yerləşən özbaşına tikilidən İddiaçı və ailə üzvlərinin çıxarılması, ərazinin boşaldılması, tikilinin cavabdehin hesabına sökülməsini tələb etmiş, onun bu iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2667/2015 saylı, 17 mart 2015-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4424/2015 saylı, 15 iyul 2015-ci il tarixli qətnaməsi ilə ləğv edilərək, iddia tələbi təmin edilməmiş və sonuncu məhkəmə qətnaməsi kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı şəxsiyyət vəsiqəsindəki qeydlərə və 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 49 №-li arayışa əsasən ünvan 5 ünvanında yaşayır və orada qeydiyyatdadır. İddiaçının oğlu X9 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 28-ci korpusda yerləşən evin 2 saylı mənzilinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 28 ünvanında yerləşən yaşayış binası və orada yerləşən 2 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göründüyü kimi, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi mənzilə münasibətdə əmlak hüququ daha əvvəldən (1998-ci ildən) mövcud olmuşdur. Bu fakt Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2003-cü il tarixli, İƏ287-H nömrəli Sərəncamı və yuxarıda qeyd edilən məhkəmə qərarları ilə də təsdiq olunur. Bununla da müəyyən olunur ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi mənzilə dair əmlak hüquqları hələ hazırki Mənzil Məcəlləsi qüvvəyə minənədək mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən mənzili özəlləşdirmək hüququnu saxlayan və bu hüququ hazırda da olan şəxsdir. Həmçinin iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbinə görə adı çəkilən mənzili adına özəlləşdirmək hüququ vardır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci və 10.2.1-ci maddələrinə əsasən iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Kollegiya onu da nəzərə alır ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdeh qurumun məhkəmə sorğusu əsasında təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 28 ünvanında yerləşən binadakı mənzillərdən bir neçəsi üzərində ayrı-ayrı şəxslərin adına mülkiyyət hüququ qeydə alınmış və həmin şəxslərə daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışlar təqdim edilmişdir, hansı ki, bu çıxarışlar məhz cavabdeh qurumun inzibati praktikası əsasında verilmişdir. Kollegiyanın fikrincə sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdi ki, “....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?” Nəzərə alınmalıdır ki, sözügedən binada yerləşən mənzillərlə bağlı cavabdeh quruma ayrı-ayrı şəxslərin təqdim etdiyi hüquqməyyənedici sənədlərlə iddiaçının təqdim etdiyi sənədlər demək olar ki, eynilik təşkil edir. Mübahisənin həllində əsas məqam iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi daşınmaz əmlaka onun əmlak hüquqlarının 2009-cu ildən daha əvvəl yaranması halının müəyyən edilməsi ilə bağlıdır. Hazırki işdə də iddiaçının əmlak hüquqlarının 2009-cu ildən daha öncə, yəni məhkəmə qətnamələrində müəyyən edilmiş hallara əsasən 1998-ci ildən yaranması cavabdeh qurum tərəfindən nəzərə alınmalı idi. Odur ki, həmin əmlak hüquqlarını təsdiq edən sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, onlarla eyni hüquqi vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina əsassız olmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan sözügedən mənzilin iddiaçının adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5901/2024 saylı 13 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5901/2024 saylı 13 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-634/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-634/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver