Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-635/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Nəsimi rayon şöbəsinə qarşı “pensiya” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4576/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (sonradan – DSMF-nin Nəsimi rayon Şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2004-2005-ci illərdə Qazaxıstan Respublikasının «xxxx» Şirkətində aldığı orta aylıq əmək haqqı əsas götürülməklə pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4576/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4576/2019 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarındangörünür ki: -İddiaçı xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur (AZE 0******* №-li Şəxsiyyət Vəsiqəsi). - İddiaçı təhsil aldığı dövrdə xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər «Neft Daşları» NQÇİ-də qazmaçı köməkçisi, xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilə qədər qazmaçı köməkçisi, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər «Xəzərdənizneft» YÜQQ-də qazmaçı köməkçisi, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər «Şelf-1» YÜQQ-də mühəndis-texnoloq, xx.xx.1984-cüildən xx.xx.1986-cı ilə qədər buruq ustası, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər texnologiya üzrə rəis müavini, xx.xx.1987-ci ildən xx.xx.1991ci ilə qədər Vyetnam Respublikasında ezamiyyətdə olmuş, xx.xx.1991-ci ildən xx.xx.1991ci ilə qədər «Şelf-3» YÜQQ-də rəis müavini, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər mexanik, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər «Şelf-5» YÜQQ-də rəis müavini, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər rəis müavini, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər «Şelf-3» YÜQQ-də rəis, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilə qədər buruq ustası, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər «SANTA FE» Beynəlxalq Korporasiyada buruq ustası, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə qədər X10 İdarəsində buruq ustası, xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilə qədər «X1»nda inspektor, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilə qədər «X8» şirkətində mühəndis, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə qədər «xxxx» şirkətində qazma rəisi, xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilə qədər «X5» LTDdə qazma işləri üzrə koordinator, menecerin köməkçisi vəzifəsində işləmişdir (əmək kitabçası). - İddiaçı 14 il 11 ay 10 gün güzəştli iş stajı olmuşdur (xx.xx.2009-cu il tarixli 29- 03/208 №-li Arayış). - İddiaçı 2003-cü ildə «xxxx» Şirkətindən ümumilikdə 70 761 ABŞ dolları, 2004-cü ildə isə 71 506 ABŞ Dolları məbləğində əmək haqqı almışdır. -İddiaçı xx.xx.2009-cu il tarixdən, yəni 50 yaşı tamam olan tarixdən DSMF-nin Nəsimi rayon Şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur (DSMF-nin Nəsimi rayon Şöbəsinin 1411 №-li xx.xx.2010-cu il tarixli Qərarı). Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə DSMF-nin Nəsimi rayon Şöbəsinə müraciət edərək Qazaxsıtan Respublikasında işləyən zaman aldığı əmək haqqının nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. - DSMF-nin Nəsimi rayon Şöbəsi iddiaçının müraciətini təmin etməmişdir (**********3 №-li xx.xx.2019-cu il tarixli imtina məktubu). İmtinanın səbəbi kimi, xx.xx.2000ci ildən xx.xx.2008-ci il tarixədək iş stajının və sosial sığorta ayırmalarının ödənilməsinin düzgünlüyünün müəyyənləşdirilməməsi qeyd olunmuşdur. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-cimaddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 55 yaşçatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cıiləqədərazı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cıiləqədərazı 10 il güzəştli iş stajının mövcud olması. Hazırda iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğundan bu işin mübahisələndirilməyən halıdır. İddiaçı,ona təyin olunmuş əmək pensiyasının Qazaxıstan Respublikasında aldığı əmək haqqı əsasında hesablanmasını istəyir. Məhkəməbunadairaşağıdakılarıqeydetməyizərurihesabedir. xx.xx.2009-cuiltarixli 904-İİİ QD nömrəli AR Qanunu qüvvəyə minənədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən: 26.1. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. 26.3. Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. 26.3-1. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 26.3-2. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. 26.3-3. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. 26.4. Bu Qanunun 20.1.1—20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş pensiyasının (bütün əlavələr və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ qulluq stajına görə əmək pensiyasına əlavə kimi müəyyənləşdirilir. 26.5. Bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ bu Qanunun 20.1.1—20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.6. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar əmək pensiyasının baza hissəsinin üzərinə bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunmuş əlavələr hesablanır. Göründüyü kimi, iddiaçıya pensiya təyin olunduğu vaxtda qüvvədə olan əmək pensiyaları qanunvericiliyinə əsasən iddiaçıya pensiya təyin olunan zaman onun aldığı əmək haqqılar, o cümlədən Qazaxıstan Respublikasında aldığı əmək haqqı nəzərə alınmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4576/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-635/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-635/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver