Məhkəmə qərarları › İş №2-1(103)-635/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-635/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-635/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət qarşı “ikinci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2401/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixində Azərbaycan Respublikası, Cəbrayıl rayon, Daşkəsən kəndində anadan olmuşdur. 1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət etmişdir. xx.xx.1993-cü ildə döyüşdə ağır yaralanmış, 2007-ci ildə aldığı xəsarətlərlə bağlı istefaya buraxılmışdır. Hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsüdür, 2007-ci ilin oktyabr ayından 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir və əmək qabiliyəti olmadığı üçün işləmir. Xidmət müddətində bir çox orden və medallarla təltif olunmuşdur. O, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2007-ci ildə hərbi xidmətə sülh və müharibə dövründə yararsız olmaqla “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir, bu barədə həmin ilin oktyabr ayında o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspetiza və Reabilitatsiya Xidmətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsini xahiş etmiş və ona 2-ci qrup əlillik təyin edilmişdir. Lakin həmin ildən 14 il keçməsinə baxmayaraq, ona yenidən 2021-ci ilin oktyabr ayında növbəti komissiya təyin edilmişdir. Onun 63 yaşı var və qanuna müvafiq olaraq 10 ildən çox müddət keçdiyi üçün onun 2-ci qrup müharibə əlilliyi müddətsiz təyin edilməlidir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Xidməti əsassız olaraq onun əlilliyinin 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinə dolayısı ilə öz etirazlarını bildirdirmişlər, onun xahişini nəzərə almırlar. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Xidməti əliliyinin müddətsiz təyin edilməsi ilə bağlı müraciətinə müsbət cavab verməmişdir. Onun əlilliyi müddətsiz təyin edilməlidir, çünki o, 2007-ci ildə qiymətləndirilmişdir və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya xidmətinin ona qarşı münasibəti qanunla yolverilməzdir, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Xidməti tərəfindən onun əlilliyi müddətsiz təyin edilməlidir, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspetiza və Reabilitatsiya Xidməti qanunsuz olaraq onun əlilliyinin müddətsiz təyin edilməsindən imtina edir, bu səbəbdən də hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun yaşa görə əmək pensiyası almaq hüququ yarandığına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.3-cü maddəsinə əsasən «əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir» müddəasına müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2401/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2401/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə göndərərək xəstəxanada olduğu üçün məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Lakin xəstəxanada olmasını sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, iddiaçı xx xxx 1976-cı il tarixdən xx xxxx 1978-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxxxxx 2007-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə - 16 il 09 ay 18 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 05 il 02 ay 09 gün, ümumi xidmət illəri isə - 21 il 11 ay 27 gün təşkil edir. O, Azərbaycan Respublikası Müdafiə nazirinin 0305 nömrəli xx xxx 2007-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçıya x xxxxxxx 2007-ci il tarixindən etibarən İdarə tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası ödənilir. iddiaçı xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilədək İİ qrup müharibə əlili Prezident təqaüdünə görə 230 manat məbləğində müavinət alır. İddiaçı xx.xx.2010-cu il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə edilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Növbəti illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə xx.xx.2015-ci il tarixdə təkrar müayinə edilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’nin 6.1-ci bəndinə müvafiq olaraq şəxsin iştirakı olmadan Əlillik altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Sonrakı illərdə İddiaçı əlillik dərəcəsinin təyini ilə bağlı səhiyyə müəssisəsinin göndərişi ilə müraciəti olmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»-nın 1.2, 1.5, 1.6, 2.1, 2.2 və 2.3-cü bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»-nin 2.2, 4.1, 4.2 və 4.3-cü bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya x xxxxxxx 2007-ci il tarixindən İİ qrup əlilliyə görə pensiya ödənilir. xx.xx.2016-cı il tarixdə iddiaçının əlilliyi onun iştirakı olmadan Əlillik altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Göründüyü kimi sonuncu dəfə iddiaçının əlilliyi uzadılarkən 10 il tamam olmamışdır. Ona görə də iddiaçının əlilliyi 5 il müddətinə təyin olunmuşdur. 5 il tamam olduqdan sonra iddiaçı cavabdeh orqana əlilliyin müddətsiz təyin olunması üçün müraciət edə bilər. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2401/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar