Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-635/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “əmlakın özgəninkiləşdirilməsinə icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli 2-1(112)-8279/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25-28 yanvar 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı yetkinlik yaşına çatmayan övladı 16.07.2013-cü il təvəllüdlü X4 məxsus payın özgəninkiləşdirilməsinə icazə verilməsi barədə ərizə ilə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdehin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 16.04.2021-ci il və 19.05.2021-ci il tarixli iclaslarında məsələyə baxılaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya №**********06-05101-093003) çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında iddiaçının yetkinlik yaşına çatmayan övladı X4 məxsus payın özgəninkiləşdirilməsi məqsədəmüvafiq hesab edilməmiş və bununla bağlı iddiaçıya müvafiq məlumat verilmişdir. Bundan sonra iddiaçı 07.07.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yetkinlik yaşına çatmayan övladı X4 məxsus payın onun tərəfindən özgəninkiləşdirilməsinə icazə verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən atası vəfat etmiş qızının necə yaşaması onların normal yaşamaq üçün maddi (qidalanma, qış vaxtı istilik sistemindən istifadə etmək və sair) imkanlarının olub-olmaması, qızının təhsili ilə bir dəfə də maraqlanılmamışdır. Göründüyü kimi cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin qızını ondan artıq istəməsi onun hüquq və mənafeyini ondan artıq müdafiə etməsi mümkünsüzdür. Bundan əlavə beton binanın satılaraq qeyd etdiyi tələblərə uyğun gələn mənzilin alınması qızının və onun sağlamlığını və qızının normal təhsil alması baxımından zəruridir. Eyni zamanda o, yeni alınan mənzilin nəinki 1/3 hissəsinin, hətta daha artıq payın və ya bütün payın qızının adına rəsmiləşdirilməsinə razıdır. Bundan əlavə alınan mənzil yeni binada inşa edilmişdir, satılan beton mənzildən bahalıdır, genişdir və bütün şərtlərinə görə əlverişlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli, 2-1(112)-8279/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: S.Salahova) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, onun həyat yoldaşı X7 05.09.2018-ci ildə vəfat etmişdir və onun vəfatından sonra birgə nikah müddətində əldə etdikləri və xüsusi mülkiyyət kimi mərhum həyat yoldaşının adına qeydə alınmış Bakı şəhəri, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 20 saylı evin 26 saylı mənzil vərəsəlik hüququ qaydasında 2/3 hissəsi onun və 1/3 hissəsi 16.07.2013-cü ildə anadan olmuş övladı X3 adına xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində 31.08.2020-ci ildə qeydə alınmışdır. Bildirir ki, həmin bina uzun illər əvvəl inşa edilmiş beton binadır. Bu səbəbdən mənzil soyuq və rütubətli olur. Bunun nəticəsində iddiaçının və azyaşlı qızı Vəfanın səhhətində ciddi problemlər yaranmağa başlamışdır və həkimlər beton olmayan, az rütubətli, bol işıqlı olan mənzildə yaşamağı tövsiyə etmişdir. Göstərilən səbəbdən iddiaçı beton binada olan mənzili sataraq qeyd edilən tələblərə uyğun gələn mənzil almaq qərarına gəlmişdir. Eyni zamanda iddiaçı azyaşlı qızının daha yaxşı təhsil alması üçün alacağı mənzilin qabaqcıl təhsil müəssisələrinə yaxın olmasını da nəzərə almışdır və göstərilən tələblərə uyğun gələn mənzilin alınması üçün əlavə olaraq müəyyən məbləğ pulda düzəltmişdir. Bundan sonra iddiaçı Hövsan qəsəbəsində olan mənzilə alıcı və Bakıxanov qəsəbəsində qeyd edilən tələblərə uyğun gələn satılan mənzil tapmışdır və Bakıxanov qəsəbəsində satılan mənzili alacağına dair beh müqaviləsi bağlamışdır. Bundan sonra Hövsan qəsəbəsində olan mənzili sata bilməyi üçün qızı Vəfanın adına olan payın özgəninkiləşdirilməsinə icazə verilməsinə dair inzibati aktın qəbul edilməsi barədə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçının yeni alınan mənzilin nəinki 1/3 hissəsinin, hətta daha artıq payın və ya bütün payın qızının adına rəsmiləşdirilməsinə razı olmasına, bundan əlavə alınan mənzilin yeni binada inşa edilməsinə, almaq istədiyi mənzilin satılan beton mənzildən bahalı, geniş və bütün şərtlərinə görə əlverişli olmasına, eyni zamanda beton binanın satılaraq qeyd edilən tələblərə uyğun gələn mənzilin alınmasının ananın və qızının sağlamlığı üçün, eləcə də Vəfanın normal təhsil alması baxımından zəruri olmasına baxmayaraq cavabdeh orqan tərəfindən göstərilən hallar araşdırılmadan Vəfanın adına olan payın özgəninkiləşdirilməsinə icazə verilməsinə dair qərar qəbul edilməsindən 07.06.2021-ci il tarixli məktubla imtina edilmişdir və imtinanın əsası kimi 16.07.2013-cü ildə anadan olmuş X3 adına olan payın özgəninkiləşdirilməsinin məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir. Mövcud vəziyyətdə inzibati orqanın bu imtinasından iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə verilən iddianın mümkünsüz sayılmasının hüquqi əsas kimi həmin qaydaların Mülki Məcəllənin və Ailə Məcəlləsinin normaları ilə müəyyən edildiyi və bu səbəbdən həmin münasibətlərin ümumi (publik) hüquq münasibətlərinə deyil, xüsusi hüquq münasibətlərinə aid olduğu, bununla da məhkəmə aidiyyətinə görə ümumi məhkəməyə aid olduğu göstərilmişdir. Bildirir ki, həmin qaydalar Mülki Məcəllənin və Ailə Məcəlləsinin normaları ilə nizama salınsa da, lakin mövcud vəziyyətdə inzibati orqanla vətəndaş arasında olan münasibət bərabər hüquqlu münasibət deyil, inzibati-ümumi (publik) hüquq münasibətidir və qəbul edilən akt inzibati aktdır, bu səbəbdən həmin mübahisə məhkəmə aidiyyətinə görə İnzibati məhkəməyə aiddir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ünvan 2 ünvanda yetkinlik yaşına çatmayan övladı X4 məxsus payın onun tərəfindən özgəninkiləşdirilməsinə icazə verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək onun faktiki əsası müəyyən edilməlidir. Məhz qeyd olunanları nəzərə alan məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə yaranmış mübahisənin faktiki əsasları mülki münasibətlərə söykənir. Belə ki, işdən görünür ki, X8 05.09.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 28.09.2018-ci il tarixdə 1482 nömrəli ilə qeyd aparılmışdır. 11.05.2019-cu il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən olunur ki, S.Xəlilovun vərəsəsi oğlu – X5, arvadı – İddiaçı və yetkinlik yaşına çatmayan qızı – X6r və onlar miras əmlak – ünvan 3 ünvanında yerləşən 26 saylı mənzildən bərabər hissə almalıdırlar. İşdə olan ********** nömrəli 31.08.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 26 saylı mənzilə mülkiyyət hüququnun 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə X4 məxsusdur. İşdən görünür ki, iddiaçı hazırda 16.07.2013-cü il təvəllüdlü qızı V.Xəlilzadəyə məxsus payın özgəninkiləşdirilməsini istəyir, hansı ki, bu münasibətlər ailəmülki qanunvericiliklə tənzimlənir. Göründüyü kimi, yetkinlik yaşına çatmayanların əmlakının idarə edilməsi mülki hüquq normaları ilə tənzimlənir. Belə olan halda aydın olur ki, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları inzibati qanunvericilik baxımından inzibati orqan hesab edilsələr də, məzmun baxımından bu orqanlar daha çox xüsusi hüquq sahəsinə aid olan məsələlərlə, yəni qəyyumluq və onun şərtləri, himayəçilik, uşaqların rifahı, fəaliyyət qabiliyyəti və sair kimi məsələlərlə məşğul olduqlarından həmin hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, onların qəbul etdiyi bütün qərarlara (hərəkət və ya hərəkətsizlik) inzibati qaydada baxıla bilməz. Belə ki, bu zaman əsas məsələ mülki hüquqla bağlı həll edilməli və ya aydınlaşdırılmalı olan məsələ olduğundan, məhkəmə hesab etmişdir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Ailə Məcəlləsinin 55.4-cü maddəsinə əsasən uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.07.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubunda da göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Göründüyü kimi hazırki tələb cavabdehin inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati aktı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli 2-1(112)-8279/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-635/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-635/2022
28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver