Məhkəmə qərarları › İş №2-1(103)-635/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-635/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-635/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(112)-1169/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu RİH Başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə X2 şəxsi mülkiyyətinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin), Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi (keçmiş 26 Bakı Komissarı) ünvanında yerləşən, ümumi sahəsi 161 kv.metr olan 52 nömrəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, represiya dövründə iddiaçının babası İsrafil Hacıqulu oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin), Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi (keçmiş 26 Bakı Komissarı) ünvanında yerləşən, ümumi sahəsi 161 kv.metr olan 52 nömrəli ev məhkəmə tərəfindən müsadirə edilərək MİS-ə verilmişdir. 1956-cı ildə represiyaya məruz qalanlar haqqında əhv fərmanı çıxdıqdan sonra iddiaçının atası X8 iddiaçının babası İsrafil Hacıqulu oğluna məxsus 52 nömrəli evdə 27 kv.metr yaşayış sahəsi olan, heç bir kommunal şəraiti olmayan 2 otaq kirayələmiş və yaşamışdır. Ailə tərkibinin sayı artdıqca iddiaçının atası X2 müraciətləri əsasında otaqlar atasına qaytarılmışdır. xx.xx.1977-ci il tarixli, 0097 nömrəli müqaviləyə əsasən Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi (keçmiş 26 Bakı Komissarı) ünvanında yerləşən, ümumi sahəsi 161 kv.metr olan 52 nömrəli ev iddiaçının atası X4 verilmişdir. Bakı Şəhər İH-nin xx.xx.1991-ci il tarixli, 59 nömrəli qərarı ilə Maştağa qəsəbəsində yerləşən MİS-nin ləğv edilərək, 103 evin Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin sərəcamına verilməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli fərmanına əsasən və ailə tərkibinin 9 nəfərdən ibarət olduğunu nəzərə alaraq Sabunçu RİH Başçısının Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin 23 may 1992-ci il tarixli, 40 saylı çıxarışına əsasən 52 nömrəli ev iddiaçının atası X4 qaytarılmış və Bakı şəhər TİB-dan həmin əmlaka dair texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. xx.xx.1992-ci il tarixdə iddiaçının atası X2 adına texniki pasport tərtib edilmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. “Azərbaycan Respublikasında Mənzil X3” xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi, 52 nömrəli evin X2 mülkiyyətinə verilməsi haqqında” Sabunçu RİH Başçısı xx.xx.1993-cü il tarixdə sərəncam vermiş və sərəncamın surəti MTİ-nə, TİB-ə və Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı Notariat Ofisinin 25 avqust 2020-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən əmlaka dair X2 vərəsəsi İddiaçı adına vərəsəlik işi açılmışdır. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsi qəsəbə nümayəndəliyi tərəfindən ayrılmış və qəsəbə nümayəndəliyinin torpaq ayırma səlahiyyəti olmamışdır. Eyni zamanda torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən idarənin mütəxəsislərinə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşməsi barədə ərizə təqdim edərək, tələbinin “ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 161 kv.metr olan 52 nömrəli evə dair mülkiyyət hüququnun vəfat etmiş mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(112)-1169/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.) və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, müvafiq fərdi yaşayış evinə İdarənin mütəxəssisləri tərəfindən yerli baxışın keçirilməsinə şərait yaradılmamışdır. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X13 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Lenin rayon XDS İK-nın xx.xx.1990-ci il tarixli, 34/13 nömrəli qərarından görünür ki, X8 9 nəfər ailə tərkibi ilə 26 ünvan 3 ünvanda kommunal şəraitsiz 27 kv.metr sahəsi olan 2 otaqlı mənzildə yaşayır. Həmin evdə M.Hacıquliyevə məxsus mənzillə ümumi divarı olan 12 kv.metr sahəyə malik mənzil boşalmışdır və M.Hacıquliyev həmin mənzilin ona verilmiş mənzilə birləşdirilməsini xahiş edir. Qərara əsasən Maştağa qəsəbəsi, 26 ünvan 4 ünvanda boşalan 12 kv.metr otaq M.Hacıquliyevə məxsus mənzilə birləşdirilmiş və o, 9 nəfər ailə üzvü ilə 3 otaqdan ibarət ümumi sahəsi 39 kv.metr olan mənzilin icarədarı hesab olunmuşdur. İş materiallarında olan Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 40 saylı qərarına əsasən Maştağa qəsəbəsi, 26 Komissarı küçəsi 52 nömrəli ev Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli fərmanı əsasında X4 qaytarılmış və onun şəxsi mülkiyyətinə verilmişdir. Bakı şəhər TİB-dan X4 dair texniki pasport və qeydiyyat vəsiqəsi verilməsi xahiş olunmuşdur. İş materiallarında olan ünvan 2 (keçmiş 26 Bakı Komissarı), 52 saylı fərdi yaşayış evinə dair Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 09 iyun 1992-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, mübahisəli fərdi yaşayış evi 1966-cı ildə tikilmişdir, 5 otaqdan ibarətdir, yaşayış sahəsi 69,1 kv.metr, köməkçi sahəsi 95 kv.metr olmaqla, ümumi sahəsi 164,1 kv.metrdir, texniki pasport Maştağa qəsəbə nümayəndəliyinin 23 may 1992-ci il tarixli 40 nömrəli qərarına əsasən tərtib edilmişdir. İş materiallarında olan 27 mart 1956-cı il tarixli 087026 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1956-cı ildən anadan olmuş İddiaçı atası Hacı-quliyev Mollağa İsrafil oğlu, anası Hacı-X7r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 321 nömrəli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası Hacı X5 qalmış miras əmlaka (ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan Hacı X6 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan iddiaçının inzibati orqana etdiyi müraciətə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubda bildirmişdir ki, iddiaçı tərəfindən fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi (keçmiş 26 Bakı Komissarı) ünvanda yerləşən fərdi yaşayış evində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İşdən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 161 kv.metr olan 52 nömrəli evə dair mülkiyyət hüququnun vəfat etmiş mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, mərhum M.Hacıquliyev Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1990-cı il tarixli qərarı ilə ünvan 2 (keçmiş 26 Bakı Komissarı), 52 saylı 5 otaqlı evin 3 otağının icarədarı hesab edilmiş, daha sonra qəsəbə nümayəndəliyi həmin evin ümumilikdə onun mülkiyyətə verilməsini qərara almışdır. Həmin qərar əsasında Texniki İnventarlaşdırma bürosu iddiaçının hüququnu tanımış və onun adına texniki pasport tərtib etmişdir. Həmin qərar ləğv edilməmişdir, hazırda qüvvədədir. Mərhum M.Hacı-quliyev həmin tarixdən vəfat etdiyi tarixədək mübahisəli evdə yaşamış, fasiləsiz istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X18 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X16-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Məhkəmə hesab etmişdir ki, mübahisəli dövlət orqanının qərarına M.Hacıquliyevin etimadının qorunması hüququ, mülkiyyətinə verilmiş fərdi yaşayış evinə isə qanuni gözləntisi olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlaka dair təqdim etdiyi sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri kimi qəbul edilməli və iddia tələbi əsaslı sayılmaqla təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın, eləcə də etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Həmin Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının atası X2 «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi mövcud olmuş, lakin o, bu əmlak üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən vəfat etdiyi üçün və həmin sənədlər onun qanun üzrə vərəsəsi olan iddiaçı tərəfindən təqdim edildiyindən iddiaçıya həmin əmlak üzərində hüququn Mollağa Hacıquliyevin adına qeydiyyata alınması barədə çıxarış verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi evə dair hüquqların iddiaçının atasına məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(112)-1169/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar