Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-636/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X4 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3479/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X3 Təyinat üzrə Mərkəzi Filalına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək: 1. 2009-cu ilin may ayının 27-də 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdığı vaxtda olan orta əmək haqqının 2009-cu ilin 4 ay (yanvar, fevral, mart, aprel), 2008-ci ilin 12 ayı, 2007-ci ilin 8 ayı (may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) cəmi 24 ayın nəzərə alınması; 2. xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək seçkili vəzifədəki fəaliyyətinin ümumi iş stajına daxil edilməsi; 3. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanarkən 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1-dək aktiv məcburi sosial sığorta ödəyicisi olduğu halda ASC-nin rəhbəri aylıq məcburi sosial sığortanın ödənişlərini etməməsindən həmin dövrün ödənişləri onun pensiyasında nəzərə alınmadığından əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3479/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.1991-xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü onun ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.. Qərardan narazı qalan cavabdeh və iddiaçı apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının apelyasiya şikayəti : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 1974-cü ilin yanvar ayının 10-dan Bakı "xxxx" ASC-də müxtəlif peşə və vəzifələrdə işləmiş, həmin dövlət müəssisəsində əlli ildən çox əmək stajı var. 2006-cı ilin yanvar ayının 1-dən 2020-ci ilin oktyabr ayının 1-nə kimi Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Bakı "xxxx" ASC-nin idarə heyətinin sədrləri Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə süni yaratdıqları bir milyon manatdan çox borclarını ödəməmişlər. Pensiya təyin olunan tarixədək (2009-cu ilin may ayınadək) iddiaçının fərdi hesabında 355,68 manat pensiya sığorta kapitalı olduğu müəyyən edilmişdir. Məbləğin az olmasının səbəbi 2006-cı ilin yanvar ayından Bakı "xxxx" ASC-nin idarə heyəti sədrlərinin əmək haqlarından yığılan sığorta pullarının on beş il ərzində mənimsəmələridir. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 909 nömrəli Fərmanının tələbləri hər iki ASC-nin rəhbərləri tərəfindən kobud pozulmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Departamentinin cavabdeh "xxxx" ASC-nə qarşı "məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun tutulması" tələbinə dair iddia tələbi 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi xx.xx.2009-cu il tarixdə xx.xx.2010-cu il tarixədək olan dövr ərzində 488.933,14 manat (Qiyabi Qətnamə 2-l(81)-2476/2010) məbləğində məcburi dövlət sosial sığorta haqqlan üzrə borcun ödənilməsi barədə tələbi irəli sürmüş, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli və 2(82)- 1363/2014 saylı qətnaməsi ilə təmin edilərək, cavabdeh "xxxx" ASC-dən xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində Dövlət Sosial Müdafiə Fonduna yaranmış 571.159 (beş yüz yetmiş bir min yüz əlli doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pulun tutularaq, Azərbaycan Respublikası Dövlət Sosial Müda fiə X1 iş üzrə Departamentinə ödənilməsi qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2014-cü il tarixli və 2(82)-1363/2014 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli və 2-2(103)-05/2016 sayı qərardadı ilə ləğv edilərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin cavabdeh "xxxx" ASC-nə qarşı "məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun tutulması" tələbinə dair iqtisadi işin icraatına xitam verilmişdir. Lakin burada xitam haqqında məhkəmə kollegiyasının qənaəti Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinin tələbinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialara iqtisadi qaydada deyil, inzibati qaydada baxılmalı olduğundan qoyulmuşdur. Yəni cavabdeh "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində Dövlət Sosial Müdafiə Fonduna yaranmış 571.159 (beş yüz yetmiş bir min yüz əlli doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pul mübahisələndirilməmiş və işin icraatı baxımından xitam verilmişdir. "xxxx" ASC tərəfindən mənimsənilmiş 571.159 (beş yüz yetmiş bir min yüz əlli doqquz) manat 35 (otuz beş) qəpik məbləğində pul ona təyin olunmuş pensiyanın baza hissəsinin artımına və sığorta hissəsinə öz mənfi təsirini göstərmişdir. Bundan əlavə ona pensiyanın hesablanması zamanı "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13,17, 71, 72-ci maddələrini tətbiq etməmişlər və hüquqlarını pozaraq ona maddi və mənəvi zərər vurmuşlar. Belə ki, iddiaçının orta əmək haqqını 152,06 manat hesablayaraq Qanunun 13cü maddəsinin "b" bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə orta aylıq əmək haqqının 90 faizinədək hesablanmalı olduğu halda onlar yaşa görə pensiyanı qərəzli 83 faizlə hesablamışlar. "Əmək pensiyaları haqqında" AR Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 06 mart 2007- ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, "Vətəndaşların pensiya teminatı haqqında" Qanunun 17-ci maddəsinə əsasən Qanunun 13-cü maddəsinin "b" bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə orta aylıq əmək haqqının 65%, lakin minimum pensiyadan az olmayan məbləğdə həmçinin orta aylıq əmək haqqımn 90%-dən artıq olmamaqla pensiya təmin edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinə əsasən 1970-ci ilin oktyabr ayının 1-dən 2006-cı ilin yanvarın 1-dək onun pensiya kapitalı 38 il 7 ay üçün iş stajına uyğun hesablanmalıdır: 38 il 7 ay x 306 manat = 11842,20 manat 11842, 20 manat: 144 ay = 82, 23 manat onun sığorta kapitalıdır. Cavabdeh isə bu məbləği azaldaraq 2,47 qəpik göstərməklə saxtakarlıq edir. İddiaçının 2009-cu ilin may ayının 27-də 57 yaşı tamam olduqdan sonra yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədlərini DSMF-nun Bakı şəhəri, Nizami rayon şöbəsinə təqdim etmişdir. Cavabdeh onun pensiyasını hesablayarkən (2009-cu ilde) Vətəndaşların pensiya təminatı haqqında Qanunun 72-ci maddəsinə əsasən 2004-2005-ci illərin əmək haqqlarından orta aylıq əmək haqqı hesablamışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2009- cu il tarixə kimi əmək haqqını nəzərə almamışdır. Cavabdehin nəzərə almaq istəmədiyi 3 il 4 ayın əmək haqqından orta aylıq əmək haqqı aşağıdakı kimi hesablanmalıdır: 2006-cı il - 2159,13 manat -12 ay, 2007-ci il 2135,99 manat -12 ay, 2008ci il - 4332,31 manat 12 ay, 2009-cu il 2279,87 manat - 4 ay. Beləliklə, 3 il 4 ayın əmək haqqının cəmi 10907,30 manat təşkil edir. Bu məbləğin 25%-i - 2726,82 manatı sosial kapital hissəsidir. Cavabdeh pensiyanı hesablayarkən orta aylıq əmək haqqını 2007-ci ilin 8 ayının, 2008-ci ilin 12 ayının, 2009-cu ilin 4 ayının əmək haqqlarını nəzərə almalı olduğu halda, 2004-2005-ci illərin əmək haqlarını götürərək növbəti saxtakarlığı etmişdir. Qanunun 71-ci maddəsinə uyğun orta aylıq əmək haqqını cavabdeh aşağıdakı kimi hesablamalıdır: 2007-ci il - 8 ay - 2135,99 manat; 2008-ci il 12 ay - 4332,31 manat 2009cu il 4 ay - 2279,87 manat. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 71 ve 72ci maddələrinin tələblərinə uyğun olaraq orta əmək haqqı müəyyən edilir: Cəmi: 8030,78 manat: 24 ay = 334 manat 62 qəpik. Qanunun 27-ci maddəsinə əsasən qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması tələbinə uyğun xx.xx.2006-cı il tarixdən 2017-ci ilin 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasımn sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə hesabın sığorta hissəsində qeydə alınır. Həmin maddənin tələbinə uyğun ilkin pensiyası hesablanarkən nəzərə alınmayan 2726,82 manat x 80% = 4908,27 manat sığorta kapitalı təşkil edir. Lakin, cavabdeh qanuna zidd olaraq, onun yaşa görə güzəştli şərtlərlə pensiyanın məbləğini azaldaraq 2009-cu ilin iyun ayından bu günə kimi (13 il) ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin apelyasiya şikayəti : Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi is stajı 34 il 28 gündür (xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1991-ci il tarixədək. xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər). Hazırki is üzrə pensiya isindən məlum olur ki, İddiaçı ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi zaman müvafiq məhkəmə qətnaməsini inzibati orqana təqdim etməmişdir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı sözügedən tələb üzrə inzibati orqana müraciəti olmamış, göründüyü kimi iddia ərizəsində də həmin halı qeyd etməmişdir. İddiaçının həmin tələblə bağlı ilkin müraciəti məhkəməyə olmuşdur. Belə ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün onun ümumi is stajına daxil edilməklə yenidən hesablanmasını xahiş etmişdir. Ümumilikdə, işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh orqan tərəfindən düzgün hesablanmışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının isə iddianın rədd edilən hissəyə münasibətdə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin və iddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Apelyasiya şikayətlərinin dəlillərinə münasibət : İddiaçı apelyasiya şikayətinə qeyd etmişdir ki, ona pensiya təyin olunan zaman “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 72-ci maddəsinə əsasən 2004-2005ci illərin orta aylıq əmək haqqından deyil, pensiyaya çıxdığı vaxtda son 24 ayın yəni 2009cu ilin 4 ay (yanvar, fevral, mart, aprel), 2008-ci ilin 12 ayı, 2007-ci ilin 8 ayının (may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) orta əmək haqqı nəzərə alınmaqla hesablanmalı idi. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə əsasən : - Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. - Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır. Həmin qanunun 72-ci maddəsinə əsasən : - Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. - Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il tarixli 17 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin Müvəqqəti Qaydaları”nın V bölməsinin (Əmək pensiyaların müəyyən edilməsi) 1-ci hissəsində göstərilmişdir ki, yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixdə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda baza hissəsinə çatdırılır, çox olduqda isə bu Qanunun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyənləşdirilir. Bu Qanun qüvvəyə mindikdən sonra vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbayan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. Qanunun 45-ci maddəsinə əsasən həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (T) Azərbayan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən 144 ay müəyyən edilmişdir. 1. Qeyd olunanları nəzərə alınmaqla Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyalarının məbləği aşağıdakı qaydada müəyyən olunur: 1.1 Qanunun 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 25 manat müəyyən olunmuşdur. 1.2 Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T) burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, yəni 144-dür. 1.3 Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği (sığortaolunanın fərdi hesabının yığım hissəsində vəsait olduqda) bütün hallarda Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK - sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiaysının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəi aylarının sayı, yəni 144-dür. 3-cü mərhələdə sığorta olunanın fərdi hesabının yığım hissəsində əmək pensiyası təyin edilən tarixə sosial sığorta vəsaiti olmadığına görə pensiyanın yığım hissəsi “0” məbləğində müəyyənləşdirilir. 1.4 yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH burada: BH - yaşa görə əmək pesiyasının baza hissəsidir; SH - yaşa görə əmək pesiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pesiyasının yığım hissəsidir.
2. Yaşa görə əmək pensiyasının təyin olunması zamanı bu Qanunun qüvvəyə mindiyi tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən işlədiyi dövrlər üzrə orta aylıq əmək haqqı barədə sənəd təqdim etməyən və bu Qanun qüvvəyə mindikdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplamayan şəxslərin əmək pensiyalarının məbləği Qanunun 27-ci maddəsinə uyğun olaraq yalnız yaşa görə əmək pensiyasının baza hissəsi məbləğində müəyyənləşdirilir və həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulan əlavələri almağa hüququ olan şəxslərin pensiyasının üzərinə həmin əlavələr hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş) qəbul olunmuş redaksiyasına əsasən: -1.0.5. fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır; -1.0.7. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Göründüyü kimi hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. Qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “xx.xx.2006-cı il tarixdən fərdi hesabın sığorta hissəsi yalnız ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından hesablandığından, qanunla nəzərdə tutulmuş son 24 ay məhz ƏPQ-nun qüvvəyə minməsindən əvvəlki 24 ayı, yəni 2004- 2005-ci ilin orta aylıq əmək haqqını ifadə edir”. 2)İddiaçı apelyasiya şikayətində “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13, 17, 71, 72-ci maddələrinə əsasən ona orta aylıq əmək haqqının 83 faizi ilə deyil, 90 faizlə hesablanmalı olduğunu bildirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, orta əmək haqqının faizi tələb olunan iş stajından, yaşa görə əmək pensiyasının növündən asılı olaraq müəyyənləşir. Adi yaşa görə əmək pensiyasında orta əmək haqqının aşağı həddi 60%, yuxarı həddi tələb olunan iş stajından artıq hər tam il üçün 2% olmaqla 85%dən artıq olmamaqla, 1 nömrəli Siyahı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasında orta əmək haqqının aşağı həddi 70%, yuxarı həddi tələb olunan iş stajından artıq hər tam il üçün 2% olmaqla 100%-dən artıq olmamaqla, 2 nömrəli Siyahı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasında orta əmək haqqının aşağı həddi 65%, yuxarı həddi tələb olunan iş stajından artıq hər tam il üçün 2% olmaqla 90%-dən artıq olmamaqla hesablanırdı. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin qanunun 17-ci maddəsinə görə yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Həmin qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. -78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixədək tələb olunan staja münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi əmək stajını xx.xx.1970- ci il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər olmaqla 34 il 28 gün hesablamış, 25 il stajına uyğun orta aylıq əmək haqqının 65 faizi, tələb olunan iş stajından artıq hər tam ili üçün 18 faiz ((34-25)*2) olmaqla, ümumilikdə 83 faiz (65+18) müəyyən etmişdir. Yuxarda qeyd edilən normalardan görünür ki, 1 nömrəli Siyahı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasında orta əmək haqqının aşağı həddi 70%, yuxarı həddi tələb olunan iş stajından artıq hər tam il üçün 2% olmaqla 100%-dən artıq olmamaqla, 2 nömrəli Siyahı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasında orta əmək haqqının aşağı həddi 65%, yuxarı həddi tələb olunan iş stajından artıq hər tam il üçün 2% olmaqla 90%-dən artıq olmamaqla hesablanırdı. Odur ki, cavabdeh tərəfindən hesablanma düzgün şəkildə aparılmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının ümumi stajı düzgün hesablanmamışdır. İddiaçının ümumi stajı 34 il 28 gün deyil, ümumilikdə 35 il 01 ay 27 gün hesablanmalı idi. Belə ki, iddiaçının əmək kitabçası qeydlərindən görünür ki, iddiaçı xx.xx.1989-cu ildə Nərimanov rayon partiya komitəsinin Elektrosentrolit zavoduna ilk partiya təşkilatının katibi seçilmiş, xx.xx.1991-ci ildə həmin vəzifədən azad olunmuşdur. xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə saxladığı Bakı şəhər Məhkəməsinin xx.xx.1992-ci il tarixli qətnaməsinə əsasən işə bərpa olunmaqla 7 nömrəli Qəlib Qarışdırıcı və içlik hazırlama sexinə rəis vəzifəsinə qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçının seçkili vəzifədə olduğu xx.xx.1989-xx.xx.1991-ci il tarixi onun ümumi iş stajına hesablansada, iddiaçının işdən azad olunduğu və vəzifəyə bərpa olunduğu tarixədək olan dövr (xx.xx.1991-xx.xx.1992- ci ilədək) nəzərə alınmamışdır. Odur ki, iddianı bu hissədə təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün onun ümumi is stajına daxil edilməklə yenidən hesablanmasını xahiş etdiyini, iddiaçının həmin tələblə bağlı ilkin müraciətinin məhkəməyə olduğunu, İddiaçı ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi zaman müvafiq məhkəmə qətnaməsini inzibati orqana təqdim etmədiyini bildirmişdir. Qeyd edilənlərə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh əgər məhkəmənin gəldiyi nəticə ilə razı olsaydı, iddiaçı tərəfindən dəqiqləşmə ərizəsi təqdim olunduqdan və məhkəmə tərəfindən icraata qəbul etdikdən sonra iddiaçının xx.xx.1991-xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrünü iddiaçının ümumi iş stajına daxil etməklə yenidən hesablaya bilərdi və həmin hissədə iş üzrə icraata xitam verilərdi. Lakin cavabdeh tərəfindən qeyd edilənlər nəzərə alınmamış, üstəlik apelyasiya şikayəti verilmişdir. Bu səbəbdən də cavabdehin apelyasiya şikayəti əsassız hesab olunaraq təmin edilməməlidir. 3)Bundan başqa iddiaçı apelyasiya şikayətində xx.xx.2006-cı il tarixədək olan dövrün pensiya kapitalının yenidən ƏPQ-nun 27-ci maddəsinin hazırkı dövrdə qüvvədə olan tələbinə uyğun olaraq hesablanmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının göstərilən tələbi ilə razılaşmamaqda haqlı olmuşdur. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya kapitalı iddiaçının həmin dövrün qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi 2004-2005-ci illərin orta əmək haqqından hesablanmışdır. Eyni zamanda iddiaçı 2009-cu ildə pensiya təyin edilmiş şəxs olduğundan onun xx.xx.2006-cı il tarixədək pensiya kapitalının Qanunun qüvvədə olan 27.1-ci maddəsinin 1 və 2-ci cümlələrinin tələbləri əsasında yenidən hesablanması nəzərdə tutulmamışdır. 4)İddiaçının tələblərindən biri də ƏPQ-nin 27-ci maddəsinə əsasən ilkin pensiyası hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixə kimi ola pensiya kapitalı 80% artırılmaqla pensiya kapitalına hesablanmalı olması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanın 2.9-cu bəndinə görə həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.9-cu bənd ləğv edilmişdir. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.3-cü bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının həmin Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şərti çevrilməsini aparılması, 3.4-cü bəndinə əsasən 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının həmin Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qaydada artırılmasını təmin etməsi, 3.5-ci bəndinə görə işləyən əmək pensiyaçılarına ödənilən əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanmasını təmin etməsi tapşırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır -1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -1.0.12-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. -26.2-ci maddəsinə görə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. -26.3-cü maddəsinə görə 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək yığdığı pensiya kapitalı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş ƏPQ-nun, eləcə də 377 nömrəli Fərmanın tələbinə uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i nəzərə alınmaqla hesablanmış və həmin kapital əsas götürülməklə xx.xx.2009-cu ildə pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. ƏPH Qanunun hazırkı 27.1-ci maddəsi isə istifadə olunmamış pensiya kapitalının 80% artırılmasını mümkün saymışdır. İddiaçı qeyd edilən tələbində haqlı olmadığından birinci instansiya məhkəməsi tərəfindən tələb təmin olunmamışdır. 5)İddiaçının 2006-cı ildən 2020-ci ilin oktyabr ayının 1-dək işlədiyi müəssisənin ödəmədiyi aylıq məcburi sosial sığortanın ödənişlərinin nəzərə almaqla pensiyasının yenidən hesablanmalı olması ilə bağlı iddia tələbinı gəldikdə isə, birinci instansiya məhkəməsi müvafiq hüquq normalarını işin faktiki halları ilə qarşılıqlı şəkildə təhlil edərək yenə düzgün nəticə gəlmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən qanunun məzmunundan göründüyü ki, qanunda yalnız xx.xx.2006-cı il tarixədək müəssisə, idarə və təşilatların yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinməsi nəzərdə tutulmuşdur. “Sosial sığorta haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə görə məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Əmək Məcəlləsinin 9-cu maddəsinə görə əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: j) işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək. Həmin Qanunun 12-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək (...). Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3479/2022 saylı iş üzrə qəbul etdiyi 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Pərviz Hüseynov Kamran Əkbərov