Məhkəmə qərarları › İş №2-1(103)-637/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-637/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-637/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki ünvan – Bakı şəh., Xətai ray., Nobel pr., 139 C) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-5810/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 12.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 01.01.1992-ci il tarixdən 12 may tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində Müdafiə Nazirliyinin İşlər İdarəsinin Arxivinə daxil olmaması barəsində inzibati araşdırmanın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, araşdırmanın nəticəsi olaraq 01.01.1992-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində aktdan irəli gələn ehtiyyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü o, SHXÇDX-nin Xətai rayon şöbəsindən 01.04.1981-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. 18.05.1983-cü ildə həqiqi hərbi xidməti başa vurmuşdur. 1992-ci il tarixindən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 09.09.2019-cu il tarixli, 9/2-12732 №-li arayışında qeyd edilmişdir ki, onun 15.08.2019-cu il tarixli, 1023 №-li sorğusuna cavab olaraq qeyd edirlər ki, N () №-li hərbi hissə komandirinin noyabr N-ci il, may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə ikinci dəfə 11.10.2019-cu il tarixli, 1114 №-li sorğu ilə müraciət etmişdir, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 08.11.2019-cu il tarixli, 9/2- 17498 №-li arayışında yenə də onun xidməti barəsində məlumat aşkar edilmədiyini iddia etmişlər. Halbuki ərizəyə əlavə olunan qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşən ordunun tərkibində gedən döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissədə UAZ markalı maşını idarə etmiş "sürücü" vəzifəsinə təyin olunmuşdur. Bu da onu göstərmişdir ki, o, həqiqətən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Şuşa, Qubadlı rayonlarında, N və N saylı hərbi hissələrdə döyüşən ordunun tərkibində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Xüsusi olaraqda bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşən ordunun tərkibində gedən döyüşlərdə Şuşa rayonunda silah alıb təhfil verməsi barəsində 24.03.1992-ci il tarixli arayışda da öz təsdiqini tapmışdır. Bu sahəni tənzimləyən aidiyyəti maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6-cı bəndinə əsasən N-ci il oktyabrın 9-dan 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. X1 göndərilən Arxiv Arayışında göstərilənlərlə də təsdiq olunmuşdur ki, onun hərbi xidməti barəsində Arxivdə məlumatın olmaması onun təqsiri ucbatında olmamışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 01.01.1992-ci il tarixdən 12 may tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində Müdafiə Nazirliyinin İşlər İdarəsinin Arxivinə daxil olmaması barəsində inzibati araşdırmanın aparılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması, araşdırmanın nəticəsi olaraq 01.01.1992-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində aktdan irəli gələn ehtiyyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5810/2020 saylı, 13.10.2020-ci il tarixli qərardadı ilə 2-1(112)-5810/2020 saylı iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-5810/2020 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 11.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qərardad əvəzinə qərar göstərilməsini formal xəta kimi qəbul edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsi gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17.09.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. İş materiallarından göründüyü kimi , iddiaçı ilkin olaraq iddia tələbini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə qarşı irəli sürmüş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini göstərmişdir. Hazırkı iş üzrə işə baxan birinci instansiyası məhkəməsi isə iddia tələbini o əsaslarla mümkün saymamışdır ki, ona xidməti barədə ətraflı arxiv arayışı verilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, həmin arayışlar məlumat xarakterli olub, arxivdə olan məlumatlar əsasında iddiaçıya verildiyindən, həmin arxiv arayışları inzibati akt kimi qəbul edilməməlidir, həmçinin, hazırkı mübahisədə cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı, eləcə də iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmir. Halbuki, İPM-in 13-cü maddəsinin tələbi baxımından məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, hazrıkı iş üzrə birinci instansiyası məhkəməsi İPMin 13-cü maddəsinin tələblərini yerinə yetirmədən iddia tələbini mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı iddiaçının çatmaq istədiyi məqsədə uyğun olaraq, iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində təsbit edilmiş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə müvafiq təklif edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-5810/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-5810/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “01.01.1992-ci il tarixdən 12 may tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində Müdafiə Nazirliyinin İşlər İdarəsinin Arxivinə daxil olmaması barəsində inzibati araşdırmanın aparılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması, araşdırmanın nəticəsi olaraq 01.01.1992-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində aktdan irəli gələn ehtiyyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar